Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1326/2024 22.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4” MMCnin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (“X4” MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən onun xeyrinə 1699,99 manat pul vəsaitinin tutulmasını xahiş edir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh Baku Electronics MMC-dən xx.xx.2023-cü il tarixdə 1699 (bir min altı yüz doxsan doqquz) manat 99 (doxsan doqquz) qəpiyə ödəməklə "LG" markalı 65UQ81006LB.BMCFLJP modelli televizor almışdır. Sözü gedən televizora pulu ödədikdən sonra cavabdeh televizoru yaşadığı evə quraşdırmışdır. Quraşdırıb getdikdən sonra televizoru işə salanda onun ekranında görüntülərin olmadığını görmüş və ekranın sınıq olduğu qənaətinə gəlmişdir. Onunla cavabdehin əşya ilə bağlı zəmanət talonu olduğundan onun dəyişməsi və ya təmiri ilə bağlı müraicət etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə "X4" MMC tərəfindən texniki rəy tərtib olunmuş, rəydə "LCD matriça yenisi ilə əvəz olunmalı, toplam təmir xərcinin 1097 manat olması göstərilmişdir. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş və ona son olaraq məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda özünə yeni televizor almışdır. Cavabdehdən isə əşyasını götürməyini və ödədiyi pulun ona verilməsini tələb etmək üçün məhkəməyə müraciət edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, televizor qoşulanda evdə kamera çəkilişi yoxdur. Ona görə də, qoşulma ilə bağlı görüntünü məhkəməyə təqdim etmir. Ekranın şəklini çəkmişdir ki, mağazaya təqdim etsin. Əgər ekrana fiziki təsir olmuş olsaydı, üstündə hər hansı bir iz qalmalı idi. Servisdən isə bildirdilər ki, barmaq toxunmaqla, televizorun iç sistemi dağılıb. Bu məsələni isə ancaq ekspert müəyyən edə bilər.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixdə 1699,99 manata endirimdə olan televizor nağd ödəniş edərək almışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin iki əməkdaşı televizoru onun evinə çatdırmışlar. Yeni il olduğundan və televizoru öz ustasına quraşdıracağı üçün Cavabdeh MMC-nin əməkdaşlarına televizoru tələsik yoxlayıb, getmələrini bildirmişdir. Onlar televizoru qutusundan yarımçıq çıxardaraq toka taxmışlar və televizoru yandırmışlar. Onlara inandığı üçün onların təqdim etdiyi qəbzə imza etmiş və onları yola salmışdır. xx.xx.2023-cü il tarixdə öz ustası televizoru quraşdırdıqdan sonra televizorun ekranında cızıqların olduğunu görmüşdür. Dərhal Cavabdeh MMC-nin qaynar xəttinə zəng edərək bu barədə məlumat vermiş və ona tez bir zamanda əməkdaşlarını televizora baxış üçün göndərəcəklərini bildirdilər. Hətta bu barədə ona sms bildiriş də göndərilmişdir. Cavabdeh MMC-nin iki əməkdaşı xx.xx.2024-cü il tarixdə evinə gələrək televizoru yoxladılar, ona televizorun 20 saat işlədiyini bildirdilər və qüsurun onlara aid olmadığını bildirib, getdilər. Çox əmin idi ki, Cavabdeh MMC tərəfindən televizor dəyişdiriləcəkdir. Dəfələrlə Cavabdeh MMC-nin qaynar xəttinə zəng etsə də, heç bir nəticəsi olmamışdır. Məcbur qalaraq bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Xidmət tərəfindən təxminən 1 aydan sonra 2023-cü ilin mart ayında ona zəng olundu və televizoru “X4” MMC-yə aparmağı xahiş olundu. Televizoru “X4” MMC-yə aparıb, təhvil vermişdir. Hesab edir ki, televizor Baku Electronics” MMC tərəfindən ona defekt vəziyyətində verilib. Çünki televizora heç bir zərər vurmamışdır. Daha sonra “Kontakt Home” mağazasından yeni daha böyük televizor almışdır. “Kontakt Home” mağazasının əməkdaşı televizoru tək quraşdırmışdır. Televizor ustası tərəfindən quraşdırılan zaman televizorun üzərində heç bir zədə, cızıq və ya əzik yox idi.Televizor quraşdırılan gün günortadan axşama kimi televizoru yanılı qoymuşdur. Səhərisi tezdən bir daha qoşsa da, televizor artıq tamamilə işləmirdi. 3 gün ərzində televizora heçnə edə bilməzdi və etməmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, təqdim edilən fotoşəkil faktiki halı göstərir. Onu sübut kimi qəbul etmək olmaz. Televizorun öz istifadə kitabçası var. Həmin kitabçadan göründüyü kimi televizor iki nəfər tərəfindən qaldırılmalıdır. Lakin televizor bir nəfər tərəfindən quraşdırılıb. Televizorun ekranında əl izindən qaynaqlanmayan izlər var.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsi əsassızdır. İddiaçı televizoru Cavabdeh MMC-dən 2023-cü ilin yanvar ayında almışdır. Cavabdeh MMC-nin əməkdaşları televizoru iddiaçıya təhvil vermişlər. Televizora iddiaçının iştirakı ilə baxış keçirilmiş və televizorda heç bir qüsur aşkar edilməmişdir. İddiaçı qəbzi imza etməklə televizoru təhvil almışdır. Daha sonra iddiaçı televizoru özü quraşdırmışdır. Hesab edir ki, iddiaçının özü tərəfindən dəvət edilmiş usta televizoru quraşdıran zaman televizoru fiziki təsir nəticəsində qırmışdır. Əlavə olaraq bildirir ki, iddiaçı televizoru 2023-cü ilin yanvar ayında alsa da, televizorda qüsur olması barədə 2023-cü ilin mart ayında məlumat vermişdir. İddiaçıya qüsurlu mal təqdim etməmişlər. Ona görə də, heç bir məsuliyyət daşımırlar. İddiaçıya televizor üçün zəmanət talonu verilsə də, zəmanət talonu fiziki təsir nəticəsində televizora vurulmuş ziyana şamil olunmur.
7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4” MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, televizor açılan zaman ekranında nasazlıq olsaydı, ekran qara olar və altında “siqnal yoxdur” deye qeyd olunardı. Ekranda qara kənar xətt varsa var, yoxsa yoxdur. Sonradan artan bir şey deyil. Enerji qəbulu ilə bağlı olanda isə ekran özünü və prosessoru qorumaq üçün sönür. Ekrandakı qara xətt üzbəüz dayananda sol tərəfdəndir. Ekranın həm aşağı, həm də yuxarı hissəsində sıxılma var.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə kifayət qədər məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
9. İddiaçı Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixində TV LG 65UQ81006LBAMCN adlı televizoru endirimlə, 1699 manata 1 illik zəmanətlə almışdır. Televizor xx.xx.2023-cü il tarixdə iddiaçının evinə quraşdırılmış, yanında açılaraq enerji mənbəyinə qoşulmuş, iddiaçı televizorun enerjiyə taxıldığını qeyd etməklə məhsulu təhvil almışdır.
10. İddiaçı özü etiraf edir ki, məhsul cavabdehin əməkdaşları tərəfindən quraşdırılmamış, öz ustası tərəfindən quraşdırılmışdır. Quraşdırılanda ekranda olan cızıqlar barədə cavabdehə məlumat vermişdir. Cavabdehin əməkdaşları isə xx.xx.2024-cü il tarixində məhsula baxış keçirdikdə cızıqların kənar təsirdən qaynaqlandığını bildirməklə məsuliyyət götürməmişlər.
11. İddiaçı xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyinə müraciət etmiş və onun müraciətinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Sonuncunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Xidməti tərəfindən məsələ ilə bağlı araşdırma aparılmış və mübahisə ilə bağlı Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda məhsulun servis mərkəzinə təqdim edilməməsi səbəbindən qüsurun olub-olmamasının müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir.
12. “X4” MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli texnii rəy ilə 65UQ81006LB.MCFLJP modelli LG markalı televizorun ekranının sınması simptomu ilə servisə daxil olduğu, cihazın müayinəsi nəticəsində televizorun yoxlanıldığı, LCD matriça mexanıki təsir nəticəsində sındığı, yaranmş defektin zavod zəmanətinə aid olmadığı bildirilmişdir.
13. İddiaçı iddia edir ki, məhsulda olan qüsur mexaniki təsirdən yaranmayıb. Həmçinin 3 gün içində televizora bu dərəcə xəsarət yetirə bilməz.
14. Cavabdeh isə iddiaçı tərəfindən məhsulun yanvarda alındığını, servisə 3 aydan sonra mart ayında təqdim edildiyini, qoşulmalı olan televizorun mütəxəssislər tərəfindən qoyulmasına iddiaçının özünün etiraz etdiyini, qoşulmanın kənar şəxs tərəfindən aparıldığını, televizorda olan qüsurun isə zavod yox, mexaniki təsirdən qaynaqlanan qüsür olduğunu bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
15. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.
19. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
20. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
21. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.
22. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.
23. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir.
24. 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir.
25. 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır.
26. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin.
27. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
28. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.
29. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
30. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
31. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
32. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun:
33. 5.1 İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
34. 5.3 Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır.
35. 7.1 İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
36. Yuxarıda sadalanan normalardan göründüyü kimi satıcı alıcıya lazımi keyfiyyətli əşya verməlidir və alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehlik daşıyır. Üstəlik satıcı keyfiyyət qarantiyası verdiyi mala görə o halda məsuliyyət daşımır ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirə bilsin.
37. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əşyanın alqısatqısı müqaviləsi bağlanmışdır. Əşya alıcıya təhvil verilmişdir. Belə ki, əşyanı enerji mənbəyinə qoşduqdan və əşyanın işlədiyindən əmin olduqdan sonra alıcı əşyanı quraşdırmağa gələn şəxsləri yola salmış və bu barədə yazılı qeyd təqdim etmişdir. Bu hal işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübut etmə yükü alıcının üzərinə düşür. Lakin iddiaçı istinad etdiyi hallara dair hər hansı sübut təqdim edə bilməmişdir.
38. Hansı ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Bununla belə məhkəmə o qənaətə gəlir ki, satıcının keyfiyyət qarantiyası verdiyi malın nasazlığının zavod qüsuru olmadığı texniki rəylə öz təsdiqini tapdığından və əşyada yaranan nasazlığın əşyanın təhvil verildiyi məqamdan sonra istənilən mexaniki təsir nəticəsində yarana bilməsi şübhə doğurmadığından satıcı əşyanın qüsurlarına görə məsuliyyət daşımır. Tətbiq edilən prosessual normalar:
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
43. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
45. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
46. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı (“X4” MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar pul" tələbinə dair iddası rədd edilməlidir.
47. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇
İddiaçı Cavabdeh MMC-yə qarşı (“X4” MMC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev