Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1305/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəmdəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27.000 ABŞ dollarının və ödənilmiş dövlət rüsumunun əvəzi 228 manatın alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, o, cavabdehi tələbə yoldaşı olan X2 xalası oğlu kimi 2005-ci ildən tanıyır, bu vaxta qədər normal münasibətləri olmuşdur. 2019cu ildə cavabdeh öz şəxsi ehtiyacları üçün ondan bir neçə dəfə borc pul almış və qaytarmışdır. 2021-ci ilin əvvəllərində isə Azərbaycanda müxtəlif obyektlərə müşahidə kameraları quraşdırılması üçün qazanc vermək şərti ilə pul istəmiş, o, cavabdehlə razılaşmış və 2021-ci ilin aprel ayında müxtəlif məbləğlərdə cəmi 17.000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh həmin pulun qazanc adı ilə ona pul verəcəyini bildirsə də, çətinliyi olduğunu bildirərək, verə bilmədiyini demişdir. O, uzun müddət cavabdehi tanıdığından, eyni zamanda əvəllər verdiyi pulu vaxtında qaytardığından ona inanmışdır. Növbəti dəfə 2021-ci ilin may ayının 30-da birdəfəyə 16.000 ABŞ dolları, ümumilikdə 33.000 ABŞ dolları pul vermişdir. 2021-ci ilin iyun ayının sonlarında cavabdehin ona pul vermədiyini görüb, pullarının hamısını geri tələb etməyə başlamışdır. Cavabdehin eyni qaydada tələb yoldaşı X1 da 2020-ci ilin ortalarından sonra pullarını da alıb geri qaytarmadığını öyrənmişdir. Cavabdeh verdiyi puldan 2021-ci ilin iyul ayında 4000 ABŞ dolları, dekabr ayında 2000 ABŞ dolları qaytarmış, sonradan müxtəlif bəhanələrlə qalan 27.000 ABŞ dollarını qaytarmamışdır. O, bununla bağlı şikayət etmiş və Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə mübahisənin mülki xarakter daşıması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh ona 27.000 ABŞ dolları borcu olmasını etiraf etmiş, lakin pul olmaması səbəbindən qaytara bilmədiyini bildirmişdir. Cavabdeh etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı tələbini qəbul etmir. Belə ki, İddiaçı 1994-cü ildən onun tələbə yoldaşı olan, onun isə xalası oğlu olan X2 vasitəsi ilə tanımış və iddiaçı ilə yaxın dost münasibətləri olub. O, informasiya texnologiya mühəndisidir, bu sahədə müəyyən layihələr icra etmək və pul qazanaraq aralarında bölüşdürmək üçün razılığa gəlmişlər, buna görə də, İddiaçı da öz istəyi ilə konüllü olaraq, biznesin bütün risklərini dərk edərək onunla ortaq olmaq üçün ortaqlığa maya kimi pul vəsaiti qoymuşdur. Lakin iddiaçı öz iddia ərizəsində məhkəməyə belə təqdim edir ki, guya o, öz şəxsi ehtiyaclarının ödənməsi üçün ondan borc almışdır. Burada iddiaçının məqsədi onun iddiasında qeyd etdiyi kimi şəxsi ehtiyacları üçün borc pul verməsi deyil, onunla ortaq olub mənfəət əldə etməsi olmuşdur. Lakin bu iş 2019-2020-ci ildə pandemiya dövrünə düşdüyündən və dünya səviyyəsində qapanmalar olduğundan baş tutmamış, o, pandemiya başlanmamışdan artıq müəyyən avadanlıqları sifariş verərək pul da köçürtmüşdür, lakin pul verdiyi şəxs pandemiya dövründə ölmüş və onun işləri altüst olmuşdur. Belə çətin vəziyyətdə olmasına baxmayaraq, o, İddiaçı ortalığa qoyduğu puldan 2000 ABŞ dollarını, daha sonra 4000 ABŞ dollarını, ümumilikdə 6000 ABŞ dollarını qaytarmış, digər hissəsini də, ona mal göndərilməsindən sonra planlaşdırdığı layihələri icra edib verməyi düşünmüşdür. O, bu pulu borc kimi öz şəxsi ehtiyacları üçün İddiaçı qeyd etdiyi kimi ondan almamış, iddiaçı, ona bu pulu istəsə də verməzdi, burada iddiaçının məqsədi mənfəət əldə etmək üçün iş birliyi məqsədi ilə ortalıq olub. Lakin ondan asılı olayan səbəbdən bütün dünyada gedən karona virus ilə əlaqədar pandemiya şəraiti ilə bağlı qapanmalar olmuş və mal göndərməli olan şəxsə pul köçürəndən sonra həmin şəxsin ölməsi onu pis vəziyyətə salmışdır və bunun nəticəsində müflis olmuşdur. Bütün bunları iddiaçı özü çox yaxşı bilir, o, yenə də həm özünün, həm də onun maliyyə vəsaitilərin bərpa olunması üçün çalışır. Ortağının maliyyə vəsaitinin batırılmasının səbəbkarı, yəni müflis olmanın səbəbkarı o olsaydı, onda iddiaçı ilə razılaşardı ki, pis iş icra etməklə ortalıqda olan maliyyə vəsaitini batırmışdır. Baş vermiş hadisələr onun məsuliyyətsizliyi və ya keyfiyyətsiz iş icra etməyi səbəbindən olmamış, bütün dünyada gedən fors major hadisələr nəticəsində olub, hamıya məlum olan haldır ki, onun kimi minlərlə iş adamı müflis olub və ya ciddi zərərlə üzləşib. Hesab edir ki, mülki qaunvericiliyin tələbinə əsasən birgə təssərüfat ortaqlığında öz payları ilə iştirak edən şəxslər həmin təsərrüfatın gələcəkdə xeyirinə sahib çıxacaqları kimi, onun zərərləri üçün də məsuliyyən daşıyırlar, başqa sözlə bütün zərəri onun üzərinə yıxmaq ədalətsiz olardı, hər bir halda iddaçı ortaqlığa qoyduğu bütün pulu ondan tələb etmək əvəzinə onunla birlikdə bu çətin vəziyyətdən çıxış yollarını axtarıb tapmalıdır. Onun iddiaçıya münasibətdə səmimiyyəti ilk gündən göz qabağında olmuşdur, baxmayaraq ki, iddiaçının ortaqlığa qoyduğu pul məbləği ilə əlaqədar əlində heç bir sübut olmamışdır, o, onun birgə işlərinə görə ortaqlığa qoyduğu pul vəsaitini heç vaxt danmamışdır. Lakin hesab edir ki, bu pulu iddiaçı onun şəxsi ehtiyacları üçün verdiyini düzgün qeyd etməmişdir. Onlar arasında iş birliyi olmuş, həmin işlərin icrası üçün hər ikisi ortaqlığa öz vəsaitlərini qoymuşlar, belə olan halda həm xeyir, həm də zərər hər ikisinin olmalıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 27.000 ABŞ dolları borc öhdəliyi ilə bağlı iddiası əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, xx.xx.2023-cü ildə saat 11:00-a təyin olunmuş məhkəmə iclasında səhhəti ilə əlaqədar müalicə almaq üçün xəstəxanada olmasını və Bakı şəhərində olmamasını nəzərə alaraq iştirakı olmadan məhkəmə iclasını keçirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddia tələbinə dair öz etirazlarını rəsmi qaydada məhkəmənin baxışına təqdim etmiş və iddianı qəbul etmir, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə, mülki işin cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş 31 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı və X1 müraciəti əsasında Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, “İddiaçı və X1 onun barəsində yazdıqları şikayət ərizələri ilə tanış olmuşdur. Bildirir ki, onlarla təxminən 1994-1995-ci illərdə xalası oğlu Azər vasitəsilə tanış olmuş, onlar Azərlə eyni universitetin tələbələri olmuşlar. 2018-ci ildən başlayaraq Elçinlə müəyyən sahələrdə iş birlikləri olmuşdur. Belə ki, o, özü informasiya texnologiyaları mühəndisidir, o, sahədə müəyyən layihələri olmuş, Elçin həmin layihələrə maliyyə vəsaiti ayırmış,o da layihəni icra edib Elçinin pulunu qaytarmış və əldə olan qazancı bölmüşlər. Son illərdə onun işləri yaxşı getmədiyi üçün Elçindən iş görülməsi üçün aldığı pulları qaytara bilməmişdir. Hazırda onun Elçinə 40.000 ABŞ dolları borcu qalmışdır. Həmçinin o, İddiaçı da eyni məsələ ilə bağlı iş görüb pul qazanmaq məqsədilə hissə-hissə olmaqla 33.000 ABŞ dolları pul almış və sonradan 6.000 ABŞ dolları pulu ona qaytarmışdır. Hazırda onun Nofələ 27.000 ABŞ dolları borcu qalıb. Bildirir ki, o, Elçin Hümbətovun ərizəsi ilə razı deyil, ondan ümumilikdə aldığı pul 100.000 ABŞ dollarından artıq ola bilər. Lakin ona pullar qaytarmış və hazırda Elçinə 40.000 ABŞ dolları borcu qalmışdır. Verilən suala cavab olaraq bildirmişdir ki,Elçin Hümbətov və İddiaçı aldığı pulları bir neçə il bundan əvvəl müxtəlif layihələrə sərf etmiş və konkret ünvanları bilmir ” 27 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 238 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda cəmi 33.000 ABŞ dolları məbləğində borc vermiş və həmin məbləğin 6.000 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, lakin hal-hazırda cavabdehin iddiaçıya borcu 27.000 ABŞ dolları təşkil edir. Həmçinin cavabdeh məhkəməyə verdiyi etiraz ərizəsində iddiaçıdan borc almadığını və iddiaçı tərəfindən həmin pulun biznes fəaliyyəti ilə əlaqədar ortaq olaraq ona verildiyini bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əksinə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində vermiş olduğu izahatında iddiaçıya 27.000 ABŞ dolları borcu qaldığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 27.000 ABŞ dolları məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən, iddianın verilməsi üçün ödənilmiş 228 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 27.000 (iyirmi yeddi min) ABŞ dolları məbləğində borc ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddianın verilməsi üçün ödənilmiş 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1305/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1305/2023
25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver