Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1094/2019 04.02.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi X2 katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 7705 manat, mənəvi ziyana görə 5000 manat olmaqla cəmi 12705 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 7705 manat, mənəvi ziyana görə 5000 manat olmaqla cəmi 12705 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 09.08.2017-ci il tarixdə saat 11:00 radələrində idarə etdiyi Mercedes E 200 CDİ markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi ilə Binəqədi qəsəbəsi istiqamətində Söyüdlü adlanan ərazi istiqamətində dönərək yolun solundakı avtomobil təmir sexinin qarşısında Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozaraq yolun solunda saxlanılmış VAZ 21214 markalı **-BE-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılaraq zərbənin təsirindən sonuncu avtomobilin qarşısında dayandığı üçün onu arxadakı ağaca sıxaraq sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Bu hadisə ilə əlaqədar cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi açılmış və 13.07.2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü çıxarılmışdır. Qəzadan dərhal sonra o təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunmuşdur. Əvvəllər üzərində aparılan iki cərrahi əməliyyatdan sonra da gələcəkdə tamamilə şikəst qalmaq ehtimalı yüksək olduğundan 16.03.2018-ci ildə X8 müayinədən keçmişdir. Nəticədə müəyyən olunmuşdur o, yenidən əməliyyat olunmalıdır. Bu səbəbdən o, Azərbaycan Respublikası Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında əməliyyat olunmuşdur. Əməliyyatlar zamanı çəkilən xərclərin ümumi məbləği 7705 manat təşkil etdi. Cavabdeh hadisədən sonra ona maddi və mənəvi köməklik göstərməmişdir. Hadisədən sonra o əmək qabiliyyətini itirmiş, buna görə ona ikinci dərəcəli əlillik təyin olunmuşdur. Məcburi köçkün olan ailəsində əvvəllər ondan başqa heç kim işləmədiyi üçün hazırda ailənin maddi vəziyyəti hədsiz dərəcədə pisləşmişdir. Ona görə dəCavabdeh onun xeyrinə maddi ziyana görə 7705 manat, mənəvi ziyana görə 5000 manat olmaqla cəmi 12705 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X6 İddiaçı izahatını təsdiq etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddiaçı ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 180.2.-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2018-ci il tarixli 1(001)-52/2018 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1,6 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1,6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2018-ci il tarixli 1(001)-52/2018 saylı hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh 09.08.2017-ci il tarixdə saat 11-00 radələrində sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi Mercedes E 200 CDİ markalı **-NO-*** qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi ilə Binəqədi qəsəbəsi istiqamətində 40km\saat sürətlə hərəkət etdiyi zaman Söyüdlü adlanan ərazi istiqamətində dönərək yolun sol kənarında yerləşən avtomobil təmiri sexinin qarşısında Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq yolun sol hissəsində saxlanılmış Vaz 21214 markalı **-BE-*** qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılaraq zərbənin təsirindən həmin avtomobilin qarşısında dayanmış İddiaçı arxasında olan ağaca sıxmış nəticədə İddiaçı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.07.2018-ci il tarixli 1(001)-52/2018 saylı hökmündən daha sonra müəyyən olunur ki, zərərçəkmiş şəxs İddiaçı ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olmasını bildirib Cavabdeh barəsində ağır cəza təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından müəyyən olunur ki, İddiaçı barəsində ikinci dərəcəli əlillik təyin edilmişdir. Mərkəzi Klinikanın 16.03.2018-ci il tarixli 907489 saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Mərkəzi Klinikaya 60 manat ödəmişdir. 26.03.2018-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı Azərbaycan Tibb Universitetinin X4 45 manat ödəmişdir. Azərbaycan Tibb Universitetinin X1 02.04.2018-ci il tarixli qəbzindən müəyyən olunur ki, İddiaçı X4 3000 manat ödəmişdir. Osteomed MMC-nin 04.04.2018-ci il tarixli qəbzindən müəyyən olunur ki, Mehdiyev X5 MMC-nə 2000 manat ödəmişdir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (MM-nin 21.1-21.3-cü mad.) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh 09.08.2017-ci il tarixdə saat 11-00 radələrində etibarnamə əsasında idarə etdiyi Mercedes E 200 CDİ markalı **-NO-*** qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində İddiaçı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4.-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin sahibliyində olan nəqliyyat vasitəsi ilə törətdiyi cinayət əməli nəticəsində iddiaçıya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi qanuni qüvvəsini alan məhkəmə aktı ilə təsdiq olunduğundan, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla müalicəsinə çəkilən xərclərin 5105 manat olması müəyyən olunduğundan məhkəmə iddiaçının cavabdehdən maddi ziyan tələbini bu hissədə əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X3rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə törədilmiş cinayət əməli nəticəsində səhhətinə ağır zərər vurmaya aid xəsarətlər yetirilmiş iddiaçının baş vemiş cinayət hadisəsi nəticəsində mənəvi istirablar, sarsıntılar keçirməsini istisna etmədiyindən iddia tələbini bu hissədə də əsaslı hesab edir. Məhkəmə mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin törətdiyi cinayət əməlinin subyektiv cəhətini, yəni cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini nəzərə alıb, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə 2000 manat məbləğində pul vəsaitinin tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 5105 manat, mənəvi ziyana görə 2000 manat olmaqla cəmi 7105 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1094/2019
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1094/2019
04.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver