Məhkəmə qərarları › İş №2(001)-1158/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1158/2021

26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1158/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxasında yerləşən 3x4,2 m2 ölçüdə olan torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsinə, cavabdeh tərəfindən qanunsuz qoyulmuş qapının cavabdehin hesabına sökülməsinə, mülkiyyətində olan mübahisəli torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxasında yerləşən 3x4,2 m2 ölçüdə olan torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsinə, cavabdeh tərəfindən qanunsuz qoyulmuş qapının cavabdehin hesabına sökülməsinə, mülkiyyətində olan mübahisəli torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Yaşayış məntəqəsinin torpaqlarının ərazisi 0.0172 ha təşkil edir. Yaşayış evinin arxa hissəsində sahəsi 12,6 m2 olan torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu M.Rəsulzadə qəsəbəsi Faiq Rüstəmov küçəsi ev 15 nömrəli evdə yaşayan Cavabdeh tərəfindən zəbt edilmişdir. Belə ki, iddiaçı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək yaşayış otaqlarına girişin iç-içə olmasını demiş, bu da onların narahatlığına səbəb olur. İddiaçı ailəsinin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə sahəsi 20,2 m2 olan yaşayış otağından evin dalan hissəsinə çıxış qapısı açmaq istəyir. İddiaçının bu müraciətinə Binəqədi rayon İcra Hakimiyyəti 06.06.1997-ci il tarixli 655 saylı aktına əsasən etiraz edilməmişdir. Lakin, Cavabdeh Firdov qızı iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etdiyindən iddiaçı bu huququnu həyata keçirə bilməmişdir. Belə ki, cavabdeh iddiaçıya məxsus torpağa dair texniki pasportda təsvir edilmiş “A” tikilisinə aid hissədə torpağı zəbt etmiş və həmin torpaq sahəsinə darvaza qoyaraq iddiaçının sahiblik və istifadə hüququnu məhdudlaşdırmışdır. Cavabdehin zəbt etdiyi torpaq sahəsinin cavabdehə məxsus olmasına dair heç bir sənədi mövcud deyildir. Bununla da iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları kobud sürətdə pozulmuşdur. Ona görə də, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin arxasında yerləşən 3x4,2 m2 ölçüdə olan torpaq sahəsinin cavabdehin qanunsuz sahiblik və istifadəsindən azad edilməsinə, cavabdeh tərəfindən qanunsuz qoyulmuş qapının cavabdehin hesabına sökülməsinə, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılmasına qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə 22.02.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh ünvan 2 ünvanında uzun müddətdir yaşayır. Cavabdehin həmin evə dair ev kitabçası vardır. Evə dair cavabdehin hüquq müəyyənedici sənədi yoxdur. Cavabdeh heç kimin ərazisini zəbt etməmişdir. Yoxlama zamanı torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən olunarsa cavabdeh həmin sahədən çıxar. Mülki iş üzrə 30.08.2021-ci il tarixinə təyin olunan məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M. Rəsulzadə qəsəbəsi Faiq Rüstəmov küçəsi ev 15 nömrəli evdə 1997-ci ildən daimi olaraq yaşayır və ekspert rəyində qeyd olunan 3x4,2 metr ölçüdə torpaq sahəsini həmin vaxtdan bu günədək istifadə edir. Bu günədək bu istifadənin qanuniliyi və yaxud həmin sahənin ona məxsus olması iddiaçı tərəfindən mübahisələndirilməyib. İddiaçının məhkəməyə təqdim etdiyi ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda ünvan 3 ünvanında iddiaçının mülkiyyətində 172 m2 torpaq sahəsinin, iddiaçıya məxsus 10.01.2019-cu il tarixdə tərtib olunan texniki pasportda isə torpaq sahəsinin 186,5 m2 olması qeyd olunmuşdur. Başqa sözlə iddiaçının mülkiyyətində olmayan əlavə 14,5 m2 torpaq sahəsi vardır. Ona görə də hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyən etmək məqsədi ilə iddiaçının faktiki istifadə etdiyi 14,5 m2 torpaq sahəsinin yerləşdiyi yer müəyyən edilməlidir. Cavabdehin istifadə etdiyi qapının yerinin dəyişdirilməsi mümkün deyildir. Belə ki, həmin sahədə qapı qoyulması üçün başqa yer yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin və vəkilinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı 13.07.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.01.2019-cu il tarixli PX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4ə və 0,0172 ha torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 4ə dair 10.01.2019-cu il tarixdə tərtib olunmuş texniki pasportdan müəyyən olunur ki, İddiaçı sənəd üzrə istifadəsində 0,01725 ha, faktiki sahə 0,01865 ha, tikinti altı sahə 0,01406 ha təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.05.2021-ci il tarixli 10\850 saylı rəyindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında fərdi yaşayış evinin arxasında yerləşən 3x4,2 metr ölçüdə torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur, sözügedən torpaq sahəsində hər hansı tikinti işləri aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X2 Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 10\850 saylı rəyini müdafiə edərək ifadəsində göstərmişdir ki, apardığı tədqiqat zamanı İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında fərdi yaşayış evinin arxasında yerləşən 3x4,2 metr ölçüdə torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunmasını müəyyən etmişdir. Cavabdeh tərəfindən istifadə edilən 3x4,2 metr ölçüdə torpaq sahəsinin iddiaçının texniki pasportunda qeyd olunan mülkiyyətində olmayan torpaq sahəsi ilə üst-üstə düşməsinə o, hal-hazırda aydınlıq gətirə bilməz, bu halı müəyyən etmək üçün əlavə tədqiqat aparılmalıdır. Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 26.05.2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, elektron baza əsasında aparılan araşdırma nəticəsində İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin sxemdə göstərilmiş hissəsi cavabdeh tərəfindən istifadə edilir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 311 manat təşkil edir. Məhkəmə iclasında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin mütəxəssisi X3 Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 26.05.2021-ci il tarixli mütəxəssis rəyini müdafiə edərək izahatında göstəmişdir ki, elektron baza əsasında aparılan araşdırma nəticəsində İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin sxemdə göstərilmiş hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsini müəyyən etmişdir. Cavabdeh tərəfindən istifadə edilən 3x4,2 metr ölçüdə torpaq sahəsinin iddiaçının texniki pasportunda qeyd olunan mülkiyyətində olmayan torpaq sahəsi ilə üstüstə düşməsini müəyyən etmək üçün həmin torpaq sahəsinin cizgisini, yerləşmə koordinatlarını, yaranmış fərqin texniki pasportun torpaq sahəsinin planında qeyd olunubolunmamasına dair məlumatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən götürmək lazımdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.10.2021-ci il tarixli **********99 saylı məktubundan müəyyən olunur ki, torpaq sahəsinin cizgisini və yerləşmə koordinatlarını, yaranmış fərqin texniki pasportun torpaq sahəsinin planında qeyd olunub-olunmamasına dair məlumatın məhkəməyə təqdim olunmasına dair müraciətə cavab olaraq torpaq sahəsinin sənəd üzrə 172,5 m2, faktiki sahə üzrə 186,5 m2, əlavə torpaq sahəsinin isə 14,0 m2 olması bildirilərək, arxiv texniki pasportuna əsasən həmin əlavə sahənin “B” yaşayış evinin yerləşdiyi tikintialtı sahəsinin (S=41,8 m2) bir hissəsini təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin arxasında olan 3x4,2 m2 ölçüdə torpaq sahəsinə qanunsuz sahiblik və istifadə etməsi, həmin sahəyə qapı qoymaqla iddiaçıya mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələr yaratması öz təsdiqini tapdığından məhkəmə iddia tələblərini əsaslı hesab edib tam həcmdə təmin edilməsi qənaətinə gəlir. Məhkəmə cavabdehin etirazında istinad etdiyi hala, yəni iddiaçının texniki pasportunda qeyd olunan, lakin mülkiyyətində olmayan 14,5 m2 torpaq sahəsinin cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinə aydınlıq gətirərək bildirir ki, məhkəmə araşdırması zamanı həmin əlavə torpaq sahəsinin iddiaçıya məxsus sahənin “B” yaşayış evinin yerləşdiyi tikintialtı sahəsinin (S=41,8 m2) bir hissəsini təşkil etməsi müəyyən olunmuşdur. Ona görə də məhkəmə cavabdehin etirazında istinad etdiyi halları əsassız hesab edib qəbul etmir. Belə ki, cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinə dair hüququnu müəyyən edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin arxasında olan 3x4,2 m2 ölçüdə torpaq sahəsi Cavabdeh qanunsuz sahiblik və istifadəsindən azad edilərək həmin sahədə Cavabdeh tərəfindən qoyulmuş qapı Cavabdeh hesabına sökülərək İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması Cavabdeh həvalə edilsin. Cavabdeh dövlət rüsumuna görə 10 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh mütəxəssis rəyinə görə 311 manat Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar