Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1310/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçılar İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 sentyabr 2021-ci il tarixdə, saat 21:30 radələrində idarə etdiyi “Ravon Nexia” markalı , **-PK-*** dövlət nömrə nişanlı avtomobillə Xətai rayonu, Nargilə dairəsindən R.Quliyev küçəsi Ukrayna dairəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək qarşı yola çıxmış və əks istiqamətdə hərəkətdə olan və İddiaçı1 tərəfindən idarə edilən “Toyota Prius” markalı , **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qəza nəticəsində İddiaçı1 məxsus avtomobilə xeyli ziyan dəymiş, həmçinin iddiaçılar xəsarət almışlar. Baş vermiş nəqliyyat hadisəsi faktı əsasında Bakı şəhəri Xətai rayon DYPŞ-nın xx.xx.2021-ci il tarixli İXP seryalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində protokol tərtib edilmişdir. Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı Teymur Ağamirov HK-1 705/21 nömrəli toplanmış materialı nəzərdən keçirib 05 oktyabr 2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilməklə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-mn vasitəsi ilə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4264/2021 saylı, xx.xx.2021-ci il tarixli qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqında iş materiallarına baxaraq nəqliyyat vasitələrinin idarə etmə hüququnun 6 ay müddətində məhdudlaşdırılması qərara alınmışdır. Cavabdeh tərəfin təqsiri üzündən baş vermiş avto qəza zamanı avtomaşına vurulmuş zərərlə bağlı 17 saylı Defekt aktı tərtib edilmiş və "Gənclik” Kiçik Müəssisəsi avtoservisinin ekspertləri tərəfindən texniki baxış nəticəsində iddiaçıya məxsus "Toyota Prius" markalı, 99ON926 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər müəyyən edilmiş və avtomaşını işlək vəziyyətə gəirmək üçün ümumilikdə 8732 manat məbləğində pul tələb olunması göstərilmişdir. Sığorta şirkəti tərəfindən İddiaçı1 5000 manat ödənilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 945 və 946 saylı, 27 sentyabr 2021-ci il tarixli ekspert rəylərində iddiaçıların xəsarətlər almaları qeyd olunmuşdur. Qəza nəticəsində iddiaçılar aldıqları xəsarətlərlə bağlı gündəlik həyat tərzindən ayrılmış, həkim qəbulunda olmuş, müalicə olunmaq üçün dərmanlar almış və sağlamlıqları pozulmuşdur. Eyni zamanda onlar əlavə vaxt itirmişlər. Bu da öz növbəsində onları əlavə maddi ziyana məruz qoymuşdur. Qeyd olunanlara əsasən iddiaçılar Cavabdeh avtomaşına dəymiş maddi ziyana görə 3732 manat, maddi zərərlə bağlı 1000 manat, mənəvi ziyanla bağlı 1000 manat tutularaq İddiaçı1; qəza nəticəsində xəsarət almağı ilə bağlı maddi zərərə görə 3000 manat məbləğində maddi zərərin və mənəvi zərərə görə 1000 manat məbləğində pulun İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, hadisə onun təqsirindən olmayıb. Hava yağışlı idi və o, idarəetməni itirmişdir. Qəzanın olmaması üçün bütün imkanlardan istifadə etdi, lakin eləyə bildiyi bu qədəri oldu. İddiaçı1 avtomobilinə dəymiş zərəri sığorta ödəyib. O, özü İddiaçı1 hər hansı məbləğdə pul verməyib. İddiaçı2 gəldikdə isə, bir neçə dəfə evinə gedib, pul verib, bazarlıq edib. Hadisə baş verəndə də ilk növbədə ona köməklik edilməsini təşkil edib. Sonuncu dəfə iddiaçının evinə gedəndə İddiaçı2 ona telefonla bildirdi ki, təcili işi var idi və işlərini həll etməyə gedib. Həmin vaxt onda sual yarandı ki, İddiaçı2 gəzə bilmirsə, işlərini həll etməyə necə gedib. Hal-hazırda iddiaçılar tərəfindən ondan tələb edilən məbləğləri ödəmək iqtidarında deyil. Ona görə də iddia ərizəsinin rədd edilməsini xahiş edir. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı2 məhkəmə hazırlıq iclaslarında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, baş vermiş hadisə nəticəsində onun sağlamlığına çox ciddi zərər dəyib. Hal-hazırda onun qaşı və ayağı üzərində estetik əməliyyata ehtiyacı var. Ayağının fəaliyyəti tam olaraq bərpa edilməyib, qaşının üzərində isə hal-hazırda tük çıxmır və bu xüsusatlar ona fiziki və mənəvi iztirablar verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(011)-4264/2021 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Cavabdeh törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik leytenantı Teymur Ağamirovun xx.xx.2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin vasitəsilə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli 2/27498 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Cavabdeh hadisə zamanı ayıq olmuşdur. xx.xx.2021-ci il tarixli 2/27506 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, İddiaçı1 hadisə zamanı ayıq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 945 nömrəli 27 sentyabr 2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş İddiaçı1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın alın nahiyəsinin sol yan səthinin yumşaq toxumasının hematoması və sıyrığı, sağ mil-bilək oynağı nahiyəsinin, sol bazu oynağı nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 946 nömrəli 27 sentyabr 2021-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, vətəndaş İddiaçı2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qaşqövsü nahiyəsinin və sağ diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol diz oynağı nahiyəsinin ön səthinin və sol ayağın İ barmağının səthi əzilmiş yaraları bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşınla digər avtomaşının toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. ... Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7212 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Nəzəri hesablama yolu ilə, "xxxx" kiçik müəssisəsinin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Prius” markalı, 99ON926 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 8462 manat müəyyən edilir”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 T503/2022 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... 1992-cü il təvəllüdlü İddiaçı2 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:
1. Vətəndaş İddiaçı2 sol qaş və sağ diz nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol dizin və sol ayağın İ barmağının səthi əzilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə avtoqəza zamanı yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. 2,3. Vətəndaş İddiaçı2nm hazırki məhkəmə-tibbi ekspertizası zamanı cərrahi müdaxilə tələb edə biləcək hər-hansı ciddi defekt aşkar edilmədi”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə iddiaçılara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: - ziyanın vurulması; - ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; - əvvəlki iki elementlər arasında səbəbli əlaqə; - ziyanvuranın təqsiri. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(011)-4264/2021 saylı qərarında da qeyd olunduğu kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki iddiaçıya dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər dəymiş; Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində iddiaçılar xəsarət almışlar. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə 250 manat məbləğində pul iddiaçılara dəymiş mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçıların tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə iddia ərizəsinin maddi ziyanla bağlı hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar cavabdehin hərəkətləri nəticəsində (avtomobilə dəymiş ziyandan əlavə) İddiaçı1 1000 manat, İddiaçı2 isə 3000 manat məbləğində maddi ziyan çəkmələrinə istinad etsələr də, məhkəməyə həmin halı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişlər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(011)- 4264/2021 saylı qərarında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7212 saylı rəyində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 T503/2022 saylı ekspert rəyində qeyd olunanları, eyni zamanda İddiaçı1 5000 manat məbləğində sığorta ödənişinin edilməsinin işin mübahisəsiz halı olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 3462 manat avtomobilə dəymiş ziyanın əvəzi və 250 manat dəymiş mənəvi ziyanın əvəzi cavabdehdən tutularaq İddiaçı1, 250 manat dəymiş mənəvi ziyanın əvəzi isə cavabdehdən tutularaq İddiaçı2 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 40,71% hissədə təmin edildiyindən, ödənilmiş 118 manat dövlət rüsumunun 48,04 manat hissəsi Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyərinə gəldikdə məhkəmə hesab edir ki, cavabdehdən yalnız bir tədqiqatın dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası ekspertin qüsur aktının yalnız bir vərəqinə münasibət bildirməsi səbəbindən təyin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. 3462 (üç min dörd yüz altmış iki) manat avtomobilə dəymiş ziyanın əvəzi, 250 (iki yüz əlli) manat dəymiş mənəvi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 48,04 (qırx səkkiz manat dörd qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. 250 (iki yüz əlli) manat məbləğində dəymiş mənəvi ziyanın əvəzi Cavabdeh tutularaq İddiaçı2 ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 69,96 (altmış doqquz manat doxsan altı qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar Nəbizadə