Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1165/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yeganə övladı qızı X10 06 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Bununla əlaqədar o, mərhum qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 5, 33 saylı mənzili miras kimi qəbul etmək məqsədilə 2021-ci ilin avqust ayında ünvan 1 ünvanladığı 25 avqust 2021-ci il tarixli cavabında mirasın qəbulu müddətinin ötürməyi səbəbindən ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş və buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, mərhum qızı X10 xəstə olduğu son aylarda onunla birlikdə yaşamış, təsərrüfatı özü idarə etmiş, qızını dəfn etmiş və onun vəfatından sonra mirası faktiki qəbul etmişdir. Səhhətində olan bəzi problemlər, yeganə qızını itirmək sarsıntısı, pandemiya təhlükəsi və azərbaycan dilini yaxşı bilməməyi səbəbi ilə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət etmə müddətini bir neçə gün gecikdirmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə edərək bildirdi ki, X3 anasından başqa heç kəsi olmamışdır. Belə ki, Ellanın əri X11 2013cü ildə vəfat etmiş, onların nikahından uşaqları olmamışdır. Ella iddiaçının yeganə övladı olduğuna görə iddiaçı onun vəfatından çox sarsılmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı yaşlı tək qadındır, onun 75 yaşı var və səhhətində problemlər olduğu üçün mütəmadi müalicələr alır. Qeyd olunanlara görə iddiaçı faktiki qəbul etdiyi və hazırki vaxta qədər də həmin evdə yaşadığı mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmiş, qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Mərhumun yeganə vərəsəsi iddiaçıdır. İddiaçı hazırda mərhumdan qalan mənzildə yaşamaqla orada təsərrüfat aparır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq İddiaçı iddiası üzrə bütün məhkəmə proseslərinin onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yaşayır, iddiaçının qonşusudur. Mərhum Ella bir neçə il idi ki, onkoloji xəstəlikdən mütəmadi olaraq müalicə alırdı. Ellanın müalicəsi dövründə anası Raisa onunla birlikdə yaşayaraq ona qulluq etmişdir. Ella vəfat etdikdən hazırki vaxta qədər Raisa onun evində yaşayır. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, Ellanın uşağı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşusu olmaqla, iddiaçının mənzilinin üst mərtəbəsindəki mənzildə yaşayır. Mərhum Ella bir neçə il idi ki, onkoloji xəstəlikdən müalicə alırdı. Ellanın müalicəsi dövründə anası Raisa onunla birlikdə yaşayaraq ona qulluq etmişdir. Ella vəfat etdikdən hazırki vaxta qədər Raisa onun evində yaşayır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşusudur. Mərhum Ella bir neçə il idi ki, xəstəlikdən əziyyət çəkirdi. Ellanın xəstəliyi dövründə anası Raisa onunla birlikdə yaşayaraq ona qulluq etmişdir. Ella vəfat etdikdən hazırki vaxta qədər Raisa onun evində yaşayır. İş materiallarında olan: AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 atası Petrov Vyaçeslav, anası isə İddiaçıdır. Vİ-ЖГ seriyalı 326444 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X13 arasında nikah 06 mart 1993-cü il tarixdə bağlanmış, arvada Çernenko soyadı verilmişdir. AZ-İ seriyalı 626432 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 26 iyun 2013-cü il tarixdə xroniki virus mənşəli “C” Hepatit səbəbi ilə ölmüşdür. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 5, 33 saylı mənzil tam mülkiyyət hüququ üzrə X3 adına qeydiyyatdan keçirilmiş və bu barədə 12 noyabr 2016-cı il tarixdə qeydiyyat aparılmışdır. AZ-İİ seriyalı 168202 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 06 fevral 2021-ci il tarixdə endometrin (uşaqlığın selikli qişasının) bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür. Bakı şəhəri 20 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 25 avqust 2021-ci il tarixli, 247 nömrəli məktubdan görünür ki, sonuncunun 06 fevral 2021-ci il tarixdə vəfat etmiş qızı X3 vəfatı ilə əlaqədar mirasın qəbulu barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, müddətin ötürülməsi səbəbindən sonuncuya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 08 fevral 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, X9, X12 və X15 təsdiq edirlər ki, qonşuluqda - Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 5, 33 saylı mənzildə yaşamış və həmin mənzilin mülkiyyətçisi olan mərhum X3 vəfatından hazırkı vaxta qədər həmin ünvanda mərhumun anası İddiaçı yaşayır. 28 mart 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu 64 saylı MKİS-in rəisi S.Abıyev, sahə nəzarətçisi A.Əkbərov, mühasib D.Yaqubova, qonşular X15, X12 və X7 bu aktı ondan ötrü tərtib etmişlər ki, onlar Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 5, 33 saylı mənzildə olmuşlar. Yoxlama zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı 12 noyabr 2016-cı il tarixli çıxarışına əsasən mənzil X8 məxsusdur. Mərhumun anası İddiaçı qızının vəfatından sonra həmin ünvanda yaşayır. Həmin mənzildə həmçinin mərhum X1ynanası X14 qeydiyyatdadır və yaşayır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş abunə haqqında sənəddən görünür ki, 06 fevral 2021-ci il tarixdən (mərhumun vəfat etdiyi tarix) hazırki vaxta qədər Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 5, 33 saylı mənzildə enerji sərfiyyatından istifadə edilərək ödənişlər edilir. “Azərsu” və “Azəriqaz” Açıq Səhmdar Cəmiyyətləri tərəfindən verilmiş sənədlərdən görünür ki, 2021/2022 –ci illərdə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 5, 33 saylı mənzildə sudan və qazdan istifadə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 5, 33 saylı mənzilin mülkiyyətçisi - X10 06 fevral 2021-ci il tarixdə vəfat etmişdir. X3 vəfatından sonra qeyd olunan mənzildə mərhumun anası hazırki iş üzrə İddiaçı yaşamış, bununla da mirası faktiki olaraq qəbul etmişdir. İddiaçı 2021-ci ilin avqust ayında qeyd olunan evə dair mirasın qəbulu üçün notariat ofisinə müraciət etmiş, lakin mirasın qəbulu üçün müəyyən edilmiş müddəti buraxdığına görə ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Hazırda iddiaçı yeganə övladının ölümü ilə sarsıldığını, 75 yaşında tək qadın olduğunu, özünün səhhətində problemələr olduğunu və mütəmadi müalicələr aldığını, habelə mərhumun yeganə vərəsəsi olduğunu və mirası faktiki qəbul etdiyini bildirərək mirаs əmlаkın qəbul еdilməsi müddətinin ötürülməsinin üzürlü sаyılaraq həmin müddətin uzаdılmаsını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının mirаs əmlаkın qəbul еdilməsi müddətinin ötürülməsinin səbəblərini üzürlü hesab edərək, iddiaçının mərhum X3 birinci növbədə qanuni vərəsəsinin olmasını və miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı tərəfindən mirаs əmlаkın qəbul еdilməsi müddəti uzаdılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Petrova X2 Ella Vyaçeslavovnadan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 5, 33 saylı mənzilə dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilərək, həmin müddət uzadılsın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1165/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1165/2022
20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver