Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1307/2021 08.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 İddiaçı2 qarşı maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə 08 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 ona vurulmuş maddi zərərin əvəzi kimi 5000, mənəvi zərərin əvəzi kimi 5000 manat olmaqla ümumilikdə 10000 manat məbləğində pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr.34 ünvanında yerləşən kooperativ binanın 84 saylı mənzili onun mülkiyyətindədir. Cavabdehə məxsus mənzil həmin binada 78 saylı mənzildir. Cavabdeh kanalizasiya sisteminə etdiyi dəyişiklik nəticəsində çirkab suları daşaraq onun mənzilinə axmış, nəticədə evin təmiri yararsız hala qalmış, çirkab içindən yaşanmaz vəziyyətdədir. Bütün bunlar isə ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Belə ki, o, əsəb-stress keçirmiş, cavabdehin vurduğu zərər nəticəsində sağlamlığı pozulmuşdur. Sonda İddiaçı1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İddiaçı2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmiş, lakin iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq etirazda göstərmişdir ki, iddiaçının evi onun evinin üst mərtəbəsində yerləşir, iddiaçı evini kirayə verir, kirayəşini isə binanın komendantı X1r. Bir gün o yaşadığı Masallı rayonundan Bakıya, həmin evinə gələndə evin tavanının su olduğunu, divarlardan su töküldüyünü görüb yuxarı mərtəbəyə, yəni iddiaçının evinə qalxmış, evdə yaşayan komendant Rəşid Əzizovdan nə baş verdiyini soruşmuş, Rəşid isə yadından çıxaraq suyun açıq qaldığını, evi su basdığını bildirmişdir. Bununla bağlı onunla Rəşid arasında mübahisə yaranmış, o, evinin təmir edilməsini xahiş etmiş, Rəşid isə bu məsələdən İddiaçı1 məlumatının olmamasını, evini özü düzəltdirəəcyini bildirmişdir. Lakin, bir müddət sonra İddiaçı1 ona xəbər göndərərək evini təmin etdirməsini tələb etmişdir. O, məsələni aydınlaşdıranda müəyyən etmişdir ki, komendant Rəşid iddiaçıya saxta akt verərək güyə onun kanalizasiya borusuna etdiyi dəyişikliklə bağlı suyun yuxarı mərtəbədə daşadığı təsdqiləmişdir. Halbuki, o, 5 ildən çoxdur ki sözügedən evi almış, kanalizasiya xətlərində keç bir dəyişiklik etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 30 noyabr 2010-cu il tarixli, 72 nömrəli müqavilədən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. (əvvəlki H.Z.Tağıyev pr.) 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 84 saylı mənzili İddiaçı1 məxsusdur. - "xxxx" MMC-nin direktoru və komendantı tərəfindən tərtib olunmuş 16 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, Xırdalan şəhəri, H.Əliyev pr.34 ünvanında yerləşən kooperativ binanın 84 saylı mənzilinin sahibəsi İddiaçı1 Yusif qızıdır, binanın 2-ci blok 2-ci mərtəbəsində olan 78 saylı mənzilin sahibi İddiaçı2 2016-cı ildə evini təmir zamanı sanitar qovşağında dəyişiklik edərək boruları kəsib başqa istiqamətə yönəltmişdir. Bu dəyişikliyə görə 2019-cu ilin dekabr ayında sanitar qovşağında yaranmış problemlər nəticəsində 84 saylı mənzili su basmışdır. 84 saylı mənzilin sahibəsi İddiaçı1 Yusif qızı 2015-ci ildə evini təmir edib. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmənin 08 fevral 2021-ci il tarixli, 2(001)-1307/2021 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr.34 ünvanında yerləşən pkooperativ binanın 84 saylı mənzilə suyun axmasının həmin ünvanda yerləşən 78 saylı mənzillə səbəbli əlaqəsi vardırmı, varsa suyun axıdılması nəticəsində dəymiş ziyan nədən ibarətdir və həmin ziyanın aradan qaldırılması üçün nə qədər vəsait tələb olunur? Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2021-ci il tarixli, 10/846 saylı müvafiq rəyində qeyd olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr.34 ünvanında yerləşən kooperativ binanın 84 saylı mənzilin divarında və döşəməsində olan qüsurları, mülki iş materiallarında olan "xxxx" MMC-nin əməkdaşları tərəfindən 16 oktyabr 2020-ci il tarixdə tərtib olunmuş akt məlumatlarını nəzərə alaraq, həmin ünvanda yerləşən 78 saylı mənzillə səbəbli əlaqəsi olduğu və 84 saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3723 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də sadalanan əsaslar mövcuddur. İddiaçının və cavabdehin mənzilinin alt-üst qonşuluqda yerləşməsi, cavabdehin hüquqla müdafiə edilən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi, onun mənzilində kanalizasiya borusuna edilmiş müdaxilə ilə bağlı yuxarı mərtəbədən suyun daşması nəticəsində ekspert rəyinə əsasən iddiaçıya 3723 manat məbləğində maddi zərər dəyməsi sübuta yetirildiyindən iddianın maddi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, maddi zərərin 5000 manat olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən vurulmuş maddi zərərin əvəzi olaraq 3723 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı ona mənəvi zərər vurulmasını əsəb-stress keçirməsi, bununla bağlı səhhətinin pozulmasını əsas gətirsə də, göstərilənlərlə bağlı hər-hansı müayinə-müalicə tədbirləri kimi sübut əhəmiyyətli faktlar məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulması hissəsində rədd edilməlidir. Həmçinin, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 12 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 İddiaçı2 qarşı maddi-mənəvi ziyanın ödənilməsi barədə iddiası qismən təmin edilsin. Zərərin əvəzi qismində 3723 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 12 manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1307/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1307/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver