Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1119/2021 19.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (MMC) qarşı “kredit müqaviləsinin ləğv edilməsi və ödənilmiş vəsaitin qaytarılması” tələbi barədə mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli, BL375154 saylı müqavilənin ləğv olunması, ödənilmiş 1200 manat pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, 8-ci mkr. ərazisində yerləşən Cavabdeh MMCdən 12 aylıq kreditlə aylıq 100 manat ödəmək şərti ilə ümumi dəyəri 1199 manat olan “Samsung WW70R62LVTXDLP” markalı paltaryuyan maşın almış, təxminən 1 ay istifadə etdikdən sonra məhsulda nasazlıq yaranmışdır. O, bununla bağlı cavabdehə məlumat vermiş, cavabdeh tərəfindən ona qızıl zəmanəti olduğundan məhsulu servisə təqdim etməyi təklif etmişlər. O da paltaryuyanı deyilən ünvanda yerləşən servisə təhvil vermişdir. Bir nüçə gün sonra servisdən ona zəng vuraraq paltaryuyanın tam saz vəziyyətə gətirildiyini, gəlib aparmasını bildirmişlər. Həmin vaxt paltaryuyan düzgün işləsə də, qısa müddət sonra yenidən xarab olmuş, beləliklə, o, məhsulun pulunu tam ödəməsinə baxmayaraq, dəfələrlə onu servisə təhvil verməli olmuş, sonda isə servisdən götürməmişdir. Cavabdeh faktiki olaraq ona nasaz məhsul satdığına görə o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, BL375154 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən, eləcə də zəmanət talonundan görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə dəyəri 1199 manat olan “Samsung WW70R62LVTXDLP” markalı paltaryuyan maşını 12 ay müddətinə aylıq 100 manat ödəmək şərti ilə kreditlə almışdır. - ödəniş qəbzlərindən görünür ki, 1199 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı cavabdehdən 1199 manat dəyərində “Samsung WW70R62LVTXDLP” markalı paltaryuyan maşın almış, həmin texnika üçün 1 il zəmanət müddəti müəyyənləşdirilmişdir. Həmin müddət ərzində məhsulda qüsurlar olduğundan iddiaçı qüsurların aradan qaldırılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə nasazlığı aradan qaldırsa da, məhsulda yenidən nasazlıqlar yaranmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun “İstehlakçıların hüquqları” adlanan 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququna malikdir. Qeyd edilən qanunun 5-ci maddəsinə əsasən həmin hüquq istehlakçının satıcıdan alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Məhkəmə araşdırması zamanı satıcı Cavabdeh MMC qeyd edilən paltaryuyan maşında aşkar edilmiş qüsurun alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirə bilməmişdir. Mülki Məcəllənin “Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri” adlanan 587-ci maddəsinin tələblərinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (maddə 587.2; 587.2.1); Qeyd edilən normaların tələbləri baxımından məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının cavabdehdən aldığı “Samsung WW70R62LVTXDLP” markalı paltaryuyan maşının keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduğundan cavabdeh iddiaçının həmin məhsul üçün ödədiyi 1199 manatı iddiaçıya geri qaytarmalı, müqavilə ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, BL375154 saylı “nisyə alğı-satqı müqaviləsi” ləğv olunsun, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş 1199 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1119/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1119/2021
19.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver