Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1232/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.000 ABŞ dolları borcun və ödənilmiş 71 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2020-ci ildə tanış olmuşdur. Yeni tanış olduqları vaxtlarda münasibətləri yaxşı olmuşdur. Cavabdeh onun saf niyyətindən istifadə edərək, onu özünə inandıraraq etibarını qazanmış və ondan dəfələrlə borc pul almışdır. O, cavabdehə ilk dəfə 2020-ci ildə “Binə” ticarət mərkəzində olarkən 400 ABŞ dolları pul vermişdir. Cavabdeh ona həmin pulu qaytaracağını bildirmişdir. Daha sonra “Socar”ın binasının yanında yenə cavabdehə 400 ABŞ dolları pul vermişdir. Bundan sonra Bağırov körpüsünə gedən yolda avtomobildə 1.000 ABŞ dolları cavabdehə yenə pul vermişdir. Münasibətləri yaxşı olduğundan cavabdeh ona yenidən pula ehtiyacı olduğunu, bütün aldığı pulları ona qaytaracağını bildirərək yenidən borc pul lazım olduğunu bildirdi. O, Nərimanov rayonunda ayrı-ayrı vaxtlarda 400 ABŞ dolları, daha sonra 500 ABŞ dolları və yenidən 200 ABŞ dolları cavabdehə pul vermişdir. Ən son cavabdeh X3 yanına onun iş yerinə gələrək 100 ABŞ dolları pul aldı. Bundan bir müddət keçdikdən sonra o, cavabdehə verdiyi pulları qaytarması barədə xəbərdarlıq etsə də, o borcun ödənilməsini təmin etməmişdir. Bu barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət etsə də, onlar qeyd edilən məsələnin məhkəmə orqanlarına aid olması səbəbindən məhkəməyə müraciət etməyini məqsədə müvafiq olduğunu qeyd etmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə pulları ayrı-ayrı yerlərdə vermişdir. Cavabdehin pulu ondan alması barədə sübutları: onun facebook, sms yazışmaları və səs yazısı vardır. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddianı qəbul etmir. Hesab edir ki, iddia əsassız olduğu üçün, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ona qarşı qərəzlidir, məhkəməyə əsassız iddia ilə müraciət etdiyi kimi, polisə də ondan şikayətlər etmişdir. Onun bu əsassız şikayətlərinin heç biri təmin edilməmişdir. İddaçı hazırki tələblə bağlı Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə də müraciət etmiş, onun şikayəti əsaslı olmadığı üçün təmin edilməmişdir. İddiaçının ona qarşı qərəzli olmasına səbəb kimi, onunla münasibətlərini davam etdirmək istəmədiyi olmuşdur. Çünki o, ailəli olduğuna və iddiaçı ona ciddi problemlər yaratdığına görə aralarında olan münasibətlərə son qoymaq qərarına gəlmişdir. Dəfələrlə onun ailəsində narazılıqlar olmuş, hətta məsələ ailənin dağılmasına kimi böyümüşdür. Böyüklərinin səyi nəticəsində ailəsi bərpa olunmuşdur. İddiaçının ailəsinin dağılmasına səbəb olan SMS-ləri bilərəkdən yazması polis araşdırması zamanı da öz təsdiqini tapmışdır. İstəyinə nail ola bilmədiyi üçün ona qarşı qərəzli olmuş, indi də hazırki iddianı irəli sürmüşdür. İddiaçı məbləğdən asılı olmayaraq ümumiyyətlə ona borc verməyib. Əksinə, münasibətləri olan dövrlərdə o, iddiaçıya pul, hədiyyələr və telefon alıb vermişdir. Göründüyü kimi, iddiaçı ona borc vermədiyi və bu barədə məhkəməyə mötəbər təqdim etmədiyi halda, onun bu iddiası təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, ondan cəmi 20 manat məbləğində borc almış və qaytarmışdır. Daha sonra isə bildirdi ki, 350 manat məbləğində borc almış və qaytarmışdır. Göründüyü kimi, cavabdeh hər dəfə bir məbləğ deməklə borcunu etiraf edir. Başqa sözlə, cavabdeh izahatları ilə özünü ifşa etmişdir. O, cavabdehə ümumilikdə 3.000 ABŞ dolları, manatla 5.100 məbləğində borc pul vermişdir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehin ona borcun etiraf edilməsi ilə bağlı yazdığı SMS-ləri köhnə telefonu xarab olduğu üçün məhkəməyə təqdim edə bilmir. Həmin SMS-lərdə cavabdeh ondan 3.000 ABŞ dolları borc aldığını açıq etiraf etmişdir. Cavabdehə borcu hissə-hissə olmaqla 2020- 2021-ci illərdə vermişdir. 08 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, cavabdehdən cəmi 20 manat məbləğində borc almış və onu da qaytarmışdır. 07 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, cavabdehdən cəmi 350 manat məbləğində borc almış və onu da qaytarmışdır. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun vəsatəti əsasında dəvət olunmuş şahidi dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, 15 ildir ki, iddiaçı ilə yaxın rəfiqədir. O, hazırki iş üzrə cavabdeh olan Rəhmanı heç vaxt görməsə də, onun Ayşənlə münasibətlərindən xəbərdar olmuşdur. Rəhman Ayşənin saflığından sui-istifadə etmiş və Ayşəndən 3.000 ABŞ dolları məbləğində borc pul almışdır. Bunu ona Ayşən demişdir, o, özü borcun verilməsinin şahidi olmamışdır. Ayşən bir dəfə gəlib ondan 200 manat məbləğində borc istəyərkən o, hirslənib cavab olaraq bildirmişdir ki, “sən öz pulunu Rəhmana verib niyə məndən borc pul istəyirsən? Get, verdiyin borc pulu al”. Ayşən isə cavabında bildirmişdir ki, verdiyi pulu Rəhmandan nə qədər istəsə də, qaytarmır. O, Rəhmanın nömrəsini Ayşəndən alaraq ona zəng etmiş və Ayşənin xalası qızı kimi özünü təqdim etmiş, Ayşənə olan borcunu qaytarmasını tələb etmişdir. Rəhman isə cavab olaraq demişdir ki, “bəli, mənim Ayşənə 5.000 manat borcum var, hazırda imkanım olmadığı üçün ödəyə bilmirəm. Lakin hər ay 50 manat olmaqla borcumu qaytarmağa çalışacam”. Bundan sonra onunla Rəhman arasında mübahisə yaranmış, borcun tezliklə qaytarılmasını tələb etmişdir. İş materiallarında olan cavabdehə məxsus mobil telefon nömrəsinə 25 oktyabr 2021ci il tarixdə və 9 noyabr 2021-ci il tarixdə göndərilmiş SMS-lərdə iddiaçı 3.000 ABŞ dollar pulunun qaytarılmasını tələb etmiş, həmin SMS-lərə cavab olaraq 11 noyabr 2021-ci il tarixdə “Axır ki, ailəmi dağıtdın, istədiyinə nail oldun. Mənim şəkilimi internetdə paylaşmaqla dağıtdın, çox sağ ol, istədiyin oldu” bildirilmişdir. “Rahman A.” adlı istifadəçi ilə “Facebok” sosial şəbəkə üzərindən olan yazışmalardan görünür ki, o, aldığı pulun 170 manatını xərclədiyini, lazım olduğu təqdirdə ona 150 manat əlavə borc verməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2022-ci il tarixli 4/392 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətn hissələrində “K1” kimi işarə edilmiş diktorun səsi və nitqi Cavabdeh, “Q1” kimi işarə edilmiş diktorun səsi və nitqi İddiaçı məxsusdur. Rəydə tədqiq edilmiş fonoqramdakı danışıqlardan müəyyən olunur ki, iddiaçı cavabdehə 4.500 manat borcunun olduğunu bildirir, lakin cavabdeh tərəfindən həmin məbləğdə borcunun olduğu etiraf olunmur. 19 noyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 71 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında yaxın münasibətlər olmuş, daha sonra isə münasibətlər pozulmuşdur. İddiaçının bildirdiyinə görə, o 2020-2021-ci illərdə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 3.000 ABŞ dolları məbləğində cavabdehə borc vermiş, cavabdeh isə iştirak etdiyi məhkəmə iclaslarında ilk olaraq 20 manat məbləğində, daha sonra isə cəmi 350 manat məbləğində borc aldığını və sonra qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə cəmi 3.000 ABŞ dolları məbləğində borc verdiyini, lakin həmin borcun qaytarılmadığını bildirsə də, qeyd olunan hal mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş yazışmalarda və səs yazısında cavabdeh tərəfindən iddiaçıdan qeyd olunan məbləğdə borcun alındığı etiraf olunmur. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində iddiaçı tərəfindən cavabdehə borc verildiyi zaman iştirak etmədiyini, ona borcun məbləği barədə məlumatı iddiaçı verdiyini bildirmişdir. Cavabdeh isə iddiaçıdan cəmi 350 manat məbləğində borc aldığını və sonradan qaytardığını bildirmiş, lakin aldığı borcun qaytarılması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 350 manat məbləğində borc tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 5 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində vəsaitin 11 manatı cavabdedən, 139 manatı isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 5 (beş) manatı tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat məbləğində vəsaitin 11 (on bir) manatı Cavabdeh, 139 (bir yüz otuz doqquz) manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1232/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1232/2022
21.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver