Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1247/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızının Cavabdeh qarşı əmlakın hərracda satılması tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızı Cavabdeh qarşı əmlakın hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli, 2(001)-9282/2021 saylı qərardadından görünür ki, iddiaçı artıq bir dəfə eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş və həmin qərardadla iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, “ … Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən, fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən (dəyişikliklər 01.10.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir), ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ... İddia ərizəsində iddiaçı və cavabdehin adı, soyadı və ünvanları göstərilsə də, Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə zəruri hesab edilmiş digər məlumatlar qeyd olunmamışdır”. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli, 2(001)-9282/2021 saylı qərardadı mübahisələndirilməmiş və qərardad dövlət rüsumunun qaytarılması hissəsində 06.01.2022-ci il tarixdə icra edilmişdir. İcra sənədi Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən həmin tarixdə qəbul edilmiş və hal-hazırda e2487/2022-5-24 nömrə ilə icra məmuru X1 icraatındadır. 07.01.2022-ci il tarixdə iddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızı eyni məzmunlu iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin bu dəfə də 100 manat deyil, 70 manat dövlət rüsumu ödəmiş, 30 manat məbləğində dövlət rüsumunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.12.2021-ci il tarixli, 2(001)- 9282/2021 saylı qərardadı ilə qaytarılmasını nəzərə almamışdır. Bundan əlavə iddiaçı bu dəfə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə riayət etməmiş, iddia ərizəsində tərəflərin yalnız soyadı, adı, atasının adı və ünvanlarını qeyd etməklə kifayətlənmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyi üçün və qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızının Cavabdeh qarşı əmlakın hərracda satılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1247/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1247/2022
10.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver