Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1035/2024 01.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əlioğlunun sədrliyi, Sucayev Orxan Adıgözəl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və maddi, mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Baksol-67 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, maddi zərərə görə 500, mənəvi zərərə görə 1000 manat pulun, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Baksol- 67 ünvanda yerləşən, 120 kv.m sahədən ibarət birmərtəbəli fərdi yaşayış evi faktiki olaraq ona məxsusdur. Fərdi yaşayış evinə kommunal xəttlər, işıq, qaz, su onun adınadır. Həmin fərdi yaşayış evinin cavabdehə satılması barədə şifahi razılığa gəlmişlər, fərdi yaşayış evinin qiymətini 30000 manata razılaşmışlar, və cavabdeh 7000 manat verərək evə köçmüşdür, qalan 23000 manatı isə ödəyəcəyi barədə vəd vermişdir, lakin uzun müddət keçməsinə baxmayaraq, qalıq pulu ödəməmiş və qanunsuz olaraq fərdi yaşayış evində yaşamağa davaç edir və dəfələrlə fərdi yaşayış evindən çıxmasını tələb etsə də çıxmaqdan imtina etmişdir. Cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur, qeyri-qanuni olaraq fərdi yaşayış evində yaşamaqda davam edir və onu əmlakdan məhrum etmişdir. Cavabdeh tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur, qeyri-qanuni olaraq fərdi yaşayış evində yaşamaqda davam edir və onu əmlakdan məhrum etmişdir. Nəticədə o, maddi və mənəvi zərərə məruz qalmışdır. Cavabdeh ona olan etibarından sui-istifadə etmişdir. Ona məxsus fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də yaşayış sahəsi kimi mövcuddur və istifadə edilir. Həmçinin cavabdehin əməli nəticəsində o, maddi zərərə məruz qalmış, dəfələrlə gedib-gəlməyə və.s hallarla bağlı maddi vəsait sərf etmiş, əmlakdan məhrum edilmişdir. Maddi zərərə görə 500 manat tələb edir. Bundan əlavə cavabdehin təqsiri üzündən o dəfələrlə stres keçirtmiş, əsəb gərginliyi yaratmış, sağlamlığı pozulmuşdur. Bütün bunların səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Bu hal onun gündəlik həyatına və işinə mənfi təsir göstərmiş, narahatçılıq yaratmışdır. Maddi zərərə məruz qalmağın, xeyli miqdarda pul vəsaitindən məhrum edilməyi, cavabdehin evi zəbt etməsi və.s hallar onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1000 manat məbləğində dəyərləndirir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə tikilmiş vəziyyətdə olan hazır fərdi yaşayış evini 30000 manata nisyə satmışdır. O ilkin olaraq 2500 manat ödədikdən sonra hər ay 2500 manat olmaqla 15 aya tam dəyərini ödəməli idi. Lakin cavabdeh cəmi 3 dəfənin ödənişi kimi 7500 manat pul ödəmişdir. Cavabdeh 2021-ci ilin təqribən yay aylarından hər hansı ödəniş etməmişdir. Ona dəfələrlə evdən çıxmasını tələb etmiş, lakin cavabdeh hər dəfəsində ödəniş edəcəyi bəhanəsi ilə onu aldatmışdır. Bununla bağlı dəfələrlə evlərinə getmiş, atası ilə və cavabdehlə razılaşmağa çalışmışdır. Hətta ödədiyi pulu qaytarmağı və əlavə olaraq bir neçə aylıq kirayə pulunu verməyi də təklif etmişdir. Lakin cavabdeh təxminən 3 ildir ki, hər hansı ödəniş etmədən onun evində yaşamağa davam etmiş və ona zərər vurmuşdur. Həmin evi kirayə vermiş olsa elə 7500 manatdan çox gəlir əldə edərdi. Hazırda onun 7500 manatı elə kirayə haqqının əvəzidir. Evin kommunal xidmətlərini ona görə kəsdirmişdir ki, cavabdehin kommunal xidmətlərə görə xeyli borcu vardır. Suya 600 manat borcu var, işığa və qaza da xeyli borcu vardır. Hansı ki, müqavilələr onun adınadır və ondan tələb ediləcəkdir. Məhkəmənin barışıqla bağlı təklifindən sonra yenə cavabdehlə razılıq əldə etməyə çalışsa da, cavabdeh ona sərf eləməyən təkliflər irəli sürmüş və yenə mübahisəni uzatmağa çalışmışdır. Məhkəmə izlasında məhkəmənin mübahisəni məhkəmədən kənar həll etməklə bağlı təklifi ilə razılaşmış və cavabdehin 10000 manat indi qalanını isə 5 ay ərzində ödəməsi barədə təklifini qəbul etmişdir. Lakin cavabdeh məhkəmə iclasında dediyinə əməl etməmiş, ümumiyyətlə elə bir təklif olmamış kimi davranmışdır. Bundan əlavə o cavabdehin hərəkətlərinə görə borca düşmüş və kredit götürmək məcburiyyətində qalmışdır. Belə ki, onun başqa bir adama borcu olmuş və cavabdeh də bunu bilmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıya 7500 manat ödəmiş və 22500 manat borcu qalmışdır. Onun hazırda ödəmək üçün imkanı yoxdur. Eyni zamanda iddiaçının da ona görə kredit götürdüyünü bilir, lakin borcunu ödəmək imkanı yoxdur. Belə ki, keçən müddət ərzində evində xəstələri olmuş, onların dava dərmanına xərcləmiş, hazırda isə özü də xəstədir.Bundan başqa evi alan zaman mərmər işi ilə məşğul olmuş, lakin sonradan pandemiya ilə əlaqədar işlər dayanmış və aylıq ödənişlərini edə bilməmişdir. Evdə o, arvadı və qızı hazırda yaşayır, oğlu isə əsgərlikdədir. İddiaçı kommunal xidmətləri bağlatdırmış və evdə qaz, işıq və suyu kəsdirtmişdir. Bundan əlavə o maraqlanmışdır ki, bağladıqları podrat müqaviləsinin hüquqi əsası yoxdur. Eyni zamanda borcunun yarısını indi, qalanını isə hər ay 500 manat ödəməyi təklif etmiş, lakin iddiaçı razılaşmamışdır. Tədqiq edilən sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Baksol-67 ünvanda yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan fərdi yaşayış evi iddiaçı tərəfindən tikilmişdir. Həmin fərdi yaşayış evinin alqı-satqısı barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Belə ki, tərəflər arasında olan razılığa əsasən evin satış qiyməti 30000 manat dəyərində razılaşdırılmış və cavabdeh ilkin ödəniş olaraq xx.xx.2021-ci il tarixdə 2500 manat, bundan sonra hər ay 2500 manat olmaqla 15 ay müddətində evin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilkin ödəniş etdikdən sonra iddiaçı evi cavabdehə təhvil vermiş, cavabdeh isə ilkin ödənişdən başqa 2 ay ödəniş etməklə cəmi 7500 manat ödəmişdir. Tərəflər evə dair alqı-satqı həyata keçirilməsini niyyətlərini, podrat müqaviləsi ilə rəsmiləşdirmişlər. Birinci tərəfin Cavabdeh, ikinci tərəfin İddiaçı olduğu xx.xx.2021-ci il tarixli notarial qaydada bağlanmış podrat müqaviləsinə əsasən, birinci tərəf Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol-67 ünvanında 120 kv.m-dən ibarət 1 mərtəbəli fərdi-yaşayış evinin tikilməsi, təmir edilməsi və sifarişçiyə təhvil verilməsinin ikinci tərəfdən icra edilməsi müqabilində, ikinci tərəfə 30000 manat verməyi, bunun 2500 manatını müqavilə bağlanan zaman, qalan 27500 manatını isə 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Evə dair bütün kommunal xidmətlərlə bağlı müqavilələr iddiaçının adınadır və iddiaçı həmin fərdi yaşayış evinə görə bələdiyyəyə vergi ödəyir. Cavabdeh ailə üzvləri ilə birlikdə hal-hazıradək həmin evdə yaşayır. Ev təhvil verilən zaman hazır vəziyyətdə olmuşdur. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı tərəflərə şərait yaradılmış, cavabdehin borcun yarısının indi ödənilməsi, qalan məbləğin isə hər ay 500 manat olmaqla ödənilməsi barədə təklifi ilə iddiaçı razılaşmamışdır. Cavabdeh evə dair pulu ödəyə bilməməsini maddi imkansızlığı ilə əsaslandırır. Cavabdeh ev üçün ödədiyi pulun geri qaytarılmasını tələb edir, iddiaçı isə həmin məbləğin cavabdehin 2 il 8 aydır ki evdən pulsuz istifadə etməsi ilə əvəzləşdirilməli olmasını bildirir. İddiaçı evi satan vaxt evdə aylıq 400 manat ödəyən kirayəçinin olduğunu, cavabdeh isə evin kirayə haqqının ən çox 200 manat olduğunu bildirir. Bundan əlavə iddiaçı cavabdehin hərəkətlərinə görə kredit götürmək məcburiyyətində qaldığını, cavabdeh isə bundan xəbəri olduğunu bildirmişdir. Tətbiq edilən maddi hüquq normaları:
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
7. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
8. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
9. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
10. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
11. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
12. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
13. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
14. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
15. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
17. Həmin plenum qərarında eyni zamanda qeyd edilmişdir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.
18. Həmin Plenum qərarında eyni zamanda qeyd edilmişdir ki, Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmənin mövqeyi:
19. İddiaçı tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol-67 ünvanında yerləşən 120 kv.m-dən ibarət 1 mərtəbəli fərdi-yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur və faktiki olaraq özbaşına tikili statusundadır. Həmin fərdi yaşayış evinə dair tərəflər şifahi qaydada dəyərini hissə-hissə ödəmək şərtilə alqı-satqı müqaviləsi bağlamaq barədə razılığa gəlmiş və həmin niyyətlərini pərdələmək üçün görüntüdə podrat müqaviləsi bağlamışlar.
20. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyi baxımından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi yalan əqd olmaqla etibarsızdır. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilən hüquqi faktlar ondan ibarət olmuşdur ki, alqı-satqının predmeti olan tikili hazır vəziyyətdə olmuş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və bu səbəbdən onun notarial qaydada alqı-satqısı həyata keçirilə bilməzdi. Nəticədə tərəflər razılaşdıqları şərtləri notarial qaydada təsdiq edilmiş sənəd üzərində əks etdirməyi arzu etmişlər. Halbuki hər iki tərəfin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları hüquqi nəticə alqı-satqı qaydalarını həyata keçirmək olmuşdur.
21. Bununla belə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiqi də mümkün deyildir. Belə ki, daşınmaz əşyalara sərəncam verilməsi ilə bağlı əqdlər notarial qaydada bağlanmalı olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmədiyindən bu mümkün deyildir.
22. Bundan əlavə məhkəmə ikitərəfli restitusiyanın da hazırki mübahisədə tətbiqinin mümkün olmadığı qənaətindədir. Belə ki, cavabdehin müqavilə üzrə ödədiyi məbləğin əsassız varlanma qaydasında tələbini istisna edən hallar mövcuddur və həmin halların araşdırılması iddia tələbindən kənara çıxma halı baxımından hazırki mübahisə çərçivəsində mümkün olmamışdır. Çünki əsassız varlanmış şəxsin artıq varlı olmadığı işin mübahisələndirilən hallarından biridir. Belə ki, cavabdeh iddiaçının onun hərəkətlərinə görə kredit götürdüyünü təsdiq edir və evin ona təhvil verilməsinədək evdə kirayəçinin olduğunu qəbul edir. Belə ki, məhkəmə iclaslarında cavabdeh əvvəlki kirayəçidən soyuducu qaldığını qəbul etmişdir. İddiaçı isə cavabdehin 3 ilə yaxın ona məxsus olan evdən hər hansı əsas olmadan istifadə etdiyini və evi bundan əvvəl 400 manata kirayə verdiyini və kirayə haqqının cavabdehin ödədiyi puldan daha artıq olduğunu bildirir. Göründüyü kimi tərəflərin müqavilənin etibarsızlığı nəticəsinin tətbiqi zamanı qarşılıqlı tələbləri var və bu baxımdan hesab edirəm ki, tərəflərin müqavilənin etibarsızlığı nəticəsi ilə bağlı gələcəkdə tələb (iddia müddəti 1 il təşkil edir) irəli sürmək hüququ istisna edilməməlidir.
23. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, cavabdehin dəyərini ödəmədiyi iddiaçıya məxsus əşyaya sahibliyi qanunsuz hesab edilməli və həmin əşya iddiaçının tələbi ilə ona geri qaytarılmalıdır.
24. İddia tələbinin digər hissələri ilə bağlı məhkəmə onu qeyd edir ki, iddiaçı iddiasını həmin hissələrdə formal mülahizələrlə əsaslandırmaqla yanaşı, istinad etdiyi hallara dair hər hansı sübut təqdim etməmişdir. Tətbiq edilən prosessual normalar:
25. Azərbaycan Respublikası Mülki-Proessual Məcələsinin:
26. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
30. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol-67 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol-67 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. 100(yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev