Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1218/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1, habelə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə müqavilə üzrə ödədiyi 5100 (beş min yüz) manat məbləğində pulun, hüquqi yardım üçün ödədiyi 1500 (bir min beş yüz) manat məbləğində pulun, ümumilikdə isə 6600 (altı min altı yüz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Fransız-Azərbaycan Universitetinə 630 balla qəbul olmuş, neft-qaz mühəndisliyi ixtisası (tədris ingiliscə) üzrə ali təhsil almış, Azərbaycan Neft Sənaye Universitetinin magistraturasını dəniz neft və qaz quyularının qazılması ixtisası (tədris ingiliscə) üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsilini doktorantura səviyyəsində davam etdirmək niyyəti olduğu üçün, Azərbaycanda doktoranturaya qəbul olmaq üçün qəbul imtahanlarında iştirak etmiş, yüksək bal toplamağına baxmayaraq, sonradan Elm və Təhsil Nazirliyi tərəfindən ADNSU-də müraciət etdiyi ixtisasa az yer ayrıldığı üçün qəbul cavabını ala bilməmişdir. Eyni zamanda Türkiyə Respublikasında İstanbul Gedik Universitetinə doktoranturaya qəbul olunmaq üçün Cavabdeh MMC-yə müraciət etmişdir. Müraciəti nəzərə alınaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC ilə aralarında xidmət müqaviləsi bağlanmışdır və müqavilənin bağlanmasında iştirak edən Cavabdeh MMC-nin direktoru Nümayəndə1 və mütəxəssis Mehriban Nəsirova hər şeyin qaydasında olduğunu və heç bir problem olmayacağını bildirib yola salmışlar. Müqavilənin şərtlərinə görə İstanbul şəhərinin Gedik Universitetinə qəbul cavabının alınması ilə bağlı ona xidmət göstəriləcəyi qeyd edilmiş və xidmət haqqı olaraq 5100 (beş min yüz) manat müəyyən edilmişdir. Həmin ödənişi bank hesabına deyil, nağd şəkildə etmişdir. Ödəniş qəbzində sadəcə olaraq Cavabdeh MMC-nin möhürü vurulmuşdur. Daha sonra məlum olmuşdur ki, cavabdeh bağlı ümumiyyətlə İstanbul Gedik Universitetinə müraciət etməmişdir, ona başqa Universitetdən yalnız müraciət hüququ qazanmaqla bağlı sənədlər təqdim edilmişdir. Hətta həmin sənədlər belə düzgün tərtib edilməmiş və Azərbaycanda qəbul edilmir. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi ziyana görə Səbail Rayon Polis İdarəsinə müraciət etsə də, mülki məsələ olması səbəbi ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Eyni zamanda bu işlə bağlı hüquqi yardım üçün 1500 (bir min beş yüz) manat məbləğində ödəniş etmişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, 5100 (beş min yüz) manat məbləğində pulun geri qaytarılması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, pulu geri qaytarılmır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC-nin direktoru Nümayəndə1 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsini tamamilə əsassız, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, iddiaçı öz arzu və istəyi əsasında fəaliyyət göstərdikləri ofisə yaxınlaşaraq, ona xidmət göstərilməsini xahiş etmişdir. Aralarında bağlanılmış xidmət müqaviləsi üzrə üzərlərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş və iddiaçının ali təhsil müəssisəsinə qəbuluna nail olmuşlar və bu məlumatı iddiaçıya təqdim etmişlər, lakin daha sonra iddiaçının hərbi komissarlıq ilə yaranmış fikir ayrılığını əsas tutaraq iddiaçı onlara qarşı əsassız olaraq pul tələbini irəli sürməyə başlamışdır. Dəfələrlə vətəndaşa tələblərinin əsassız olduğunu bildirməklə yanaşı bütün öhdəliklərini layiqincə yerinə yetirdiklərini izah etməyə çalışsalar da, təəsüflər olsun ki, iddiaçı bütün bu faktları nəzərə almamaqla yanaşı əsassız olaraq ödənilmiş xidmət haqqını geri tələb etmişdir. Məlumdur ki, bu cür münasibətlər müqavilə ilə tənzimlənir və əgər xidmət göstərən tərəf müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam həcmdə icra etmişdirsə, belə olan halda ona qarşı hər hansısa pul tələbi irəli sürmək əsassızdır. Bundan əlavə olaraq iddiaçı bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və nəticədə cinayət işinin açılmasının rədd edilməsi haqqında müvafiq qərar qəbul edilmişdir. Dəfələrlə ofislərinə gələrək nəlayiq ifadələr və təhqirlər etmiş, bununla da iş şəraitini pozmuş və müştərilər önündə onların işgüzar nüfuzuna xələl yetirmişdir. İddiaçının bu əsassız, qanunsuz və ədalətsiz hərəkətləri başa düşülən deyil ki, bu haların məhkəmə tərəfindən nəzərə alınacağına ümidvardırlar. Eyni zamanda iştirakları olmadan işə baxılmasına etiraz etmədiklərini məhkəmənin diqqətinə çatdırır və bu xahişin məhkəmə tərəfindən qəbul edilməsini xahiş edirlər. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Nümayəndə2 da bənzər məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında həmçinin bildirmişdir ki, qəbul üçün Gedik Universitetinə müraciət etsələr də, qəbul Gümüşhane Universitetindən gəlmişdir. İddiaçı üzləşmə aktını imzalayaraq göstərilən xidmətə razılığını ifadə etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına görə, tərəflər arasında xx.xx.2023-cü il tarixdə TR300100 saylı xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh müqavilənin 1 saylı əlavəsində göstərilən xidmətləri iddiaçı üçün həyata keçirməyi, iddiaçı isə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı əlavəsindən görünür ki, cavabdeh İstanbul Gedik Universitetinin işletme fakültəsinə müraciət edib qəbul cavabının alınması, xaricdə təhsil haqqında məsləhətlərin verilməsi, sənədləşmə işlərinin aparılması, əsaslandırma məktublarının yazılması və seçilmiş universitetə qeydiyyat sənədlərinin yollanması üzrə xidmətləri göstərməyi, iddiaçı isə xidmət haqqı kimi 5100 manat (2530 manat müqavilə imzalanan gün, 2570 manat universitetdən qəbul cavabı gəldikdən sonra 3 gün ərzində) ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmiş qəbzlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə 2530 manat, xx.xx.2023-cü il tarixdə isə 120 manat və 2450 manat olmaqla cəmi 5100 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-yə ödəmişdir. İddiaçı Cavabdeh MMC-nin direktoru Nümayəndə1 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, öhdəliklərin yerinə yetirilməməsi səbəbindən müqavilə üzrə ödənilmiş 5100 manat və hüquqi yardım üçün ödənilmiş 1500 manat, cəmi 6600 manat pulun 10 gün ərzində geri qaytarılması, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh MMC-nin X2 ünvanladığı məktubdan görünür ki, TR300100 saylı xidmət müqaviləsi üzrə öhdəliklərini tam həcmdə icra etdikləri səbəbi ilə, həmin müqaviləyə xitam verildiyi bildirilərək sifarişçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarından aydın olur ki, iddiaçı Türkiyə Respublikası Gümüşhane Universitetinin işletme fakültəsinin doktorantura proqramına daxil olmaq hüququ qazanmışdır. Təhsil müddəti 4 il, maksimum 7 ildir. Yekun qeydiyyat proseduru xx.xx.2024ci il tarixədək həyata keçirilməlidir. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı “5100 manat pulunun Cavabdeh MMC-nin rəhbəri Nümayəndə1 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi” barədə şikayəti Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılmış və nəticədə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 26 aprel 2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin araşdırma zamanı izahatı alınmış AZSTUDY” MMC-nin direktoru Nümayəndə1 izahatında Əliağanın “İstanbul Gedik Universiteti”ndə doktora təhsili almaq üçün müraciət etdiyini, əməkdaşları tərəfindən digər universitetlə yanaşı, Əliağanın məlumatı olmadan “Gümüşhane Universiteti”nə də müraciət etdiyini, həmin universitetdən qəbul alındığını, “Gedik Universiteti”nə isə qəbulun alınmasının gecikdiyini və bu barədə Əliağaya məlumat verildiyini, onun bununla razılaşdığını və “Gümüşhane Universiteti”nə qəbul ilə bağlı razılıq sənədinə imza etdiyini, lakin Əliağanın həmin universitetin tələbəsi olması barədə arayışın onun hərbi xidmətə aparılmasından sonra gəldiyini bildirmişdir. Həmin araşdırma zamanı izahatı alınmış «AZSTUDY” MMC-nin işçisi X4 da izahatında Əliağanın “İstanbul Gedik Universiteti”ndə doktora təhsili almaq üçün müraciət etdiyini, razılaşdırılmış xidmət haqqını maliyyə hissəsinə ödədiyini, onun müraciətinin “Gümüşhane Universiteti”nə dəyişdirilməsi ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC 1500 manat xidmət haqqı müqabilində İddiaçı hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. Beləliklə, tərəflər arasında müqavilədən irəli gələn hüquq münasibətlərinin yaranmış olduğu, iddiaçının həmin müqavilədə nəzərdə tutulan xidmət haqqını tam şəkildə ödədiyi mübahisə mövzusu deyildir; tərəflər arasındakı mübahisə cavabdehin müqavilə öhdəliklərini icra edib-etməməsi ilə bağlıdır. Bu mənada məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün məhz həmin halın (cavabdehin müqavilə öhdəliklərini icra edib-etməməsi halının) araşdırılması zəruridir. Bu zaman nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin hallarından görünür ki, iddiaçı “İstanbul Gedik Universiteti”ndə doktora təhsili almaq üçün müraciət etdiyini, lakin cavabdehin onun məlumatı olmadan “Gümüşhane Universiteti”nə müraciət hüququ qazanması ilə bağlı sənədlər təqdim etdiyini və bununla da cavabdehin öhdəliklərini pozduğunu iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşdür. İddiaçının “İstanbul Gedik Universiteti”ndə doktora təhsili almaq üçün müraciət etdiyi tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmaqla yanaşı, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi də işin bu halını etiraf etmişdir. Bununla belə cavabdeh iddiaçı üçün “Gümüşhane Universiteti”ndən qəbul alındığını, bu barədə iddiaçıya məlumat verildiyini, onun bununla razılaşdığını və “Gümüşhane Universiteti”nə qəbul ilə bağlı razılıq sənədinə imza etdiyini bildirməklə iddiaya etiraz etmiş və etirazının sübutu kimi 21 dekabr 2023-cü il tarixli üzləşmə aktının surətini təqdim etmişdir. İddiaçı belə bir sənədə imza etmədiyini bildirmiş, cavabdehin nümayəndəsi isə dəfələrlə tələb olunmasına rəğmən sözügedən aktın əslini məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir və bu baxımdan, 21 dekabr 2023-cü il tarixli üzləşmə aktının surəti mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Göründüyü kimi, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi (müqavilə öhdəliyini tam icra etməsi bağlı) halı sübut edə bilməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə ilə iddiaçı üçün “İstanbul Gedik Universiteti”nə qəbul almaq öhdəliyini üzərinə götürdüyü halda, “Gümüşhane Universiteti”nə qəbul almışdır. İddiaçı isə həmin icranı qəbul etməmiş (yuxarıda izah edildiyi kimi, cavabdeh iddiaçının müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etdiyini sübut edə bilməmişdir) və tərəflər arasında hazırki mübahisə yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 435-ci maddəsinə görə, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi “müqavilə üzrə ödənilmiş 5100 (beş min yüz) manat məbləğində pulun ödənilməsi” hissəsində əsaslıdır. Bununla belə məhkəmə iddiaçının “hüquqi yardıma görə 1500 manat xərcin tutulması” tələbini əsaslı hesab etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçının təqdim etdiyi müqavilədən görünür ki, onunla "xxxx" MMC arasında hüquqi yardım göstərməsi haqqında müqavilə bağlanmış və həmin müqavilədə xidmət haqqı kimi 1500 manat pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, həmin məbləğin adı çəkilən cəmiyyətə ödənilməsi müəyyən edilməmiş, o cümlədən həmin cəmiyyət tərəfindən iddiaçıya hansı hüquqi xidmətlərin göstərildiyi əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 86 manat dövlət rüsumunun 57 manat hissəsi Cavabdeh MMC-ndən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilmiş 5100(beş min yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 57(əlli yeddi) manat hissəsi Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1218/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1218/2025
13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver