Məhkəmə qərarları › İş №2(001)-1038/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1038/2022

25.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1038/2022 25.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədən cavabdehdən 4500 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda qeydiyyatda olan, Cavabdeh Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində “Fast Food” açıb şərik işləmək üçün 26 avqust 2021-ci il tarixində 1000 manat, ondan sonra 1500 manat, daha sonra 500 manat və 10 sentyabr 2021-ci il tarixdə 1500 manat olmaqla, cəmi 4500 manat pul vermişdir. Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən öhdəlikləri yerinə yetirmədiyi üçün onunla iş birliyini bitirmişdir. Cavabdeh ona 4500 manat pulu geri qaytaracağına razı olsa da, bu günə kimi pulu geri qaytarmamışdır. O həmin 4500 manat pulun 2800 manatını X1 və 1500 manatını isə X3 borc almışdır. İşdə iştirak edən şəxslərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı məhkəmə iclaslarında bildirmişdir ki, o, cavabdehi qohumu vasitəsilə tanımışdır. Həmin vaxt cavabdeh icarəsində olduğu obyektin birinci mərtəbəsini “Fast Food” edib işlətmək üçün şərik axtarırdı. Onlar bu vəsilə ilə tanış olub, danışıqlar aparmışlar. Aparılan danışıqlarda obyektin hazır olduğu, sadəcə işə başlamaq üçün vəsait lazım olduğu müzakirə edilmişdir. Yekunda o qərara gəlmişdirlər ki, iddiaçı tərəfindən 3000 manat məbləğində vəsait qoyulmaqla o, şərik kimi ticarətə qoşulur və gəlirlər, o cümlədən xərclər tərəflər arasında bərabər qaydada bölünməlidir. Cavabdeh ona bildirmişdir ki, qoyulan 3000 manat vəsaitin 1000 manatı reklama, 1000 manatı ticarət üçün bazarlığa, 1000 manatı icarədara verilməli olmaqla, başqa heç bir xərc qoyulmasına zərurət yoxdur. Lakin cavabdeh sentyabrın 10-da ondan icarə üçün yenidən pul istədikdə, o cavabdehdən əvvəlki 1000 manat icarə haqqının aqibəti barədə soruşmuş, cavabdeh isə həmin 1000 manat pulu əvvəlki şəriyinə verdiyini bildirmişdir. O isə cavabdehə bu barədə danışıqlarının olmadığını və cavabdehin onun aldatması barədə narazılığını dilə gətirmişdir. Cavabdeh isə ona 1500 manat verildiyi halda yuxarı mərtəbədəki restorana da şərik edəcəyi barədə onu inandırmışdır. O isə həmin məbləği başqa qohumundan almaq məcburiyyətində qalmışdır, belə ki, yenidən dayısına icarəyə görə pul lazım olduğunu deməyə utanmışdır. Bundan sonra o, 1500 manat məbləğində pulu da cavabdehə vermişdir.

4. Cavabdeh məhkəmə iclaslarında bildirmişdir ki, onu iddiaçı ilə iddiaçının xalası oğlu tanış etmişdir. O, badamdar qəsəbəsində 3 mərtəbəli obyekt icarəyə götürüb işlədirmiş və obyektin birinci mərtəbəsini “fast food” kimi işlətmək istəyirmiş. Ümid dayısı ilə birlikdə gəlib obyektə baxmış və obyekti bəyənərək şərik olmağa razılaşmışdır. O, Ümiddən qabaq həmin obyekti başqa şəriklə işlətmiş, lakin onunla şərikliyi pozulduğundan obyekt bağlanmışdır. O həmin obyektin birinci mərtəbəsinin çölə açılması üçün 5000 manat vəsait xərcləmişdir. Ümidlə şərtləri belə olmuşdur ki, o, Ümidlə 1000 manat əvvəlki şərikə ödəmək üçün, 1000 manat reklam üçün, 1000 manat bazarlıq üçün alacağı barədə razılaşmışlar. Ümid şərtlərini qəbul etmiş və işə başlamışlar. Danışdıqları kimi puldan 1000 manat əvvəlki şərikə, 1000 manat reklama, 1000 manat da bazarlığa xərcləmişdir. Daha sonra Ümiddən obyektin icarəsi üçün 1500 manat almışdır. Obyekt 3 mərtəbəli olmuş, digər iki mərtəbəsi də onun icarəsində olmaqla restoran kimi fəaliyyət göstərmişdir və ümumi olaraq icarə haqqı 3500 manat olmuşdur. O ümiddən icarə üçün 1500 manat alarkən Ümidi restorana da şərik etmək niyyətində olmuş və Ümid onun təklifi ilə razılaşmışdır. Obyekt ümumi olaraq 1 ay işləmiş və oktyabrın 5 də bağlanmışdır. Ümid isə təxminən 15-20 gün onunla birlikdə işləmişdir. Sonradan Ümid obyektin qazanc gətirmədiyini bildirərək şəriklikdən imtina etmişdir. Bu barədə onlar qarşılıqlı razılıq əldə etmişlər və aralarında obyekti işlədə-işlədə ona 3000 manat pulu qaytaracağını bildirmişdir. Lakin elə olmuşdur ki, o da Ümiddən təxminən 7-10 gün sonra obyekti bağalamaq məcburiyyətində qalmışdır. Ümid ondan pulu tələb edən zaman isə bildirmişdir ki, o, obyekt işləməyə davam edərsə pulunu qaytaracaqdır, özdə hamısını deyil yalnız 3000 manat hissəsini. Buna ona görə razı olmuşdur ki, həmin məbləği Ümidin də borca aldığını bildiyindən onun ziyan çəkməsini istəməmiş və aralarında halallıq olmasına çalışmışdır. Lakin işlər gözlədiyi kimi getməmiş və nəticə belə olmuşdur. Yekun olaraq cavabdeh iddianı qəbul etmədiyini bildirmiş və etirazını onunla əsaslandırmışdır ki, biznes riskli sahədir və Ümid də bu riskin mövcudluğunu bilməli idi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun dayısı nəvəsidir. Cavabdeh əvvəllər tanımamış, lakin onun qohumlarını tanıdığından və onların vasitəsilə Emillə tanış olmuşlar. Ümid ona işlətmək üçün icarəyə obyekt götürmək istədiyini bildirmişdir. Birlikdə gedib obyektə baxmışlar. Obyektə gedərkən Emil onları qarşılamış, obyektin 1-ci mərtəbəsini göstərərək Ümidi buraya şərik edəcəyini demişdir. Emil onlara başqa şərikinin olmadığını bildirmiş və obyektə bazarlıq etmək, icarə və reklam üçün üçün Ümiddən 3000 manat istəmişdir. Ümid onunla razılaşmış, ertəsi gün 1000 manat pul vermişdir. Onlar obyekti açandan təxmini 1 həftə sonra reklamla bağlı heç bir şey görmədiklərindən Emilə müraciət etmişlər. Emil isə müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Emil Ümiddən 1500 manat icarə üçün və bazarlıq üçün pullar almışdır. Ümumi 4500 manat məbləğində pulu Emil Ümiddən almışdır. Ümid həmin pulun bir hissəsini ondan borc alıb Emilə verdiyi üçün özü də tez-tez obyektə gedərək işin vəziyyəti barədə maraqlanmışdır. Obyekt yaxşı işləmirdi və Ümidə heç bir qazanc qalmırdı, obyektin həmçinin reklamı da olunmamışdır. Bütün bunlara görə Ümid Emildən pulunu geri tələb etdi və şərikliyi bitirməyi təklif etdi. o da Emilə müraciət edərək Ümidin pulunu 3-4 aylıq hissələrə bölərək verməsini xahiş etmişdir. Emil əvvəlcə razılaşsa da, daha sonra pulu qaytarmaqdan imtina etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, Ümid onun dayısı oğludur. Cavabdeh olan Emili də tanıyır. Obyektin mülkiyyətçisi başqa şəxs olmuşdur. Ümid obyektə şərik olduqdan sonra orada kassir işləmişdir. Daha əvvəl isə Emili tanımamışdır. Ümid obyektə şərik olmaq istəyəndə Emillə olan danışıqlarda o da iştirak etmişdir. Emil Ümiddən reklam və bazarlıq üçün əvvəlcə 3000 manat istəmişdir. Lakin Ümidə həmin məbləğin verilməsinə şahid olmamışdır. O, yalnız icarə haqqı üçün 1500 manat məbləğində pulu Emilə şəxsən vermişdir. Həmin pulu isə Ümidin adından ona borc kimi vermişdir. Hazırda pulunu Ümiddən tələb edir. Emil obyektin 1-ci mərtəbəsinin icarəsi üçün Ümidin üzərinə düşən məbləğin 1500 manat olmasını demişdir və pulu alaraq obyektin mülkiyyətçisinə verəcəyini bildirmişdir. Lakin özləri orada təxmini 1 həftə-10 gün işləmişlər. O həmin obyektdə obyekt açılandan 1-2 gün sonra işləməyə başlamışdır. Emil oraya 1000 manatlıq bazarlıq edildiyini desə də, əslində bazarlıq cuzi olmuşdur və reklam üçün heç bir vəsait xərclənməmişdir. Hətta gündəlik təxmini 100 manat bazarlığı onlar özləri yaxınlıqdakı marketlərdən etmişlər. Emil isə heç işlə maraqlanmamış, arada gəlib-getmişdir. Ümid işlərin pis getdiyini görüb Emili çağırmış və ona şərikliyi bitirmək istədiyini, pulunu geri qaytarmasını bildirmişdir. O, Ümid və Emil obyektin otaqlarından birində oturaraq məsələni müzakirə etdikdən sonra Emil pullarını 3-4 ay ərzində hissə-hissə qaytaracağını demişdir. Daha sonra isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır.

7. İddiaçı tərəfindən təqdim edilərək məhkəmə iclasında tədqiq edilən və cavabdehə məxsus olduğu cavabdehin özü tərəfindən təsdiq edilən səs yazısından müəyyən edilir ki, tərəflər qarşılıqlı razılıq əsasında şərikliklərini sonlandırmış və cavabdeh fəaliyyətinə davam etdiyi təqdirdə iddiaçı tərəfindən qoyulan sərmayədən hissə-hissə 3000 manat qaytaracağına vəd vermişdir. İddiaçı səs yazısında münasibətdə qeyd etmişdir ki, o cavabdehdən 4500 manatı sonradan tələb etsə də, cavabdeh vədinə əməl etməmiş və pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh isə öz növbəsində səs yazısına münasibətdə bildirmişdir ki, o, fəaliyyətinə davam etdiyi halda pulu qaytaracağına, öz də qismən qaytaracağına söz vermişdir, lakin fəaliyyətini davam etdirə bilməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Tərəflər arasında şərikli biznes işlətmək məqsədi ilə razılaşma olmuş və iddiaçı tərəfindən cavabdehə hissə-hissə olmaqla 4500 manat məbləğində pul verilmişdir. İddiaçı iddia edir ki, cavabdehin qeyri səmimi şərikliyi və onu mütəmadi olaraq aldatması və yalan danışması onu şəriklikdən uzaqlaşdırmış və ortaqlıqlarının pozulmasına gətirib çıxartmışdır. Belə ki, cavabdeh reklam üçün 1000 manat pul almasına baxmayaraq, 1000 manatlıq reklam dəyərində iş görməmiş, sadəcə bir neçə vinil yapışdırmaqla kifayətlənmişdir. Bundan başqa cavabdeh 3000 manat puldan 1000 manat əvvəlki şəriyinə verəcəyini ona sonradan bildirmiş və işə başladıqdan sonra həm icarə haqqına görə əlavə 1500 manat istəməklə onu çıxılmaz vəziyyətdə qoymuşdur. Həmçinin cavabdeh bazarlıq üçün 1000 manat pul almış olsa da, bazarlığa 1000 manatın gərək olmadığını işə başladıqdan sonra yəqin etmişdir. Çünki gündəlik bazarlıq üçün 100-200 manat kifayət etmişdir. Artıq bir neçə dəfə aldadıldığının şahidi olduğundan şərikliyin davam etməsinin ona sərf etməyəcəyi qənaətinə gəlmişdir. Bu səbəbdən cavabdehlə iş münasibətlərinin pozulması barədə razılıq əldə edilmişdir. Cavabdeh iddiaçıdan 4500 manat pul aldığını etiraf etmiş və həmin məbləğdən 1000 manatını bazarlığa, 1000 manatını reklama, 1500 manatını icarə haqqına sərf etdiyini, 1000 manatını isə əvvəlki şəriyinə onunla şəriklikləri pozulduğu üçün ödədiyini bildirmişdir. Tərəflər arasında iş ortaqlığı iddiaçının dediyinə görə 10 gün, cavabdehin dediyinə görə 15-20 gün davam etmişdir. Fəaliyyətləri zamanı gəlir əldə etməmişlər. İddiaçı ortaqlıdan ayrıldıqdan 10-15 gün sonra cavabdeh də “fast food” fəaliyyətini dayandırmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

9. Məhkəmə əvvəla qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

10. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. İşin hallarından göründüyü kimi tərəflər arasında təsərrüfat fəaliyyəti həyata keçirilməsi məqsədilə ortaqlıq haqqında qarşılıqlı razılaşma olmuşdur. İddiaçı bu məqsədlə 4500 manat məbləğində maya qoymuş, lakin tərəflər arasında baş vermiş anlaşmazlığa görə ortaqlıqları qarşılıqlı razılıq əsasında ləğv edilmişdir.

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən mübahisə üzrə tərəflər arasında bağlanmış müqavilənin hər hansı şərti təfsir edilərkən, ilk növbədə, həmin müqavilənin hüquqi mahiyyəti və xarakteri, müqavilə üzrə qarşıya qoyulan məqsəd göz önündə tutulmaqla həmin şərtin digər şərtlərlə müqayisəsi aparılmalı, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir.

14. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

15. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi zəruridir.

16. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan münasibətlərin xarakterinə uyğun gələn müqavilə forması Mülki Məcəllədə təsbit olunmasa da, lakin qanunvericilik onda nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlamağı şəxslərə qadağan etməmişdir.

17. Odur ki, tərəflər kommersiya təşkilatı yaratmasalar belə, onların işbirliyi təsərrüfat ortaqlığı qaydalarına uyğun şərtləşdirilmişdir. Belə ki, faktiki olaraq onlar şərikli kapital qoyuluşu hesabına təsərrüfat fəaliyyəti ilə məşğul olmaq barədə iradə ifadə etmişlər. Belə ki, iddiaçı 4500 manat məbləğində pul vəsaiti, cavabdeh isə ticarət fəaliyyətini(biznesini) ortaya qoymaqla bərabər paylarda tam ortaq olmuşlar. Lakin onlar şəraitin dəyişməsinə görə qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etmək qərarına gəlmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da bəlli olur ki, iddiaçı cavabdehə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bildirmiş və tərəflər qarşılıqlı razılıq əsasında müqavilənin ləğvinə, başqa sözlə desək ortaqlıqlarına xitam verilməsinə razı olmuşlar. Bundan əlavə cavabdeh iddiaçıya sonuncunun sərf etdiyi kapitaldan müəyyən hissə qaytaracağına vəd vermişdir.

18. Lakin cavabdeh iddiaçıya əvvəlcə 3-4 min manat qaytaracağını bildirsə də, daha sonra o, iddiaçıya 1500 manat qaytarmağı təklif etmişdir. Nəticədə tərəflər arasında mübahisə yaranmış və hazırda da cavabdeh iddianı qəbul etmir.

19. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ortaqların fəaliyyəti eyni zamanda uğurlu alınmamış və gəlir əldə edə bilməmişdirlər. Halbuki hər iki tərəf fəaliyyətlərini gəlir əldə etmək məqsədilə aparmış, lakin uğursuzluqla nəticələnmişdir.

20. Mübahisəyə hər iki aspektdən yanaşdıqda ortaya çıxan mənzərə ondan ibarətdir ki, tərəflər bu və ya digər səbəbdən müqavilənin ləğv edilməsi barədə razılıq əldə etsələr də, müqavilənin ləğvi nəticələri ilə bağlı razılığa gələ bilməmişlər. Həmin məsələ isə Mülki Məcəllədə aşağıdakı qaydada tənzimlənmişdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

22. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. Eyni məzəllənin 422.1-ci maddəsində qeyd edilmişdir ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

24. Həmin Məcəllənin 422.3-cü maddəsində göstərilmişdir ki, əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.

25. Tədqiq edilmiş normaları işin hallarına uyğun qiymətləndirdikdə o qənaətə gəlmək olar ki, iddiaçı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini əsas götürərək müqavilənin ləğv edilməsinə cavabdehlə qarşılıqlı razılıq əldə etmişdir və bu məqamda iddiaçı müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərcin bütünlüklə cavabdehdən tutulmasını tələb etmişdir.

26. Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki, tərəflər faktiki olaraq həm gəlirə, həm zərərə bərabər payda ortaq olduğundan, müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclər ortaqların bərabər riski kimi qiymətləndirilməlidir.

27. Bu səbəbdən iddiaçı tərəfdən müqavilənin icrası ilə bağlı çəkdiyi xərcin 50 faiz riski onun üzərinə düşməlidir.

28. Odur ki, iddiaçı faktiki olaraq məruz qaldığı zərərin öz riskinə aid olan hissəsini də cavabdehdən tələb etməkdə haqlı olmamışdır.

29. Bu baxımdan iddiaçının zərəri cavabdehin də ortaq zərəri hesab edilməli və cavabdehdən iddiaçının xeyrinə 2250 manat məbləğində pul vəsaiti tutulmaqla müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclər tərəflər arasında bölüşdürülməlidir.

30. İddia tələbini digər əsaslardan da qiymətləndirərkən ilk baxışdan cavabdehin hərəkətləri əsassız varlanmaya bənzədilə bilər.

31. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsində qeyd edilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Eyni Məcəllənin 1092.3-cü maddəsində qeyd edilmişdir ki, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

34. Məhkəmə göstərilən normalar və həmin normaların işin hallarına uyğunluğu baxımından ona görə əsassız varlanmanın olmadığı qənaətinə gəlir ki, iddiaçının 3000 manat və daha sonra 1500 manatı verərkən cavabdehlə aralarında qarşılıqlı razılıqları olmuş və onlar fəaliyyətlərini eyni qaydada davam etdirmişlər. Yəni iddiaçı 3000 manatı verdikdən sonra, əlavə 1500 manatı təqdim etməklə faktiki olaraq müqavilə münasibətlərinin davam etməsini arzu etmiş və gəlir əldə edəcəyi halda bu anlaşılmazlığı, mübahisəni unudacağını güman etmişdir. Bu baxımdan yanaşıldıqda müəyyən edilir ki, cavabdeh həmin məbləği əldə edərkən onun müqavilə əsası olmuşdur və nəticədə əsassız varlanma baş verməmişdir.

35. Bundan başqa işin halları ilə öhdəliyin digər əsasdan, yəni zərərvurmadan yarandığı da müəyyən edilməmişdir. Tətbiq edilən prosessual normalar: Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 119.1-ci maddələri) Nəticə:

36. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 2250 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu isə tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.

37. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 2250(iki min iki yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar