Məhkəmə qərarları › İş №2(001)-1108/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1108/2023

22.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1108/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 (dörd yüz) manat pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, mərhumun həyat yoldaşı olaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, dünyasını dəyişmiş həyat yoldaşı X1 Cavabdeh səmimiliyinə inanaraq xx.xx.2019-cu il tarixində 400 (dörd yüz) manat məbləğində borc pul vermişdir. Cavabdeh almış olduğu pulu qısa zamanda qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, o borcu qaytarmamışdır, müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini, iş materiallarında olan qəbzdəki yazının ona məxsus olduğunu, borcu götürdüyünü və bunu etiraf etdiyini, lakin götürdüyü borcu qaytardığını və hazırda borcu olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mərhum arvadı X1 onların birgə nikah dövründə əldə etdikləri pul məbləğindən cavabdehə 400 manat borc pul vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: AZ-İ seriyalı 579170 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 arasında nikah 09 iyul 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 926 № ilə qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən yazılmış əlyazmadan görünür ki,o, Fatmadan 400 (dörd yüz) manat məbləğində borc götürmüş və 2020-ci ilin yanvarın 7sində qaytaracaq. AZ-İİ seriyalı 229687 №-li Ölüm haqqında şəhadətnamənin surətinən görünür ki,X1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1931 № ilə qeyd edilmişdir. Ölümün səbəbi “digər virus mənşəli pnevmoniyalar”-dır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi ərizə ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının mərhum həyat yoldaşından 400 manat məbləğində borc pul almışdır. Lakin cavabdeh həmin borcu qaytardığını bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 400 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar