Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1234/2022 12.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə nümayəndəliyinə qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bağ-Park küçəsi, ev 275/1-də tikdiyi fərdi evin layihə-smeta və onda olan digər sənədlərin məhkəməyə və ona təqdim edilməsi, tikinti-layihə-smeta sənədləri tərtib edilərkən ətraf qonşuların razılığının alınıb-alınmamasının araşdırılması və cavabdehin tikilisinin digər qonşulara, şəxsən ona mane olan yola qaraj qapısı və pəncərələrlə bağlı faktlara tikinti və hüquqi cəhətdən qiymət verilməsi, qanunsuz halların aradan qaldırılması, həmçinin əvvəlki vəziyyətdə bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçı qonşuluğunda Cavabdeh1 tərəfindən aparılan tikintinin qanunsuz olduğunu ehtimal edir və bu səbəblə tikintiyə dair sənədlərin cavabdehdən alınaraq ona təqdim edilməsini xahiş edir, eyni zamanda tikintinin qanuni və ya qanunsuz aparılmasına hüquqi qiymət verilməsini məhkəmədən xahiş edir. Lakin qeyd edilməlidir ki, mülki məhkəmə icraatı qaydasında iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Lakin iddiaçının məhkəmədən xahiş etdiyi və əldə etmək istədiyi nəticə mübahisəli hüquq münasibətlərindən irəli gəlmir. Belə ki, tikintinin qanunsuz və qanuni aparılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanları aparır. Yəni iddiaçı maraqlarına toxunan hallarla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər və nəticəsi onu qane etməzsə bu barədə orqanın hərəkətindən və ya hərəkətsizliyindən inzibati məhkəməyə şikayət verə bilər. Hərçənd ki, iş materiallarında müvafiq orqanlara müraciətə dair sənədlər vardır və müvafiq araşdırılmalar aparılmışdır. Əgər iddiaçı müvafiq orqanların hərəkətsizliyindən narazıdırsa, onun bu barədə inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürmək hüququ vardır. Eyni zamanda qanunvericilikdə tikinti qaydalarını müəyyən edən qaydalar öz təsbitini tapmış və bununla bağlı maraqlarına toxunan şəxslərin hüquqlarının qorunmasının formasını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.34-cü maddəsində qonşular anlayışına belə tərif vermişdir ki, qonşular- tikinti ərazisinin yaxınlığında mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan və tikinti nəticəsində qanunla qorunan maraqlarına toxunulan şəxslərdir. Həmin Məcəllənin 4.1-ci maddəsində Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədinin ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra mədəni irs obyektləri) qorunmasından ibarət olduğu göstərilmişdir. Eyni zamanda həmin Məcəllənin 76-cı maddəsində tikintiyə icazə ilə bağlı icraatda maraqlı şəxslərin iştirakı qaydaları təsbit olunmuşdur. Belə ki, həmin maddəyə əsasən Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin maddədə müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi(Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanı, bənd 4.7- 1.2.1), “qurum” dedikdə Azərbaycan Respublikası Mənzil X1 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur(Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanı, bənd 4.7-3). Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir, çünki hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və bu səbəbdən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, eyni zamanda iddiaçıya Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153-cü maddəsinə əsasən, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbə nümayəndəliyinə qarşı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olması izah edilsin. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1234/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1234/2022
12.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver