Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1180/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Həsənov X2 Müslüm Zamir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avadanlıqların dəyəri kimi 5630 manat, əldən çıxmış fayda kimi 4200 manat olmaqla, cəmi 9830 manat pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 118,3 manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr. ərazisində kompüter salonu vardır. 2018-ci ilin noyabr ayında cavabdeh həmin salonda iddiaçıya köməklik etmək məqsədi ilə işə başlamış, beləliklə tərəflər arasında tanışlıq yaranmışdır. Cavabdeh özünü işgüzar, etibarlı biri kimi göstərmiş, iddiaçının inamını qazanmış və qısa müddət sonra həmin salonu iddiaçıdan icarəyə götürmək istədiyini bildirmişdir. İddiaçı cavabdehə inandığından salonu aylıq 600 manata cavabdehə icarəyə vermişdir. Təhvil-təslim zamanı salonda iddiaçıya məxsus 10 ədəd “LG” markalı kompüter monitoru, həmin monitorlara bağlı 10 ədəd prosessor, 5 ədəd “Shivaki” markalı, 109 diaqonallı televizor, 4 ədəd “Playstation 3”, 1 ədəd “Playstation 4” oyun konsolu olmuşdur. İddiaçı salonu icarəyə verdikdən təxminən 3-4 ay sonra salonun vəziyyəti ilə maraqlanmaq üçün ora gəldikdə televizorların salonda olmadığını görmüş, dərhal cavabdehə zəng edərək televizorları qaytarmasını tələb etmiş, 3 gün sonra cavabdeh televizorları yerinə qoymuşdur. Lakin, bir müddət sonra iddiaçı yenidən salonda avadanlıqların olmadığını görmüş, cavabdehdən bu barədə soruşduqda, cavabdeh ona bildirmişdir ki, televizorları oğurlanmasın deyə evinə aparıb, digər avadanlıqlara isə yeni proqram təminatı yazdırır. İddiaçı hər ehtimala qarşı cavabdehlə görüşərək 14 fevral 2020ci il tarixdə ondan malların qaytarılacağına dair yazılı iltizam almışdır. Bir müddət sonra cavabdeh gecə saat 03 radələrində iddiaçıya zəng vuraraq televizorları gətirdiyini bildirmiş, cavabdeh dərhal salona getmiş və 4 ədəd “Shivaki” markalı televizoru, 6 ədəd “LG” markalı monitoru, 3 ədəd “Playstation 3” oyun konsolunu təhvil almışdır. Təhvil-təslim gecə saatlarında icra edildiyindən, iddiaçı malların işlək vəziyyətdə olub-olmadığını yoxlaya bilməmişdir. O, növbəti gün müəyyən etmişdir ki, 1 ədəd “Shivaki” markalı televizorun ekranı sındığında istifayə yararsızdır. Dərhal cavabdehə zəng vuraraq salondan götürdüyü bütün avadanlıqları ona təhvil verdiyi vəziyyətdə geri qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə 4 ədəd “LG” markalı kompüter monitorunu, 10 ədəd prosessoru, 1 ədəd “Playstation 3”, 1 ədəd “Playstation 4” oyun konsolunu və 2 ədəd “Shivaki” markalı televizorunu qaytarmamışdır. İddiaçı baş vermiş hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, aparılan araşdırma zamanı cavabdeh salondan avadanlıqları başqa şəxsə satmaq üçün apadığını etiraf etmişdir. Bununla iddiaçıya həm avadanlıqların dəyəri kimi 5630 manat maddi ziyan dəymişdir. Həmçinin, həmin avadanlıqların salonda olmaması səbəbindən iddiaçı 2020-ci ilin yanvar ayından iyul ayınadək salonu başqa şəxslərə kirayə verə bilməmiş, 7 ay əldə edə biləcəyi kirayə pulundan məhrum olmuşdur ki, aylıq kirayə haqqı 600 manat olması nəzərə alınarsa, iddiaçının əldən çıxmış fayda kimi cavabdehdən tələb etdiyi məbləğ 4200 manat təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, onun iddiaçının salonundan götürdüyü əşyaların dəyəri 5630 manat təşkil etmir. O satmaq üçün 6-7 min manatlıq avadanlıq götürüb onlardan hazırda təxminən 3-4 minlik borcu qalıb və bu məbləğdə borcu olduğunu etiraf edir. İddianı qalan hissələrdə qəbul etmir. Tədqiq edilən sübutlar: - Cavabdeh 14 fevral 2020-ci il tarixli sadə yazılı iltizamında göstərmişdir ki, o, İddiaçı məxsus internet-klubdan 5 ədəd “Shivaki” televizoru, 4 ədəd 22 dyumluq monitoru, 10 ədəd prosessoru, 4 ədəd Playstation 3, 1 ədəd Playstation 4 oyun konsolunu dəyişmək adı ilə 2 ay müddətinə İddiaçı icazəsiz apamış, 3 günə həmin malları qaytarmağı öhdəsinə götürmüşdür. - 04 fevral 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, İddiaçı 06 noyabr 2020-ci il tarixdə ərizə ilə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edərək, tanıdığı Cavabdeh ona məxsus salondan ümumi dəyəri 8250 manat təşkil edən avadanlıqları oğurladığını bildirmişdir; Araşdırma mərhələsində Cavabdeh iddiaçıya məxsus əmlakdan bir hissəsisi qaytardığından, Cavabdeh izahatında ona 5630 manat ziyan vurulduğunu bildirmişdir; İzahatı alınmış Cavabdeh isə iddiaçıya məxsus 4470 manatlıq əmlakını mənimsədiyini etiraf etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Hazırkı halda iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin maddənin dispoziya şərtlərinə görə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakmı geri tələb etməsi məcmu şəklində aşağıdakı hallar mövcud olduqda mümkündür: 1) əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; 2) əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; 3) tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. İşin halları ilə mülkiyyətçinin faktiki sahibliyindən çıxması, həmin əşyaların cavabdehin sahibliyində olması (xx.xx.2020-ci il tarixli ərizə) və tərəflər arasında mübahisəli əşyaların verilməsinə dair hər hansı razılığın olmaması sübuta yetirilir. İddiaçı cavabdeh tərəfindən götürülmüş əmlakın dəyəri kimi cavabdehdən 5630 manat tələb edir. Lakin, əmlakların dəyərinin həqiqətən də 5630 manat təşkil etməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən, cavabdeh məhkəmədəki izahatında cavabdehə əmlakların dəyəri kimi 3-4 min manat borcu olduğunu etiraf etsə də, polisə verdiyi izahatında bu məbləği 4470 manat kimi göstərmişdir. Məhkəmə hesab edir ki, həm cavabdeh tərəfindən yazılan xx.xx.2020-ci il tarixli əşyaların qaytarılması haqqında ərizə həmdə cavabdehin polisə verdiyi izahatda göstərdikləri məhkəmə üçün sübut kimi qəbul edilməli və iddiaçıya mənimsənilmiş əmlakının dəyərinin əvəzi kimi 4470 manat pul cavabdehdən tutularaq ödənilməlidir. İddianın digər, yəni əldən çıxmış fayda kimi cavabdehdən iddiaçının xeyrinə 4200 manatın tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında belə nəticəyə gəlinmişdir ki, “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur.”. Qeyd olunmalıdır ki, əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. İddiaçının sözügedən salonun cavabdehin əşyaları götürməsi səbəbindən icarəyə verə bilməməsi, icarə dəyərinin həqiqətən də 600 manat təşkil etməsi, habelə iddia ərizəsində göstərilən aşylar icarə ərzində fasiləsiz fəaliyyət göstərəcəyi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən, iddia bu hissədə təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4470 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələblərin nəzərə alınmaqla, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63,7 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avadanlıqların dəyəri kimi 4470 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 63,7 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1180/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1180/2023
03.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver