Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1184/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1863 manat və dövlət rüsumu kimi ödənilmiş 39 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, o, 27 iyun 2022-ci il tarixdə “Uber”də işə düzəlmək məqsədilə bor qrup şəxs ilə danışıqlar aparmışdır. Bundan sonra onlarla daha əvvəl həyata keçirdiyi telefon danışıqlarında ona verilən təlimatlara uyğun olaraq iş əldə etmək məqsədilə “Our Park”-a getmişdir. Həmin ərazidə görüş əsnasında bir qrup şəxs ona Anar adlandırdıqları və adının belə olduğunu iddia etdikləri bir şəxsin əlaqə nömrəsini vermişlər. Həmin şəxsin görüş yerini müəyyənləşdirmək və iş barədə daha ətraflı məlumat vermək üçün ona telefon zəngi etməsindən sonra onlar görüşmüşlər və bu əsnada ona “iş” haqqıında əlavə məlumatlar vermişdir. Aralarındakı qarşılıqlı razılaşmaya əsasən müəyyənləşdirilmişdir ki, iş əvvəlcə həmin şəxsin mülkiyyətində olduğu iddia edilən **-UU-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik maşınının müəyyən növ xidmətlərin göstərilməsi (taksi fəaliyyəti) üçün istifadə hüquqları əsasında onun tərəfindən istifadə edilməsindən ibarət idi. Bu müddət ərzində avtomobil onun istifadəsində olsa da, onun mülkiyyətçisi yenə də Anar adlı həmin şəxs olacaqdı.Beləliklə o, görüş zamanı qeyd etmişdir ki, işin həyata keçməsi üçün o, əvvəlcə öz avtomobilinin idarəsini və istifadə hüquqlarını ona verməlidir. Bu razılaşmalarına və onun görüşdə ona dedidklərinə görə o, onun avtomobilini idarə edəcək, əldə olunan qazancı isə müəyyən formada bölüşdürəcəkdirlər. Bunun üçün isə əvvəlcə avtomobilin müəyyən fəaliyyət istiqaməti üzrə bir başqa şəxs tərəfindən istismar edilməsini, istifadə hüquqlarını Anar adlı şəxsdən ona keçdiyini göstərən etibarnaməyə ehtiyac var idi. Habelə görüş əsnasında görəcəyi işin şərtlərindən biri olaraq, qazancın bölüşdürülməsi barədə razılıq kimi bu da müəyyənləşdirilmişdi ki, bir həftə ərzində göstərdiyi taksi xidmətlərindən əldə olunan yekun gəlirin 30 %-i ona, 70 %-i isə mülkiyyətçi olaraq ona çatacaqdır. Bununla birlikdə depozit haqqı və onun kimi başqa digər pul məsələləri də danışılmışdır. Onlar müvafiq orqandan avtomobilin istifadəsinə dair etibarnamə aldıqda ona məlum olmuşdur ki, avtomobil Heydər adlı şəxsin mülkiyyətindədir. Bununla bağlı Anar ona bildirdi kİ, şərik olaraq fəaliyyət göstərirlər. O, sözügedən maşınını istifadə etməyə başladıqdan bir müddət sonra Anar, ondan davamlı olaraq müəyyən və fərqli məbləğlərdə borca pullar istəməyə və almağa başladı. İlk dəfə təqribən, razılaşdırıldığı formada işi icra etməyə başlamasından bir ay sonra, 14 iyul 2022-ci il tarixində ondan 665 manat məbləğində borc pul istəmişdir. O, həmin şəxslə əməkdaşlıq etdiklərini, onun avtomobilinin etibarnamə ilə onda olduğunu, habelə müəyyən mənada onu müdiri hesab edərək, habelə bu kimi halların çox sıx təkrarlanmayacağını düşünüb qərara almışdır ki, bu məbləği verməsində heç bir problem yoxdur, əməkdaşlıq etdiyi şəxsə borc verməklə hər hansı problem yarana bilməz. Lakin bu onun sonuncu belə xahişi olmadı. Bir müddət keçdikdən sonra o artıq xahiş deyil, haradasa tələb olaraq ondan borca pullar istəyirdi. Ondan ilk dəfə borca pul götürməsindən sonra o, xx.xx.2022,xx.xx.2022,xx.xx.2022-ci il tarixlərində müvafiq olaraq 547 manat, 250 manat və 80 manat məbləğində borc pul almışdır. O, borcları kart vasitəsilə göndərirdi, belə ki, təxminən bütün pul köçürmələrini ona pul transferlərini həyata keçirməsi üçün məlumatlarının verdiyi karta etmişdir. Beləliklə, ondan birinci dəfə borca pul aldığı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər, təqribən 1 ay yarım müddət ərzində həmin şəxs ondan yekunda 1542 manat məbləğində borc pul almış və bu məbləğin hər hansı bir hissəsini qaytarmamışdır. Habelə taksi xidmətləri ilə əldə olunan həftəlik yekun gəlirin əvvəlcədən müəyyənləşdirdikləri 60 % və 40 % həcmində onlara çatması qərarlaşdırılan bölgüsü də əksər hallarda tətbiq edilməmiş, həmin şəxs ona verməli olduğu bu pulu, depozit üçün tələb edilən miqdarı və başqa bir sıra maliyyə haqqhesabları ilə bağlı olan pulları müəyyən bəhanələrlə və fırıldaqlar hesabına özündə saxlamışdır. Belə ki, bu mənada həmin şəxs 110 manat depozitlə yanaşı, habelə ayrı-ayrı vaxtlarda ona verməli olduğu 76,74,86 və 31 manat məbləğində pulları da verməmiş, öz ehtiyacları istiqamətində xərcləmişdir. Cavabdeh ümumilikdə ona qarşı 1919 manat məbləğində dələduzluq etmişdir. Yekunda o, özünü Anar olaraq təqdim edən şəxs olmaqla bir qrup şəxs tərəfindən aldadılmışdır.Taksi xidmətləri göstərdiyi müddət ərzində həmin şəxslər ona qarşı fırıldaqçılıq etmiş, adı Anar olan şəxs ondan davamlı olaraq borca xeyli miqdarda pullar almış, bunları qaytarmamış, habelə bununla yanaşı olaraq, razılaşmada nəzərdə tutulduğu halda ona çatmalı olan pulların bir hissəi sözügedən şəxs və ya şəxslər tərəfindən mənimsənmişdir. Bununla əlaqədar olaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin müraciət əsasında araşdırma başlanmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh ondan 1863 manat məbləğində pul aldığını etiraf etmiş və həmin məbləğdə borcu hissə-hissə qaytarılmasına möhlət verilməsini xahiş etmişdir. Araşdırmanın yekununda Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24–cü Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Pərvanə Əzizova tərəfindən tərəflər arasında mübahisənin mülki xarakterli olması əsas gətirilərək, xx.xx.2022-ci il tarixdə cinayət işin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd olunması haqqında qərarla da Cavabdeh ona 1863 manat məbləğində pul verməli olduğu öz təsdiqini tapmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etdiyini, 1863 manat məbləğində iddiaçıya borcunun olduğunu və maddi imkanı olmadığına görə həmin borcu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək bildirdi ki, o, hissəhissə olmaqla, iddiaçıdan cəmi 1863 manat məbləğində borc almış və maddi imkanı olmadığına görə borcu qaytara bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş 15 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, “Bəxtiyarı təxminən 5-6 ay olar ki, tanıyır, onunla iş əsnasında tanış olmuşdur. Belə ki, Bəxtiyar “Uber” şirkətində taksi sürücüsü kimi onun yanında işləmişdir, həmin vaxtdan da aralarında münasibət yaranmışdır. Onunla tanış olandan bir ay sonra Anarın maddi sıxıntıları yaranmışdır. Bəxtiyarla söhbət əsnasında o niyə bikef olduğunu soruşduqda Anar bəzi maddi çətinliklər olmasını, 660 manat borc ödəməli olduğunu demiş, Bəxtiyarda özünə məxsus kartda pul olmasını və həmin pulu ona borc verə biləcəyini bildirmişdir. Anar onunla razılaşmış və ilkin olaraq Bəxtiyar ona kart vasitəsilə 660 manat pul göndərmişdir. Anar həmin problemini həll etsə də, maddi sıxıntıları sonralar da davam etmiş və bundan sonra o, Bəxtiyardan hissəhissə olmaqla, ümumilikdə 1863 manat borc pul almışdır. Lakin həmin pulu söz verdiyi vaxtda qaytara bilmədiyi üçün Bəxtiyar idarə etdiyi və Uberə qoşulduğu “Toyota Prius” markalı **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmayacağını demişdir. Avtomobilin sahibi isə faktiki olaraq X1 olmuşdur. Heydər onun Bəxtiyara olan borcuna görə Bəxtiyarın avtomobili qaytarmadığını görüb onun barəsində polisə şikayət etmişdir. 24-cü PŞ-də araşdırma aparılan zaman Anar hər həftə 200 manat olmaq şərtilə Bəxtiyara pulunu qaytaracağına söz versə də indiyədək həmin pulu qaytara bilməmiş, pulu qaytarmamaqda məqsədi həmin pulu ələ keçirmək olmamışdır. O, taksi sürücüsü kimi idarə etdiyi və istifadəsində olan avtomobil nasaz vəziyyətdə olduğu üçün onu təmir etdirmək məcburiyyətində qalmış və bu ərəfələrdə işləyə bilmədiyi üçün Bəxtiyarın pulunu qaytara bilməmiş, Bəxtiyardan aldığı 1863 manat borcu hissə-hissə qaytarmağına möhlət verilməsini xahiş etmişdir ” 23 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda cavabdehin məhkəmə iclasında verdiyi izahatla müəyyən edildi ki, cavabdehin iddiaçıya 1863 manat məbləğində borcu var. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1863 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş 39 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1863 (min səkkiz yüz altmış üç) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumun İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1184/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1184/2023
22.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver