Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1261/2021 17.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 19000 manat məbləğində əsas borc məbləğinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 2850 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, cəmi 26881 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28000 manat məbləğində əsas borc məbləğinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 5600 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, cəmi 38631 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, övladının səhhətində ciddi problemlər yarandığından onu ölkə hüdudlarından kənara aparılması zərurəti yaranmışdır. Bu səbəbdən də o, mülkiyyətində olan **-BZ-*** qeydiyyat nişanlı “Hyundai İX-55” markalı avtomobilini satmaq qərarına gəlmişdir. O, əvvəldən tanıdığı X3 vasitəsi ilə tanış olduğu və özünü makler adlandıran Cavabdeh tanımış, Salmanla birlikdə Ruslanla görüşüb özünə məxsus qeyd etdiyi avtomobili satmaq istədiyini bildirmişdir. Onlar avtomobilin qiymətini 28000 manata razılaşıb avtomobili həmin qiymətə satmaq barədə razılığa gəlmişlər. Bu məqsədlə o, 07.11.2017-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda cavabdehin adına etibarnamə vermiş, həmin etibarnaməni verərkən yalnız avtomobili sürmək hüququ verməsini bildirsə də, ona bildirmədən “Baş etibarnamə” almışlar. O, isə həmin vaxt özündə olmadığından tez-tələsik etibarnaməni oxumadan imza etmişdir. O, cavabdehə 07.11.2017-ci ildə etibarnamə versə də, avtomobil 13.11.2017-ci ilə kimi özünün istifadəsində olmuşdur. 13.11.2017-ci ildə cavabdeh ona zəng edərək, avtomobili almaq istəyən olduğunu, ona görə avtomobili aparıb göstərmək lazım olduğunu bildirərək həmin gün axşam saatlarında o bacısı Könülgildə olarkən Ruslan gəlib avtomobili aparmışdır. Həmin vaxt o, cavabdehə ona təcili pul lazım olduğunu bildirdikdə, Ruslan ona köməklik məqsədilə 5000 manat pul verə biləcəyini bildirmişdir. 16.11.2017-ci ildə onlar yenidən görüşərkən Ruslan avtomobilin hələ də satılmadığını, lakin 5000 manat pulu gətirdiyini bildirib, həmin 5000 manat pulu ona vermişdir. Ona həmin vaxt təcili pul lazım olduğu üçün 5000 manat pulu götürmüş və 19.11.2017-ci ildə övladının müalicəsi üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. O, İstanbulda olan zaman həyat yoldaşı ilə əlaqə saxlamış, maşına görə çox narahat olduğunu, Ruslan etibarnamə verərkən göstərilmiş səlahiyyətləri oxumadığını, bu səbəbdən notariusa gedib etibarnamədə göstərilmiş səlahiyyətləri aydınlaşdırmasını bildirmişdir. Həyat yoldaşı notariat orqanına gedərək maraqlandıqda məlum olmuşdur ki, artıq avtomobil başqa şəxsə satılmışdır. Ona görə də o, məcbur olaraq təcili 22.11.2017-ci ildə Azərbaycana qayıtmış və Ruslanla əlaqə saxlamaq istəsə də, Ruslan onun telefon zənglərinə cavab verməmişdir. Ona görə də o, 23.11.2017-ci il tarixində yoldaşı ilə notariusa gedərək, Ruslanın adına vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. Bir müddətdən sonra o, çətinliklə olsa da, Ruslanla görüşmüş, görüşdükləri zaman Ruslan ona avtomobili 24000 manata satmasını bildirmişdir. Belə olan vəziyyətdə o, Ruslandan ona ödənilməli olan qalan 19000 manat pulunu tələb etsə də, Ruslan həmin pulu yaxın zamanda ödəyəcəyinə söz versə də, hər dəfə bir bəhanə gətirməklə həmin pulu verməkdən yayınmışdır. O, cavabdehlər X5 və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi və avtomobilin qaytarılması” tələbinə dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(006)-983/2018 nömrəli, 08.02.2018-ci il tarixli qətnaməsindən vermiş olduğu apelyasiya şikayətinə baxılarkən Bakı Apellyasiya Məhkəməsi öz qətnaməsində göstərmişdir ki, onun iddiaçı olaraq avtomobil satışından əldə olunan pul məbləğinin cavabdeh tərəfindən ona tam şəkildə qaytarılmadığına dair sübut təqdim edə bilməməsini əsas gətirərək, iddia tələbini rədd etsə də, cavabdeh tərəfindən 11000 manat və 13000 manat pul məbləğlərinin ona nə vaxt, harada və kimlərin yanında verməsi halını aydınlaşdırmamış və bunu öz qətnaməsində əsaslandırmamışdır. Bütün bu hallar onu deməyə əsas verir ki, məhkəmə işi hərtərəfli araşdırmamış, yalnız cavabdehin biri digərini tamamlamayan şifahi bildirdiklərini əsas götürərək, Cavabdeh tərəfindən həmin pulun ona tam olaraq ödənilməsi qənaətinə gəlməklə əsassız və qanunsuz məhkəmə aktı qəbul etmişdir. İddiaçının Cavabdeh (qohumu olmadığı və əvvəllər tanımadığı halda) sərəncam vermək hüququ daxil olmaqla baş etibarnamə verməsi faktının avtomobilə görə razılaşdırılmış pulu tam şəkildə almasına dəlalət etməsi və bunu ehtimal etmək barədə birinci instansiya məhkəməsinin qətnaməsi yanlışdır. Belə ki, cavabdeh tərəfindən etirazının istinad etdiyi halları sübut etmək vəzifəsi onun özünə məxsus olduğundan iddiaçıya ödədiyi pulların ödənilməsi barədə dəlilləri sübut etməlidir. Kollegiya hesab edir ki, tələbə münasibətdə (pul tələbi olmadığından) apelyasiya səlahiyyətləri həddində bu halların müzakirəsi yolverilməzdir və bu hallar mümkün ola bilən başqa tələbin mövzusudur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4191/2018 nömrəli, 04.04.2018-ci il tarixli qətnaməsindən onun vermiş olduğu kasasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən etirazının istinad etdiyi halları sübut etmək vəzifəsi onun özünə məxsus olduğundan iddiaçıya ödədiyi pulların ödənilməsi barədə dəlilləri sübut etməli olmasını qeyd etsə də, iş materiallarında cavabdehin buna dair məhkəmə izahatından başqa heç bir hal olmamasına işə baxan məhkəmə qiymət verməmişdir. Məhkəmə cavabdehin təmsilçi kimi üzərinə düşən vəzifələri tam yerinə yetirməsinin iş materiallarında olmamasına diqqət yetirməmiş, iddiaçının məhz hansı səbəblərdən cavabdehə verdiyi etibarnaməni ləğv etdirməsini hərtərəfli araşdırmamış, müəyyən edilmiş hallara hüquqi qiymət verməmişdir. Göründüyü kimi, cavabdeh onunla arasında razılaşdırılmış öhdəliyin şərtlərinə riayət etməmiş, satılmış nəqliyyat vasitəsinin qalıq dəyərini, yəni 19000 manatını ona ödəməmişdir. Ona görə də həmin pul vəsaiti cavabdehdən alınaraq ona ödənilməlidir. Həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq 19000 manat üçün illik 5%, yəni 2850 (19000x5%x3il) məbləğində pul vəsaiti də cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı, mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehin onun əmlakını sataraq əmlakın dəyərini illərlə özündə saxlaması, onun əmlakını özündə saxladığına görə illər ərzində baş tutan məhkəmə çəkişmələri onun əsas sarsıntısı və mənəvi iztirab keçirməsinə səbəb olmuş, hətta o, həyat yoldaşı ilə boşanmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Ona görə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh və onun nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, o, Ruslandan Hyundai İX55 markalı avtomobil almışdır. Ona məxsus olan Hyundai Sonata markalı avtomobili 12000 manat kimi qiymətləndirməklə və əlavə olaraq 14500 manat ödəniş etməklə Ruslanla avtomobilin alqı-satıqısına dair razılaşmışdırlar. O, avtomobilə Elmlər Akademiyası metrostansiyasının yaxınlığında baxmış və 2 gün sonra Memar Əcəmi metrostansiyasının yaxınlığında X22 Ruslana 14500 manat pulu və özünə məxsus avtomobili vermişdir. Avtomobili baş etibarnamə ilə almışdır. Daha sonra avtomobili öz adına qeydiyyata aldırmaq üçün 2 şəxsə etibarnamə vermiş və sonra avtomobili öz adına qeydiyyatdan keçirmişdir. O, həmin avtomobili Mikayıl adlı şəxsə təqribən 1 il sonra 25500 manata satmışdır. Məhkəmə izahatları və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisələndirilməyən və mübahisələndirilən halları aşağıdakılardan ibarətdir.
1. Mübahisə iddiaçıya məxsus olmuş “Hundai İX-55” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə(bundan sonra-avtomobil) görə onun ödənilməyən dəyərinin, bununla bağlı maddi və mənəvi zərərin cavabdehdən alınması ilə bağlıdır.
2. 07.11.2017-ci ildə İddiaçı **-BZ-*** qeydiyyat nişanlı “Hyundai İX-55” markalı avtomobillə bağlı 07.11.2018-ci ilə kimi Cavabdeh etibarnamə vermiş, etibarnamədə sürücülük hüquq olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər səlahiyyətlər müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən **-BZ-*** qeydiyyat nişanlı “Hyundai İX-55” markalı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünür ki, **-BZ-*** qeydiyyat nişanlı “Hyundai İX-55” markalı avtomobil İddiaçı mülkiyyətində olmuş, o, həmin avtomobillə bağlı 07.11.2017-ci ildə Cavabdeh etibarnamə vermiş, 14.11.2017-ci il tarixdə isə X5 etibarnamə verilmiş, avtomobil 20.11.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçının adından qeydiyyatdan çıxmışdır.
4. İddiaçı tərəfindən ünvan 1 ünvanlanmış 23.11.2017-ci il tarixli ərizənin surətindən görünür ki, o, onun tərəfindən 07.11.2017-ci il tarixdə Cavabdeh 7E- 25786 DNN 99BZ088 saylı reyestrlə verilmiş baş etibarnamənin ləğv edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış 31.12.2020-ci il tarixli sorğuya cavabdan görünür ki, **-BZ-*** qeydiyyat nişanlı “Hyundai İX-55” markalı avtomobil 21.07.2014-cü ildə İddiaçı adına qeydiyyata alınmış, 20.11.2017-ci ildə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq dövlət nişanı dəyişdirilmədən X2 adına rəsmiləşdirilmişdir.
6. Azərbaycan Respublikası DİN BDYPİ-nin məhkəmənin sorğusuna əsasən 02.06.2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, nəqliyyat vasitəsinin 16.11.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən **-BZ-*** qeydiyyat nişanlı “Hyundai İX-55” markalı avtomobil İddiaçı adından etibarnamə əsasında X8 tərəfindən 27000 manata X1.
7. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən ünvan 3 ünvanlanmış sorğuya 01.12.2020-ci il tarixli cavabdan görünür ki, İddiaçı 19.11.2017-ci ildə Türkiyəyə çıxış etmiş, 23.11.2017-ci ildə isə Türkiyədən giriş etmişdir.
8. İddiaçı hazırki iddia ərizəsində avtomobilin qiymətinin 24000 manat olduğunu qeyd etmiş, daha sonra iddia ərizəsinin vəkili tərəfindən düzgün tərtib edilmədiyinə istinad edərək, əslində avtomobilin qiymətinin 28000 manat olduğunu bildirmiş və iddia tələbinin həcmini artırmışdır.
9. İddiaçı tərəf iddia ərizəsində və izahatlarında bildirmişdir ki, ona uşağının müalicəsi ilə bağlı pul lazım olduğundan avtomobilini satmaq qərarına gəlmiş və bu səbəbdən öz yaxın qohumu Salman adlı şəxsin vasitəsilə avtomobil alqı-satqısı ilə məşğul olan Cavabdeh tanımışdır. Cavabdeh ona avtomobilin alıcısı kimi təqdim edilmişdir. İddiaçı bildirir ki, onlar avtomobilin satış qiymətini 28000 manata razılaşmışlar. İddiaçı bildirir ki, o, aldadılaraq cavabdehə 07.11.2017-ci il tarixdə sürücülük hüququ verdiyini düşünərək əslində baş etibarnamə vermiş və 13.11.2017-ci il tarixədək avtomobil öz şəxsi istifadəsində olmuş, sonradan cavabdeh avtomobili müştəriyə göstərmək adı ilə ondan götürmüşdür. Həmin vaxt o cavabdehə 5000 manat pul lazım olduğunu bildirmiş və cavabdeh avtomobilin satılmadığını, lakin ona 5000 manat verə biləcəyini bildirmiş və 16.11.2017-ci il tarixdə görüşərək sonuncudan 5000 manat almışdır. İddiaçı bildirir ki, o, 19.11.2017ci il tarixdə Türkiyə Respublikasına getmiş və orda olan zaman cavabdehin onun telefonlarına cavab verməməsi onu şübhələndirmiş və faktiki həyat yoldaşına onun tərəfindən verilmiş etibarnamənin məzmununu öyrənməyi tapşırmışdır. Öz növbəsində faktiki həyat yoldaşı X11 notariusa getmiş və avtomobilə dair cavabdehdə Baş etibarnamə verildiyi məlum olmuşdur. Bundan sonra R.Əhmədov yol polisi idarəsinə getmiş və avtomobilin orda olduğunu və başqa şəxsin adına alqısatqı edildiyini görmüşdür. Bundan sonra o, ölkəyə qayıdaraq 23.11.2017-ci il tarixdə verdiyi etibarnaməni ləğv etdirmişdir və etibarnaməni ləğv elətdirdikdən sonra cavabdehlə görüşmüş və cavabdeh avtomobili 24000 manata satdığını ona bildirmişdir. O, avtomobilin qalıq qiymətinin ona ödənilməsini tələb etmiş, cavabdeh isə qalıq 19000 manatı yaxın günlərdə qaytaracağını bildirmişdir. Bundan sonra müqavilənin ləğv edilməsi və avtomobilin qaytarılması tələbi ilə bağlı 27.11.2017-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə araşdırılması zamanı avtomobilin qaytarılmasının mümkün olmadığı müəyyən edilmiş və ona pul tələbi ilə bağlı iddia vermək hüququnun olması izah edilmişdir. Bundan sonra pandemiya düşmüş və hazırki tələblə məhkəməyə müraciət etmişdir.
10. Cavabdeh isə bildirir ki, o avtomobilin alqı-satqısı və icarəsi ilə məşğul olur, qonşu mağazanın sahibi Salman adlı şəxsin qohumu kimi iddiaçı ona müraciət etmiş və avtomobilini satmaq istədiyini bildirmişdir. O, avtomobilə ilkin baxış keçirilən zaman iddiaçıya daha yüksək qiymət təklif etmiş, lakin sonra avtomobilin təqribən 730 manat cəriməsinin olduğunu, avtomobilin kosmetik xərclərinin olduğunu bildirərək qiymətin 24000 manata müəyyən edilməsi barədə razılaşmışlar. Cavabdeh bildirir ki, o avtomobili alıb, sonra satmaq istəmişdir və nəticədə 24000 manata alaraq, inzibati cərimə və digər işlərini həll etikdən sonra hazırki iş üzrə üçüncü şəxs olan X13 Sonata ilə barter etmiş və əlavə olaraq C.Qənbərovdan 14500 manat pul almışdır. O, etibarnamə verilən zaman 11000 manat, 16.11.2017-ci ildə isə 13000 manat iddiaçıya ödəmişdir. Birinci ödəniş 07.11.2017-ci ildə onun ofisində, iddiaçının qohumu Salmanın iştirakı ilə olmuş, ikinci ödəniş barədə iddiaçıya 14.11.2017-ci il tarixdən zəng vurmuş, lakin iddiaçının vaxtı olmadığı üçün 16.11.2017-ci ildə onunla Xırdalanda görüşmüş və restoranda 13000 manat iddiaçıya pul vermişdir. Maşını satdıqdan sonra iddiaçı ona müraciət edərək, əri ilə barışmaq üçün avtomobilin geri qaytarılmalı olduğunu bildirmişdir. Lakin o iddiaçıya bunun mümkün olmayacağını və avtomobilin artıq satıldığını bildirmiş, iddiaçının həyat yoldaşı isə ona zəng vuraraq Polis olduğunu bildirməklə onu hədələmişdir və nəticədə mübahisələri başlamışdır.
11. İddiaçının əvvəlki nümayəndəsi tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olduğuna, hazırki nümayəndəsi isə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olduğuna, o cümlədən iddiaçının etibarnamə verilən zaman aldadıldığına istinad edərək pulun ödənildiyinin cavabdeh tərəfindən sübut edilməli olduğunu bildirmişlər.
12. İddiaçı tərəf eyni zamanda atomobilin real bazar qiymətinin 28-30 min manat olduğu nəzərə alındıqda, həmin il üçün çox da köhnə hesab edilməyən avtomobilin 24000 manata cavabdehə satılmasının, o cümlədən pulun tamamilə ödənilmədən tanımadığı şəxsə avtomobilin təhvil verilməsinin məntiqsiz olduğunu və bu faktın iddianın əsaslı hesab edilməsi üçün kifayət etməsi qənaətinə gəlirlər.
13. Cavabdeh tərəf isə pulun ödənilməsini şahid ifadələri və video görüntü məlumatları ilə sübut etməyə çalışmışlar. Eyni zamanda iddiaçı tərəfin bildirdiklərinə əks arqument olaraq, avtomobilin pulunun tamamilə ödənilmədən cavabdehə(tanımadığı şəxsə) Baş etibarnamə verilməsi və avtomobilin təhvil verilməsinin əksinə məntiqsiz hərəkət olduğunu cavabdeh tərəf bildirmişdir. İddiaçının etibarnamə verilən zaman aldadılmasını sübut etmə vəzifəsi də iddiaçının üzərinə düşməlidir. Bundan başqa cavabdeh bildirmişdir ki, maşın alverində avtomobilin etibarnamə ilə satılması qəbul edilən haldır. Belə ki, avtomobilin rəsmi qaydada alqı-satqı edilməsi nə alıcının, nə də satıcının marağında olur. Çünki bu halda əlavə rüsum və.s ödəmək məcburiyyətində olurlar.
14. Cavabdeh tərəf iddiaçıya 11000 manat verildiyini şahid ifadəsi ilə, 13000 manat verildiyini isə kamera görüntüsü ilə təsdiq olunduğunu bildirir. Kamera görüntüsündə iki bükmədə 100 lük və 50 lik əskinaslarla 13000 manat verildiyini bildirir.
15. Cavabdeh tərəf 13000 manat verildiyi gün, iddiaçının “Kristal Abşerondan” ev almaq üçün getməli olmasını bildirir və həmin gün iddiaçının adına 12000 manat müqabilində X6 adlı şəxsdən ev alınması ilə bağlı etibarnamə verildiyini bildirir. Ü.Rəsulzadənin anasının bununla bağlı şahid kimi ifadə verdiyini bildirir. İddiaçı əvvəlcə onun adına ev olmadığını bildirmiş, lakin sonradan Rəsulova Mədinə şahid kimi ifadə verdikdən sonra evin ona aid olmadığını, həmin evin bacısı tərəfindən alındığını bildirmişdir. İddiaçı bacısının Gürcüstan vətəndaşı olduğu üçün Azərbaycanda ev ala bilmədiyi üçün evin onun adına alındığını bildirir. Məhkəmə hesab edir ki, hazırki mübahisədə müəyyən edilməli olan hal tərəflər arasında yaranmış münasibətlərin xarakteri, mübahisə predmeti olan avtomobilin alqısatqı dəyəri və avtomobilin dəyərinin ödənilib-ödənilməməsidir. Bu baxımdan iddianın əsaslılığı sübutetmə ilə bağlıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan tərəflər arasında münasibətlərin xarakterinin müəyyən edilməsi iş üçün vacib əhəmiyyətli haldır. Çünki münasibətlərin xarakterinin düzgün müəyyən edilməsi iddia tələbinin hüquqi əsasının tapılması üçün vacib amildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı tərəf yekun olaraq iddia tələbinin hüquqi əsası kimi tapşırıq müqaviləsi üzrə öhdəliklərin icrasının tələb edilməsinə, aldadılmaqla bağlanıldığına görə etibarnamənin etibarsızlığına istinad edir. Bu baxımdan Mülki Məcəllənin öhdəlik anlayışını müəyyən edən normalarına nəzər yetirək. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.(MM 385.1;386.1) Tərəflərin izahatlarından işin hallarından müəyyən edildiyi kimi tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Lakin müqavilə münasibətinin xarakterinin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.5-ci maddəsi). Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır (Mülki Məcəllənin 404.2-ci maddəsi). Məhkəmə tərəflərin izahatlarından, tədqiq edilmiş sübutlardan o qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Lakin iddia ərizəsindən göründüyü kimi iddiaçı bildirir ki, cavabdeh ona 5000 manat pul verərkən avtomobilin hələ satılmadığını bildirmişdir. Odur ki, tapşırıq icra olunmamışdırsa iddiaçının cavabdehdən 5000 manat alması tapşırıq müqaviləsinin mahiyyətinə ziddir. Eyni zamanda tapşırıq müqaviləsi üzrə vəkalət alanın vəkalət verənin ona tapşırdığı əqdi bağlamaqdan başqa vəzifəsi yoxdur. Lakin işin halından müəyyən edildiyi kimi iddiaçı avtomobilin hansı qiymətə satılacağında maraqlı olmamış, yalnız o avtomobilə görə cavabdehdən 24000 və ya 28000 manat əldə etməyi arzulamışdır. Daha da konkret deyilsə, əgər iddiaçı avtomobili satmaq üçün cavabdehə tapşırıq vermişdirsə onun satılacağı və ya hansı qiymətə satılacağı barədə vəkalət alandan təminat gözləyə bilməzdi. Bundan başqa iddiaçı ilkin olaraq avtomobilin qaytarılması ilə bağlı tələb irəli sürməklə, faktiki olaraq vəkalət alanın tapşırıq üzrə vəzifələrin icrasının nəticəsində deyil, avtomobilin ona qaytarılmasında maraqlı olduğunu təsdiq etmişdir. Bundan əlavə işin mübahisələndirilməyən halı ondan ibarət olmuşdur ki, cavabdeh avtomobili götürdükdən sonra iddiaçının inzibati cərimələrini ödəmişdir. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, tərəflər arasında iradə ifadəsinin həqiqi mənası alqı-satqı müqaviləsi bağlamaq olmuşdur. İddiaçı tərəfin digər dəlili ondan ibarətdir ki, iddiaçı cavabdehə etibarnamə verərkən aldadılmış, sürücülük hüququ əvəzinə, cavabdehə sərəncam hüququnu da ehtiva edən Baş etibarnamə vermişdir. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-cü maddəsində qeyd edilmişdir ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, əvvəla sözügedən etibarnamə artıq iddiaçı tərəfindən ləğv edilmişdir, eyni zamanda aldadılmaqla bağlanan müqavilələr mübahisələndirilən etibarsız əqdlər kateqoriyasına aiddir və bununla bağlı hüquqi qiymətləndirmə tələbdən asılıdır. Yəni iddiaçının ümumiyyətlə bu əsasa istinad etməsi məhkəmə üçün aydın deyildir. Əksinə iddiaçının qeyd edilən əsasa istinad etməsi tərəflər arasında alqı-satqının baş tutduğu qənaətini daha da gücləndirir. Belə ki, iddiaçı da fərqindədir ki, Baş etibarnamə verməsi onun faktiki olaraq avtomobili satması kimi qiymətləndirilir, ona görə də sərəncam vermək hüququnu əks etdirən Baş etibarnamə verməsindən təəssüf hissi keçirir. Yəni etibarnamə verilməmişdən əvvəl və ya etibarnamə verilən zaman ona məlum idi ki, işgüzar adətlərdə baş etibarnamə verilməsi özlüyündə alqı-satqının əlamətlərini daşıyır. Bu isə o qənaətə gəlməyə əsas verir ki, etibarnamə tərtib etmə yolu ilə tərəflər formal olaraq tapşırıq münasibətlərində olduqlarını göstərməyə çalışsalar da, onlar alqı-satqı müqaviləsini pərdələmək məqsədi güdmüşlər. Çünki rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmış olsaydılar, əlavə olaraq digər rüsumlar ödəmək məcburiyyətində qalacaqdırlar. Göründüyü kimi tərəflər arasında vizual olaraq tapşırıq müqaviləsi bağlansa da, onların müqavilə üzrə hərəkətləri alqı-satqı qaydalarına uyğun aparılmışdır. Məhkəmə tapşırıq müqaviləsinin yalan əqd üzrə etibarsızlığı barədə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etmir, çünki vizual olaraq mövcud olmuş vəkalətnamə artıq ləğv edilmişdir. Yuxarıda qeyd olunan hüquqi dəyərləndirmə tərəflər arasında əslində mövcud olan hüquq münasibətlərinin xarakterini müəyyən etmək üçün aparılmışdır. Nəticə etibarı ilə məhkəmə o qənaətə gəlir ki, mübahisə predmeti olan avtomobil cavabdehin istifadə və sahibliyinə alqı-satqı müqaviləsi əsasında keçmişdir. Odur ki, mübahisənin həlli üçün alqı-satqı qaydalarını tənzimləyən normalara diqqət yetirilməlidir. Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Göstərilən normalara əsasən məhkəmə hesab edir ki, alqı-satqı predmeti faktiki olaraq cavabdehin istifadə və sahibliyinə verildiyindən, əşyanın dəyərinin ödənilməsini sübut etmək onun vəzifəsidir. Cavabdeh iddianın əsassızlığı ilə bağlı sübut kimi şahid ifadələrinə, video görüntüyə və Baş etibarnamənin mövcudluğuna istinad edir. Bu yerdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın məhkəməyə daxil olduğu vaxtdan uzun müddət keçmişdir və məhkəmə iclaslarında tərəflərə sübutlarının təqdim edilməsi barədə kifayət qədər şərait yaradılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, eyni tərəflər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)983/2018 saylı mülki işdə hazırki mübahisələndirilən hallara dair preyudisial əhəmiyyət daşıyan faktlar müəyyən edilməmişdir. Əksinə həmin mülki iş üzrə icraatda hazırki tələblə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş və avtomobilin dəyərinin ödənilib-ödənilməməsinin həmin mübahisənin predmetinin olmaması müəyyən edilmişdir. Cavabdeh tərəfindən dəvət edilən şahid X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ruslan onun dostudur. O, Nəsimi Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində olan proseslərdə iştirak etmişdir. O, Fatimə xanımı Salman adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, Salman ona Fatimənin maşınını satdığını söyləmiş, xanım maşını gətirən kimi maşınyuma məntəqəsinə yerləşdirmişlər. Həmin gün tərəflər birlikdə olmuşlar. Avtomobilin həmin tarixə 700 manat cəriməsi olmuşdur. Ofisdə olarkən Fatimə xanım bildirmişdir ki, uşağı xəstədir və pul lazımdır və Ruslan isə ona etibarnamə verildiyi təqdirdə 11000 manat verə biləcəyini bildirmişdir. Tərəflər razılaşdıqdan sonra Ruslan Fatimə xanıma ofisdə 11000 manat pul vermişdir. Tarix yadında olmasa da, Fatimə xanım avtomobili satmağa tək gəlmişdi. Həmin vaxt avtomobil Ruslanda olmuşdur. Etibarnamə verməyə Ruslan tək getmiş, o həmin prosesdə iştirak etməmişdir. Lakin pul məbləği müzakirə olunarkən o, iştirak etmişdir. Şərtlər belə idi ki, etibarnamə verildikdən sonra avtomobilin dəyəri tam ödənilməli idi. Ruslan iddiaçının avtomobili 24000 manata satmasını bildirmişdir. Həmin vaxt əldə 11000 manat olduğu üçün iddiaçıya 11000 manat ödənilmiş, o, Türkiyə Respublikasına gedib-gəldikdən sonra isə qalıq məbləğ olan 13000 manat ödənilməli idi. Kristal Abşeronda tərəflər görüşən zaman özü orada olmasa da dostu Firuz və Ruslan orada olmuşdur. Məkanda olan kamera görüntülərini də, o əldə etmişdir. Bir müddət sonra Fatimə xanım zəng edərək deyirdi ki, əri deyir avtomobili qaytarsınlar, pulunu verəcək. Bu zaman onlar avtomobili satdıqlarını bildirmişlər. Qalıq 13000 manat verilən zaman o, iştirak etməmişdir. Ödənişlərlə bağlı yazışmalar var idi . O, Rəşada zəng etməmişdir. Ruslan özü danışmışdır onunla. Bütün prosesin gedişindən Salman məlumatlı olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid kimi dəvət edilmiş X11 ifadəsində bildirmişdir ki, o, iddiaçının əridir. Rəsmi nikahları olmasa da, uşaqları vardır. Cavabdeh Fatiməni aldatmışdır. Fatimə Türkiyədən ona zəng vuraraq etibarnamənin məzmunu ilə tanış olmasını bildirmiş və o, notariusda etibarnamənin sərəncam vermək hüququ ilə verildiyini müəyyən etmiş. Daha sonra təsadüfən X23 İdarəsində avtomobilin başqa şəxsin adına keçirildiyini görmüşdür. O, Salmanı Fatimənin bacısının yoldaşı kimi tanıyır. Həmin dövrdə onun özünün 3 maşını olmuşdur. O, maşını da o, almış, pulunu Fatimə vermişdir. Fatimə ilə onlar arasında heç vaxt soyuqluq olmamışdır. X16 vasitəsi ilə tanımışdır. Fatimənin bəlkə də 8 yerdə evi vardır. Fatimənin kifayət qədər imkanı var idi və avtomobilin satışından əldə edilən pula ev almağa ehtiyacı yox idi. Həmin maşın sürülmürdü, həyətdə qalmışdı. Fatimənin indi sürdüyü avtomobili 70000 manat qiyməti var. Cavabdeh tərəfindən Fatiməyə 5000 manat pul verilməsini əminliklə deyə bilər. Salmanın yanında pul verilməmişdir. Əgər baş etibarnamə verilmişdisə, niyə maşın Fatimədə idi. Maşının şəhadətnaməsi də Fatimədə idi. Məhkəmə bu şahid ifadələrindən sonra iddiaçıya Salman adlı şəxsi hadisələrin birbaşa iştirakçısı kimi şahid qismində dəvət etmək hüququnun olmasını MPM-nin 77.3-cü maddəsinin tələbi baxımından izah etmiş, lakin iddiaçı Salman adlı şəxsin şahid qismində dəvət edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Sonuncu məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilən şahid X10 ifadəsində bildirmişdir ki, o, proses iştirakçılarından yalnız Fatimə xanımı tanıyır. Çünki ona ev satmışdır. Ailə olaraq 2015-ci ildə Kristal Abşeron MTK-dan 25 illik kreditlə mənzil almışlar və 2016-cı ilin mart-aprel aylarında həmin mənzilə köçmüşlər. Daha sonra mənzili satmaq məcburiyyətində qaldıqlarından Rövşən adlı maklerin vasitəsilə Fatimə xanımla müştəri kimi tanış olmuşlar. Fatimə xanım etibarnamə verilən gündən bir neçə gün əvvəl ona 500 manat beh vermiş, onlar evin qiymətini 12000 manata razılaşmışdırlar. Çünki evin hələ də krediti var idi. Fatimə ona demişdir ki, alacağı vardır, ona görə də pulun qalanını onu aldıqdan sonra verəcəkdir. Etibarnamə verilən gün 2017-ci ilin noyabrın 16-da(şahid tarixi əvvəlcə 2016-ci il kimi xatırlamış, sonra düzəliş verərək etibarnamə verilən gün olduğunu bildirmişdir) Fatimə ona 11500 manat pul vermişdir. Həmin vaxt onun yanında bacısı və körpə uşaq da olmuşdur. Fatimə çantasından 11500 çıxardaraq ona təqdim etmişdir. Əskinaslar yadında deyildir, Fatimənin bacısını tanımır, ümumiyyətlə onunla sövdələşmə aparmamışdır. Bacısı sadəcə olaraq Fatimənin yanında duraraq uşağı saxlamaqla məşğul olmuşdur. Fatimə söhbət zamanı evi bacısının aldığını bildirməmişdir. Pulu aldıqdan sonra mənzilə dair müqavilə qızı Ülviyyənin adına bağlandığından onlar Abşeron notariatına getmiş(notariat Kristalın ərazisində yerləşir) və qızı Abşeron notariat kontorunda Fatiməyə 23 illik etibarnamə vermişdir. O, mənzili satdıqdan sonra Fatimə mənzildə qalan əşyalara görə ona pul verməli idi. Bir müddət keçdikdən sonra Fatimədən pulu istəmiş, lakin Fatimə onu 2-3 ay gözlətmişdir. O ya pulun verilməsini, ya əşyaların qaytarılması məqsədilə sonuncu dəfə Fatimənin evinə gedəndə, Fatimə əşyaların pulunu verməmiş və o, əşyaları evdən götürərək çıxıb getmişdir. Həmin vaxtı evdə yalnız Fatimə və qızı var idi. Hətta Fatimə ondan telefonunu istifadə etmək üçün istəmiş, o da əşyaların pulunun verilməsi ilə bağlı əri ilə müzakirə aparacağını zənn edərək telefonu ona vermişdir, lakin Fatimə əri ilə ümumiyyətlə başqa məsələ barədə müzakirə aparmışdır. Sonuncu məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid X4 ifadəsində bildirmişdir ki, o, proses iştirakçılarından yalnız Fatimə xanımı tanıyır. O, Abşeron rayonunda əmlak agenti kimi fəaliyyət göstərir. Onu Fatiməgillə başqa əmlak agenti tanış etmişdir, o makler arasında əlaqə qurmaqla faizini alır. 2017-ci ilin qış aylarında Fatimə xanım bacısına ev almaq üçün müraciət etmişdir. O Fatimə xanımın bacısını və onun ərini tanıyır. Ev almaq istəyəndə bacısı gilin 3000 manatı çatmırdı. Fatimə xanımı əslində bacısıgildən sonra tanımışdır. Evin qiyməti 47000 manata idi, evi bacısı gil kirayəyəyə vermək üçün almışdır. 3000 manatı Fatimə ona ödəmişdir. Kirayə məsələləri ilə bağlı Fatimə xanımla əlaqələri mövcud olmuşdur. Məhkəmə tərəfindən mübahisə predmetinin Kristal 1 lə bağlı olan evlə bağlı olduğunu məhkəmə şahidin nəzərinə çatdırdı. Şahid Fatimə xanıma başqa ev satmadığını bildirmişdir. Daha sonra şahid hadisələri tam xatırlamadığını və digər şahidi tanımadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Kristal 1 də evin alqı satqısında iştirak etməmiş, lakin o, başqa maklerlə Fatimə xanım arasında maklerlik etməklə faiz almaq ehtimalı vardır. Həmin evin alqı-satqısında faiz alıb-almadığı barədə suala uzun müddət keçdiyinə görə xatırlamadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığı sübutetmə yükünün bölgüsü ilə bağlı olduğundan mübahisənin obyektiv və ədalətli həlli üçün tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən etmək üçün düzünə və dolayı sübutlara birlikdə qiymət verilməlidir. Bu səbəbdən məhkəmə tərəflərin izahatlarındakı uyğunsuzluqları təqdim edilən sübutlar əsasında qiymətləndirməyə və həqiqətə nail olmağa çalışacaqdır. Əvvəla iddiaçı deyir ki, Baş etibarnamə verilən zaman ona hər-hansı pul məbləği ödənilməmişdir. Cavabdeh isə 07.11.2017-ci il tarixdə iddiaçıya 11000 manat ödədiyini şahid ifadəsi ilə sübut edir. Belə ki, şahid X9 ifadəsində 11000 manat pulun iddiaçıya verilməsinin şahidi olmuşdur və bu prosesdə iddiaçının yaxın qohumu Salman adlı şəxs iştirak etmişdir. Lakin iddiaçı cavabdehin bu arqumentinə hadisələrin iştirakçısı olan yaxın qohumu Salmanı deyil, hadisələrin bu hissəsindən iddiaçının bildiriklərinə əsasən məlumatı olan X7 şahid qismində məhkəməyə dəvət etməklə kifayətlənmişdir. İkincisi iddiaçı deyir ki, 16.11.2017-ci il tarixdə cavabdeh tərəfindən ona 5000 manat pul ödənilmişdir. Cavabdeh isə bildirir ki, o həmin tarixdə iddiaçıya 13000 manat pul ödəmiş və uşağının müalicəsi üçün maliyyə imkanı olmayan və buna görə avtomobilini satmağa qərar vermiş şəxs, yəni iddiaçı eyni gündə “Kristal” Abşeron şəhərciyindən ev almışdır. Belə ki, şahid Mədinə Rəsulova 16.11.2017-ci ildə iddiaçı tərəfindən 11500 manat pul qəbul etdiyini bildirmiş və həmin evdə iddiaçının bacısı Könül adlı şəxsin deyil, məhz iddiaçının yaşadığının şahidi olduğunu demişdir. Üstəlik iddiaçı tərəfindən dəvət edilmiş şahid İlham İbrahimov iddiaçının bacısı üçün alınan başqa evin alqı-satqısında iştirak etdiyini, həmin tarixdə iddiaçının bacısı ilə bağlı ev alqı-satqısı əməliyyatını xatırlamadığını bildirmişdir. Bundan başqa hamıya məlumdur ki, işgüzar adətlərdə avtomobilin etibarnamə yolu ilə alqı-satqısı geniş təşəkkül tapan qaydadır. Hətta məhkəmə təcrübəsində avtomobilin Baş etibarnamə əsasında əldə edilməsi tez-tez rastlanan hallardan biridir. Belə ki, bir çox hallarda avtomobilin mülkiyyətə keçməsinin əsası kimi Baş etibarnamə çıxış edir. Yəni avtomobil alıb-satarkən şəxslər bu qaydadan istifadə etməklə hüquq və vəzifələrinin realizəsini həyata keçirirlər. Odur ki, bu qaydadan istifadə etmək və ya etməmək satıcının müstəsna hüququ olduğundan mülki hüquqi əqdlər bağlayarkən lazımi diqqətlə yanaşmaq onların məsuliyyətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Həmin Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Tədqiq edilmiş sübutlarla o qənaətə gəlmək olur ki, cavabdeh tərəf düzünə və dolayı sübutlarla iddiaçıya 24000 manat pul ödədiyini sübut edir, iddiaçı isə avtomobilin qiymətinin tərəflər arasında 28000 manata razılaşdırıldığını sübut edə bilmir. Eyni zamanda avtomobilin üçüncü şəxsə satıldığı qiymət və daha sonra aparılmış alqı-satqı qiyməti avtomobilin dəyərinin təqribən 24-26 min manat civarında olması qənaətini formalaşdırır. İddiaçının avtomobilin dəyərinin əslində daha çox olması, eyni vəziyyətdə olan avtomobillərin daha baha qiymətə satılması barədə dəlilini isə məhkəmə əsassız hesab edir. Belə ki, tərəflər alqı-satqı predmetinin dəyərini müəyyənləşdirməkdə müstəqildirlər və həmin avtomobillə bağlı aparılmış alqı-satqı hərəkətləri də avtomobilin satış qiymətləri arasında kəskin fərq olmadığı qənaətinə gəlməyə əsas verir. Yəni iddiaçının bu barədə etirazı formal mülahizələrə əsaslanır. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçı iddia ərizəsində qeyd olunan və məhkəmə iclaslarında istinad etdiyi halları sübut edə bilməmişdir. İddia tələbinin öhdəliyin gecikdirilməsi və mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, göstərilən tələblər avtomobilə dair pul tələbi ilə əlaqədar olduğundan və həmin tələb öz təsdiqini tapmayaraq təmin edilmədiyindən göstərilən hissələrdə də iddia tələbi təmin edilməməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev