Məhkəmə qərarları › İş №2(001)-128/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-128/2021

07.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-128/2021 07.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlunun Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən avtoyuma kimi istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlu Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən avtoyuma kimi istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllə ünvanında yerləşən binada ailə üzvləri ilə birlikdə yaşayırlar. Həmin binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsindədir. Sonuncu qeyd edilən qeyri-yaşayış sahəsinə avtoyuma avadanlıqları yerləşdirərək, həmin sahədən avtoyuma məntəqəsi kimi istifadə edir. Cavabdeh həmin sahədən istifadə edərkən heç bir sanitar və digər normalara riayət etmir, onun fəaliyyəti yüksək səs-küylə, kəskin qoxuyla, avtomobillərin qazı ilə müşayiət edilir. Bununla yanaşı cavabdehin fəaliyyəti nəticəsində çirkab sular axıdılır və bu da öz növbəsində antisanitar vəziyyət yaradır. Eyni zamanda cavabdehin avtoyuma fəaliyyəti nəticəsində axıdılan sular binanın təməlinə mənfi təsir göstərir. İddiaçılar tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, heç bir məhəl qoymamış və öz fəaliyyətini davam etdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarından görünür ki, ilkin olaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X3, İddiaçı9 Nayıb oğlu, İddiaçı10, Darabı Farshıd, İddiaçı12, İddiaçı13, X2, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 İsə qızı, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24 və İddiaçı25 iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər, lakin cavabdeh məhkəməyə vəsatətlə müracət edərək, işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli, 2(007)-2354/2019 saylı qərardadı ilə vəsatət rədd edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.09.2019-cu il tarixli, 2(103)- 12422/2019 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli, 2(007)-2354/2019 saylı qərardadı ləğv edilmiş və iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Hazırkı iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olduğu müddətdə iddiaçıların özləri və cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddiaçıları məhkəmə iclaslarında nümayəndələri Vəkil2 təmsil etmiş, lakin sonuncu məhkəmə iclasında müəyyən edilmişdir ki, Vəkil2 hal-hazırda yalnız iddiaçılar İddiaçı17 və İddiaçı9 Nayıb oğluna münasibətdə səlahiyyətlidir. Qeyd olunanlar nəzərə alınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(001)-128/2021 saylı qərardadı ilə iddia ərizəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X3, İddiaçı10, Darabı Farshıd, İddiaçı12, İddiaçı13, X2, İddiaçı15, İddiaçı16, İddiaçı18 İsə qızı, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23, İddiaçı24 və İddiaçı25 münasibətdə baxılmamış saxlanılmışdır. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.12.2003-cü il tarixli, 194 saylı müqavilədən görünür ki, həmin müqavilə icraçı "xxxx" MMC ilə alıcı İddiaçı17 arasında bağlanmış və müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş binanın A4 korpusu, 3-cü mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 145,11 kv.m. təşkil edən mənzili alıcıya təhvil verilməsi öhdəliyini, alıcı isə tikiləcək mənzilin 27570 ABŞ dolları dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan 19.07.2004-cü il tarixli, 309 saylı müqavilədən görünür ki, həmin müqavilə icraçı "xxxx" MMC ilə alıcı İddiaçı9 Nayıb oğlu arasında bağlanmış və müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş binanın B korpusu, 16-cı mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 183,80 kv.m. təşkil edən mənzili alıcıya təhvil verilməsi öhdəliyini, alıcı isə tikiləcək mənzilin 35262 ABŞ dolları dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarında olan 03.04.2006-cı il tarixli, 23 saylı müqavilədən görünür ki, həmin müqavilə icraçı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, icraçı Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində tikilmiş binanın C korpusu ... sahəsi 602,4 kv.m., A2 korpusu ... sahəsi 518,4 kv.m., E korpusu ... sahəsi 738 kv.m., A3 korpusu ... sahəsi 518,4 kv.m., B korpusu ... sahəsi 654 kv.m., A4 korpusu ... sahəsi 518,4 kv.m., A5 korpusu ... sahəsi 518,4 kv.m., D korpusu ... sahəsi 4564 kv.m. təşkil edən obyektləri alıcıya 600.000 ABŞ dolları qiymətinə satmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.12.2019-cu il tarixli, 2(001)- 7939/2019 saylı qərardadı ilə məhkəmə fiziki və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, lakin qərardadda qoyulmuş suallar rəydə təm olaraq cavablandırılmadığına görə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2(001)-582/2020 saylı qərardadı ilə əlavə məhkəmə fiziki və məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, lakin həmin qərardad ümumiyyətlə icra edilmədən məhkəməyə qaytarılmışdır. İş materiallarında olan 07.09.2020-ci il tarixli, 742 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... tədqiqat Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllə ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzrə aparılır. Tədqiqatın aparılması üçün həmin qeyri-yaşayış sahəsinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tədqiq olunan qeyri-yaşayış sahəsi monolit dəmir-betondan inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsi faktiki olaraq avtoyuma məntəqəsi kimi istifadə olunur. Qeyri-yaşayış sahəsinin giriş hissəsində çirkab suların axıdılması üçün tikilinin eni boyunca kanalizasiya arxı düzəldilmiş və həmin arx ümumi kanalizasiya xəttinə birləşdirilmişdir. Qeyri-yaşayış sahəsinin altında yerləşən binanın zirzəmi sahəsinə baxış keçirilərkən, həmin sahədə divarların üzərində su sızma və nəmlik əlamətləri olduğu, həmçinin döşəmənin üzərində 2- 3 sm. hündürlükdə su yığıldığı müəyyən edilmişdir”. Rəydə qeyd olunanlar ekspert tərəfindən çəkilmiş və rəyə əlavə edilmiş fotoşəkillərlə də təsdiq olunur. İddiaçıların nümayəndəsi və vəkili tərərindən "xxxx" ASC-yə sorğu verilmiş və sorğuya cavabda aşağıdakılar göstərilmişdir: “ ... Bakı şəhəri, Atatürk prospekti 3078 A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binası hal-hazırda "xxxx" MMC-yə məxsusdur və həmin binaya içməli su təchizatı ilə əlaqədar sonuncunun "xxxx" ASC ilə müqaviləsi mövcuddur və içməli sudan təyinatı üzrə istehlakçı tərəfindən istifadə edilməsinə dair 27 noyabr 2015-ci il tarixli, YK-01/05-78- 97 saylı texniki şərtlər mövcuddur. Bu zaman həmin binada yerləşən digər istehlakçılar (yaşayış və qeyri-yaşayış sahələri) üçün fərdi qaydada texniki şərtin verilməsi tələb olunmur. Bu səbəbdən də Binəqədi rayonu, Atatürk prospekti 3078 A ünvanında yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-əhali istehlakçılarına binanın daxili su təchizatı və kanalizasiya sistemlərinə qoşulması üçün fərdi qaydada texniki şərtin verilməsi tələb olunmur. Həmçinin bildiririk ki, "xxxx" MMC ilə müqavilə bağlandıqda müvafiq qaydalara uyğun olaraq "xxxx" MMC-yə məxsus sözügedən binanın həm yaşayış həmdə qeyriyaşayış sahələrində içməli su təchizatının təmin etməsi sonuncunun üzərinə düşür. ... Bütün yuxanda qeyd olunanlara uyğun olaraq, vətəndaş Cavabdehla Binəqədi rayonu, Atatürk prospekti 3078A ünvanında yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində kommersiya fəaliyyəti ilə əlaqədar su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə dair 01.01.2018-ci il tarixli, 103882 nömrəli müqavilə bağlanmışdır. İstifadə olunmuş suyun dəqiq uçotunun aparılması məqsədilə su təchizatı xəttinin üzərində 27.01.2018-ci il tarixdə smartkart tipli sayğac quraşdırılmışdır. Bu günə kimi sudan istifadəylə əlaqədar müqavilə şərtlərinin pozulması və qeyri-qanuni istifadə halları aşkar edilməmişdir”. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, avtoyuma fəaliyyəti nəticəsində səs-küyün (təzyiqli su şırnağının yaratdığı səs, avtomobili təmizləmək üçün istifadə olunan aparatların yaratdığı səs, ora gələn avtomobillərin və insanların yaratdığı səs və s.) və çirkli tullantıların (avtomobillərin yuyulması nəticəsində yaranan çirkab su, avtomobillərin yuyulması üçün istifadə olunan kimyəvi tərkibli təmizləyici vasitələrin suyun və küləyin təsirindən havaya qalxması və s.) yaranması (müasir avtoyuma məntəqələrinin iş prinsipi nəzərə alınarsa) aksiyomadır. Xüsusilə yay vaxtlarında bu səs-küy və çirkli tullantılar yaxınlıqdakı mənzillərdə yaşayan insanları daha çox narahat edir, çünki mənzillərin pəncərələri açıq olur. Son dövrdə yaşayış binalarının yaxınlığında (hətta hazırkı işdəki kimi, yaşayış binasının daxilində) avtoyuma məntəqələrinin sürətlə çoxalması fonunda bu məsələnin xüsusi tənzimlənməsinə ehtiyac yaranıb (məs., avtoyuma məntəqəsi ilə yaşayış evlərinin arasındakı minimum məsafəni müəyyən edən qərarın mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən qəbul olunması və s). Çünki yaşayış zonaları insanların yaşayışı üçün nəzərdə tutulur, orada digər məntəqələr (avtomobillərin təmizlənməsi, təmiri və s. üçün məntəqələr) o şərtlə (məsafəyə dair şərt və s.) yerləşdirilə bilər ki, insanların normal yaşayışa mane olmasın. Hazırkı işin materiallarından göründüyü kimi, avtoyuma məntəqəsi yaşayış evinin birinci mərtəbəsində yerləşir və bu səbəbdən avtoyuma məntəqəsinin fəaliyyəti nəticəsində yaranan səs-küy və çirkli tullantıların binanın sakinlərinin normal yaşayışını pozur Belə ki, çoxsaylı tədqiqatçılar tərəfindən müəyyən edilmişdir ki, səs-küyün uzunmüddətli təsiri insan sağlamlığına mənfi təsir göstərir. İlk əvvəl belə hesab edirdilər ki, səs-küy əsasən eşitmə qabiliyyətinin pisləşməsinə səbəb olur, lakin sonradan sübut edildi ki, eşitmə yalnız “qapıdır” ki, səs-küy onun vasitəsi ilə orqanizmə daxil olur və sinir sisteminə təsir göstərir, nəticədə kəllədaxili və qan təzyiqi dəyişir, görmənin itiliyi pozulur, diqqət zəifləyir, eyni ölçüdə fiziki yükləmə zamanı enerji sərfiyyatı yüksəlir, psixiki reaksiya sürəti ləngiyir. Ciddi əsaslar mövcuddur ki, bütün dünyanın tibbi statistikası ilə qeydiyyata alınan əsəb və ürəkdamar xəstəliklərini insan orqanizminə səs-küyün təsiri ilə əlaqələndirilir. İnsanların sağlamlığının zərərli səs-küyün təsirindən qorumaq mühüm problemlərdən biridir. Bu problemin həllində aparıcı rol sanitariya normalaşdırılmasına, yəni səs-küyün elmi əsaslarla yol verilən həddinin müəyyən edilməsinə məxsusdur, hansı ki, bu zaman uzun illər ərzində səs-küyün gündəlik sistematik təsiri insan orqanizminin xəstəliklərinə səbəb olmur və normal fəaliyyətinə mane olmur. "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları"nda aşağıdakılar qeyd olunmuşdur: “ ... Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları (bundan sonra - normalar) “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. ... Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir". Göründüyü kimi, mənbələrin yaratdığı küyün ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə küy normalarını müəyyənləşdirən normativ sənədlər qəbul edilmişdir. Küyün normalaşdırılmasında məqsəd onun zərərli təsirinin qarşısını almaq üçün eşitmənin pisləşməsinə (pozulmasına), “küy xəstəlikləri” adlandırılan sağlamlığın patoloji hallarının yaranmasına və əmək fəaliyyətinin səmərəliliyinin azalmasına səbəb olan küy səviyyələrini müəyyənləşdirməkdir. Sanitar normalar və qaydalara görə insana birbaşa və ya dolayı yolla ziyanlı və xoşagəlməz təsiri olmayan, onun əmək fəaliyyətini azaltmayan, sağlamlığı və əhvalruhiyyəsinə təsir göstərməyən küy səviyyəsi icazə verilən səviyyə sayılır. Küyə həssaslıq yaşdan, cinsdən, sağlamlıq vəziyyətindən, cari psixofiziki vəziyyətdən, bəzi milli mental xüsusiyyətlərdən, ətraf mühit şəraitindən (havanın temperaturu və nəmliyi, yağıntı, küləyin sürəti və qulağa nisbətən istiqaməti və s.) və s. asılı olduğu üçün normalar ən həssas fərdlərin audiometrik reaksiyaları nəzərə alınmaqla müəyyənləşdirilir. Sanitargigiyenik normalaşdırma eyni zamanda küyün intensivliyini, spektral tərkibini, təsir müddəti və dozasını tənzimləməklə yanaşı onun mənfi təsirlərindən qorunması üçün normativ mühafizə qaydalarını da müəyyənləşdirir. Eşidilən diapazona aid yüksək intensivlikli (80 dBA-dan yuxarı) sabit və qeyri-sabit (tonal və ya genişzolaqlı) səs-küyün insana uzunmüddətli təsiri eşitmə qabiliyyətinin tam və ya qismən itirilməsinə səbəb olur. Küyün təsir müddəti və intensivliyindən asılı olaraq eşitmə orqanlarının həssaslığının az və ya çox dərəcədə azalması baş verir ki, bu da eşitmə həddinin müvəqqəti yüksəlməsi ilə müşahidə olunur ("eşitmənin təbii azalması amili"). Bu hal küyün təsiri bitdikdən sonra yox olur – eşitmə dərəcəsi əvvəlki vəziyyətinə qayıdır. Uzunmüddətli və (və ya) yüksək intensivlikli küy isə eşitmə həddinin birdəfəlik dəyişikliyi ilə xarakterizə olunan “eşitmənin dönməz itkisi” adlanan karlıq halını yaradır. Lakin bir çox hallarda güclü küy şəraiti karlıqdan əvvəl bir sıra qeyri-infeksion qulaq aparatı xəstəliklərinin: tinnitus – mövcud olmayan səslərin eşidilməsi; hiperakuziya – səsin olduğundan daha yüksək səviyyədə qavranması və s. xəstəliklərin yaranmasına səbəb ola bilər. Digər tərəfdən güclü səs-küy hipertonik ürək xəstəliyi, koronar kardioskleroz, stenokardiya, miokard infarktı və s. xəstəliklərin yaranma riskini artırır. Burada qeyd edilir ki, 80 dBAdək səviyyəsinin eşitmə orqanı üçün 100% təhlükəsiz olmasına baxmayaraq küyün 64 dBA-dan 77 dBA-ya qədər yüksəlməsi infeksion xəstəliklərin tezliyini 3 dəfə artırır ki, bu da orqanizmin imunitetinin azalması ilə izah edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, ... hər bir vətəndaşın sağlamlıq və həyat üçün əlverişli olan ətraf təbii mühitdə yaşamaq; ... insan həyatına və ətraf mühitə mənfi təsir göstərən müəssisələrin, qurğuların və başqa ekoloji zərərli obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini və həmçinin fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti dayandırılmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək ... hüququ var. Həmin Qanunun 37-ci maddəsinə görə, müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin mühafizəsi, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə və digər mühafizə zonaları müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsinə müvafiq olaraq, təşkilatlar, vətəndaşlar istehsalat, ictimai və yaşayış yerlərində, küçələrdə, əhalinin istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmanın və başqa zərərli təsirlərin qarşısının alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidirlər. Şəhərlərin və başqa yaşayış məntəqələrinin planlaşdırılmasında və tikintisində, istehsalat və başqa obyektlərin layihələşdirilməsində, tikintisində və yenidən qurulmasında, yeni texnologiyanın, nəqliyyat və rabitə vasitələrinin yaradılmasında ətraf mühitin ekoloji tarazlığının qorunması nəzərə alınmalıdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər. Həmin Qanunun 16-cı maddəsinə müvafiq olaraq, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətənşlar istehsalat və sanitariya-məişət otaqlarının, iş yerlərinin, ictimai binaların, komplekslərin və qurğuların, yaşayış evlərinin, texnoloji və başqa avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, tikinti standartlarına, normalarına və qaydalarına, bu sahəyə aid digər sənədlərin tələblərinə müvafiq surətdə saxlanılmasını və istismar olunmasını təmin etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinə görə, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar: kimyəvi maddələr, bioloji vasitələr və materiallar ... istifadə edilərkən ... sanitariya-epidemioloji salamatlığı və təhlükəsizliyi təmin etmək tələblərini nəzərdə tutan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, standartlara və digər sənədlərə əməl etməli; kimyəvi maddələri, bioloji vasitələri, materialları, mineral gübrələri, boy maddələrini və bitkiqoruyucu bioloji vasitələri, polimer və plastik kütlələri, ətriyyat-kosmetika məhsullarını, digər kimyəvi və bioloji vasitələri yalnız toksikolojigigiyena rəyi verildikdən, gigiyena normativləri müəyyən olunduqdan sonra, dərman vasitələrini isə müəyyənləşdirilmiş qaydada və müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə tətbiq etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1-ci maddəsin görə, bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Mülki Məcəllənin 170.2-ci maddəsinə müvafiq olaraq, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı” qərarında aşağıdakılar göstərilmişdir: “ ... bu işdə idarəetmə orqanları bilirdilər və ya bilməli idilər ki, bələdiyyə zibilxanasındakı çatışmazlıqlar ucbatından Ümraniyənin müəyyən yoxsul məhəllələrinin sakinləri həm fiziki sağlamlıqlarına, həm də həyatlarına qarşı real və birbaşa təhlükə ilə üzləşiblər. Dövlət orqanları bu çatışmazlıqları həll etmədilər və üstəlik, qüvvədə olan normativ aktlar əsasında, sözügedən təhlükələrin gerçəkləşməməsi üçün səlahiyyətləri çərçivəsində onlardan gözlənilə bilən hər bir şeyi etmədilər. Bundan başqa, onlar həmin təhlükələr barədə Kazım Qarabəkir məhəlləsinin sakinlərinə məlumat vermək üzrə vəzifə borclarını yerinə yetirmədilər, halbuki həmin məlumat ərizəçiyə imkan verərdi ki, Həkimbaşı zibilxanasının yaxınlığında yaşamaqda davam etməyin onun özünə və ailəsinə qarşı doğurduğu təhlükələrin ciddiliyini qiymətləndirə bilsin. Belə olan halda, əgər ölkə daxilində müvafiq məhkəmə mexanizmlərinin səmərəli surətdə tətbiqi vasitəsi ilə ərizəçinin şikayətləri baxılmış hesab edilə bilməzsə, bu başlıq üzrə Konvensiyanın 2-ci maddəsinin pozulduğu təsdiq edilməlidir. ... 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər. Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. ... metan qazının partlaması təhlükəsinin və onun nəticəsi olan torpaq sürüşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin görülməsi ilə bağlı inzibati idarəetmə orqanlarının davamlı hərəkətsizliyi (bax: 87-ci bəndə) də 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilən hüququn «praktiki və səmərəli» müdafiəsi barədə tələblə bir araya sığmır. Belə vəziyyət ərizəçinin öz «mülkiyyətindən» dinc istifadə hüququnun açıq-aydın pozulmasına bərabərdir və ərizənin bu hissəsinin araşdırılması məqsədləri baxımından «müdaxilə» hesab edilə bilər”. Beləliklə iş materiallarından göründüyü kimi, ümumi sahəsi 4564 kv.m. təşkil edən qeyri-yaşayış sahələri "xxxx" MMC tərəfindən Cavabdeh satılmış və o, qeyri-yaşayış sahələrindən birini avtoyuma məntəqəsi kimi istifadə edir. Nəticə etibarilə bina sakinləri həm nüfuzedən səs-küyün, həm də avtoyuma zamanı istifadə edilən kimyəvi maddələrin təsirindən əziyyət çəkir, eyni zamanda yaşayış binasının birinci mərtəbəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi nəticəsində binanın özünə də gündəlik mənfi təsir göstərilir və bu bina sakinlərinin təhlükəsiz və sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququnu pozmuş olur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi "digər şəxslərə" münasibətdə təmin edilməməlidir. Belə ki, tələb mücərrəd cavabdehlər sırasına qarşı yönəldilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllə ünvanında inşa edilmiş yeni tikili binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi Cavabdeh qadağan edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəllə ünvanında inşa edilmiş yeni tikili binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən avtoyuma məntəqəsi kimi istifadə edilməsi Cavabdeh qadağan edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh tutularaq İddiaçı3 ödənilsin. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz) manat dəyəri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar