Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-116/2022 12.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Cəmallədin oğluna qarşı “pul” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Cəmallədin oğluna qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19.000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 2014-cü ilin yanvar ayında Şabran şəhərində onlara gələrək qızı ilə ailə qurmaq niyyətini bildirmiş və beləliklə tanış olmuşlar. 2014-cü ili avqustun ayında onun qızı ilə cavabdeh ailə qurmuşlar. Daha sonra Cavabdeh onu və ailə üzvlərini inandıraraq onun qızı ilə yaşamaqları üçün ev almaq məqsədilə iddiaçıdan bankdan və başqa cür hissə-hissə geri ödəmək şərtilə borc pul tapmasını xahiş etmişdir. Cavabdehin səmimiyyətinə inanaraq onun gələcəkdə qızı ilə ailə quracaqlarını nəzərə alaraq 26.11.2014-cü il tarixdə Şabran şəhərində ailəsinin adından 21000 manat kredit götürməklə, bundan əlavə, ailə büdcəsindən 15000 manat olmaqla, cəmi 36000 manat pulu 27.11.2014-cü il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsində notarial kontorun qarşısında qızı Quliyeva Dürdanənin iştirakı ilə Cavabdeh ev alması məqsədilə borc olaraq vermiş, lakin hər hansı yazılı sənəd tərtib etməmişlər. Cavabdehlə gələcəkdə qohum olacaqlarını nəzərə alaraq 2019-cu ilin noyabr ayının 25-dək cavabdeh tərəfindən borcun qaytarılması barədə şifahi razılaşma ilə kifayətlənmişlər. 02.11.2018-ci il tarixdə onun qızı ilə cavabdeh arasında olan nikah rəsmi olaraq pozulmuş və cavabdeh onun qızını azyaşlı uşağı ilə birlikdə yaşadıqları evdən qovmuşdur. Cavabdeh 2019-cu ilin yanvar ayından onun üçün götürülən kredit borcundan 17000 manat ödəməklə, aliment ödədiyini səbəb gətirərək qalan 4000 manat kredit borcunu və ailə büdcəsindən verilən 15000 manat məbləğində vəsaiti qaytarmaqdan imtina etmişdir. Hal-hazırda cavabdeh qalan 19000 manatı geri qaytarmadığından o, ailəsi ilə birlikdə ağır maddi vəziyyətə düşmüşdür. Qeyd edilənlərə əsasən, cavabdehə borc qismində təqdim edilmiş 19.000 manat pulun geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin halları - Şabran Rayon Məhkəməsinin 2(031)-134/2018 saylı, 02.11.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh Cəmallədin oğlu ilə X3 arasında olan nikahın pozulması, birgə nikahdan olan övladı 18.01.2016-ci il təvəllüdlü X6 anasının yanında qalması qət edilmişdir. - № 7-25.11.2014-DEV58 saylı, 25.11.2014-cü il tarixli təminatlı kredit müqaviləsinə əsasən İddiaçı istehlak məqsədləri üçün 5000 manat məbləğində kredit verilmişdir. - № 7-25.11.2014-DEV57 saylı, 25.11.2014-cü il tarixli təminatlı kredit müqaviləsinə əsasən X1 istehlak məqsədləri üçün 6000 manat məbləğində kredit verilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 13.12.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" ASC-nin Şabran filialı ilə İddiaçı arasında bağlanmış 01.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən müştəri tərəfindən ümumilikdə 8471,23 manat məbləğində vəsait ödənilmişdir. Qeyd edilən vəsaitdən 6794 manat müştəri tərəfindən nağd şəkildə ödənilmiş, 1677.23 manat isə İddiaçı əmək haqqı kartından tutulmuşdur. - 4/982 saylı 17.08.2021-ci il tarixli məhkəmə-fonoskopik ekspertizası üzrə ekspert rəyinə əsasən: ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqlar aydın və başa düşüləndir. Fonoqramdakı danışıqların yazılı mətninin bərpasında zəruri biliyə ehtiyac yoxdur. Qeyd edilə diskdə olan mübahisəli fonoqramdakı tədqiqatı tələb olunan danışıqlarda 1 nəfər kişi və 1 nəfər qadın cinsinə məxsus şəxs iştirak etmişdir. Mübahisəli fonoqramdakı danışıqlar spontandır və danışıqlarda əvvəlcədən hazırlanma əlamətləri müşahidə olunmur. Diskdə olan mübahisəli fonoqramdakı danışıq hissələrində montaj əlamətləri müəyyən olunmadı. Lakin mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. - Məhkəmənin 16.03.2021-ci il tarixli iclasında cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh tərəfin kredit borcu olduğundan və maddi vəziyyəti aşağı olduğundan 15000 manatı borc olaraq vermişlər. Cavabdehin onlarla gələcək qohumluğunu nəzərə alaraq borcun verilməsi ilə bağlı hər hansı bir sənəd tərtib etməyiblər. Cavabdeh 2019-cu il noyabr ayının 25-dək götürdüyü borcları tam qaytaracağını bildirmişdir. Lakin 02 noyabr 2018-ci il tarixdə X3 və Cavabdeh birgə nikahları pozulmuş, birgə nikahdan olan X8 barəsində sabit pul məbləğində 150 manat aliment təyin edilmişdir. Cavabdeh aliment ödəməyi bəhanə gətirərək ona verilən pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini qəbul etmədiklərini, iddia tələbinin əsassız olduğunu bildirdi. İddiaçının qızı ilə cavabdeh arasında nikah pozulduqdan sonra münasibətlər kəskinləşmişdir. Hazırda birgə nikahdan olan uşağı atasına göstərmirlər. İddia qisas məqsədi daşıyır və əsası yoxdur. Krediti iddiaçı öz məqsədləri üçün götürmüş, maddi vəziyyəti yaxşı olmadığından kredit borcunun bir hissəsini cavabdeh qohumluq münasibətlərindən irəli gələrək ödəmişdir. Həmçinin əgər iddiaçı cavabdehə hər hansı pul məbləği vermiş olsa idi belə, iddiaçının qızı ilə cavabdeh birgə nihakda olduğu dövrə təsadüf etmiş olardı və bir ailə kimi ailə büdcələri – gəlir və xərcləri birgə olmuşdur. İddia tələbinin əsassız və qərəzli olmasını, iddiaçının pulu borc verməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməməsini, habelə iddiaçının borcu 2014-cü ildə verdiyini qeyd etməsinə əsasən iddia müddətinin ötürülməsi tətbiq edilməsi barədə ərizəni nəzərə almaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin 02.11.2021-ci il tarixli iclasında izahat verən iddiaçı Cavabdeh iddia tələbini qismən etiraf etməklə, bugünə qədər İddiaçı tərəfindən götürülmüş kredit borcunu ödədiyini, lakin sonralar maddi imkanı yaxşı olmadığından sonuncu ödənişləri edə bilmədiyini qeyd etmişdir. Məhkəmənin 02.11.2021-ci il tarixli iclasında izahat verən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 bildirmişdir ki, cavabdehlə 2013-cü il tarixdə tanış olublar. Cavabdeh maddi vəziyyəti aşağı olduğunu bildirdikdən sonra o valideynlərini razı salaraq 2014-cü il tarixdə bankdan 21.000 manat pul kreditə götürülmüşdür. Cavabdehlə 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurublar. Birgə nikah dövründə cavabdeh ona anasının pulunu qaytaracağını desə də, lakin sonradan artıq qohum olduqlarını deyərək borcu olmadığını bildirmişdir. İddia ərizəsinə dair etiraz İddia ərizəsinə qarşı cavabdeh tərəfindən 16.03.2021-ci il və 10.11.2021-ci il tarixlərdə etirazlar daxil olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 373.1-373.3-cü maddələrinə əsasən, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). - 375.1-ci və 375.2-ci maddələrinə əsasən, iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehə 5000 manat məbləğində kredit verilmişdir və bankın məhkəmə sorğusuna ünvanladığı cavab məktubuna əsasən 8471.23 manat ödənilmişdir. Həmin kreditin cavabdehə ev almaq məqsədilə borc kimi verilməsi və həmin borcun bir hissəsinin Cavabdeh tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən 10.11.2021-ci il tarixdə məhkəməyə ünvanlanmış “keçirilmiş ekspertizaya və iddiaya“ etirazında da tərəflər arasında kreditlə bağlı məsələ olduğu qəbul etmiş, digər 15 000 manat borc məsələsinin ümumiyyətlə olmamasını bildirmişdir. Yuxarıda qeyd edilən bankın məhkəmə sorğusuna ünvanlandığı cavab məktubunda borcun 6794 manatının müştəri tərəfindən nağd şəkildə ödənilməsi, 1677.23 manatının isə İddiaçı əmək haqqı kartından tutulması qeyd edilmişdir. İddiaçı əmək haqqı kartından tutulan 1677.23 manatın onun vəsaiti hesabına ödənilməsi açıq-aydın ortada olsa da, iddiaçı tərəfindən kredit borcunun nağd şəkildə ödənilən hissəsinin bütövlükdə və ya hansısa məbləğdə vəsaitinin onun tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə sözügedən CD diski sübut kimi qiymətləndirərək qeyd edir ki, cavabdeh tərəf kredit borcunun ödənilməsini və növbəti aylar üzrə ödənişlər edəcəyini etiraf edərək pulun ödənilməsinə dair öhdəliyi öz üzərinə götürmüşdür (3-cü şəxs X4 ilə telefon danışığına əsasən). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarını nəzərə alaraq qeyd edir ki, səs yazıları barədə disk mülki işə əlavə edilməklə, həmin disk sübut kimi qəbul edilməlidir. Belə ki, diskdə olan məlumatlar hazırkı iş üçün əhəmiyyətlidir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Hazırkı iş üzrə səs yazışmalarını əks etdirən diskin sübut kimi qəbul edilməsinə dair məhkəmə qeyd edir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Tərəflərin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar tərəflər üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə səsli (yazılı) mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə X5, X9 ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləri üzrə pul məbləğinin tələb edilməsi barədə iddiaçının subyektiv hüququ olmaması qənaətinə gəlir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ailə üzvlərini ayrı-ayrılıqda öz adlarına götürdükləri kreditlərin məbləğini 21000 manat hesablayaraq ondan 17000 manatın cavabdeh tərəfindən ödənildiyini qeyd edərək, qalan 4000 manatı tələb etsə də, yalnız onunla bank arasında olan kredit müqaviləsi üzrə ödədiyini sübut etdiyi miqdarda məbləğin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddianın 15 000 manat hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün heç bir əsas yoxdur Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Çünki qanunvericiliyin tələblərinə uyğun olaraq borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin (yazılı müqavilə) olması müəyyən olunmadı və işin hər hansı halı ilə təsdiq edilmədi. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin ötürülməsi barədə ərizə təqdim edildiyindən şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia ərizəsinə və iş materiallarına əsasən iddiaçının adına olan kredit müqaviləsi üzrə sonuncu ödəniş 11.12.2019-cu il tarixdə edilmişdir və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil etdiyindən iddianın bu hissəsi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassızdır. İddianın 15 000 manat borc hissəsinə münasibətdə isə artıq həmin vaxtdan 3 ildən artıq müddət keçmiş, bu müddət ərzində maraqlı tərəf tələb üzrə məcburiyyət tədbirlərini iddia müddəti həddində həyata keçirməmişdir. Buna görə də həmin hissədə iddia tələbi əsaslı olsa və sübuta yetirilsə idi belə, cavabdeh tərəfindən verilən iddia müddətinin ötürülməsi barədə ərizə iddianın həmin hissədə təmin edilməməsi üçün əsas olardı. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, 1677.23 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ona dəymiş zərərlə bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T ET Dİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Cəmallədin oğlundan 1677,23 (bir min altı yüz yetmiş yeddi manat iyirmi üç qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-116/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-116/2022
12.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver