Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-107/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı1 (o, həmçinin İddiaçı2 nümayəndəsidir) və onun nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi” tələbləri barədə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan Bakı səhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi ev 60, mənzil 12-nin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin paylarına münasib surətdə hər birinə 1/3 hissə olmaqla bölüşdürülməsi, vəkilin hüquqi yardımı ilə bağlı xərclərin – 650 manat (200 manat ödəniş, sənədlərin toplanması, iddia ərizəsinin və sair sənədlərin hazırlanması ilə bağlı digər işlərə, dövlət rüsumu xərcləri 450 manat, cəmi 650 manat) pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Ş.Rəhimov küçəsi, ev 60, mənzil 12 mülkiyyət hüququ ilə mərhum anaları X3 mülkiyyətində olmuşdur. Valideynlərinin sağlığında hər biri ailə quraraq başqa ünvanlarda yaşasalar da, tez-tez valideynlərinə baş çəkərək onların qayğısına qalmış, əllərindən gələn köməkliyi göstərmişlər. Doğma qardaşları olan cavabdeh ailəsi ilə birlikdə valideynləri ilə həmin mənzildə yaşamışdır və bu gün də yaşamağa davam edir. O, valideynlərinin sağlığında onlara qarşı layiqli övlad qayğısı göstərməmiş, onlara qarşı həmişə qəddar davranmış, valideynləri həmişə cavabdeh narazılıq etmişlər. Cavabdehin bu cür sayğısız hərəkətlərinə dəfələrlə iradlarını bildirsələr də, yenə də valideynlərinə qarşı qeyri-etik hərəkətlərini davam etdirmişdir. Valideyinlərinin vəfatından sonra da cavabdeh onlara qarşı sayğısız, qeyri-etik hərəkətlərini davam etdirmiş, hətta xx.xx.2013ci ildə rəhmətə getmiş mərhum analarının yas mərasiminin mərhumənin öz evində keçirilməsinə maneçilik törətmiş, onları və eləcə də yas mərasimində iştirak etmək üçün mənzilə gəlmiş yaxın qohumları evdən qovmuşdur. Məcbur qalaraq yas mərasimini analarının öz evində deyil, başqa yerdə keçirmişlər. 2014-cü ildə 1 saylı Asan Xidmətdə fəaliyyət göstərən notariat kontoruna müraciət edərək mərhum analarından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu Ş.Rəhimov küçəsi, ev 60, mənzil 12-nin 1/3 hissəsinə qanun üzrə vərəsəliklərinin qeydə alınmasını istəmiş, xx xxxx 2014-cü ildə hər birinə həmin miras əmlakın 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, cavabdeh ərizə ilə müraciət etmədiyindən miras əmlakın 1/3 hissəsi açıq saxlanılmış, xx.xx.2014-cü ildə isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu Ş.Rəhimov küçəsi, ev 60, 12 saylı mənzilin hər birində 1/3 hissəsinə payı barədə RX seriyalı, ******* saylı çıxarış, İddiaçı2 isə RX seriyalı, 0452648-saylı çıxarış verilmişdir. 2015-ci ildə cavabdeh də 1-saylı Asan Xidmətdə fəaliyyət göstərən notariat kontoruna müraciət edərək miras əmlakın 1/3 hissəsinə qanun üzərə vərəsəliyinin qeydə alınmasını istəmiş, xx xxxxx 2015-ci ildə cavabdehə həmin miras əmlakın 1/3 hissəsinə qanun üzərə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2015-ci ildə onlar cavabdehə qarşı iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək mübahisəli mənzilin paylarına münasib olaraq naturada bölünməsini, cavabdehin mənzilin onlara aid hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını istəmiş, mülki iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, məhkəmə ekspertiza mərkəzinin xx xxxx 2015-ci il tarixli, 300 nömrəli ekspert rəyində Bakı şəhəri, Binəqədi rayonu Ş. Rəhimov küçəsi ev 60, mənzil 12-nin tərəflər arasında 1/3 hissədə paylarına uyğun olaraq üç təcrid hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmaması göstərilmiş, bu hal Binəqədi rayon məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(001)-1453/2015 saylı qətnaməsində göstərilməklə iddia tələbləri təmin edilməmişdir. Cavabdeh onları paylı mülkiyyətlərinə buraxmadığından 2015-ci ildə yenidən iddia qaldıraraq, mübahisəli mənzilə köçürülmələrini, xidmət haqqı, mənəvi ziyan və mənzidən istifadə qaydalarının müəyyən edilməsini istəmiş, Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2015 ci il tarixli, 2 (001)- 11348/2015-saylı qətnaməsi ilə iddia qismən təmin edilərək onların paylı mülkiyyətlərində olan Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 60, mənzil 12-yə köçürülmələri qət edilmişdir. Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2015 ci il tarixli, 2(001)- 11348/2015-saylı qətnaməsi icraya yönəldilmiş və bu barədə icra vərəqəsi verilsə də, cavabdeh yenə də onları paylı mülkiyyətlərində olan Bakı şəhəri, Bİnəqədi rayonu, Ş.Rəhimov küçəsi, ev 60, mənzil 12-yə köçürülmələrinə imkan verməmişdir. Binəqədi rayon məhkəməsinin hakimi A.Rzayev xx xxxxxx 2015 ci il tarixli, 2 (001)- 1348/2015 saylı qətnamənin icra edilməsi üçün xx xxxx 2017-ci ildə və xx.xx.2018-ci ildə təkrarən icra vərəqələri versə də, cavabdeh yenə də həmin mənzilə köçürülmələrinə imkan verməmişdir. Dəfələrlə cavabdehə müraciət edərək mənzilin satılmasını, satışdan əldə olunan pulun tərəflər arasında paylarına uyğun bölünməsini təklif etmişlər. Söhbətləri zamanı cavabdeh mübahisəli mənzilin dəyərinin 90000 manat olduğunu bildirmiş, onlar da öz növbələrində mənzilin dəyəri barədə müəyyən araşdırma aparmış, bir sıra maklerlərlə, ev alğı-satqı məntəqələri ilə əlaqə saxlamış və həmin mənzilin dəyərinin 90000 manata yaxın olmasımı müəyyən etmişlər. Mənzilin mənəvi dəyərini nəzərə alaraq cavabdehin payını almaq istədiklərini təklif etsələr də, cavabdeh bu təkliflə də razılaşmamışdır. xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə də cavabdehə müraciət edərək paylarına görə hər birinə 30.000 manat olmaqla (cəmi 60.000 manat) ödənilməsini istəmişlər, cavabdeh isə cavab məktubunda mənzilin qəzalı vəziyyətdə olduğundan real qiymətinin 90.000 manat olmadığını göstərmiş, habelə işin məhkəmə qaydasında həll edilməli olduğunu, məhkəmə ekspertizası nəticəsində evin qəzalı olub-olmamasını müəyyənləşdirməklə onun faktiki real dəyərinə əsasən ağlabatan pul məbləği ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı1 (o, həmçinin İddiaçı2 nümayəndəsidir) və onun nümayəndəsi (vəkili) X4 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, iddiaçıların arzuladığı həmin kompensasiyanın məbləği ilə razılaşmır, mənzil qəzalı vəziyyətdə olduğundan real qiymətinin daha aşağıdır və məhkəmə ekspertizası nəticəsində müəyyənləşdiriləcək ağlabatan məbləğə mütənasib olaraq ödəniş etməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov küçəsi, ev 60, 12 nömrəli mənzilin 1/3 hissəsi İddiaçı1 (xx.xx.2014-cü il tarixində), 1/3 hissəsi İddiaçı2 (xx.xx.2014-cü il tarixində), 1/3 hissəsi isə Cavabdeh (xx.xx.2016-cı il tarixində) adına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş xx xxxxx 2015-ci il tarixli 2(001)-1453/2015 saylı qətnaməsi ilə müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,35 kv.m, yaşayış sahəsi 46,05 kv.m olan 3 otaqlı mənzilin tərəflərin arasında 1/3 hissədə natura şəklində bölünüb verilməsi, cavabdehin mənzilin iddiaçılara aid hissəsindən çıxarılması” tələbinə dair iddiaları təmin edilməmişdir. Həmin qətnamənin aid olduğu mülki iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının xx xxxx 2015-ci il tarixli 300 saylı rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov (11-ci aşırım) küçəsi 60 saylı evin 12 saylı mənzilinin tərəflər arasında 1/3 paylarına uyğun olaraq təcrid hissəyə bölünməsinin texniki cəhəddən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarından aydın olur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(001)-11348/2015 nömrəli qətnaməsin əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 60 saylı evin 12 nömrəli mənzilinə köçürülmələri qət edilmişdir; həmin qətnamə xx xxxxxx 2016-cı il tarixində qanuni qüvvəsini almışdır. Bakı Apelyasiya Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 2(103)-1739/2020 saylı qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusu X2 qarşı İddiaçı2 və İddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “özəlləşdirmənin, vərəsələyin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)-4187/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə apellyasiya instansiyası tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (həmin qətnamədən kassasiya şikayəti verilməmişdir). Hazırki işdə iddiaçıların başlıca tələbi mübahisə mövzusu mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylarına münasib surətdə hər birinə 1/3 hissə olmaqla bölüşdürülməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülki Məcəllənin 220-ci maddəsinə görə isə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Mülki işin materiallarından göründüyü kimi, tərəflər arasındakı daha əvvəlki mübahisə üzrə qəbul edilməklə qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli 2(001)-1453/2015 saylı qətnaməsi ilə mübahisəli mənzilin tərəflər arasında 1/3 paylarına uyğun olaraq təcrid hissəyə bölünməsinin texniki cəhəddən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından görünür ki, iddiaçılar mübahisəli mənzilin dəyərinin 90000 manat olduğunu bildirməklə paylarının dəyərinin (hər birinə 30.000 manat olmaqla, cəmi 60.000 manat pulun) cavabdeh tərəfindən onlara ödənilməsini istəmiş, cavabdeh isə iddiaçıların arzuladığı həmin kompensasiyanın məbləği ilə razılaşmayaraq mənzilin qəzalı vəziyyətdə olduğundan real qiymətinin daha aşağı olduğunu və məhkəmə ekspertizası nəticəsində müəyyənləşdiriləcək ağlabatan məbləğə mütənasib olaraq ödəniş etməyə razı olduğunu bildirmişdir. Bununla belə, müvafiq qərardadla əldə edilmiş “xxxx” MMC-nin mənzilin qiymətləndirilməsi barədə xx xxxxxx 2021-ci il tarixli Hesabatı ilə Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 60 saylı evin 12 saylı mənzilin real bazar qiymətinin 105000 (bir yüz beş min) manat olduğu müəyyən edilmişdir. Nəticə etibarilə, tərəflərin birinin digər(lər)inə kompensasiya verməsi yolu ilə paylı mülkiyyətçiliyə xitam verilməsi üçün onlar arasında razılaşma əldə olunması mümkün olmamış, cavabdeh iddiaçıların arzuladığı kompensasiyanı vermək istəməməklə əmlakın hərracdan satışına dolaylı şəkildə etiraz etməmişdir. Beləliklə, mübahisəsi gedən mənzilə sahiblik və ondan istifadədə tərəflər arasında razılaşma olmadığı, mübahisəli əmlakdan iddiaçıların istifadə etməsinə maneələr yaradıldığı, tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri, habelə mübahisəli mənzilin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir; tərəflər arasında kompensasiyanın ödənilməsi və onun məbləği ilə bağlı da razılıq əldə edilməsi mümkün olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar mübahisəsi gedən mənzilin hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylarına uyğun olaraq onlara verilməsini tələb etməkdə haqlı olmuşlar. Məhkəmə, iddiaçıların “vəkilin hüquqi yardımı ilə bağlı xərclərin – 650 manat (200 manat ödəniş, sənədlərin toplanması, iddia ərizəsinin və sair sənədlərin hazırlanması ilə bağlı digər işlərə, dövlət rüsumu xərcləri 450 manat, cəmi 650 manat) pulun cavabdehdən tutulması” tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarından görünür ki, iddiaçılar hüquqi yardım göstərilməsi üçün 11 saylı vəkil burosunun hesabına 200 manat məbləğində ödəniş etmişdir. Məhkəmə qeyd edilən məbləği ağlabatan hesab edir. İş materiallarından həmçinin görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu, o cümlədən iddia ərizəsinə əlavə edilmiş sübutların notarial qaydada təsdiqi üçün 12 manat (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların təsdiqlənməsi) və vəkilə etibarnamənin verilməsi üçün 11,5 manat ödəniş etmişlər. Buna əsasən məhkəmə hesab edir ki, hüquqi yardıma görə çəkilmiş 200 (iki yüz) manat, ödənilmiş 30 manat dövlət rüsumu, habelə, iddia ərizəsinə əlavə edilmiş sübutların notarial qaydada təsdiqi üçün ödənilmiş 12 manat və vəkilə etibarnamənin verilməsi üçün ödənilmiş 11,5 manat Cavabdeh tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, “xxxx” MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin 200 (iki yüz) manatı iddiaçılardan, qalan 100 (bir yüz) manatı isə cavabdehdən tutularaq adı çəkilən MMC-nin hesabına köçürülməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Rəhimov küçəsi, 60 saylı evin 12 saylı mənzili ilkin satış qiyməti 105000 (bir yüz beş min) manat olmaqla açıq hərracda satılsın və satışdan əldə edilmiş pul vəsaiti paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı1 1/3 hissə, İddiaçı2 1/3 hissə və Cavabdeh 1/3 hissə olmaqla bölünsün. Hüquqi yardıma görə çəkilmiş 200 (iki yüz) manat xərcin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə iddia ərizəsinə əlavə edilmiş sübutların notarial qaydada təsdiqi üçün ödənilmiş 12 manat və vəkilə etibarnamənin verilməsi üçün ödənilmiş 11,5 manat ödənişin əvəzi, cəmi 253,5 manat Cavabdeh tutularaq iddiaçılara ödənilsin. “xxxx” MMC tərəfindən keçirilmiş ekspertizanın dəyərinin 200 (iki yüz) manatı iddiaçılar İddiaçı1 və İddiaçı2, qalan 100 (bir yüz əlli) manatı isə Cavabdeh tutularaq adı çəkilən MMC-nin hesabına (hesab: Az.MEM VÖEN **********, “xxxx” MMC, Kod: 502058 VÖEN **********H/h AZ 46NABZ******************** S.W.İ.F.T. kod:UBAZAZ22, müştərinin hesab nömrəsi AZ65UBAZ**********0060AZN001) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-107/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-107/2021
02.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver