Məhkəmə qərarları › İş №2(001)-1056/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1056/2020

25.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1056/2020 25.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ələsgərova - X8 2018-ci ilin okytabr ayında “Sokar" neft şirkətində işləyən Cavabdeh işlədiyi şirkətdə ona uyğun iş yerinin olubolmadığını soruşanda o, iddiaçıya dayısının “Sokar”da müdir olmasını demiş və iddiaçını da həmin yerə işə düzəldə biləcəyini bildirmişdir. Lakin bu işə düzəlmək üçün 2000 manat pul ödəməli olacağını da bildirmişdir. İddiaçı razılaşdıqdan sonra elə həmin ərəfədə iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı ünvanın qarşısında 2000 manat pulu Cavabdeh vermişdir. Lakin Cavabdeh verdiyi sözə əməl etməyərək iddiaçını işə düzəltməmişdir. Vəziyyətin belə olduğunu görəndə iddiaçı cavabdehdən pulunu geri istəmişdir. İddiaçı Cavabdeh tərəfindən onun pulunun qaytarılmamasını görüb məcburiyyət qarşısında qalıb şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. İşi araşdıran İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Mehman Ələsgərov, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə xx xxxxxxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı cavabdehdən pulununun qaytarılmasını istəyərkən o iddiaçıya maaş kartını vermiş və bildirmişdir ki, hər ay 200 manat kartdan çıxartmaqla iddiaçıya olan borcu kart vasitəsi ilə ödəyəcək. Lakin iddiaçı həmin kartdan istifadə etmək istəyərkən, kartın bağlı olduğunu görmüşdür. Yəni həmin kartdan iddiaçı heç bir məbləğ çıxarta bilməmişdir. Cavabdeh həqiqətəndə iddiaçıdan xx.xx.2019-cu il tarixində 2000 manat pulun alması barəsində əl yazması var. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, Cavabdeh onu işə düzətmək adı ilə ondan 2000 manat pul alıb. İddiaçının özündə belə bir məbləğ olmadığından, o, lombarddan pul götürmüş tanışından həmin məbləği borc almışdır. Həmin tanışı gəlib məhkəmədə də şahid kimi ifadəsini verə bilər, lakin hal-hazırda sərhədlər bağlı olduğundan, Türkiyədən Azərbaycana qayıda bilmir. X13 ondan pul alan zaman öz əli ilə yazıb imzaladığı qəbzi ona vermişdir. Həmin qəbzin hal-hazırda ancaq kserosurəti mövcuddur, əsli itirilib. Cavabdeh ondan pulu alanda özünün əmək haqqı kartını və işə giriş kartını da iddiaçıya vermişdir. Sonradan cavabdeh nə onu işə düzəltdi, nə də ki, pulunu geri qaytardı. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı ilə aralarında tam başqa haqqhesab olub. İddiaçı faizə pul verməklə məşğuldur. Bir neçə ildir ki, o, iddiaçıdan faizə pul alır və sonra da qaytarır. Axırıncı dəfə iddiaçıdan 1000 manat pul alıb və onun tərəfindən yazılmış qəbzə də ilkin olaraq 1000 manat göstərilmişdir. Həmin qəbzi imzaladığını qəbul edir, lakin qəbzdə hal-hazırda göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, qəbz onun tərəfindən imzalansa da, qəbzə sonradan cavabdeh tərəfindən düzəliş edilmişdir. Hazırda onun iddiaçıya 200 manat borcu qalıb. Belə ki, aldığı 1000 manatın əvəzi olaraq o, iddiaçıya iki dəfə pul və mobil telefonunu vermişdir. Əmək haqqı kartının da iddiaçıya verdilməsini qəbul edir. Əvvəllər də belə edirdi: iddiaçıdan borc alırdı, sonra iddiaçı hər ay əmək haqqını kartdan çıxararaq özünə düşən pulu götürürdü, qalan hissəni isə ona qaytarırdı. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... İzahatı alınmış Cavabdeh bildirmişdir ki, o, X1 qızından faizə 1000 manat pul almışdır. Götürdüyü pulun müqabilində hər ay X1 qızına 100 manat pul ödəmişdir. Hazırda o, X1 qızından aldığı 1000 manat pulun 800 manatını qaytarsa da, qalan 200 manatını qaytara bilməmişdir. Həmin 200 manat pulu isə maaşını aldıqdan sonra qaytaracağına söz vermişdir. X1 qızı onun iş yerinə gəlib ondan şikayət etdiyinə görə onu işdən çıxarmışlar. O, X1 qızına 600 manat dəyərində Samsung A3 markalı mobil telefonu vermişdir”. İş materiallarında olan qəbzdə aşağıdakılar göstərilmişdir: “Mən Cavabdeh X2 2000 manat pul alıb işə düzəltməyə söz verirəm. XDND (X20 donanması). xx.xx.2018 İmza: Abbasov (imza)”. Cavabdeh həmin qəbzin onun tərəfindən yazılıb imzalanmasını məhkəmə iclasında etiraf etmiş, lakin bildirmişdir ki, o, həmin qəbzi yazarkən 1000 manat yazmış və həmin məbləğdə “1” rəqəmi sonradan İddiaçı tərəfindən “2” edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 1056/2020 saylı qərardadı ilə həmin xüsusatın araşdırılması məqsədi ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “Tədqiqata təqdim edilmiş mülki işin 8-ci vərəqəsində olan “Mən Cavabdeh...” sözləri ilə başlayan və “xx.xx.2018 İmza: Abbasov (imza)” sözləri ilə bitən qəbzin mətninin üçüncü sətirdəki “000” rəqəmlərinin önündəki rəqəmin yerində düzəlişlər aparılmışdır. Lakin təqdim olunmuş qəbz kserosurət olduğu üçün həmin düzəlişlərin hansı üsulla aparıldığını və ilkin hansı rəqəmin olduğunu müəyyən etmək mümkün olmadı”. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, cavabdehi bir dəfə görmüşdür. Yeganə ilə (*İddiaçı Yeganə adı ilə çağırırlar) dükanın yanından keçirdilər və Yeganə Rüfətdən soruşdu ki, işi nə oldu. Rüfət də dedi ki, tezliklə düzələcək. Yeganə ona bildirdi ki, Rüfət onu işə düzəltmək üçün 2000 manat pul alıb. O, da xahiş etdi ki, Rüfət onun ərini də işə düzəltsin. Rüfət onun ərinin işə düzəldilməsi üçün 3000 manat istədi. İddiaçı faizə pul verməklə məşğul deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Yeganəni çoxdan tanıyır. Cavabdehə pul verilən gün Yeganə ona zəng elədi ki, görüşüb birlikdə salona getsinlər. Salondan çıxanda Yeganə yolda Rüfətlə görüşdü və pulu Rüfətə verdi, Rüfət isə əlindəki kağızı Yeganəyə verdi. Yeganə ona dedi ki, Rüfət onu aşbaz işinə düzəldəcək. Yeganə də Rüfətə buna görə 2000 manat məbləğində pul verdi. Məhkəmə tərəflərin izahatlarını dinyəlib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının sübut kimi istinad etdiyi qəbzin əsli iş materiallarında olmasa da, həmin qəbzin mövcudluğu və qəbzin Cavabdeh tərəfindən imzalandığı işin mübahisəsiz hallarındandır. Cavabdeh həmin qəbzi tərtib edərək imzalamasını məhkəmə iclaslarında dəfələrlə etiraf etmiş, lakin qəbzdə yazılmış məbləği mübahisələndirmişdir. Cavabdehin sözlərinə görə qəbzə ilkin olaraq 1000 manat yazılmış və “1” rəqəmi sonradan cavabdeh tərəfindən “2” rəqəminə düzəldilmişdir. İddiaçı qeyd olunan qəbzin əslini tapa bilmədiyinə görə ekspert tərəfindən həmin məsələyə aydınlıq gətirilməsi mümkün olmamışdır. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıdan 1000 manat məbləğində borcun alınması etiraf edilmiş, lakin cavabdeh həmin borcdan ödənilməmiş cəmi 200 manat məbləğində pulun qaldığını bildirmişdir. Belə ki, o, iki dəfə iddiaçıya pul və 600 manat dəyəri olan telefonunu da borcun hesabına iddiaçıya vermişdir. Məhkəmə cavabdehə göstərdiklərini sübut etməyi təklif etmiş, lakin cavabdeh dəlillərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanlara münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə məhz 2000 manatın verilməsi, cavabdeh tərəfindən isə aldığı borcun bir hissəsinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. İddiaçı öz tələbinin əsası kimi iddia ərizəsinə haqlı olaraq cavabdehin etirafedici izahatını əks etdirən Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarının surətini əlavə etmişdir. Lakin həmin qərarda cavabdeh 2000 manatın deyil, iddiaçıdan 1000 manat məbləğində pulun borc alınmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016cı il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul tutularaq İddiaçı qızına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 50% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, 15 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 121,52 (yüz iyirmi bir manat əlli iki qəpik) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar