Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1213/2020 21.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3, Cavabdeh “X12” MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Siğorta Şirkətinin ASC-nin cavabdehlər “X12” MMC-yə və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “X12” MMC-dən və Cavabdeh2 2.380 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC-də xx xxxxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Taksi 4 London” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2019-cu il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Qərara əsasən Cavabdeh2 qeyd olunan yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, o hadisə yerindən yayınmışdır. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar ona 2.380 manat sığorta ödənişi verilmişdir. Göründüyü kimi, Cavabdeh2 hadisə yerindən yayındığından ona qarşı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən “Taksi 4 London” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh “X12” MMC olduğundan, avtomobili isə etibarnaməsiz Cavabdeh2 idarə etdiyindən zərərin əvəzi onlardan tutulmalıdır. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X12” MMC-nin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, “Taksi 4 London” markalı, **-PH- *** dövlət qeydiyyat nişanlı avtomobil “X12” MMC-nin mülkiyyətindədir, lakin Cavabdeh2 “X12” MMC-nin işçisi deyil, onlar arasında hər hansı əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh2 həmin nəqliyyat vasitəsini onunla “X12” MMC arasında bağlanmış sürücü xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən idarə edir. Həmin müqaviləyə əsasən Cavabdeh2 qeyd edilən nəqliyyat vasitəsi ilə ona verilmiş yol vərəqəsi əsasında taksi xidmətləri göstərir. Bu səbəbdən həmin nəqliyyat vasitəsi ilə Cavabdeh2 tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsinə görə “X12” MMC məsuliyyət daşıya bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddianın “X12” MMC-yə aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən cavabdeh “X12” MMC-nin mülkiyyətində olan “Taksi 4 London” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1 il müddətinə (xx.xx.2018-ci il – xx.xx.2019-cu il) sığortalanmışdır. Cavabdeh2 cavabdeh “X12” MMC ilə aralarında bağlanmış xidmət müqaviləsi əsasında həmin cəmiyyət tərəfindən ona verilmiş yol vərəqəsi ilə bu nəqliyyat vasitəsini idarə edərkən, xx.xx.2019-cu il tarixdə, saat 07:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şossesi küçəsində “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə tuqquşaraq yol-nəqliyyat hadisəsini törətmiş və bundan sonra hadisə yerindən yayınmışdir. Bununla əlaqədar Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrinə əsasən təqsirli bilinərək cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı, **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Group Asist tərəfindən aparılmış qiymətləndirmə və onun əsasında tərtib edilmiş qiymətləndirmə aktına əsasən “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin və görüləcək təmir işlərinin ümumi dəyəri 2.380 manat məbləğində müəyyən edilmiş və bu məbləğ sığorta ödənişi qismində iddiaçı tərəfindən həmin avtomobilin sahibi (zərərçəkən şəxs) X4 ödənilmişdir. Hazırda iddiaçı “Taksi 4 London” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin “X12” MMC-nin mülkiyyətində olmasını, hadisə zamanı Cavabdeh2 tərəfindən etibarnaməsiz idarə edildiyini və onun hadisə yerindən yayındığını bildirir və hadisə nəticəsində zərərçəkən X4 ödənilmiş 2.380 manat məbləğində sığorta ödənişinin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh “X12” MMC iddianı qəbul etmir, Cavabdeh2 “X12” MMC-nin işçisi olmadığını, mülkiyyətində olan “Taksi 4 London” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən aralarında bağlanmış xx.xx.2019-cu il tarixli sürücü xidmətlərinin göstərilməsi haqqında müqaviləyə və buna uyğun olaraq verilmiş yol vərəqəsində əsasən idarə edildiyini və bu səbəbdən qeyd edilən yol-nəqliyyat hadisəsinə görə “X12” MMC-nin məsuliyyət daşımadığını bildirir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 9/1227 nömrəli ekspert rəyinə əsasən 2001ci il buraxılışlı “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 2.300 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza təqdiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə iddia tələbinin “Cavabdeh2 subroqasiya qaydasında pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Taksi 4 London” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Ford Transit” markalı, **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində məhz onun təqsirli hərəkətləri nəticəsində sonuncu avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli olması və hadisə yerindən yayınması iş üzrə tədqiq olunan sübutlarla yanaşı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul olunmuş qərarla da təsdiq olunur. Buna görə də, “Taksi 4 London” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olmasına baxmayaraq, onu idarə edən Cavabdeh2 hadisə yerindən yayındığından, sığorta ödənişi vermiş sığortaçı İddiaçı Sığorta Şirkəti ASC-nin hadisəni törətmiş Cavabdeh2 qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Məhkəmə Cavabdeh2 hadisə yerindən yanınması ilə bağlı onu da qeyd edir ki, onunla “xxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 2.7.1-ci bəndinə əsasən Cavabdeh2 “X12” MMC qarşısında hadisə baş verdiyi təqdirdə dərhal “xxxxxxxxxxxxxxxxxx” MMC-yə və sığorta şirkətinə (hazırda İddiaçı Sığorta Şirkəti ASC-yə) bu barədə məlumat vermək və hadisə yerindən uzaqlaşmadan onların gəlməsini gözləmək öhdəliyini götürmüşdür. Həmçinin, həmin müddəa çərçivəsində tərəflər razılaşmışlar ki, bu qaydalara riayət edilməməsi nəticəsində “xxxxxxxxxxxxxxxxxx” MMC-yə yetirilmiş zərərin ödənilməsi ilə bağlı problem yarandığı halda maddi məsuliyyəti məhz Cavabdeh2 daşıyır. Müqavilənin 2.8-ci bəndində isə Cavabdeh2 yol hərəkəti qaydalarının pozması ilə bağlı tərtib edilmiş inzibati protokollar üzrə cərimələrin Cavabdeh2 tərəfindən ödənilməsi təsbit edilmişdir. Başqa sözlə, Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əsasən də hadisə yerindən yayınmamalı idi. Bununla belə məhkəmə hesab edir ki, “Taksi 4 London” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən onun tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi, bundan sonra Cavabdeh2 hadisə yerindən yayınması və nəticədə iddiaçının zərərçəkənə sığorta ödənişi ödəməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh2 qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin “cavabdeh “X12” MMC-dən subroqasiya qaydasında pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Taksi 4 London” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən onun mülkiyyətçisi “X12” MMC tərəfindən Cavabdeh2 təhvil (istifadə və sahibliyinə) verilmişdir. Bu hal Cavabdeh2 “X12” MMC tərəfindən verilmiş yol vərəqəsi ilə də təsdiq edilir. Belə ki, hadisə baş verən günü, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh2 qeyd edilən nəqliyyat vasitəsini “X12” MMC tərəfindən ona verilmiş yol vərəqəsi ilə idarə etmişdir. Başqa sözlə, hadisə günü bu şəxs qeyd edilən nəqliyyat vasitəsinə qanuni əsasla sahiblik edir və onu idarə edirdi. Belə ki, Mülki Məcəllənin 1.108.1-ci maddəsində qanunverici yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik etməsinin müxtəlif hüquqi əsaslarını müəyyən etmiş, bu zaman bu əsasların dairəsini dəqiq göstərməmiş və yüksək təhlükə mənbəyinə icarə hüququ, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə əsasında sahiblik etməsinin mümkünlüyünü təsbit etməklə yanaşı, həmin müddəada eyni zamanda “və i.a.” ifadəsindən istifadə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 ilə “X12” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilə və onun əsasında verilmiş yol vərəqəsi həmin maddədə təsbit edilmiş “və i.a.” məfhumunun özündə ehtiva etdiyi sahibliyin qanuni əsasını yaradır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iddiaçı tərəfindən təqdim edilən qüsur aktında göstərilmiş ehtiyat hissələrinin və təmir-bərpa işlərinin qiymətlərinin hansı mənbələrdən götürüldüyünü, hansı məlumatlara əsasən müəyyən edildiyinin, habelə real bazar qiymətlərinə uyğun olub-olmamasının aşkar olmadığını qeyd edir. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1227 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş məbləğin bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, habelə reklam və digər müvafiq mənbələrdə olan məlumatlardan istifadə edilməklə müəyyən edildiyini nəzərə alıb və zərər məbləği ilə bağlı məhz bu rəyi mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, “Ford Transit” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər məhz 2.300 manat məbləğində müəyyən edilməli və bu məbləğ Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, ödənilmiş zərərin əvəzi qismində 2.300 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Belə ki, zərər qismində iddiaçı tərəfindən tələb edilən və məhkəmə eksperti tərəfindən müəyyən edilən məbləğlər arasında məbləğ etibarı ilə fərq azdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ödənilmiş zərərin əvəzi qismində 2.300 (iki min üç yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1213/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1213/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver