Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1153/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 55, mənzil 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil onun, yəni İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh onun oğludur və hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Baxmayaraq ki, cavabdeh həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, o, faktiki olaraq həmin ünvanda yaşamır. Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi rayon Mənzil Kommunal İstismar Sahəsi arayış təqdim edərək cavabdehin 2022-ci ilin dekabr ayından etibarən həmin ünvanda yaşamadığını təsdiq etmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, ümumiyyətlə cavabdehin həmin mənzilə dair hər hansı hüquqları da yaranmamışdır. Çünki həmin mənzil bağışlama müqaviləsi əsasında onun xüsusi mülkiyyətinə verilmişdir. Göründüyü kimi hazırda cavabdeh qismində çıxış edən şəxs onun oğlu olsa da, o, hesab edir ki, oğlu faktiki olaraq həmin ünvanda uzun müddət yaşamadığından, həmçinin onun həmin mənzilə dair hər hansı hüquqları olmadığından onun yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməlidir. Konstitusiya Məhkəməsinin qərarında övladın istifadə hüququnun mövcudluğunun servitutla əlaqəliliyi konkret olaraq göstərilmişdir. Bu zaman nəzərə alınmalı olan cəhət övladının mülkiyyətində olan əmlakdan istifadəni zəruri edən ehtiyac meyarıdır, belə ki, övladı uzun müddətdir mülkiyyətində olan əmlakda yaşamır. Onun həmin yaşayış sahəsində yaşamasına ehtiyacı mövcud deyil, başqa yaşayış sahəsi seçərək həmin yaşayış sahəsində faktiki yaşamamaqdadır. Göstərilən hal isə, servituta birbaşa xitam əsasıdır. Odur ki, o, hesab edir ki, övladının istifadə hüququna kompensasiya ödənilmədən, yaşamaması nəzərə alınmaqla, ehtiyacının həmin yaşayış sahəsinə olmaması əsas götürülməklə xitam verilməlidir. Beləliklə, onun xx.xx.1993-cü il təvəllüdlü övladını (cavabdehi) saxlamağa məcbur olmaması, eyni zamanda sonuncunun öz valideynindən özünün saxlanılmasını qanunvericiliklə tələb edə bilməməsi, həmçinin cavabdehin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə onu deməyə əsas verir ki, hazırda cavabdehin mənzilə dair istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə bağlı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş, lakin mübahisə ailə münasibətlərini ehtiva etdiyindən aidiyyəti üzrə ümumi məhkəməyə müraciət olunmasının zəruriliyi izah edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, onun, yəni İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 55, mənzil 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi Rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş 398 saylı xx.xx.2024cü il tarixli arayışdan görünür ki, o, həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, 55 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Oğlu Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyatdadır, lakin xx.xx.2022-ci il tarixdən həmin ünvanda yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9a mkr, 55 saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam hissəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9A mkr, 55 saylı evin 2 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, giriş 148, M1, m2) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam hissəsində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı, xx.xx.1992-ci il təvəllüdlü X1 və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh qeydiyyatdadırlar. İş materiallarında olan ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-02578 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:00-dan 11:00-dək keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Binəqədi Rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən sorğuya baxılmış və arayış verilmişdir ki, İddiaçı həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, A.Məmmədov küçəsi, 55 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Oğlu Cavabdeh yuxarıda göstərilən ünvanda qeydiyyatdadır, lakin yaşamır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin hüdudlarından kənara çıxmışdır. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə bağlı Qərarlarında verdiyi şərhlərdə dəfələrlə vurğulamışdır ki, Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. Qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. X2 Məhkəməsi plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Beləliklə, mülki işdə olan sübutlardan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 9-cu mkr, ev 55, mənzil 2 (yeni qaydalarla: ünvan 1 İddiaçı mülkiyyətindədir, cavabdeh onun ailə üzvü olan oğlu Cavabdeh həmin ünvanda qeydiyyatdadır. İddiaçı cavabdehin hazırda həmin mənzildə yaşamaması, onun həmin yaşayış sahəsindən istifadə hüququnun olmamasına əsaslanaraq, onun istifadə hüququna xitam verilməsini tələb etsə də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququ mövcuddur və onun hazırda başqa yaşayış sahəsində yaşaması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan sübutlarla Cavabdeh xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin hüdudlarından kənara çıxdığı təsdiq edilsə də, onun daimi əsaslarla ölkəni tərk etməsi ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi qanunsuz olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçınun Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1153/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1153/2025
05.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver