Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1332/2022 01.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə birgə iddiaçılar kimi İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı1 və İddiaçı2 birgə iddiaçılar kimi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən avtomobilə vurulmuş zərərin əvəzi kimi 170 manat məbləğində pul vəsaitinin İddiaçı1 xeyrinə, sağlamlığa vurulan zərərin əvəzi kimi isə 750 manat məbləğində pul vəsaitinin İddiaçı2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, 09 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia-Cerato” minik markalı avtomobillə işıqforun qırmızı işığında dayanmış, həmin vaxt avtomobildə ondan başqa, qohumu İddiaçı2 da sərnişin kimi olmuşdur. Cavabdeh idarə etdiyi, özünə məxsus “Ford Fusion” markalı avtomobillə onun idarə etdiyi avtomobili arxa hissədən vurmuş, hadisə yerindən yayınmışdır. Toqquşma nəticəsində avtomobilə 170 manat məbləğində zərər dəymiş, habelə, sərnişin İddiaçı2 burun nahiyyəsindən xəsarət almışdır. Bu faktlar Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan, qərardan, habelə həkimin tibbi rəyindən öz təsdiqini tapmışdır. Lakin, Cavabdeh idarə etdiyi avtomobil yol-nəqliyyat hadisəsi törətilən vaxt icbari qaydada sığortalı olmadığından sığorta şirkəti tərəfindən onlara dəymiş zərər ödənilməmişdir. Avtomobilə dəymiş zərərin miqdarı qüsur aktı ilə öz təsdiqini tapır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2 və 14.2.5-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin yüngül xəsarət alması – 15 faiz nisbətlərində ödənilir. Hadisəni törətmiş şəxsin icbari qaydada sığortası olmasa da ,icbari sığorta məbləği 5000 manatdır və buna görə də, onlar İddiaçı2 sağlamlığına vurulmuş yüngül zərərə görə cavabdehdən 5000 manatın 15 faizi, yəni 750 manat pulu tələb edir. Sonda İddiaçı1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etdiyini bildirərək digər İddiaçı1 izahatına uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin tələbləri baxımından işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən olunur ki, : - “Ford Fusion minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində 07 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) və 327.8-ci (bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) maddələri ilə İXP ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilmişdir. - 06 fevral 2021-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə təqsirli bilinərək barəsində 200 manat inzibati cərimə növündən inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - 05 fevral 2021-ci il tarixli “dəymiş zərərin hesablanmasına dair akt”a əsasən, “Kia Cerato” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 170 manat müəyyən edilmişdir. - 12 noyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı2 yüngül dərəcəli bədən xəsarəti almışdır. - “Kia Cerato minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil AD seriyalı, 737633 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən X2 mülkiyyətində olmaqla ƏN-Vİİ seriyalı, 187182 nömrəli etibarnamə əsasında İddiaçı1 həmin avtomobili idarə etməklə yanaşı sərəncam vermək hüquqları tanınmışdır. - “Ford Fusion minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil AD seriyalı, 872808 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, Cavabdeh mülkiyyətindədir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 15 oktyabr 2020-ci il tarixli, 1736 saylı ekspert rəyinə əsasən, belə nəticəyə gəlinmişdir ki, İddiaçı2 bədənində aşkar olunmuş xəsarət – burun sümüyünün uc hissəsinin yerdəyişməsiz xətti sınığı ilə müşayiət olunan burun əsasının qançısı-şişkinliyi bərk-küt əşyanın təsirindən müayinədən 7-9 gün əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərə vurmaya aiddir. İddiaçı2 bədənində aşkar olunmuş xəsarət 09 oktyabr 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən cavabdehlərə ünvanlandırılmış 26 fevral 2021-ci il tarixli məktublardan görünür ki, “Ford Fusion” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi baş verdiyi anda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə “Azərsığorta” DSKŞ-də sığortalı olunmamışdır. Bu səbəbdən, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia Cerato” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə, nə də X1 aldığı xəsarət üzrə “AzərSığorta” DSKŞ-nin öhdəliyi yaranmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Ford Fusion minik” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 09 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində işıqforun qırmızı işığında dayanmış halda olan, İddiaçı1 mülki etibarnamə əsasında idarə etdiyi “Kia Cerato minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınmış, hadisə nəticəsində “Kia Cerato” markalı avtomobilə 170 manat maddi zərər dəymiş, habelə, həmin avtomobildə olan sərnişin İddiaçı2 toqquşma nəticəsində yüngül dərəcəli bədən xəsarəti almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması və s. həmin Məcəllənin 327.1-ci maddəsinin tərkib hissələridir. Həmin Məcəllənin 327.6-cı maddəsində isə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün hadisə yerindən yayınmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. 327.8-ci maddədə isə bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətilməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi göstərilmişdir. Cavabdeh törətmiş olduğu əmələ görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə təqsirli bilinərək barəsində 200 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh törətmiş olduğu inzibati xəta üzrə “Kia Cerato” markalı avtomobilə vurulmuş zərərin miqdarı iş materialları ilə sübuta yetirildiyindən iddia bu hissədə təmin edilməlidir. Lakin, iddianın digər, yəni İddiaçı2 dəymiş zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd olunur ki, iddia bu hissədə “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.2 və 14.2.5-ci maddəsi ilə əsaslandırılmışdır. Həmin maddələrdə göstərilir ki, sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi yüngül xəsarətə görə sığorta məbləğinin 15 faizi nisbətində ödənilir. Həmin Qanunun 56.1 və 56.1.1-ci maddəsinə əsasən, Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Hazırki iddia tələbində İddiaçı2 sağlamlığına dəymiş zərər üzrə sığorta haqqı kimi nəzərdə tutulmuş 5000 manatın yüngül xəsarətə görə ödənilməli 15 faizini nəzərə alaraq cavabdehdən 750 manat pulun tutulmasını xahiş etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh məlum yol-nəqliyyat hadisəsi baş verən vaxt idarə etdiyi avtomobillə bağlı qüvvədə olan icbari sığorta müqaviləsi mövcud olmamışdır. Belə olan halda iddia tələbinin bu hissəsinin göstərilən əsaslarla təmin edilməsi mümkünsüzdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomobilə dəymiş zərərin əvəzi kimi 170 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə vurulmuş zərərin əvəzi kimi 170 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1332/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1332/2022
01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver