Məhkəmə qərarları › İş №2(001)-1241/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1241/2022

13.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1241/2022 13.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Qismət-M Construction MMC-yə qarşı iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın, dövlət rüsumuna görə 121 manatın verilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Qismət-M Construction MMC-yə qarşı iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın, dövlət rüsumuna görə 121 manatın verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, xx.xx.1955-ci ildə Azərbaycan Respublikasında anadan olmuş, subay, tənha yaşayan, xəstə, kimsəsiz, pensiya ilə dolanan xanımdır. Onun ünvan 1 ünvan 610-624) ev 174, mənzil 79 saylı ünvanında olan iki otaqlı mənzilini 14.08.2017-ci il tarixdə cavabdeh Qismət-M Construction MMC-nin işçiləri məcburi şəkildə sökmüşlər. O, yaşlı, kimsəsiz, xəstə, tənha qadın olduğuna görə məcbur olub oradan çıxarılmışdır. Hal-hazırda cavabdeh tərəfindən ona təhvil verilən bir otaqlı mənzildə məskunlaşmışdır. Bu onu qətiyyən qane etmir. O, qanuni hüquqlarından istifadə edərək iki otaqlı mənzilinin ona verilməsini tələb edir, yəni iki otaqlı mənzilinin iki otaqla əvəz edilməsini, yəni ona əlavə bir otaqlı mənzilin də verilməsini, olmazsa həmin bir otaqlı mənzilin qiyməti dəyərində cavabdeh Qismət-M Construction MMC tərəfindən ona 17290 manat konpensasiya verilməsini tələb edir. Cavabdeh Qismət-M Construction MMC şirkət tərəfindən ona iki otaqlı mənzilin yerinə sahəsi 61,6 m2 olan bir otaqlı mənzil verilmişdir. Halbuki ona iki otaqlı təmirli mənzil sahəsi 70,7 m2 mənzil verilməli idi. Lakin ona sahəsi 9,1 m2 əksik olan mənzil verilmişdir. Bu gün ona əksik verilən 9,1 m2 bazar qiyməti ilə hesablandıqda hər m2 1900 manat təşkil edir. Ev sökülən zaman o, xəstə olmuş, hazırda da qalxanbənzər vəz xəstəsidir. Əlavə olaraq onda təzyiq, şəkər xəstəlikləri var. Həmin ev köçürülməsi zamanı daha da əsəbləşmiş halı pisləşmişdir. Vəziyyəti ağırlaşmış və özündə olmamışdır. Amma yenə də etiraz etmişdir ki, onun mənzili iki otaqlıdır. İki otaqlı məzillə onu təmin etməyi tələb etmişdir. Cavabdehin işçiləri isə ona yaşlı, kimsəsiz, tək xanım olmasını və bir otaqlı mənzilin ona bəs edəcəyini demişlər. O, narazılığını bildirsə də, heç bir mənası olmamışdır. Hər kəs kimi o da evdən çıxarılmışdır. Bundan sonra Qismət-M Construction MMC-nin direktoru X1 ilə onun arasında 14.08.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, ona yeni inşa olunan binada mənzil və mənzilin təmiri üçün ayrılan pul vəsaiti, mənzil təhvil verilənədək kirayə haqqı, mənzildən köşmək üçün müəyyən olunan məbləğ, həmin ərəfədə qolu sındığı üçün yardım olaraq 2000 manat ödənilmişdir. O, hüquqlarından istifadə edərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, Yasamal RİH-nə müraciət etmiş, ona verilən cavab məktublarında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehin onun iddia ərizəsinə etirazına münasibət bildirərək qeyd edir ki, MMC qanunsuz tikili inşa edə bilməzdi, etibar edib öz mənzillərini sökməyi ilə bağlı şirkətə səlahiyyət verilir, şirkətdə bunun qarşılığında vətandaşların mənzillərini müqavilə şərtlərinə uyğun olmaqla geri qaytarmalıdır. Onun şirkətlə bağladığı müqavilə şərtlərini şirkət qismən yerinə yetirmişdir. Belə ki, onun iki otaqlı mənzili əvəzinə ona bir otaqlı mənzil verilmişdir. O, şirkətə güvənib xəstə, kimsəsiz bir xanım kimi iki il evsiz, kirayələrdə qalmışdır. Onun mənzili sökülərkən o, özündə olmamış, xəstə olmuş, sağlamlıq vəziyyəti yaxşı olmamışdır. O, cavabdehin ona kirayə haqqı verməsini, mənzilin şirkətin müəyyən etdiyi təmir pulunu almasını inkar etmir. Cavabdeh ona normal kvadratını belə vermədiyi halda, əlavə olaraq 20% artıq verməsini etirazında qeyd etməsi əsassızdır. O, şirkətlə müqavilə bağlamış, köçmə pulu almış, kirayə haqqı və təmir pulu almışdır. O, şirkətdən əlavə pul məbləği almamışdır. Şirkətə məxsus inşa etdiyi binanın bukletində iki otaqlı mənzillərin sahəsinin 70,7 m2 olması qeyd edilib. Şirkət ona sahəsi 70,7 m2 olan mənzil verməli idi. O, şirkətə getmiş, onu şirkətin məhkəmə iclasında iştirak edən vəkili qəbul edərək tənha, yaşlı qadın olmasını bildirib bir otaqlı mənzilin onun üçün yetərli olmasını demişdir. Ona görə də, iki otaqlı mənzilinin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın, dövlət rüsumuna görə 121 manatın cavabdeh tərəfindən ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Qismət-M Construction MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarına və Yasamal rayon İcra Hakimiyyətinin başçısının 22.06.2017-ci il 198 saylı sərəncamına əsasən, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 174 saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti-planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində yüksək mərtəbəli yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Qismət-M Construction MMC-yə icazə verilmişdir. MMC-yə verilmiş icazəyə əsasən, Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən 174 saylı binada yaşayan bütün sakinlərlə, eləcə də, iddiaçı ilə müvafiq müqavilələr bağlanmış, onlara aylıq kirayə haqqı ödənilməklə binadan köçürülmüş, həmin bina sökülməklə yerində yeni yüksək mərtəbəli bina inşa edilmiş, sakinlərə və iddaçıya təhvil verilmişdir. Cavabdeh Qismət-M Construction MMC iddaçı İddiaçı qizı ilə qarşılıqlı razılaşma əsasında 14.08.2017-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçıya mənzildən köçməsinə görə 15.08.2017-ci il tarixdə 300 manat, mənzilin təmir olunana qədər kirayə haqqı və 30.04.2019-cu il tarixdə iddiaçının ərizəsinin əsasında 12320 manat təmir haqqı ödənilmişdir. MMC tərəfindən layihəni həyata keçirən zaman sakinlərə 20% artıq sahə verilməsi nəzərdə tutulmuşdur. İddaçıya mülkiyyətində olmuş ümumi sahəsi 46,8 m2 olan 2 otaqlı mənzilə görə 20%-dən artıq sahədə daxil olmaqla sahəsi 61,6 m2 olan mənzil verilmişdir. İddiaçı müqaviləni imzalamaqa, mənzili təhvil almaqla müqavilə şərtləri ilə razı olmasını bildirmişdir. İddiaçı ilə 2017-ci ildə qarşılıqlı razılaşmaya əsasən bağlanmış müqaviləyə əsasən, köçmə pulu, kirayə haqqı və 2019-cu il tarixdə isə mənzilin təmir pulu ödənilmişdir. Bundan başqa iddiaçıya qolunu sındırdığı üçün cavabdeh tərəfindən yardım olaraq 2000 manat verilmişdir. Cavabdeh öz müqavilə öhdəliklərini tam icra etmişdir. O, cavabdehin vəkili olaraq iddiaçını MMC-nin ofisində heç vaxt qəbul etməmiş, onunla müqavilə ilə bağlı danışıqlar aparmamışdır. Cavabdeh iddiaçını aldadıb onunla müqavilə bağlaya bilməzdi İddia ərizəsində qeyd olunanlar yalan və uydurulmuş sözlərdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir. Həmin Məcəllənin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 22.06.2017-ci il tarixli № 198 saylı sərəncamından müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, Qismət-M Construction MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16.06.2017-ci il tarixli, 02/05-1086 nömrəli razılaşdırma məktubunu, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 22.06.2017-ci il tarixli 196 nömrəli sərəncamını və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 03.05.2017-ci il tarixli 37/34-01697 nömrəli məktubu ilə təqdim edilmiş yaşayış binasının texniki vəziyyəti haqqında 26.04.2017-ci il tarixli aktı nəzərə alınaraq ünvan 3 ünvanında yerləşən istismar müddəti başa çatmış 5 mərtəbəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında Qismət-M Constriction MMC tərəfindən köçürülərək həmin binanın Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmiş, sökülmüş binanın yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin Qismət-M Constriction MMC-yə icarəyə ayırlmış, şifarişçiyə Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 ünvanında yerləşən yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsini və qəzalı binanın sökülməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1.mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3.mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4.mülkiyyətin toxunulmazlığı; 6.1.5.müqavilələr azadlığı; Həmin Məcəllənin 6.2.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 389.1.-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2.-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Tikinti şirkəti Qismət-M Construction MMC ilə əmlak mülkiyyətçisi İddiaçı Raşid qızı arasında notarial qaydada təsdiq olunmaqla 14.08.2017-ci il tarixdə bağlanmış müqavilənin 1.1-ci bəndindən müəyyən olunur ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarının 1.3. maddəsinin tələblərinin və bu müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda öhdəlikləri üzərilərinə götürmüşlər: 1.1.1.Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən 19.05.2000-ci il tarixində 30/9095 qeydiyyat və 959 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ÖM 039369 saylı çıxarış ilə öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 6 blokda ümumi sahəsi 46,8 m2 olan 2 otaqlı 79 saylı mənzilini sökmək üçün Qismət-M Construction MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. 1.1.2.Tikinti şirkəti Qismət-M Construction MMC ünvan 4 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 2 blok, 6 mərtəbədə yerləşən 1 otaqlı ümumi sahəsi oxdan-oxa 61,6 m2 olan 113 saylı təmirli mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2.Tikinti şirkəti inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və əmlak mülkiyyətçisini təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yamasını təmin etmək məqsədi ilə əmlak mülkiyyətçisinə kompensasiya şəklində aylıq 350 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. Əmlak mülkiyyətçisinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişləri təmin edəcəkdir. Müqavilənin 2.1.2-2.1.3-cü bəndlərindən müəyyən olunur ki, əmlak mülkiyyətçisi mülkiyyətində olan yaşayış sahəsini tikinti şirkətinin vəsaiti hesabına köçmə pulu alındıqdan sonra üç gün müddətində mənzili tam boşaldaraq, yüklü olmaması barədə arayışı (forma 1) və mənzilin açarlarını tikinti şirkətinə təhvil verməyi və sökülməsi üçün tikinti şirkətinə verdiyi əmlaka dair gələcəkdə heç bir iddia tələbi qaldırmayacağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.08.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 174 saylı evin ümumi sahəsi 55,20 m2 olan 113 saylı mənzili (yeni qaydalarda: AZ 1122 Bakı şəhəri Yasamal rayonu X2 küçəsi 616, M8, m4) İddiaçı Rəçid qızının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı Qismət-M MMC-yə ünvanladığı 30.04.2019-cu il tarixli ərizəsindən müəyyən olunur ki, o, mənzilin təmiri üçün 1 kv. üçün 200 manat olmaqla cəmi 12320 manatın ona verilməsini, gələcəkdə hər hansı bir iddiası olarsa etibarsız sayılmasını xahiş etmişdir. 30.04.2019-cu il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, İddiaçı Rəçid qızı təmir xərcinə görə 12320 manatı qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri). Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı ünvan 3 ünvanında, istismar müddəti başa çatmış binada yerləşən ümumi sahəsi 46,8 m2 olan 2 otaqlı 79 saylı mənzilini tikinti şirkəti olan Qismət-M Construction MMC ilə bağladığı, notarial qaydada təsdiq olunmuş 14.08.2017-ci il tarixli müqaviləyə əsasən cavabdehin həmin ərazidə inşa etdiyi binada 1 otaqlı ümumi sahəsi 61,6 m2 olan 113 saylı təmirli mənzilin əvəzində verməyi, mülkiyyətində olan yaşayış sahəsini tikinti şirkətinin vəsaiti hesabına köçmə pulu aldıqdan sonra üç gün müddətində mənzili tam boşaldaraq, yüklü olmaması barədə arayışı (forma 1) və mənzilin açarlarını tikinti şirkətinə təhvil verməyi və sökülməsi üçün tikinti şirkətinə verdiyi əmlaka dair gələcəkdə heç bir iddia tələbi qaldırmayacağını öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflər hər biri ayrı-ayrılıqda 14.08.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərini icra etmiş, tikinti şirkəti müqavilədə tərəflərin razılaşdıqları kirayə haqqını, mənzili, mənzilin təmir edilməsi üçün pul vəsaitini iddiaçıya vermiş, iddiaçı kirayə haqqını, mənzili, mənzilin təmiri üçün tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən olunan təmir pulunu qəbul edərək mənzilini təmir edib mənzilinə köçmüş, onun bu mənzilə dair mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı 4 ildən sonra bağladığı müqavilənin məcbur olub bağlamasını, həmin müqavilə ilə ona mənzil sahəsinin az verilməsini iddia etsə də, məhkəmə tədqiqatı zamanı tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mənzilin otaqlarının sayının müəyyən edilməsi həmin mənzilin sahibinin öz zövqünə uyğun davranışından asılıdır. Tərəflər arasında bağlanan müqavilədən isə aydın müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan ümumi sahəsi 46,8 m2 təşkil edən, istismar müddəti başa çatmış binada yerləşən mənzilə görə həmin ərazidə yeni inşa olunan binada yerləşən, ümumi sahəsi 61,6 m2 olan tam təmirli mənzil əldə etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri tərəflərin qarşılıqlı razılaşmasına əsasən müəyyən edildiyindən, bu şərtlər iddiaçının hüquqlarını məhdudlaşdırmadığından, cavabdeh müqavilə şərtlərini vaxtında və tam olaraq icra etdiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Qismət-M Construction MMC-yə qarşı iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın, dövlət rüsumuna görə 121 manatın verilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar