Məhkəmə qərarları › İş №2(001)-1121/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1121/2024

18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1121/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nazir Türkyılmaza qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Nazir Türkyılmaza qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, hazırki iddia ərizəsi ilə cavabdeh kimi məhkəməyə cəlb etdiyi, Türkiyə Respublikasının vətəndaşı Türkyılmaz Nazir Nüsrət oğlunu 2021-ci ildən tanıyır. Onlar ümumi tanışları vasitəsi ilə tanış olmuşlar. Nazir Türkyılmaz ayrı-ayrı vaxtlarda müxtəlif problemlərinin (kirayə haqqının ödənilməsi, qayınatasının əməliyyatı, xəstəliyi və sair) həlli, qarşısına çıxan maliyyə çətinliklərini dəf etmək, ehtiyaclarını ödəmək adı ilə ondan ümumilikdə 5830 manat məbləğində borc götürmüşdür. Bu borcları o, qısa müddət ərzində götürmüş və tezliklə qaytaracağına söz vermişdir. Lakin cavabdeh N.Türkyılmaz sonuncu dəfə ondan borc götürdüyü vaxtdan 2 ildən artıq vaxt keçməsinə baxmayaraq borcunu qaytarmır, müxtəlif bəhanələr gətirir. O, hiss edir ki, cavabdeh borcu qaytarmaqdan yayınır. Nəticədə o, ailə büdcəsində böyük itkilər və problemlərlə üzləşmiş, vəsait itkilərinə düçar olmuşdur. Son aylarda dəfələrlə onun Sumqayıt şəhərində yerləşən iş yerinə getmiş, xeyli vaxt itkisinə və maliyyə xərclərinə məruz qalmışdır. O, humanistlik göstərək onun maliyyə problemləri olanda ona təmənnasız yardım göstərdiyi halda, cavabdeh sözünə əməl etmir, borcunu qaytarmaqdan yayınır. Hətta bu səpkidə onunla aralarında mübahisələr baş vermiş və münaqişə polisə müraciətlə müşayiət olunmuşdur. Araşdırma zamanı cavabdeh Nazir Türkyılmaz həqiqətən də, ona göstərilən məbləğdə borcunun olduğunu inkar etməsə də, bu günə qədər borcu qaytarmamışdır. Nəticədə o, əlavə maddi itkilərlə üzləşməklə borcun qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalır. N.N.Türkyılmaz ondan götürdüyü 5830 manatı məşğul olduğu istehsal sahələrinə, biznesə qoyaraq əlavə gəlir götürmüş, o, isə ailə büdcəsi dövriyyəsindən 5830 manat çıxarmaqla təbii ki, maddi itkilərə məruz qalmış, itkilərlə üzləşmişdir. Onun pul vəsaitini işlətməklə və uzun müddət qaytarmamaqla ona xeyli maddi ziyan vurmuşdur ki, o, bu ziyanın məbləğini də, 3000 manat kimi qiymətləndirir. Cavabdehin ona yetirdiyi mənəvi ziyanı isə 1000 manat həcmində qiymətləndirir. Beləliklə də, ondan əsas borc olaraq 5830 manat, vurulmuş maddi ziyan 3000 manat və mənəvi ziyan olaraq 1000 manat olmaqla, ümumilikdə 9830 manatın tutularaq ona ödənilməsini tələb edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh Türkyılmaz Nazir Nüsrət oğlundan ümumilikdə 9830 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə cavabdeh Nazir Türkyılmaza məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, bildirişlər müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdeh Nazir Türkyılmazın iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaş Türkyılmaz Nazir Nüsrət oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, izahatı alınmış Türkyılmaz Nazir Nüsrət oğlu bildirmişdir ki, 5 ildir ki, Azərbaycan Respublikasında yaşayır. Azərbaycan dilində sərbəst danışa və anlaya bilir. Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Şüşə zavodu” adlanan yerdə mətbəx üçün çanaq (umvannik) istehsalı ilə məşğul olur. Əmralı Əliyev və Nəvai adlı şəxslər də çanaq istehsalı üçün ləvazimat satışını həyata keçirirlər. Həmin şəxsləri də bununla bağlı tanımışdır. Əmralıdan 2 il öncə mətbəx çanağını yerləşdirmək üçün nəzərdə tutulmuş mərmər panel qəlibi istehsalı üçün hissə-hissə ümumilikdə 5830 manat pul almışdır. Razılığa əsasən o, həmin qəlibi hazırlamışdır. X2 Rayonunda aparılan quruculuq işləri ilə bağlı həmin ərazilərə getdiyindən onunla görüşü baş tutmurmuş. Son 1 aydır ki, Əmralı həmin pulu geri tələb etməyə başlamışdır. O, da Əmralıya pulun müqabilində qəlib hazırladığını, həmin qəlibi aparmasını söyləmişdir. Həmin qəlibin maddi dəyəri təxminən 5000 manat təşkil edir. 3 ay öncə Nəvai adlı Bakı şəhər sakinindən 2400 manat borc almışdır. Hazırda Nəvai də, həmin pulu geri tələb edir. 4 gün öncə Nəvai həmin borcdan 400 manat hissəsini geri qaytarmışdır. 09 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Nəvai ilə Əmralı iş yerinə gələrək pullarını geri tələb etmişlər. Onlara hələlik pulunun olmadığını bildirdikdə Nəvai onun sinə nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Əmralı isə istehsalat üçün nəzərdə tutulmuş ona məxsus dəzgahları aparacağını bildirmişdir. O, da 102 xidmətinə zəng edərək şikayətini bildirmiş, lakin döyülməsi ilə bağlı bədənində hər hansı xəsarəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materialları, iddiaçının izahatı və Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdeh tərəfindən verilmiş izahatla təsdiq edilir ki, Türkyılmaz Nazir Nüsrət oğlu Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Şüşə zavodu” adlanan yerdə mətbəx üçün çanaq (umvannik) istehsalı ilə məşğul olmaqla yanaşı, Əmralı Əliyevdən 2 il öncə mətbəx çanağını yerləşdirmək üçün nəzərdə tutulmuş mərmər panel qəlibi istehsalı üçün hissəhissə ümumilikdə 5830 manat pul almış, lakin hazırki günədək həmin məbləği iddiaçıya geri qaytarmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, mülki işdə olan sübutlarla cavabdeh tərəfindən iddiaçıya 5830 manat məbləğində maddi zərərin vurulması təsdiq edildiyi üçün cavabdeh Türkyılmaz Nazirdən 5830 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 3000 manat ziyanın (əldən çıxmış faydanın) və mənəvi ziyan olaraq 1000 manat pulun tutulması hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Türkyılmaz Nazir Nüsrət oğlundan 5830 (beş min səkkiz yüz otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyi üçün 125 manat dövlət rüsumunun 50%, yəni 62.5 manat cavabdeh Türkyılmaz Nazir Nüsrət oğlundan İddiaçı xeyrinə tutulsun, qalan 50%, yəni 62.5 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar