Məhkəmə qərarları › İş №2(001)-115/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-115/2023

14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-115/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Atəş oğlunun Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Binəqədi rayonu Novxanı bağlarında istifadəsində olan 200 m2 artıq torpaq sahəsindən istifadəsinə yaradılan maneənin aradan qaldırılmasına və sökülmüş hasarın bərpa edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Atəş oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Binəqədi rayonu Novxanı bağlarında istifadəsində olan 200 m2 artıq torpaq sahəsindən istifadəsinə yaradılan maneənin aradan qaldırılmasına və sökülmüş hasarın bərpa edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Atəş oğlunun vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Binəqədi rayonu Novxanı bağlarında yerləşən 1080 saylı, 0,06 ha torpaq sahəsi iddiaçıya məxsusdur və onun istifadəsindədir. İddiaçı həmin torpaq sahəsinə görə Binəqədi Bələdiyyəsinə vergi ödəyir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının şəxsi mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə çəkdirdiyi daş hasarı qanunsuz olaraq sökdürmüş və həmin torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneəçilik yaradırlar. İddiaçının hasarı 2021-ci ilin may-iyun aylarında sökülmüşdür. Sahə müvəkkili iddiaçıya cavabdehlərin şikayəti əsasında hasarın sökülməsini demişdir. Cavabdehlər guya həmin hissədə yolun olacağı bəhanəsi ilə bilərəkdən bu hərəkəti etdirmişlər. Halbuki torpağın plan və ölçüsündə yolun olacağı göstərilmir. İş üzrə keçirilən ekspertiza rəyi ilə onlar razılaşmırlar. Belə ki, ekspert hansı meyarlarla rəy verməsini rəyində əsaslandırmamışdır. Ona görə də Binəqədi rayonu Novxanı bağlarında yerləşən və iddiaçının istifadəsində olan 200 m2 artıq torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneənin aradan qaldırılmasına və sökülmüş hasarın bərpasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı Atəş oğlu vəkili və nümayəndəsi Vəkil izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı bağlarında yerləşən 1080 saylı 0,06 ha torpaq sahəsi ona məxsusdur və onun istifadəsindədir. Cavabdehlər onun şəxsi mülkiyyətində və istifadəsində olan həmin torpaq sahəsinə çəkdiyi daş hasarı qanunsuz olaraq 2021-ci ilin may-iyun aylarında sökdürmüşlər. O, İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, İcra Hakimiyyətində ona hasarın Binəqədi Bələdiyyəsi tərəfindən sökülməsi deyilmişdir. Cavabdehlər ona hasarı yenidən tikməyə icazə vermirlər. Ekspetiza torpaq sahəsinin ilkin sənədlərinə əsasən keçirilmədiyindən o, rəylə razı deyildir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, Binəqədi rayonu Novxanı bağlarında yerləşən 1081 A saylı bağda 12 sot torpaq sahəsi və evi vardır. Ona bağ ayrılarkən Bağlar İdarəsinin mühəndisləri bağı ölçüb ona 12 sot, yəni 1200 m2 torpaq sahəsini vermişlər. Hasar inşa edilərkən əyri çəkildiyindən onun torpağından 50 m2 hasarın o biri tərəfində qalmışdır. Oradan qapı açarkən maşın üçün qaraj tikəkəcəklərini fikirləşmişlər. Həmin dalanda, yəni dövlətə məxsus sahədə, qaraj yerində yol çox bərbad vəziyyətdə olduğundan sakinlər çətiniklə bazar-dükana gedirdilər. Ona görə həmin yola onlar iki maşın xırda daşlar tökdürmüş, üstündən qır əlavə edərək hasarlarınadək yol düzəltmişlər. Həmin yolu İddiaçı daş daşıyan maşınlarla sındırıb dağıtmış, traktor gətirib bağını böyütmüş, onun qapısının qarşısını tikmişdir. Nəticədə iddiaçı onların və dövlətin yolunda özünə hasar tikmişdir. Ona görə də o, may ayında 102 xidmətinə zəng etmiş, səhəri gün Binəqədi RPİ-nin əməkdaşları gəlmiş, onlar Binəqədi RİH-nə zəng etmişlər. Binəqədi RİH-nin əməkdaşları da gələrək İddiaçı çağıraraq iddiaçıya sxemi göstərib dövlətin torpağına girməsini sübut etmişlər. İddiaçı özünə məxsus 6 sot torpağın 3 sotunu bağın yuxarı hissəsindən başqasına satmış, aşağı tərəfdən dövlətə və onun qarajının tikdirmək üçün olan torpağını özünə götürərək 6 sot hesablayır. Bu səbəbdən Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri iddiaçı tərəfindən aparılan tikintinin dayandırılması barədə bildiriş vermiş, iddiaçı tələbə əməl etmədiyindən polis işçiləri və İcra hakimiyyətinin nümayəndəsi tərəfindən traktor gətirərək iddiaçının inşa etdiyi hasarı sökülmüşdür. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyib, Cavabdeh2 izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: Maddə 66. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyətvə keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiqicra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli qediyyat nömrəsi ********** olan çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 876 nömrəli reyestr kitabının 83012 nömrəli vərəqində qeydiyyata alınmışdır. Binəqədi Bələdiyyəsinin yerli (bələdiyyə) büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında mülkiyyətində olan 600 m2 torpaq sahəsinə 200 m2 zəbt olunmuş torpaq sahəsinə görə vergi ödəyicisi kimi qeydə alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı istifadəsində olan Novxanı kəndi 1080 saylı 600 m2 bağ sahəsinə və 200 m2 artıq torpaq sahəsinə görə vergi borcu yoxdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, Binəqədi rayonu Novxanı kəndi 1080 saylı bağ sahəsində xüsusi mülkiyyətində olan torpaq sahəsinin hasarlanması zamanı qeyri-qanuni torpaq sahəsini zəbt edərək yolun bağlanması faktının aşkar olunması, sözügedən hasarlanma işlərinin dərhal dayandırılması və inşa edilmiş hasarın sökülməsinin təmin edilməsi İddiaçı tapşırılmış, əks təqdirdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92,95-ci maddələrinin tələblərinə əsasən qanunsuz tikinti işlərinin tərəflərindən dayandırılacağı bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli qediyyat nömrəsi ********** olan çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 evinə və ünvada 0,1150 ha torpaq sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8479 saylı rəyindən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: İddiaçı istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneələr yaradılması iddia edilən Binəqədi rayonu Novxanı bağlarında yerləşən 200 m2 (faktiki 83 m2) torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin (reyestr nömrəsi **********27) sərhədləri xaricində yerləşir. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneələr yaradılması iddia edilən Binəqədi rayonu Novxanı bağlarında yerləşən 200 m2 (faktiki 83 m2) torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla yol kimi istifadə olunur, ümumi istifadədir. Rəydən daha sonra müəyyən olunur ki, iddiaçının iddia etdiyi 200 m2 (faktiki 83 m2) torpaq sahəsi və mülkiyyətində olan 600 m2 (faktiki ölçüsü 616 m2) torpaq sahəsi hasara alınmadığından, hasarın qalmış izlərini müəyyən etmək mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndi 1080 saylı bağ ünvanında yerləşən torpaq sahəsi ilə (reyestr nömrəsi **********27) Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin (reyestr nömrəsi **********02) sərhədləri kəsişmir, qonşuluq təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi yol kimi ümumi istifadə olan dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti İddiaçı yol kimi ümumi istifadə olan dövlət mülkiyyətinə aid torpaq sahəsini zəbt edərək yolun bağlaması faktını aşkar edərək iddiaçıya həmin ərazidə hasarlama işlərinin dərhal dayandırılması və inşa edilmiş hasarın sökülməsi barədədə xx.xx.2021-ci il tarixli bildiriş təqdim etmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi, dövlət mülkiyyətində olan torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından, iddiaçının torpaq sahəsindən istifadəsinə yaradılan maneənin aradan qaldırılmasını, özünün zəbt etdiyi torpaq sahəsində sökülmüş hasarın bərpa edilməsini cavabdehlərdən tələb etmək üçün subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbləri təmin edilə bilməz. İddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Atəş oğlunun Cavabdeh1 və Cavabdeh2 qarşı Binəqədi rayonu Novxanı bağlarında istifadəsində olan 200 m2 artıq torpaq sahəsindən istifadəsinə yaradılan maneənin aradan qaldırılmasına və sökülmüş hasarın bərpa edilməsinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı Atəş oğlundan iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar