Məhkəmə qərarları › İş №2(001)-1042/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1042/2023

26.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1042/2023 26.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 47254 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi kimi 261,7 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin qısa məzmunu ondan ibarətdir ki, iddiaçı 24 avqust 2020-ci il tarixdə Bakı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95,9 kv.metr olan fərdi yaşayış evini 38000 manata X4 almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Aydın Rəhimov fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Cavabdeh Aydın Rəhimov üzərində qəyyum hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-1618/2021 saylı qətnaməsinə əsasən, iddiaçı ilə X12 arasında yuxarıda göstərilən evin alğı-satqısına dair müqavilə etibarsız hesab edilmiş, iddiaçının adına həmin evlə bağlı verilmiş çıxarış ləğv edilmiş, onun həmin evdən çıxarılması, müqavilə üzrə ödənilmiş 20000 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması qərara alınmışdır. İddiaçı evi alarkən notariusdan kənar Aydın Rəhimova 17500 manat pul ödəmiş, evi aldıqdan sonra onu əsaslı təmir etdirmiş, bunun üçün 29754 manat xərc çəkmişdir. Hazırda iddiaçı cavabdehdən həmin pulu tələb edir. Tərəflərin məhkəmə iclasındakı izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, iddiaçı ilə X12 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Həmin məsələyə həm yerli, həm apellyasiya, həm də kassasiya instansiyası məhkəməsinə baxılmış və heç bir məhkəmədə iddiaçının Aydın Rəhimova müqavilədən kənar qaydada hər hansı məbləğ ödəməsi öz əksini tapmamışdır. Hazırki məhkəmədə də iddiaçı tərəf bununla bağıl hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçıya həmin ev satılarkən təmirli vəziyyətdə olmuşdur. Bu, şahid ifadəsi ilə sübut olunur. Həmçinin, ekspert rəyi ilə evin təmirinə xərclənmiş təxmini məbləğ müəyyən edilsə də, təmir işlərinin hansı dövrü əhatə etməsi müəyyənləşdirilməmişdir. Yəni, iddiaçının evi təmir etməsinə dair də sübut mövcud deyil. Sonda M.Ə.Salmanlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, iddiaçını tanımır. 2019-cu ildə X14 kəndində yerləşən 3 otaqlı evində təmir işləri görmüş, təxminən 3 ay orada işləmişdir. Aydın Rəhimovun yeznəsi ona təmirlə bağlı 10-11 min manat, zəhmət haqqı kimi isə 3-4 min manat pul vermişdir. Tədqiq edilən sübutlar: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 95,8 kv.metrlik fərdi yaşayış evi 11 sentyabr 2020-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)- 1618/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki:

1. Cavabdeh İddiaçı qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi və cavabdehə başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə fəaliyyət qabiliyyəti olmayan X12 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95,9 kv.metr olan fərdi yaşayış evinə dair 24 avqust 2020-ci il tarixdə Sumqayıt şəhər 4 saylı notariat kontorunda təsdiq edilmiş AN-İ ******* saylı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı həmin fərdi yaşayış evinə dair çıxarışının etibarsız hesab edilməsi və İddiaçı başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh qardaşı oğlu xx.xx.1973-cü il təvəllüdlü X6 “X8, Psixi Qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-4384/2020 saylı qətnaməsi ilə, 04 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli “X7 qəyyumluğa verilməsi barədə” Sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X7 üzərində əmisi, yəni Cavabdeh qəyyum təyin olunması qərara alınmışdır. X3 ilə alıcı, iş üzrə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə satıcı sözügedən fərdi yaşayış evini alıcıya 20000 manata satmışdır.

3. Qətnamədə qeyd edilmişdir ki, məhkəməyə etiraz ərizəsi ilə müraciət edən cavabdeh İddiaçı etirazında X9 müqavilə üzrə 20000 manat pul vəsaitindən savayı 17500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manta, evin təmiri üçün 20000 manat pul vəsaiti verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ödənildiyini təsdiq edən sənədlərini məhkəməyə təqdim etmədiyindən, məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab edib, təmin edir.

4. Beləliklə, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)- 1618/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh iddiası qismən təmin edilmiş, sözügedən fərdi yaşahyış evinə dair X12 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ №0871174 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv eidlməsi, İddiaçı həmin evdən çıxarılması, habelə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə ödənilmiş 20000 manat pul vəsaitinin Cavabdeh İddiaçı geri qaytarılması qərara alınmışdır.

5. Qətnamə apellyasiya və kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmış, yəni qanuni qüvvəyə minmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Hazırki iddia tələbi 47254 manat pulun cavabdehdən tutulmasından ibarətdir. İddiaçı bu məbləğin 17500 manatını X12 ilə aralarında xx.xx.2020-ci il tarixdə evlə bağlı alğı-satqı müqaviləsi bağlanarkən evin alınması ilə bağlı notariusdan kənar A.Rəhimova verməsi, 29754 manatını isə evin təmirinə xərcləməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk öncə tələbin 17500 manat hissəsinə münasibətdə qeyd edir ki, mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 sentyabr 2021-ci il tarixli, 2(012)-1618/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı evin alınması üçün Aydın Rəhimova verdiyi 20000 manatdan əlavə verdiyi 17500 manatın ona ödənilməsini tələb etsə də, məhkəmə buna dair hər hansı sübutun təqdim edilməməsi əsası ilə Aydın Rəhimovun qəyyumu Cavabdeh 20000 manatın tutularaq İddiaçı ödənilməsini qərara almışdır. Hazırki məhkəmə iclasında da İddiaçı göstərilənlərlə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Buna görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin 29754 manat təmir xərclərinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən evdə əsaslı təmir işlərinin aşınma dərəcəsi nəzərə alınmaqla təxminən hansı müddət əvvəl aparılması və təmir işlərinə usta haqqı da daxil olmaqla təxminən nə qədər pul vəsaitinin xərclənməsinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmənin 13 mart 2023-cü il tarixli qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 10/2680 saylı müvafiq rəyində göstərilmişdir ki, tikililər üzrə təmir-tikinti işlərinin aparılma müddətinin müəyyən olunmasına dair metodika olmadığından sual üzrə tədqiqat aparılmadı; Ev üzrə aparılmış təmir və tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 12285 manat məbləğində müəyyən olunur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İş üzrə evin təmirinə sərf edilmiş vəsaitin təqribi məbləği ekspert rəyi ilə müəyyən olunsa da, bu təmir işlərinin məhz iddiaçı tərəfindən aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı tikililər üzrə təmir-tikinti işlərinin aparılma müddətinidə müəyyən etmək mümükün olmamışdır. Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş X13 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə təmir işləri apardığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə də əsassız olduğu üçün rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən onun xeyrinə 47254 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi kimi 261,7 manatın tutulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, habelə, ekspertiza xərci kimi 50 manat məbləğində pul vəsaiti iddiaçıdan aidiyyəti üzrə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci kimi 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar