Məhkəmə qərarları › İş №2(001)-1250/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1250/2020

22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1250/2020 22.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “daşınmaz əmlak üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “daşınmaz əmlak üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X3 etibarnamə əsasında nümayəndəsi X7 arasında xx.xx.2015-ci il tarixdə 54 saylı Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1405 saylı bağ evini İddiaçı almışdır. İddiaçı daşınmaz əmlakın dəyərini tam ödəmiş, lakin alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin evə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində öz adına rəsmiləşdirməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(101)-1138/2016 saylı hökmü ilə əvvəllər X3 adına olmuş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1405 saylı bağ evi üzərində həbs saxlanılmışdır. Halbuki, sözügedən bağ evi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(101)-1138/2016 saylı hökmündən təxminən 1 il əvvəl alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır. Ərizəyə əlavə olunmuş materiallardan göründüyü kimi, 2015-ci ilə qədər X4 məxsus olmuş həmin bağ evi xx.xx.2015-ci il tarixdə İddiaçı satılmışdır. Hökmlə X3 adına olan əmlak üzərinə həbsin qoyulması isə İddiaçı tam qanuni əsaslarla mülkiyyətinə aldığı daşınmaz əmlaka dair mülkiyyət hüququnun məhrum edə bilməz. Belə ki, üzərinə həbs qoyulması qərara alınmış əmlak təqsirləndirilən şəxsə deyil, iddiaçıya məxsus olduğundan, təqsirləndirilən şəxsin mülkiyyətində olmadığından və onun təqsirləndirildiyi cinayət işinə heç bir əlaqəsi olmadığından əmlak üzərinə həbs qoyula bilməzdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx xxxxxx 2015-ci il tarixli, AN-İ № ******* nönrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, həmin müqavilə X6 (nümayəndə X7 vasitəsilə) ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1405 saylı ünvanda yerləşən bağ evi X6 tərəfindən İddiaçı 150000 manata satılmışdır. İş materiallarında olan 4ə/244 nömrəli notariat işindən görünür ki, müqavilə bağlanarkən X3 nümayəndəsi X7 54 saylı Notariat Kontoruna aşağıdakı məzmunda ərizə vermişdir: “ ... X1 və heç kimlə nikahda deyil. Bunu öz imzamla təsdiq edirəm. Gələcəkdə hər hansı bir iddia ortaya çıxarsa məsuliyyəti öz üzərimə götürürəm”. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx xxxxxx 2015-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1405 saylı bağ evi üzərində məhdudiyyət və yüklülülük qeydiyyata alınmamışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(101)-1138/2016 saylı hökmündən görünür ki, cinayət işinin istintaqı zamanı vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli qərarları ilə X2 ... arvadı Qasımova (Abbasova) Kamalə Kamil qızının adına olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1405 saylı bağ evi ... üzərinə həbs qoyulması müəyyən edilmiş və qeyd olunan bağ evinin üzərində gələcəkdə dəymiş ziyanın aradan qaldırılmasının təmin edilməsi üçün həbsin saxlanılması hökm edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək, İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1405 saylı bağ evinin həbsdən azad edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.1-ci maddəsinə əsasən, əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədi ilə tətbiq edilir; əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir; bank əmanətlərinə tətbiq edildikdən sonra onlar üzrə əməliyyatların aparılmasına xitam verir. Həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır. Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Mülki Məcəllənin 146-cı maddəsinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2012-ci il tarixli Qərarı) “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci bəndinə müvafiq olaraq, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Satridis Yunanstana qarşı”, “Beyeler İtaliyaya qarşı”, “Tre Traktörer İsveçə qarşı”, “Van Marie və başqaları Niderlanda qarşı” qərarlarında X9 Məhkəməsi hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağı "hüquq" kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın "mülkiyyət hüququ" hesab edilməməsi, 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" hesab edilməsinin qarşısını almır. Beləliklə məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, X6 ilə İddiaçı arasında xx xxxxxx 2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və müqavilə bağlandığı tarixdən bir ilə yaxın müddət keçdikdən sonra həmin əmlak üzərinə X3 mülkiyyəti kimi çinayət işi çərçivəsində həbs qoyulmuşdur. xx xxxxxx 2015-ci il tarixli alqısatqı müqaviləsinin məzmunundan da göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli bağ evi satıcıdan 150000 manata alınarkən həmin bağ evi yüklü və ya həbs altında olmamış, bağ evinin özgəninkiləşdirilməsinə hər hansı qadağa olmamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək, İddiaçı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1405 saylı bağ evinin həbsdən azad edilməsini xahiş etmiş, lakin müraciətinə hər hansı rəsmi cavab almamışdır. Hal-hazırda İddiaçı sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması daşınmaz əmlak üzərinə cinayət işi çərçivəsində həbs qoyulması səbəbindən mümkün deyil, bu da onun mülkiyyətçi kimi hüquqlarını reallaşdırmağa maneə törədir. Məhkəmə işin şərh edilən hallarını və sadalanan maddi hüqüq normalarını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1405 ünvanında yerləşən bağ evi həbsdən azad edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1405 saylı bağ evi həbsdən azad edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar