Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1231/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi Araz Alakhverdievin, Cavabdehin etibarnamə əsasında nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nəbili Nizami Elçin oğluna məxsus İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 37.044 manat sığorta ödəniş məbləği və iddia ərizəsinin verilməsi üçün 30,4 manat, cəmi 37.074,4 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini və iddia tələbinin həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh 07 dekabr 2019-cu il tarixdə idarə etdiyi “Kia Sportage” markalı ** SX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakıxanov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol hərəkəti qaydasını pozaraq Nəbili Nizami Elçin oğluna məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mercedes Benz CLS 63 AMG” markalı ** TC *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdehin təqsirli olması DYPİ-nin TP ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərarında öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomaşına dəymiş ziyanla bağlı X3 (VÖEN **********) təqdim etdiyi 18 may 2020-ci il tarixli qüsur aktına uyğun olaraq, həmin avtomaşına 37.765 manat ziyan dəymişdir. **********6 saylı sığorta müqaviləsinə və 087451 saylı sığorta aktına əsasən iddiaçı 250 manat azadolma məbləği, 624 manat ödənilməmiş 3-cü hissə sığorta haqqının qalıq hissəsi, 627 manat 4-cü hissə sığorta çıxılmaqla Nəbili Nizami Elçin oğluna 36.264 manat sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra, Nəbili Nizami Elçin oğlu sığorta ödənişinin məbəği və təmirlə razılaşmayaraq yenidən texniki baxış keçirilməsini xahiş etmiş, baxış zamanı zərər məbləği müəyyən edilərkən görünməyən və təmirdə olduğu zaman zədələnmiş ehtiyat hissələri və nazasızlıqlar müəyyən edilmişdir. "xxxx" MMC-nin təqdim etdiyi 00083saylı hesab fakturaya uyğun olaraq əvəzləşdirilmiş ehtiyat hissələrin və əlavə təmirə ehtiyacı olan işlərin görülməsinin xərci 780 manat müəyyən olunmuşdur. Beləliklə, 14 dekabr 2020-ci il tarixli, 092470 saylı sığorta aktına və ödəniş fakturasına uyğun olaraq iddiaçı tərəfindən 780 manat sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, o, ekspert rəyi ilə ümumiyyətlə razı deyil. Belə ki, rəydə dəymiş ziyan çox aşağı məbləğdə hesablanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) iddianı qismən qəbul edərək bildirdi ki, yol nəqliyyat hadisəsi baş versə də, avtomobilə dəymiş ziyanın məbləği şişirdilmişdir. O, ekspert rəyi ilə razıdır. Belə ki, ekspert rəyi dəymiş ziyanın məbləğini real qiymətə uyğun olaraq hesablamışdır. Bu səbəbdən ekspert rəyinin nəzərə alınması ilə iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AD 630859 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2011-ci il buraxılışlı “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. ƏN-V 033430 nömrəli, 02 oktyabr 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, 2011-ci il buraxılışlı “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi X5 tərəfindən Nəbili Nizami Elçin oğluna etibar edilmişdir. Etibarnamə 04 avqust 2029-cu il tarixə qədər qüvvədədir. AD 516467 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı “KİA Sportage” minik markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Bakı şəhər DYPİ-si bildirir ki, 07 dekabr 2019-cu il tarixdə saat 22:10 radələrində Bakıxanovla Azadlıq prospektində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə əmlaka ziyan dəymişdir. 07 dekabr 2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 07 dekabr 2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 18 may 2020-ci il tarixli X3 (VÖEN **********) qüsur aktından görünür ki, “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtombilə dəymiş zərərin məbləği 37.765 manatdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 20 avqust 2020-ci il tarixli, 087451 nömrəli sığorta aktından görünür ki, 2011-ci il buraxılışlı “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində könüllü sığorta növündə sığortalanmışdır. 07 dekabr 2019cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği “X3” fakturasına uyğun olaraq 37.765 manat müəyyən edilmişdir. Zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği, 624 manat ödənilməmiş 3-cü hissə sığorta haqqının qalıq hissəsi və 627 manat 4-cü hissə sığrta haqqı çıxılmaqla sığorta ödənişi 36.264 manata bərabərdir. 20 avqust 2020-ci il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 hesabına 36.264 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 24 avqust 2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, sonuncuya baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği barədə məlumat verilmiş və 10 iş günü müddətində zərərin ödənilməsi təklif edilmişdir. Əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 noyabr 2020-ci il tarixli yekun qüsur aktına əsasən “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtombilə dəymiş zərərin məbləği 780 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin 14 dekabr 2020-ci il tarixli, 092470 nömrəli sığorta aktından görünür ki, 07 dekabr 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği "xxxx" MMC-nin təqdim etdiyi hesab fakturasına uyğun olaraq (124296 saylı vəsatətə əlavə) 780 manat müəyyən edilmişdir. 15 dekabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 780 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 14 iyul 2021-ci il tarixli, 9/3274 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə fiziki şəxs X6 tərəfindən tərtib edilmiş 18 may 2020-ci il tarixli və "xxxx" MMC tərəfindən tərtib edilmiş 10 noyabr 2020ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtombilin təmir-bərpa xərci avtoehiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 26.125 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 16 noyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 07 dekabr 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “KİA Sportage” minik markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “könüllü” sığorta növü üzrə sığortalanmış 2011-ci il buraxılışlı “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə nəticəsində “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş, zərərin məbləği “X3” fakturasına uyğun olaraq 37.765 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 noyabr 2020-ci il tarixli yekun qüsur aktına əsasən əlavə olaraq 780 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, qüsur aktlarına əsasən avtomobilə cəmi 37.765+780=38.545 zərər hesablanmışdır. Həmin zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma məbləği, 624 manat ödənilməmiş 3-cü hissə sığorta haqqının qalıq hissəsi və 627 manat 4-cü hissə sığrta haqqı çıxılmaqla iddiaçı tərəfindən dəymiş zərərə görə cəmi 37.044 manat sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı 2011-ci il buraxılışlı “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 37.044 manat sığorta ödənişini cavabdehdən subroqasiya qaydasında tutulmasını xahiş edir, cavabdeh tərəf isə iddianı qismən, ekspert rəyində müəyyən edilmiş məbləğ həddində qəbul edir. Məhkəmə qeyd edir ki, “KİA Sportage” minik markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən qanuni əsaslarla idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və bunun nəticəsində İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalıya sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır. Lakin məhkəmə 37.044 manat məbləğində dəymiş zərərin subroqasiya qaydasında cavabdehdən tutulmasını qismən əsaslı hesab edir. Belə ki, zərər “X3” qüsur aktında 37.765 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qüsur aktına əsasən əlavə olaraq 780 manat məbləğində müəyyən edilsə də, iş üzrə alınmış ekspert rəyindən görünür ki, 2011-ci il buraxılışlı “Mercedes Benz CLS 63 AMG” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 26.125 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktları ilə müəyyənləşmiş zərərin məbləği ilə ekspert rəyi arasında kəskin fərq var. Qüsur aktları ilə ekspert rəyinin müqayisəli təhlili nəticəsində müəyyən olunur ki, ekspert tərəfindən zərər hesablanarkən, avtomobilin 2011-ci il buraxılışı olduğu nəzərə alınmış və həmin avtomobilin təmir-bərpa xərcində avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilmişdir. Ona görə də, məhkəmə məhz ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və belə qənaətə gəlir ki, avtomobilə dəymiş 26.125 manat zərərin məbləğindən 250 manat azadolma məbləği, 624 manat ödənilməmiş 3-cü hissə sığorta haqqının qalıq hissəsi və 627 manat 4-cü hissə sığrta haqqı çıxılmalı, qalan vəsait 24.624 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu nəticəyə gələrkən 087451 nömrəli sığorta aktında qeyd olunan məbləğlərin sığorta ödənişindən çıxılaraq ödənildiyini nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh 24.624 manat məbləğində sığorta ödənişinin əvəzi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 20 manatı və 0,4 manat məbləğində xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın 66 manatı cavabdehdən, 34 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 24.624 (iyirmi dörd min altı yüz iyirmi dörd) manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı və 0,4 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 66 (altmış altı) manatı Cavabdeh, 34 (otuz dörd) manatı isə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1231/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1231/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver