Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1120/2023 19.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi, onun, habelə ona etirazın əsasları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borcun əvəzi kimi 8300 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 104 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh uzun illər səmimi qonşuluq münasibətində olmuş, bir-birilərinə etibarları olmuşdur. Cavabdeh bu etibardan istifadə edərək iddiaçıdan 8300 manat pulu borc kimi almış, xeyli vaxt keçməsinə baxmayaraq, borcu qaytarmamışdır. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, iddiaçı ona qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək məqsədi əsassız varlanmasıdır. Biləcəri qəsəbəsində iddiaçını hamı faiz müqabilində borca pul verən şəxs kimi tanıyır, o, bir neçə il bundan əvvəl anasının ayağında əməliyyat üçün iddiaçıdan 2000 manat borca pulu hər ay 200 manat faiz ödəməklə almışdır. Hər ay 200 manat faizi ödəmiş, sonda hər çatdıra bilmədiyindən bankdan yaxın qohumunun vasitəsilə kredit götürərək iddiaçıya borcunu tam bağlamışdır. Hətta iddiaçıya borcunu tam bağladığının təsdiqi kimi anasının iştirakı ilə onun evinə gedərək qaytarmışam. Lakin iddiaçı 3 il keçdikdən sonra onun barəsində Binəqədi PRİ-nin 6-cı Polis Bölməsinə şikayət edərək əsassız olaraq ondan pul tələb etmişdir. İddia tələbi tam əsassızdır, belə ki, o, iddiaçıdan 8300 manat pul almamışdır. Polis Bölməsində araşdırma aparılmış, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Onun uzun müddət istifadəsində olan mobil nömrəsi ***-***-**-** ilə və iddiaçının mobil nömrəsi olan ***-***-**-** ilə Bakcelldən sorğu əsasında zənglərin siyahısından məlum olar ki, onun iddiaçı ilə son danışıqları 3 il bundan əvvəl olmuşdur. İddiaçının iddia ərizəsinə əlavə etdiyi güya ki, onunla olan vatsap yazışmaları ona aid deyildir. Çünki iddiaçı digər şəxsin vatsapına onun adını qeyd etməklə yazmaqla görünüş üçün formal qaydada yaratmışdır. Həmin vatsap yazışmaları, səs yazışmaları montaj olunmuş, ona məxsus deyildir. Həmin səs yazısı, vatsap yazışması sübut kimi qəbul edilə bilməz, çünki həmin sübutlar əgər iddiaçı tərəfindən əldə olunubsa, bundan onun xəbəri olmamış, məhkəmə tərəfindən sübutlar qiymətləndilərkən anonim sübutlar nəzərə alınmamalıdır. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Həmçinin, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində göstərmişdir ki, iddiaçı 3 il keçdikdən sonra onun barəsin Binəqədi PRİ-nin 6-cı Polis Bölməsinə şikayət edərək vermədiyi pulu ondan əsassız olaraq tələb etmişdir. İddiaçının borca verdiyi pulun 3 il bundan əvvəl olmasının sübutu edən şahidlər də var. İddiaçı onun evinə gələrək pulunu tələb edərkən onun qaynanası da həmin pulu məhz anasının əməliyyatı üçün götürdüyünü, borca pul almasını təsdiq etmişdir. İddiaçı hazırda iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Sonda iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərmişdir ki, cavabdeh ondan pulu bütövlükdə deyil, əvvəl 3000 manat, sonra 3300 manat, sonuncu dəfə 2000 manat olmaqla hissə-hissə almışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, iddiaya etirazda göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 (cavabdehin anası) ifadəsində göstərmişdir ki, onun əməliyyatı üçün qızı, yəni cavabdeh iddiaçıdan 2000 manat borc almışdır. İddiaçı özü onun evinə gələrək pulunu istəmiş, əri pulu qaytaracaqlarını demişdir. Qısa müddət sonra o, 2000 manatı iddiaçının yaşadığı evə aparmış, iddiaçı blokda həmin pulu ondan alaraq evinə keçmişdir. Tədqiq edilən sübutlar: İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan “Whatsapp” tətbiqindən çıxarılmış yazışmalar və səs qeydləri nəzərdən keçirilmiş, iddiaçının yalnız bir qeyddə cavabdehdən 8300 manat tələb etdiyi müəyyən edilmiş, qalan səslərdə o, ümumilikdə borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh isə borcu tezliklə qaytaracağını bildirmişdir. Lakin, 8300 manat ifadəsinin işləndiyi səs qeydinə cavab olaraq cavabdehin borcu qaytaracağını bildirməsini müəyyənləşdirmək mümkün deyil. Çünki, səs yazılarının ardıcıllığı pozulmuşdur. Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsindən əldə edilmiş materialları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı ərizə ilə polisə müraciət edərək, Cavabdeh 2000, 3000, 3300 manat olmaqla ümumilikdə 8300 manat pulu borc kimi verdiyini, lakin, Cavabdeh borcu qaytarmadığını göstərmişdir. Polisə izahatında Cavabdeh İddiaçı 8300 manat iddiasının böhtan olduğunu, 2000 manat pulu borc kimi götürdüyünü, 10 ay müddətinə borcunu qaytardığını göstərmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub belə qənaətə gəlir ki, hüquqi nəticə etibarı ilə tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bu münasibətlər çərçivəsində də cavabdehə 8300 manat pul verdiyini və həmin pulun bügünədək qaytarılmadığını iddia edən iddiaçı bu halları sübut etməli idi. Lakin iddiaçı bu mövqeydən çıxış etsə də, cavabdehə mübahisəli məbləğdə pulu borc verdiyini təsdiq edən hər hansı sübut (hər hansı iltizam almayıb, sadə formada kağız üzərində qeydiyat aparılmayıb və s.) təqdim edə bilmir. İddiaçının istinad eydiyi “whatsapp” sosial şəbəkə vasitəsi ilə baş vermiş yazışmalarda isə konkret hansı tarixdə hansı məbləğdə kimə pulun verilməsi və ya onun qaytarılmasını müəyyən etmək olmur. Lakin, cavabdeh özü izahatında iddiaçıdan 2000 manat borc aldığını, sonradan həmin pulu qaytardığını bildirmişdir. Yəni, borcun 2000 manat hissəsini etiraf etsə də, həmin pulu qaytarmağını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu hal cavabdehin polis orqanına verdiyi izhatında da öz təsdiqini tapır. Bununla belə, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya hazırda məhz 2.000 manat məbləğində (məhz bu məbləğ sübuta yetir) borcu qalmışdır. Bu səbəbdən iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2.000 manat məbləğində pul tutulmalıdır. Şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şahid cavabdehin anası olmaqla, cavabdehin mövqeyini əks etdirən məzmunda öz qızını müdafiə xarakterli ifadə vermişdir. Buna görə də, məhkəmə onun ifadəsini sübut kimi qəbul etmir, beləliklə, 2000 manat borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılması sübut olunmur. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş səs yazı qeydlərində iddiaçının cavabdehdən pul tələb etməsi “Covid-19” pandemiyası ilə bağlı karantin dövrünü əhatə edir. Pandemiya ilə bağlı karantin 2020-ci ildə tətbiq edilmiş, hazırki iddia ərizəsi isə 2022-ci ildə verilmişdir. Buna görə də, iddia müddəti buraxılmamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, onun təmin edilmiş hissəsinə müvafiq olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. 2000 manat məbləğində pul vəsaiti, eləcə də dövlət rüsumunun əvəzi kimi 40 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1120/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1120/2023
19.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver