Məhkəmə qərarları › İş №2(001)-1041/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1041/2023

20.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1041/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bəşirov X1 Vəsilə Dadaş qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək keçmiş arvadı Cavabdeh1, qızı Cavabdeh2, oğlu Cavabdeh3 və himayələrində olan 21 noyabr 2015-ci il təvəllüdlü X2, 24 iyun 2019-cu il təvəllüdlü X3 onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi, ev 25 (Yeni qaydalarla: AZ1113, ünvan 1 ünvanındakı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizədə göstərilən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evdə qeydiyyatda olan cavabdehlər 45000 manat kompensasiya aldıqları üçün evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər, evə qarşı heç bir iddiaları, tələbləri, şikayətləri omayacağını ərizədə qeyd etmişlər. Hazırda cavabdehlər iddiaçıya məxsus evdə qeydiyyatda olsalar da, orada yaşamırlar. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Əvvəla, iddiaçı cavabdehlərin əvəzinə əlavə kommunal ödənişlər etməli olur, ikincisi də, cavabdehlərin həmin evdə qeydiyyatda qalmaları iddiaçının həmin evlə bağlı sərəncam vermək və s. hərəkətləri etmək hüquqlarını məhdudlaşdırır. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmədə iştirak etməmiş, iddiaya yazılı münasibətlərini bildirməmişlər. Tədqiq edilən sübutlar: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi, ev 25 (Yeni qaydalarla: AZ 1113, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 01 noyabr 2022-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Yaşayış yeri üzrə qeydiyyat haqqında Daxil İşlər Nazirliyinin 15 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 (onun yetkinlik yaşına çatmayan uşaqları X4 və X5), Cavabdeh1 və Cavabdeh3 iddiaçıya məxsus evdə qeydiyyatdadırlar. - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən notarial qaydada tərtib edilmiş ərizədə göstərilmişdir ki, “Yazıb bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi, ev 25 (Yeni qaydalarla: AZ 1113, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin alğı-satqısından İddiaçı əldə etdiyi puldan bizə düşən kompensasiya pulunu 45000 manat pul onun tərəfindən bizə ödənildi. Bizim gələcəkdə İddiaçı və onun mülkiyyətindəki həmin evə qarşı heç bir iddiamız, tələbimiz, şikayətimiz olmayacaqdır. 08 dekabr 2022-ci il tarixədək həmin evdən qeydiyyatdan çıxmağı öhdəmizə götürürük.” Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmənin mövqeyi: Qanunvericiliyin qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ərizədə qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətindədir. Cavabdehlər mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Həmçinin, cavabdehlər həmin evdən qeydiyyatdan çıxacaqlarına dair öhdəlik götürmüş, bu öhdəliyi vaxtında icra etməmişlər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Odur ki, məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan 21 noyabr 2015-ci il təvəllüdlü X2, 24 iyun 2019-cu il təvəllüdlü X3 da valideyni olan Cavabdeh2 yaşamadığrı mənzildə qeydiyyatda qalmaları əsassızdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 onun himayəsində olan yetkinlik yaşına çatmayan 21 noyabr 2015-ci il təvəllüdlü X4, 24 iyun 2019-cu il təvəllüdlü X5 adlı uşaqları ilə birlikdə İddiaçı məxsus, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Məsud Davudoğlu küçəsi, ev 25 (Yeni qaydalarla: AZ1113, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar