Məhkəmə qərarları › İş №2(001)-1242/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1242/2020

14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1242/2020 14.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 rayon Mühafizə İdarəsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 rayon Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyanın əvəzi qismində 12889 manat, hüquqi yardıma çəkilmiş xərcin əvəzi kimi 210 manat, habelə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 07:50 radələrində X4 cavabdehə məxsus “Volkswagen Polo” markalı, AZ**-PR-*** qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmuş və nəticədə iddiaçının idarə etdiyi “Hyundai İX35” markalı, AZ**-UV-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Ə.Məmmədzadə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 469.3-cü maddələri ilə protokol tərtib edilmişdir. Qəza nəticəsində iddiaçınına avtomobilinə 12889 manat məbləğində ziyan dəymişdir. Həmçinin, iddiaçı hüquqlarının məhkəmədə müdafiə olunması üçün 210 manat xərc çəkmişdir. Sonda R.İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamış, məkhəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: AC seriyalı, 248521 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Hyundai İX-35” minik markalı, AZ**-UV-*** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Yol vərəqəsinin surətindən görünür ki, “Volkswagen Polo” minik markalı, AZ**-PR-*** qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 rayon Mühafizə İdarəsinə məxsusdur. AP seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətindən görünür ki, X4 xx xxxxxx 2019-cu il tarixdə yol vərəqəsi ilə idarə etdiyi “Volkswagen Polo” minik markalı, AZ**-PR-*** qeydiyyat nişanlı avtomobillə yol ayrıcında işıqforun qırmızı işığının tələbinə əməl etməmiş, nəticədə sol tərəfdən düzünə hərəkət edən “Hyundai” markalı, AZ**-UV-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin vaxt “Volkswagen Polo” minik markalı avtomobilin icbari sığorta şəhadətnaməsinin olmadığı aşkarlanmışdır. xx xxxxxx 2019-cu il tarixli, TP ******* nömrəli “inzibati xəta vermə haqqında” qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. xx xxxxxx 2019-cu il tarixli qüsur aktından görünür ki, “Hyundai İX-35” minik markalı, AZ**-UV-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər xidmət haqqı ilə birlikdə 12889 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə əsasən həmin Məcəllənin 59-cu fəslində (Mülki hüquq pozuntusu) nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. İşin faktiki halları ilə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 rayon Mühafizə İdarəsinin verdiyi yol vərəqəsi əsasında avtomobili idarə edərkən yol – nəqliyyat hadisəsi törətmişdir və yuxarıda qeyd olunan normaların məzmununa əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 rayon Mühafizə İdarəsinin zərərin əvəzini ödəmək öhdəliyi yaranmışdır. Məkhəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən, avtomobilə vurulmuş ziyanın dəqiq müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın xx xxxxxxxx 2020-ci il tarixli, 9/2953 saylı rəyində göstərilmişdir ki, “Hyundai İX-35” markalı, AZ**-UV-*** qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 11614 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərər ekspert rəyi ilə müəyyən edilmiş 11614 manat məbləğində müəyyən edilməli və həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən vəkilə 210 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 210 manat və iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 28 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 120 manat məbləğində pul vəsaitinin 10 manat məbləğində hissəsi iddiaçıdan, 110 manat məbləğində hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 rayon Mühafizə İdarəsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə iddiası qismən təmin edilsin. Zərərin əvəzi qismində 11614 manat, hüquqi yardıma görə ödənilmiş 210 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 rayon Mühafizə İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 120 manat məbləğində pul vəsaitinin 10 manat məbləğində hissəsi İddiaçı, 110 manat məbləğində hissəsi isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 rayon Mühafizə İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar