Məhkəmə qərarları › İş №2(001)-1092/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1092/2022

28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1092/2022 28.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 30950 manat məbləğində pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 183 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı cavabdehlə 182 saylı orta məktəbdə birlikdə işləmiş, cavabdehlə tanışlığı da oradan yaranmış, çox yaxın münasibətləri olmuşdur. Cavabdeh dəfələrlə iddiaçıdan borc pul götürmüş, qaytarmışdır. Cavabdeh iddiaçının Binəqədi rayonunda və Ağsu rayonunda olan torpaq sahələrini satdığını bilib ondan öz adına aldığı, Xırdalan şəhərində olan mənzilin aylıq ipoteka xərcini ödəmək üçün 30000 manat borc istəmişdir. İddiaçı isə həmin pulu hissə-hissə verə biləcəyini demiş, bankdan kredit götürməklə və lombarddan qızıl girovu ilə 29000 manata yaxın pulu cavabdehə vermiş,1150 manat pulunun olmadığını bildirmişdir. Çatışmayan pulu isə özünə məxsus qızılları lombarda girov qoymaqla düzəldə biləcəyini, lakin lombardın ödənişlərini cavabdehin ödəməsi təklifini etmiş, onlar razılaşmışlar. 06 sentyabr 2021-ci il tarixdə iddiaçı “Güvən Lombard”dan 1150 manat pulu götürüb, beləliklə tam olaraq 30000 manat pulu hissə-hissə olmaqla borc kimi cavabdehə vermişdir. Bu barədə 18 noyabr 2021-ci il tarixdə iltizam tərtib edilmiş, orada cavabdehin həmin tarixə iddiaçıya 30000 manat borclu olduğu, borcu 2021-ci ilin dekabr ayından başlayaraq hər ayın 15-nə kimi aylıq 1200 manat olmaqla ödəyəcəyi göstərilmişdir. Həmçinin, cavabdeh iltizamda qeyd etmişdir ki, ayrıca aldığı 950 manat borcu da bu ayın 21-nə kimi qaytarmağı öhdəsinə götürür. Lombard ödənişinin 1-ci ayı çatanda iddiaçı cavabdehdən pulu ödəməsini tələb etmiş, cavabdeh isə bundna boyun qaçırmış, telefonda iddiaçının ünvanına söyüşlər, təhqiredici ifadələr işlətmişdir. Daha sonra 10 dekabr 2021-ci il tarixdə cavabdeh qohumları ilə birlikdə iddiaçının mənzilinə gələrək pulu verməyəcəklərini bildirmiş, onu təhqir etmişlər. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda A.B.Musayeva məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmənin hazırlıq iclasında Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçıdan cəmi 10000 manat pulu faizləri ilə birlikdə ödəmək şərti ilə borca götürdüyünü bildirmişdir. İş materiallarında olan: - girov biletindən görünür ki, İddiaçı 06 sentyabr 2021-ci il tarixdə “Güvən Lombard”a müraciət edərək qızıl girovu qarşılığında 1150 manat pul götürmüşdür. - 18 noyabr 2021-ci il tarixli sadə yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı həmin vaxtadək 30000 manat borcunun olduğunu, borcu hissə-hissə olmaqla 2019-cu ildən götürdüyünü, 2021-ci ilin dekabr ayından başlayaraq hər ayın 15-nə kimi aylıq 1200 manat ödəmək yolu ilə qaytaracağını, heblə, ayrıca aldığı 950 manat pulu da 2021-ci ilin noyabr ayının 21-nə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddiaya münasibətini aydınlaşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. - 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında borcun verilməsi ilə bağlı yazılı müqavilə mövcud olmasa da, cavabdeh məhkəmənin hazırlıq iclasında iddiaçıdan 10000 manat borc götürdüyünü bildirməklə iddiaçı ilə aralarında şifahi qaydada borc münasibətlərinin olduğunu təsdiq etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 18 noyabr 2021-ci il tarixli sadə yazılı iltizamla cavabdehin ona 30950 manat borcunun olduğu təsdiq edilir və iştirak etdiyi məhkəmə iclasında cavabdeh həmin iltizamı mübahisələndirməmiş, habelə, iddiaçıya olan borcunun 10000 manat təşkil etməsinə dair heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Beləliklə məhkəməyə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə, yəni, 30950 manat məbləğində borcu qaytarmadığına görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ilk iddia təmin olunduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti X1 tutularaq X7 ödənilməli, qarşılıqlı iddia isə rədd edildiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu X4 aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 30950 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 184 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar