Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-118/2024 23.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbi və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı “mənzilin dəyərinə görə 155.000 manatın ödənilməsi” tələbinə dair mülki işlər üzrə (Açar sözlər: mənzilə istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılma, mənzilin dəyərinin ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iclas katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil3, Müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasına və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı “mənzilin dəyərinə görə 155.000 manatın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə və mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X7 ilə xx.xx.2016-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerəşən daşınmaz əmlakı almış və xx.xx.2016cı il tarixdə iddiaçının adına həmin mənzilə dair mülkiyyət hüququ verilmişdir. Lakin əvvəlki mülkiyyəçinin bacısı və bacısı qızı bu günə kimi xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən çıxmamışlar və faktiki olaraq həmin mənzildə yaşayırlar. Cavabdehlərin həmin mənzildə yaşamaları, hələ də pasport qeydiyyatında olmaları onun mülkiyyət hüququndan sərbəst və müstəqil qərar qəbul etməyinə, faktiki mülkiyyətində olan mənzilində yaşamağına və istifadə hüququna ciddi şəkildə maneəçilik yaradır. Bu səbəbdən də qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması zərurəti vardır. xx.xx.2023-ci il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlu cavabdeh İddiaçı qarşı “mənzilin dəyərinə görə 155.000 manatın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olmuş ünvan 1 ünvanında yerəşən mənzilə dair onunla İddiaçı arasında bağlanmış xx.xx.2016-cı tarixli alqı-satqı müqaviləsi üzrə həmin vaxt mənzilin dəyərini təşkil edən 155.000 manatın və ödənilmiş 445 manat dövlət rusumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlu tərəfindən verilmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 28 saylı evin 3 otaqlı 7-ci mənzili mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Bacısı Cavabdeh1 Sücəddin qızının həyat yoldaşı X13 Cavadovdan 2016-cı ilin mart ayında 200.000 ABŞ dolları məbləğində borc pul almış, sonuncu həmin pulun bir hissəsini başqa şəxslərdən aldığını və həmin şəxslərin pullarını tələb etməklə onu narahat etdiklərini, söz-söhbətə son qoymaq üçün Sənan Ələkbərovun Bakı şəhərində ev tapmasını və həmin evi banka girov qoymaqla pul götürüb həmin şəxslərə verilməsini, bununla da İddiaçı həmin şəxslərə olan borcunun, Sənan Ələkbərovun isə banka olan borcunun bağlanmasını sonuncuya təklif etmişdir. Məsələ ilə bağlı Sənan Ələkbərov ona müraciət etmiş və adına olan yuxarıda qeyd olunmuş mənzili banka girov qoymaqla kredit götürüb İddiaçı verilməsini, banka olan borcu isə özünün ödəyəcəni bildirmiş və kredit məsələsi ilə bağlı İddiaçıla görüşməyi tapşırmışdır. Məsələ ilə bağlı o, İddiaçıla görüşdükdə sonuncu ona bildirmişdir ki, bank ona yüksək məbləğdə kredit verməz. Buna görə də İddiaçı ona məxus mənzili formal olaraq özünün adına keçirməyi və onun isə mənzili girov qoyaraq bankdan pul götürüb ona verməyi təklif etdi. O, Sənan Ələkbərovun sözlərinə görə İddiaçı bu işdə səmimi olmasına inanaraq özünə məxsus mübahisəli mənzili formal olaraq xx.xx.2016-cı il tarixli alqı-salqı müqaviləsi əsasında onun adına keçirtmiş, lakin həmin mənzilə görə hər hansı bir məbləğdə pul almamışdır. Həmin vaxt adı çəkilən mənzilin bazar qiymətinin 155.000 manat təşkil etməsinin cavabdeh İddiaçı məlum olmasına baxmayaraq, alqı-satqı müqaviləsinin üzərində 40.000 manat qeyd olunmuş məbləğ belə ona verilməmişdir. O, hesab edir ki, müqavilənin üzərində mənzilin qiymətinin 40.000 manat göstərilməsi İddiaçı tərəfindən bu mənzilin aldatma yolu ilə ələ keçirilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunmuş alqı-satqı müqaviləsi formal olaraq bağlandığı üçün o, mənzilin pulunu İddiaçı tələb etməyib. Çünki aralarında olan razılaşmaya əsasən banka olan borc ödənildikdən sonra həmin mənzil yenidən onun adına keçirilərək təhvil veriləcəkdi. İddia ərizəsinə qarşı etiraz: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı iddia ərizəsinə etiraz təqdim edərək bildirdilər ki, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir. Belə ki, onlar mübahisəli mənzilə həmin mənzilin mülkiyyətçisi olmuş X4 razılığı ilə qeydiyyata alınmış, uzun müddət ailə üzvləri kimi həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşamışlar və hazırda da yaşayırlar. Cavabdeh1 1995-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsindəki 28 saylı evin 7-ci mənzilinə qeydiyyata alınmışdır. Cavabdeh2 isə həmin mənzildə doğulmuşdur. Alqı-satqı müqaviləsi bağlanarkən istifadə hüquqlarına xitam verilməsi barədə notarial qaydada təsdiqlənmiş ərizə verməmişlər. X7 mübahisəli mənzili xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Mənzil satılarkən Rauf Həsənzadə həmin mənzildə qeydiyyatda olmamışdır. O, həmin mənzildən 2008-ci il tarixdə qeydiyyatdan çıxmışdır. X1 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin 11-ci maddəsinə əsasən mübahisəli mənzili xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü maddəsinə əsasən X1 mübahisəli mənzildən xx.xx.2017-ci il tarixinədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 17-ci maddəsinə əsasən bu Müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. X1 mübahisəli mənzildən 2008-ci il tarixdə (mənzil satılarkən həmin mənzildə qeydiyyatda olmamışdır) qeydiyyatdan çıxmış, mənzilə aid sənədləri alıcı İddiaçı vermiş, mənzil alıcının faktiki sahibliyinə keçmişdir. Lakin mübahisəli mənzil heç vaxt İddiaçı istifadəsində olmamışdır. İddiaçı mübahisəli mənzilin onun istifadəsinə verilməsini uzun müddət tələb etməmişdir. İddiaçı mənzili alarkən onların həmin mənzildə qeydiyyatda olmaqla yaşadıqlarını bilmiş, alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı müqavilədə onların mənzildən qeydiyyatdan çıxmalarını tələb etməmişdir. Müqavilədə onların mübahisəli mənzildən qeydiyyatdan çıxmaları barədə hər hansı qeyd yoxdur. İddiaçı mənzili alarkən aldığı mənzilə baxmamışdır, çünki mənzilin alqı-satqı müqaviləsi formal xarakter daşıyırdı. İddiaçı bu günədək bir dəfə də olsun mənzildə olmamış, mənzilin hansı şəraitdə olması, quruluşu barədə hər hansı məlumata malik deyildir. xx.xx.2016-cı il tarixindən bu günədək mübahisəli mənzildə onlar yaşamış və istifadə etmişlər, mənzilin bütün kommunal xərcləri onlar tərəfindən ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 izahat verərək bildirdi ki, 2016-cı il tarixdə mübahisəli mənzil iddiaçı tərəfindən 40.000 manata alınıb və Rauf Həsənzadə pulu məxaric orderinə-qəbzə əsasən qəbul etmişdir. Bir müddət iddiaçı cavabdehlərin mənzildə yaşamasına icazə verib. Sonradan 2018-2019-cu illərdə iddiaçı mənzildən çıxarma ilə bağlı iddia qaldırıb, lakin həmin vaxt cavabdehlər başqa yaşayış yerləri olmadığına görə müəyyən vaxta qədər mübahisəli mənzildə yaşamaları üçün xahiş etmişlər, bu səbəbdən də həmin iş baxılmamış saxlanılmışdır. Hazırki iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan başqa üçüncü şəxsin iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etdi ki, onun tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, iddia müddəti tətbiq edilməklə üçüncü şəxsin iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili Vəkil3 iddia ərizəsinə etiraz etməklə təmin edilməməsini xahiş edərək bildirdi ki, iddiaçı cavabdehlərə qarşı əsassız iddia qaldırıb. Belə ki, qanunvericiliyin tələblərinə əsasən əgər alıcı digər şəxslərin istifadə hüququ olan mənzili alırsa, deməli həmin şəxslərin mənzilə istifadə hüququ var. İddia ərizəsindən və qarşı tərəfin izahatından görünür ki, iddiaçı mənzili alarkən cavabdehlərin orada qeydiyyatda olduqlarını bilib. Lakin alqı-satqı müqaviləsində onların qeydiyyatdan çıxarılması ilə bağlı bənd qeyd edilməyib, yalnız Rauf Həsənzadənin qeydiyyatdan çıxarılması qeyd olunub. Yəni bu o deməkdir ki, alıcı mənzili alarkən mənzildə olan cavabdehlərin mənzildə istifadə hüquqlarını tanımaqla almışdır. Bu səbəbdən də hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Eləcə də qeyd etdi ki, üçüncü şəxsin iddia ərizəsinin təmin edilməsinə etiraz etmir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlu iddia tələbini müdafiə edərək bildirdi ki, onunla İddiaçı arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanarkən mənzilin qiyməti 40.000 manat qeyd olunub. Halbuki həmin mənzilin qiyməti alqı-satqı müqaviləsi bağlanan zaman 155.000 manat idi. Ona alqı-satqı müqaviləsi bağlanarkən hər hansı bir məbləğ, o cümlədən müqavilədə qeyd olunan 40.000 manat belə verilməyib. Qeyd edilənlərə əsasən onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki işin materialları: - xx.xx.2016-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X14 Sücəddin oğlu Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzili 40.000 manata alıcı İddiaçı satmışdır. Satıcı xx.xx.2017-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin **********7 nömrəli qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 İddiaçı tam xüsusi mülkiyyətindədir və hüquq ona xx.xx.2016-ci il tarixdə verilərək qeydiyyata alınmışdır. - Cavabdeh1 xx.xx.2016-cı il tarixli, X3 xx.xx.2016-cı il tarixli, Cavabdeh2 xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlar Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin satılmasına razılıq vermişlər. - yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Həsənzadə Rauf Sücəddin oğlu xx.xx.1995-ci il tarixdən xx.xx.2008-ci il tarixədək ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1321 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin otaqlarında döşəməyə parket vurulmuş, divarlara divar kağızları yapışdırılmış, tavan emulsiya ilə rənglənmiş, sanitar qovşaqlarda divarlar kafellə, döşəmə metlaqla üzlənmiş, pəncərələr plastik konstruksiyalardan, otaqların qapıları ağac konstruksiyalardan, giriş qapısı metal konstruksiyalardan düzəldilmişdir. Bütün tikililər təmirli vəziyyətdə olub, təyinatı üzrə avadanlıqlarla, eləcə də su, qaz, elektrik, istilik, kanalizasiya xətləri ilə təchiz olunmuşdur. Mənzildə aparılmış təmir işlərinin müddətinin müəyyən olunmasına dair metodika olmadığından, tədqiq olunan mənzildə son təmir işlərinin təxminən nə vaxt aparılıb-aparılmamasını, aparılmış son təmir işlərinin 2016-cı ildən sonrakı tarixə uyğun gəlib- gəlməməsini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin və mənzilin yerləşdiyi ərazidə eyni parametrli mənzillərin 1m2-nin 2016-cı ilin noyabr ayı üçün və həmin bazar dəyərinə uyğun bazar qiymətlərini müəyyən etmək mümkün olmamışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6283/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçünçü şəxs qismində İddiaçı cəlb olunmaqla) “mənzilə dair daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2116/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2116/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1346/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. - 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. - 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iddiaçının iddia tələbi üzrə mübahisənin mahiyyəti ondan ibarətdir ki, xx.xx.2016-cı il tarixdə, Bakı şəhəri 50 saylı notariat ofisində Həsənzadə Rauf Sücəddin oğlu (satıcı) və İddiaçı (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə ilə satıcı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzili 40.000 manata alıcıya satmışdır. İddiaçı xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 28, 7 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı iddia tələbi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, o, mübahisəli mənzilin mülkiyyətçisi olmasına baxmayaraq, cavabdehlərin həmin mənzildə yaşamaları, onun mülkiyyət hüququndan sərbəst və müstəqil qərar qəbul etməyinə, faktiki mülkiyyətində olan mənzilində yaşamağına və istifadə hüququna ciddi şəkildə maneəçilik yaradır. Bu səbəbdən də cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsini və mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə İddiaçı iddia ərizəsi ilə əlaqədar qeyd edir ki, iş materialları ilə sübut olunur ki, iddiaçı dəyərini ödəməklə, rəsmi qaydada notariat orqanında təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən mübahisəli mənzili almışdır və həmin mənzil hal-hazırda onun mülkiyyətindədir. İş materiallarında olan notariat icraatındakı iş üzrə cavabdehlər Cavabdeh1 xx.xx.2016-cı il tarixdə, Cavabdeh2ovnanın xx.xx.2016-cı il tarixdə Ukrayna Respublikası, Kiyev şəhər notariat dairəsi tərəfindən təsdiq olunmuş ərizələrindən görünür ki, onlar mübahisəli mənzilin satılmasına razıdırlar. Bununla da onlar mənzilin satılmasına, yəni özgəninkiləşdirilməsinə etiraz etməmiş, öz iradə ifadələrini bildirmişlər. Məhkəmə qeyd edir ki, qeyd edilən mənzil iddiaçıya satılsa da hazırki gündə cavabdehlər orada qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatda olmaqla yaşamaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən də məhkəmə hesab edir ki, onların istifadə hüquqların xitam verilməli, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdırlar. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə əvvəllər də məhkəməyə müraciət etmişdir. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4163/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmalıdırlar. Müstəqil tələb irəli sürən üçüncü şəxs isə iddia tələbi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi bacısının həyat yoldaşı Sənanın borcunu pərdələmək üçün bağlanmışdır. Cavabdehin bankdan pul götürüb, Sənanın borcunu bağlaması üçün mənzili cavabdehin adına keçirmişdir. O, cavabdeh İddiaçı xx.xx.2016-cı tarixdə alqı-satqı müqaviləsi bağlandığı zaman 40.000 manat pulu almadığını iddia edərək həmin vaxt mübahisəli mənzilin dəyərini təşkil edən 155.000 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə əlaqədar qeyd edir ki, onun dəlilləri əsassızdır. Belə ki, onun mübahisəli mənzili satmaq niyyətində olmadığını, mənzilin dəyərinin 40.000 manat olmadığını, onun həmin məbləği almadığını, mənzilin alqı-satqı müqaviləsi vaxtı dəyərinin 155.000 manat olmasına dair dəlilləri iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, tərəflər mübahisəli mənzilin alqı-satqısını 40.000 manata razılaşmışlar və həmin məbləğ də İddiaçı tərəfindən depozitə qoyulmuşdur. Yəni alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsinə əsasən notarial qaydada təsdiq edilmiş və eləcə də mənzilin dəyəri tərəflərin razılığı ilə müəyyənləşdirilmişdir. Müqavilə bağlandıqdan keçən müddət ərzində R.S.Həsənzadə tərəfindən nə alqı-satqı müqaviləsi, nə də ki, pulun dəyəri mübahisələndirilməmişdir. Yalnız İddiaçı cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə məhkəmədə iddia qaldırdıqdan sonra R.Həsənzadə də qeyd edilən iddia ilə müraciət etmişdir. Bundan başqa iş müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2(001)-2116/2023 saylı qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)01346/2024 saylı, xx.xx.2024-cü il tarxli qərarı ilə iddiaçı Həsənzadə Rauf Sücəddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinini 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından, o cümlədən qanuni qüvvədə olan məhkəmə qərarlarından və iddia əizəsindən və eləcə də apellyasiya, kassasiya şikayətlərindən görünür ki, X4 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə hazırkı iş üzrə olan “mənzilin dəyərinin ödənilməsi” tələbinə dair iddiaları mahiyyət etibarı ilə eynidir. Yəni hər iki iddia ərizəsində qeyd edilir ki, mənzilin alqı-satqı müqaviləsi formal olaraq, başqa əqdi pərdələmək üçün bağlanmış, Sənan Ələkbərovun borcuna görə mənzil İddiaçı adına keçirilmiş, bunun müqabilində R.Həsənzadəyə pul verilməmişdir. Bundan başqa apellyasiya və kassasiya şikayətərində R.Həsənzadə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi bağlanılarkən mənzilin bazar qiymətinin 155.000 manat olmasına baxmayaraq alqı-satqı müqaviləsində mənzilin dəyəri 40.000 manat qeyd olunmuş, hətta həmin məbləğ belə ona verilməmişdir. Apellyasiya məhkəməsinin qənaməsindən görünür ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Bakı şəhəri 50 saylı Notariat Ofisinin 28 noyabr 2023-cü il tarixli, 2842 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 50 saylı Notarisat Ofisində X14 Sücəddin oğlu ilə alıcı İddiaçı arasında bağlanmış “Alqı-satqı müqaviləsi” üzrə əmlakın satış dəyərini təşkil edən pul vəsaiti notarius tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına ünvanlanmış məktub əsasında alıcı İddiaçı tərəfindən notariusun həmin bankda olan depozit hesabına mədaxil edilmiş və müqavilə rəsmiləşdirildikdən sonra X14 Sücəddin oğluna həmin pul vəsaitinin depozit hesabından götürülməsinə dair məxaric çeki təqdim edilmişdir. Pul vəsaitinin depozit hesabına mədaxil edilməsi barədə qəbz notariat işinə əlavə edilmiş və işə birinci instansiya məhkəməsində baxılarkən verilmiş sorğu əsasında mülki işə əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Məktubda həmçinin qeyd olunur ki, alqı-satqı müqaviləsi üzrə mədaxil edilmiş pul vəsaiti notarius tərəfindən təqdim edilmiş məxaric çeki əsasında X14 Sücəddin oğluna verilmişdir. Məktuba əlavə edilmiş pul vəsaitinin notariusun depozit hesabına mədaxil və məxaric edilməsi barədə "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, xx.xx.2016-ci il tarixdə 40.000 manat məbləğində pul vəsaiti Bakı şəhəri 50 saylı Notariat Ofisinin depozit hesabına mədaxil edilmiş, elə həmin tarixdə Həsənzadə Rauf Sücəddin oğlu tərəfindən 40.000 manat pul vəsaiti hesabdan məxaric edilmişdir. Göründüyü kimi iddiaçı 40.000 manat pulu almadığını bildirsə də, "xxxx" ASCyə məxsus hesabdan çıxarış məlumatlarına əsasən qeyd olunan məbləğdə pul iddiaçı Həsənzadə Rauf Sücəddin oğlu tərəfindən notariusin depozit hesabından məxaric edilmişdir. Sadəcə sənədlərin saxlanılması müddəti nəzərə alınmaqla, qəbz ləğv olunmuşdur. Qeyd edilən məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, mənzilin alqı-satqı muqaviləsi qanunauyun tərtib olunub və mənzilin qiyməti müqavilə azadlığı şəraitində tərəflərin iradəsinə uyğun qaydada müəyyən edilmiş, cavabdeh tərəfindən depozitə qoyulmuş məbləğ iddiaçı tərəfindən götürülmüşdür. Məhkəmə qeyd edir ki, X6 tərəfindən qaldırılmış iddiaların adı müxtəlif olsa da mahiyyət, məzmun etibarı ilə eynidir, bir-birindən fərqlənmir. Bundan başqa onun “alqısatqı müqaviləsinin etibarsız hesab ediməsi” tələbinə dair iddiası üzrə mülki işin araşdırılması zamanı demək olar ki, hazırkı iddia tələbinə dair dəlillərə də qiymət verilmişdir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qəraranda qeyd olunmuşdur ki, mənzilin hansı qiymətə satılıbalınması və əvəzinə pulun nə vaxt və hansı qaydada verilməsi alğı-satqı müqaviləsi tərəflərinin iradəsindən asılıdır. Beləliklə məhkəmə hesab edir ki, üçüncü şəxs X4 iddiasını əsasandırdığı dəlillərə yuxarıda qeyd olunan məhkəmə qərarları ilə araşdırılaraq qiymət verildiyindən və iş materialları ilə təkzib olunduğundan təmin edilə bilməz. Bundan başqa İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, X7 tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, o, 7 ildən sonra ondan pul tələb edir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqaviə tələbi üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Odur ki, iddia müddətini tətbiq etməklə R.Həsənzadənin iddiasının təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İş materialarından görünü ki, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmış, R.Həsənzadə isə xx.xx.2023-cü il tarixdə, yəni 7 ildən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, qanuna nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməli, cavabdehlərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqları itirilməli və onlar həmin mənzildən çıxarılmalı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı “mənzilin dəyərinə görə 155.000 manatın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməli, keçirilmiş 100 manat ekspertiza xərci müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlundan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqları itirilsin və onlar həmin mənzildən çıxarılsınlar. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlunun cavabdeh İddiaçı qarşı “mənzilin dəyərinə görə 155.000 manatın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən (100 manat) manat ekspertiza xərci müstəqil tələb irəli sürən üçüncü şəxs Həsənzadə Rauf Sücəddin oğlundan tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X5, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-118/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-118/2024
23.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver