Məhkəmə qərarları › İş №2(001)-1300/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1300/2021

18.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1300/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borca görə 1240 manat və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borca görə 1240 manat və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə xx.xx.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Sədərək Ticarət Mərkəzində ticarətlə məşğul olarkən 2019-cu ilin dekabr ayının əvvəllərində Tovuz şəhərində ticarətlə məşğul olan Cavabdeh ondan 1870 manat dəyərində stol-stul almışdır. Cavabdeh həmin malların pulundan 900 manatı xx.xx.2019-cu il tarixdə, 970 manatı isə xx.xx.2019-cu il tarixdə verəcəyi barədə ona qəbz yazıb vermişdir. Cavabdeh borcundan hissə-hissə 300 manat və 330 manat olmaqla cəmi 630 manat qaytarsa da, qalan 1240 manatı qaytarmamışdır. Cavabdeh indiyə kimi müxtəlif bəhanələrlə aldığı malın pulunu tam qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də borca görə 1240 manatın, məhkəmə xərci olaraq Naxçıvan-Bakı və Bakı-Naxçıvan arası təyyarə biletlərinə görə 100 manatın, iki gün Bakı şəhərində qalmaqla bağlı xərclərin və dövlət rüsumuna görə 31 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2021-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçıdan 1870 manat dəyərində stol-stul alsa da, həmin əşyaları satmaq üçün başqa şəxsə vermişdir. Həmin şəxs əşyaların onda olmasını təsdiq edir. O, iddiaçıya 1870 manat borcunun olmasına dair qəbz yazaraq imzalasa da, hazırda iddiaçıya heç bir borcu yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Cavabdeh imzaladığı qəbzdən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 900 manatı, xx.xx.2019-cu il tarixdə 970 manatı İddiaçı qaytaracağını öhdəsinə götürmüşdür. Elektron biletin qəbzindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Naxçıvan-Bakı reysi üzrə J20252 nömrəli uçuş üzrə təyyarə bileti üçün 50 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin nisiyə aldığı əşyalara görə iddiaçıya 1870 manat borcunun yaranması, borcundan 630 manat qaytarması, qalıq borcunun 1240 manat olması öz təsdiqini tapdığından məhkəmə iddiaçının borca görə 1240 manat tələbini əsaslı hesab edib iddia ərizəsini bu hissədə təmin edir. Məhkəmə iddiaçının çəkdiyi xərclərlə bağlı tələbi üzrə qeyd edir ki, iddiaçı məhkəməyə 50 manat ödəniş etməsi barədə elektron təyyarə biletinin qəbzini təqdim etdiyindən bu tələbi qismən, yəni 50 manat hissəsində təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 50 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə cavabdehin iddia tələbinə qarşı etirazı ilə bağlı qeyd edir ki, cavabdeh etirazında istinad etdiyi hallara dair sübutlarını təqdim edə bilmədiyindən etirazda qeyd olunanlar cavabdehin öhdəliklərinin icrasından azad edilməsi üçün əsas ola bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 1240 manat, məhkəmə xərclərinə görə 81 manat olmaqla cəmi 1321 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar