Məhkəmə qərarları › İş №2(001)-1199/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1199/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1199/2021 27.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Ləğv Prosesində olan (LPO) «xxxx» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2nə (MMC) qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə 27 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: LPO “xxxx” Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 MMC-dən ödənilmiş sığorta pulunun əvəzi olaraq 2930 manat və ödənilmiş 30,4 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortlanmış, Cavabdeh2 MMC-nin mülkiyyətində olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 31 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq pr., C.Xəndan küçəsi ərazisində “Daewoo Nexia” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı və “Fiat Fiorino” yük markalı, **- TU-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş AP ******* nömrəli, 05 noyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokola, həmin protokol əsasında tərtib edilmiş 07 noyabr 2019-cu il tarixli qərara və 15 noyabr 2019-cu il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışa əsasən, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 qanunvericiliyin tələblərini pozaraq nəqliyyat vasitəsini etibarnaməsi olmadan idarə etmiş, beləliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrinin tələblərini pozmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Fiat Fiorino” yük markalı avtomobilə 2050 manat, “Daewoo Nexia” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 880 manat həcmində zərər dəymiş, ümumilikdə 2930 manat sığorta ödənişi iddiaçı tərəfindən həmin avtomobil sahiblərinə ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbyacan Respublikası Qanununun 25-ci maddəsinin tələblərinə əsaslanaraq iddiaçının ödədiyi pulu cavabdehlərdən geri tələb etmək hüququ yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiklərini bildirib işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, 21 iyun 2019-cu il tarixdə Cavabdeh1 və Cavabdeh2 MMC arasında MAS-944 saylı “Daxili lizinq” müqaviləsi bağlamış və “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin, Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 avtomobilin idarə olunmasına dair 25 sentyabr 2019-cu il tarixli etibarnamə verilmiş, həmin etibarnamənin müddəti 21 oktyabr 2019-cu il tarixdə bitmişdir. Cavabdeh2 MMC tərəfindən 18 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 məbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin bitməsi və lizinq obyektindən heç bir hüquqi əsası olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərər görə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq məktubu göndərildikdən sonra 01 noyabr 2019-cu il tarixdə müqavilə üzrə ödəniş olunmuş və avtomobilin idarə olunmasına dair etibarnamə alınmışdır. Lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Lakin, Cavabdeh1 hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. Buna görə də, hazırki iddianın Cavabdeh2 MMC-yə qarşı verilməsində heç bir əsas yoxdur. Sonda E.T.Nəcəfli məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən xəbərdar etməmişdir. Mülki iş materiallarında olan: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMCnin mülkiyyətindədir. - İnzibati xəta haqqında 05 noyabr 2019-cu il tarixli, AP 015436 nömrəli protokoldan və həmin protokol əsasında qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 31 oktyabr 2019-cu il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 60 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - 27 fevral 2020-ci il tarixli sığorta aktından, eləcə də həmin taixli ödəniş tapşırığından görünür ki, 31 oktyabr 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı “Fiat Fiorino” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərələnməsi nəticəsində zərərçəkən şəxs qismində X2 2050 manat sığorta ödənişi “xxxx” Sığorta Şirkəti tərəfindən ödənilmişdir. - 21 iyun 2019-cu il tarixli, MAS-944 nömrəli “Daxili lizinq müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 MMC-dən lizinq yolu ilə avtomobil alınması üçün kredit götürmüşdür. - Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 ünvanlandırılmış 18 oktyabr 2019cu il tarixli bildirişdə göstərilmişdir ki, Cavabdeh2 MMC ilə bağlanmış 21 iyun 2019-cu il tarixli, MAS-944 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, Cavabdeh1 istifadəsinə 2019-cu il buraxılışlı, “Khazar SD” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil verilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsinə dair 25 sentyabr 2019-cu il tarixdə verilmiş etibarnamənin müddəti 21 oktyabr 2020-ci il tarixədək etibarlıdır. 21 oktyabr 2019-cu il tarixdən gec olmayaraq, lizinq obyektini istifadə hüququ verən etibarnamənin alınmasını Sizdən tələb edirik, əks təqdirdə Daxili lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən lizinq obyektindən heç bir hüquqi əsaslar olmadan istifadə etdiyiniz müddət ərzində üçüncü şəxslərə dəymiş zərər görə məsuliyyəti Siz daşıyacaqsınız. - Cavabdeh2 MMC tərəfindən verilmiş 25 sentyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili 25 sentyabr 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək idarə etmək hüququ Cavabdeh1 tanınmışdır. - Cavabdeh2 MMC tərəfindən verilmiş 01 noyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili01 noyabr 2019-cu il tarixdən 21 noyabr 2019-cu il tarixədək idarə etmək hüququ Cavabdeh1 tanınmışdır. Məhkəmə Cavabdeh2 MMC-nin nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinin dispozisiyasında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat cərimə tətbiq olunması nəzərdə tutulmuşdur. - 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi ilə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Beləliklə, müəyyən olunur ki, Cavabdeh1 lizinq yolu ilə istifadəsində olan, faktiki olaraq Cavabdeh2 MMC-yə məxsus “Khazar SD” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 MMC tərəfindən avtomobilin idarə edilməsi ilə bağlı verilmiş etibarnamənin müddəti bitdiyi halda idarə etməklə 31 oktyabr 2019-cu il tarixdə digər 2 avtomobillə toqquşmuş, hadisəni törətməkdə təqsirli bilinmiş, “xxxx” Sığorta Şirkəti ASC tərəfindən hadizə nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 2930 manat sığorta ödənişi edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tələbin həm də Cavabdeh2 MMC-yə yönəldilməsi əsaslı deyildir. Çünki, Cavabdeh2 MMC lizinq müqaviləsi üzrə mülkiyyətində olan avtomobili Cavabdeh1 vermiş, Cavabdeh1 müqavilə üzrə aylıq kredit ödənişləri etməsi nəticəsində ona həmin avtomobili idarə etmək hüququ tanıyan 1 aylıq etibarnamə verilməsi nəzərdə tutulmuş, lakin, Cavabdeh1 ödənişi gec icra etdiyindən Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 müvafiq etibarnamə bir müddət verilməmiş, sonradan kredit ödənişinin edilməsi səbəbi ilə yenidən 1 aylıq müqavilə təqdim olunmuşdur. Cavabdeh1 müvafiq etibarnamə olmadan Cavabdeh2 MMC-nin mülkiyyətində olan avtomobili idarə etmiş olması Cavabdeh2 MMC-nin iradəsi xaricində baş verdiyindən hazırki iddia Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməməli, digər hissədə, yəni ödənilmiş sığorta pulunun subroqasiya qaydasında Cavabdeh1 tutulması hissəsində təmin olunmalı, Cavabdeh1 2930 manat məbləğində pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat hissəsi də Cavabdeh1 tutularaq LPO “xxxx” Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: LPO «xxxx» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası qismən təmin edilsin. Ödənilmiş sığorta məbləğinin əvəzi qismində 2930 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq LPO «xxxx» Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 15 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq LPO “xxxx” Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar