Məhkəmə qərarları › İş №2(001)-12/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-12/2022

15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-12/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən “Leyla” şadlıq evinin sahəsi 150 kv.m. olan banket zalında təmir işləri aparmışdır. Cavabdeh iddiaçının oğlu ilə uzun müddət dost olduğuna görə şifahi qaydada razılaşmışlar ki, sözügedən banket zalını iddiaçı təmir edəcək və onu cavabdehlə birlikdə idarə edəcəklər, gələn gəliri də yarıbayarı böləcəklər. Bu təklifi hətta cavabdeh özü irəli sürmüşdür. Təmir işlərinə başlayandan sonra yay mövsümü ilə əlaqədar banket zalında təmir işlərini dayandırıb “Leyla” şadlıq evinin çay bağçasını işə salmaq üçün 1000 manat məbləğində pul, 9 ədəd hündür dirəkli işıqlar, 3 ədəd orta dirəklı və 10 ədəd divara vurulan işıqlar istifadə etmişdir. Çay bağçası işə düşəndən sonra Cavabdeh iddiaçının oğlu Elşən Yusifovla yola getmədi, iddiaçının oğluna dedi ki, "sürdüyüm Audi markalı avtomobili verirəm sənə razılaşaq, çəkil obyektdən”. Cavabdeh dəfələrlə bu sözü iddiaçının oğluna deyərək onu kafedən uzaqlaşdırdı. İddiaçı da arada münaqişə yaranmasın deyə cavabdehin yanına gedib onun sözü ilə razılaşdığını bildirdi. İddiaçının razı olduğunu gördükdə cavabdeh fikrini dəyişdirdi, müxtəlif bəhanələr gətirdi. İddiaçı cavabdehə bildirdi ki, artıq onunla iş birliyini davam etditmək istəmir, icarəçi gəlsin banket zalının təmirini davam etdirsin, verilən icarə haqqınıdan da iddiaçı obyektin təmirinə xərclədiyi pulu götürsün. Cavabdeh buna razılaşdı, xeyli müddət keçdi, cavabdeh icarəçi gətirmədi, çay bağçasını da banket zalını da özü işlədib pulunu da özünə götürdü. İddiaçı da bu vəziyyəti gördükdən sonra cavabdehin yanına icarəçi gətirdi ki, müqavilə bağlayıb təmirin qalan hissəsindən davam etsin. İcarə müqaviləsi yazıldı, Cavabdeh Noariat kontorunda notariusa işarə edərək bildirdi ki, müqaviləni bağlamasın. Notarius onlara dedi ki, sabah gəlsinlər. İddiaçı növbəti gün yenidən gəldi, cavabdeh isə ona müqavilə bağlamayacağını bildirdi. Həmin vaxt iddiaçı başa düşdü ki, cavabdeh onu aldadıb. Ona görə də, o, 27 oktyabr 2018-ci il tarixdə fəhlələri gətirib mənə məxsus avadanlıqlardan bir hissəsini qazel markalı yük avtomaşınına yüklətdirərək obyekdən götürdü. Avadanlığı aparan zaman Cavabdeh ona maneçilik törətmiş, ictimaiyyət içində ona və gətirdiyi fəhlələrə qarşı nəlayiq əxlaqsız söyüşlər söyərək təhqir etmiş, üzərinə hücum etmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən “Leyla” şadlıq evinin sahəsi 150 kv.m. olan banket zalında apardığı təmir işlərində xərclədiyi 17370 manat miqdarında ona dəymiş maddi zərərin, həmin zərərin bərpası ilə əlaqədar ödənilmiş dövlət rüsumunun; təmir müddətində çəkdikləri əziyyət - mənəvi və fiziki zərərə görə 4000 manat məbləğində pulun tutulmasını, Cavabdeh yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115 və 117-cü maddələrini rəhbər tutaraq inzibati xəta törətməkdə təqsirli bilinməsini və məsuliyyətə cəlb olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 9A ünvanında yerləşən “Leyla” şadlıq evinin arxasında olan banket zalı cavabdehə məxsusdur. İlkin iddia üzrə iddiaçı tərəfindən qeyd olunan xüsusatlar tamamilə yanlış və qərəzlidir. 17.370 manat təmirə pul xərclədiyi iddiada qeyd olunsa da, bunun cəfəngiyyat və heç bir sübuta əsaslanmayan ifadələr olduğunu bildirmək məcburiyyətindədir. Belə ki, 2015-ci ili yanvar ayında cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən o, qeyd olunan banket zalında təmir işlərini başlamalı və yaxın müddətdə bitirməli idi. Bu təmirə çəkiləcək xərclərin əvəzi olaraq həmin banket zalının işləməsi nəticəsində gələcəkdə əldə olunacaq gəlir aralarında bölünməli idi. Lakin 2015-ci ilin yanvar ayından bu günə kimi hələ də həmin banket zalı tam təmir edilməmiş və işlədilməyə yararlı hala salınmamışdır. Aralarında olan şifahi öhdəlik razılaşması cavabdeh tərəfindən pozulmuşdur. İlk iddia üzrə iddiaçı iddia ərizəsində qeyd etdiyi, özünün gətirdiyi avadanlıqlar daha sonradan özü tərəfindən fəhlələr vasitəsilə daşınaraq aparılmışdır. Həmçinin cavabdeh qeyd olunan obyektə bu 4 ildə cəmi təxmini 5000 manat pul xərcləmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən daha sonra təmir işlərinə təxmini 10000 manat civarında pul xərclənmişdir. Obyekt hələ də təmirə ehtiyac olduğundan işləmir və qarşılıqlı iddia üzrə iddiaçı gəlir əldə etməkdən artıq 4 ildi məhrumdur. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təmirə xərclənən 5000 manat məbləğində pul vəsaiti 3 il ərzində hissə-hissə xərclənmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal 9A ünvanında yerləşən “Leyla” şadlıq evinin bir hissəsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən icarəyə verilmişdir. İcarə müqaviləsinə əsasən aylıq icarə haqqı 1500 manat təşkil edir. Qeyd olunan mübahisə predmeti olan banket zalını 2015-ci ilin əvvəlindən təmirdən çıxararaq icarəyə versəydi aylıq 1000 manatdan gəlir əldə etmiş olardı. Cavabdeh tərəfindən verilmiş iddia ərizəsində qeyd edilən bütün xüsusatlar məhkəməni yanıltmaq və bu yolla öz xeyrinə ədalətsiz və əsassız qətnamə qəbul edilməsinə nail olmaq məqsədi daşıyır. 2015-ci il tarixindən 4 il keçir. Bu 4 il ərzində obyekt təmirli vəziyyətdə çalışsaydı aya minimum 1000 manat qazanc gətirəsiydi. Bu minvalla 48000 manat məbləğində gəlir əldə etmə imkanından iddiaçı məhrum olmuşdur. Qeyd olunan əldən çıxmış fayda hesab olunan məbləği ilkin iddia üzrə iddiaçı ilə bölüşəcəyindən ona düşəcək payın, yəni 24000 manat məbləğində vəsaitin vurulmuş maddi zərər hesab olunaraq qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.03.2022-ci il tarixli, 2(001)-12/2022 saylı qərardadı ilə ilk iddia ərizəsinin “Cavabdeh yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115 və 117-cü maddələrini rəhbər tutaraq inzibati xəta törətməkdə təqsirli bilinməsini və məsuliyyətə cəlb olunması” hissəsində icraata xitam verilmiş, qarşılıqlı iddia ərizəsi isə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, təmirə xərclənmiş pulun məbləğini müəyyən etmək üçün təmir edilmiş yerə baxış keçirilməsi zəruri idi. Lakin cavabdeh buna qərəzli surətdə şərait yaratmamışdır. Belə olan halda onun tələbi tam həcmdə təmin edilməlidir. Belə ki, cavabdeh öz hərəkətləri ilə onun haqlı olduğunu sübut etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında həmin vaxt cavabdehə məxsus qeyri-yaşayış sahəsinin təmir edilib birlikdə işlədilməsi barədə şifahi razılaşma olmuş, iddiaçı həmin qeyri-yaşayış sahəsini hissəvi təmir etdirmiş, sonra tərəflər arasında mübahisə yaranmış və birgə fəaliyyətləri davam etməmişdir. Hal-hazırda iddiaçı təmirə 17370 manat, cavabdeh isə iddiaçının 5000 manat xərclədiyini bildirir. İddiaçı öz dəlillərinin sübutu kimi yazı dəftərində şəxsən apardığı qeydlərin surətini və qaimələri təqdim etmişdir. Həmin qaimələrin yalnız ikisində kimə verilməsi (“kimə” bəndində “Rəşad”) qeyd olunub və qaimələr məhz İddiaçı tərəfindən Cavabdeh məxsus olan qeyriyaşayış sahəsinin təmiri üçün materialların alınmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd dəftərindəki yazılar da mötəbərlik kriteriyasına cavab vermir. 11.02.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində məhkəməyə bildirmişdir ki, “Leyla” şadlıq evinin 2-ci mərtəbəsində elektrik işləri onun tərəfindən görülmüşdür. Divarların içindən kabelləri çəkmişdir. Bu işlərdə sifarişçi Cavabdeh olmuşdur. 03.08.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirmişdir ki, Cavabdeh onun dostu olub. Anası İddiaçı ilə də Cavabdeh o tanış edib. Onlar “Leyla” şadlıq evini təmir edəndə həmin yer anbar idi. Təmir 2016-cı ildə başlayıb və anası İddiaçı vəsaiti hesabına təmir olunub. Bütün bunlara o şahid olmuşdur. Təmir zamanı Cavabdeh birinci mərtəbini təmir etdirməklərini onlara bildirdi. Anası banket zalını sıfırdan təmir etdirdi. Banket zalında heç bir avadanlıq, işıq sistemi, havalandırma yox idi. Ümumulikdə təmirə 20000 manat civarında pul xərclənmişdir. Təmir zamanı mətbəx, işıq sistemi, havalandırma sistemi, kameralar, tavan, divarlar, pol və s. hər bir şey təmir olundu və quraşdırıldı. Məhkəmə tərəfindən təmirə çəkilmiş xərcin müəyyən edilməsi üçün bir neçə dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, hətta sonuncu 03.08.2021-ci il tarixli qərardadda məhkəmə tərəfindən “ ... tədiqat obyektinə baxış keçirilməsi mümkün olmadığı təqdirdə yuxarıda qeyd olunan sualların iş materiallarında olan sənədlər, fotoşəkillər və videoyazılar əsasında cavablandırılması imkanları dəyərləndirilsin” kimi qeyd də edilmiş, lakin mülki iş hər dəfə icrasız geri qaytarılmışdır. Sonuncu dəfə ekspert tərəfindən akt tərtib edilmiş və həmin aktda “... tədqiq edilən tikilinin qapısı bağlı olduğundan və iş üzrə Cavabdeh ünvana və məhkəmə binasına gəlmədiyindən, həmin obyektə baxış keçirilməsi mümkün olmadı” göstərilmişdir. 03.08.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirmişdir ki, hal-hazırda qeyriyaşayış sahəsinin mülkiyyətçisi dəyişib və həmin yerə baxış keçirilib-keçirilməməsinə dair məsələni Cavabdehlə deyil, yeni mülkiyyətçi ilə razılaşdırmaq lazımdır. Cavabdeh ona qarşı irəli sürülən tələbi qəbul etmir. Belə ki, İddiaçı təmirə cəmi 5000 manat xərcləyib, qalan bütün işləri Cavabdeh özü öz hesabına edib. İddiaçı bunun əksini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası 10.09.2019-cu il tarixdən X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 5000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 7,02 (yeddi manat iki qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 22,98 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar