Məhkəmə qərarları › İş №2(001)-1168/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1168/2022

16.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1168/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilmiş pulun geri qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə 16 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 750 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, mənzilindəki təmir işləri ilə əlaqədar olaraq evin eyvanında mebel düzəltmək üçün 2021-ci ilin iyun aylarında cavabdehə müraciət etmişdir. Cavabdeh mebeli 1000 manat pul vəsaitinə düzəldəcəyi bildirmiş, görüləcək iş müqabilində ondan əvvəlcədən 18 iyun 2021ci il tarixdə 200 manat beh almışdır. Beh verildikdən sonra həmin gün cavabdeh işin görülməsi üçün materialların alınması tələb olunduğunu bildirərək ondan 550 manat pul istəmiş, o da həmin vəsaiti özünün bank hasabından cavabdehin bank hesabına köçürməklə ödəmişdir. Cavabdeh mebelin 15-20 günə hazır olmasını bildirməsinə baxmayaraq, vəd edilən işi görməmiş, iş zamanı əlini kəsdiyi üçün mebeli 20 oktyabr 2021-ci il tarixdə quraşdıracağına söz vermişdir. Lakin o, cavabdehlə dəfələrlə əlaqə yaratmış, cavabdehin onu aldatdığını anladıqdan sonra pulun qeri qaytarılmasını tələb etmişdir. Cavabdeh onun tələbinə məhəl qoymadığından o, polisə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılarkən cavabdehin ifadəsinin alınması mümkün olmamış və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. İddianın məzmunundan və iddiaçının izahatından görünür ki, tərəflər arasında mülki münasibətlərin işlərin yerinə yetirilməsi sahəsinə aid olan podrat müqaviləsi üzrə münasibətlər yaranmışdır. Burada iddiaçı sifarişçi, cavabdeh isə podratçı qismində çıxış etmişdir. Görüləcək işin məbləği tərəflər arasında razılaşdırılmış, vəsaitin bir qismi beh adı ilə, bir qismi materialların əlınması üçün cavabdehə ödənilmişdir. İddiaçı sifariş etdiyi iş üzrə vəsaitin bir hissəsini beh qismində ödəsə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilmədiyindən həmin məbləğ avans kimi qəbul edilir. Lakin tərəflərin arasında olan münasibətlərdən bəlli olur ki, cavabdeh şərtləşdirilmiş öhdəliklərini razılaşdırılmış vaxtda yerinə yetirmir, sifarişçi olan iddiaçı isə bunun müqabilində ödənilmiş vəsaitin geri qaytarılmasını tələb edir. İş materiallarında olan: - "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, 18 iyun 2021-ci il tarixdə, saat 18:23 radələrində İddiaçı məxsus hesabdan 550 manat pul vəsaiti “digər karta köçürmə” təyinatlı məxaric edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, 18 iyun 2021-ci il tarixdə, saat 18:23 radələrində Cavabdeh məxsus hesaba 550 manat pul vəsaiti başqa bir bank hesabı vasitəsi ilə mədaxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 389.1 – ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; - 390.1 – ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 406.1 - ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; - 329.2 - ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 329.3 - ci maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; - 752.1 – ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 759.1 – ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; - 491.1 – ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; - 491.2 – ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır; - 491.3 - ci maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh iddiaçıya işin görülməsini öhdəsinə götürsə də, öhdəliyinə əməl etməmişdir. Cavabdehə ödənilmiş avans məbləği olan 200 manat pul vəsaitinin ödənilməsi barədə iddiaçı tərəfindən sübut təqdim edilmədiyinə görə iddianın həmin hissədə təmin edilməsi mümkün deyildir. Materialların alınmasına görə cavabdehə ödənilmiş 550 manat pul vəsaitinin iddiaçının bank hesabından cavabdehin bank hesabına köçürülməsi isə "xxxx" ASC və "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışla təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən təmin edilsin. 550 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş vəsaitin əvəzi kimi 20 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar