Məhkəmə qərarları › İş №2(001)-1333/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1333/2022

03.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1333/2022 03.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5.000 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi iki il olar ki, tanıyır. Belə ki, cavabdeh bir neçə dəfə onlara müraciət edib demişdir ki, onun soyuducuda xurma meyvəsi var, ona kömək etsin onun malını satsın, ona da hörmət edəcəkdir. Bu səbəbdən də o, cavabdehi məhsul satan kimi tanımışdır. Cavabdeh 2020-ci ilin dekabr ayında ona demişdir ki, onun 4.000 yeşik yaxşı xurma meyvəsi var, alırlarsa gəlib həmin malı alsınlar. O, 21 yanvar 2021-ci il tarixdə şəriki Elmandan pul götürüb Anarla Goranboy rayonunun Goran qəsəbəsində Nar bağında yerləşən soyuducu olan sexə Pərvizin yanına getmişlər. Pərvizin ona satmaq istədiyi xurma meyvəsinə baxmaq istəyərkən, soyuducuda olan xurma ilə dolu olan yeşiklər uçduğuna görə, soyuducunun qapısı açılmamış, o, həmin xurma meyvəsinə baxa bilməmişdir. Cavabdeh ona təklif etmişdir ki, o, mala görə 5.000 manat məbləğində beh versin, cavabdeh də fəhlə gətirib soyuducunun qapısını açdırsın, o da gəlib xurmaya baxaraq mal xoşuna gəlmədiyi təqdirdə verdiyi 5.000 manat behini qaytaracaqdır. Həmin günün səhərisi onlar gəlib meyvəyə baxanda görmüşlər ki, soyuducuda olan xurma yeşikləri bir-birinin üstünə aşmış, həm də havalanma olmadığı üçün xurmaların hamısı zədələnmiş və qara xallar buraxmışdır. Onlar cavabdehə demişlər ki, həmin xurma meyvəsini Rusiyaya göndərəcəklər, bu formada zədəli malı ora göndərə bilməzlər. Onların verdiyi 5.000 manat pulu versin, onlar da çıxıb getsin. Cavabdeh isə onlara demişdir ki, onlar verdiyi pulu soyuducunun borcuna vermişdir, ona kömək edib malı satsınlar, o da pulu qaytarsın. O, cavabdehin yanına xeyli müştəri göndərmiş, lakin həmin xurmaların zədəli olmasına görə heç kim almamışdır. Onlar da verdiyi pulu istəmiş, lakin cavabdeh pulu qaytarmağa söz versə də, hazırda pulu qaytarmaqdan imtina edir, onu aldadır. Borclu bununla da vermiş olduğu öhdəliyin şərtlərini pozur. Goranboy Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(045)-654/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, daha sonra həmin məhkəmənin 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsi təmin edilərək, həmin qiyabi qətnamə ləğv edilmiş, məhkəmənin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə isə mülki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, 3 ildir ki, iddiaçını meyvə alış-satışında vasitəçilik xidməti göstərən şəxs kimi tanıyır. İddiaçı ilə aralarındakı alış-veriş onun xurmaları satmaq niyyəti ilə iddiaçıyla əlaqə saxlamasından başlamışdır. Belə ki, onun iki maşın, tanışı Xəyalın isə bir maşın xurma meyvəsi var idı. O, Xəyalla birlikdə Goranboy rayonunda soyuducunun bir kamerasını icarəyə götürərək maşındakı xurmaları kameraya boşaltmışlar. Daha sonra Xəyal ona zəng vuraraq bildirmişdir ki, kameraya yığılmış xurma yeşikləri qapıya tərəf aşmışdır. Onlar məsləhətləşdilər ki, yeşiklər aşmış formada qalsın, onları satanda kameranın ön hissəsindən deyil, arxa hissəsindən kəsərək çıxararlar. Bundan sonra o, iddiaçı ilə əlaqə saxlayaraq bildirmişdir ki, onun iki maşın xurması, Xəyalın isə bir maşın xurması soyuducudadır, onları satmaq niyyətindədirlər, ona görə də müştəri taparsa ona məlumat verər. İddiaçı da cavab olaraq bildirmişdir ki, gəlib meyvələrə özü baxacaqdır. İddiaçı birinci dəfə gəlib xurmalara tək baxmış, ikinci dəfə gəldikdə isə Xəyal ilə birlikdə baxmışlar. Belə ki, o, Bakı şəhərində olanda iddiaçı ona zəng etmiş, o isə rayonda qalan Xəyal ilə əlaqə saxlayaraq iddiaçını qarşılayıb meyvələri ona göstərməyi xahiş etmişdir. Həmin ərəfədə xurmanın bir yeşiyinin dəyəri 14-15 manat idi. Onlar meyvəni satmağa tələsmədiklərindən fikirləşdirlər ki, biraz da gözləsinlər, qiymət qalxanda satarlar. Bir müddət gözlədikdən sonra gördülər ki, qiymətlər aşağı düşür. Ona görə də iddiaçı ilə yenidən əlaqə saxlamış, iddiaçı demişdir ki, müştərilər var, gəlib yenidən meyvələrə baxacaqdır. Həmin vaxt o, Bakı şəhərindən Goranboy rayonuna qayıdırdı. Qayıtdıqdan sonra səhərigün Xəyal ona zəng vuraraq bildirmişdir ki, xurmaların bir yeşiyini 12 manatdan istəyən real müştəri var, onun xurmalarını alır. Həmçinin bildirmişdir ki, onun da meyvələrini almaq istəyir. Bu zaman o, Xəyala bildirmişdir ki, ona 15 dəqiqə vaxt versin, çünki iddiaçıya artıq xurmaların ona satacağını bildirmiş və o, buna razılıq bildirmişdir. Bu zəngdən dərhal sonra o, iddiaçı ilə əlaqə saxlayaraq mövcud vəziyyəti ona bildirmiş, iddiaçı isə qətiyyətlə Xəyal meyvəsini satsa da, onun öz meyvələrini satmamasını, həmçinin hazırda yolda oldğunu və Goranboy rayonuna gəldiyini bildirmişdir. Həmçinin iddiaçı ona bildirmişdir ki, o, xurmanın bir yeşiyini 13 manatdan alacaqdır, əgər o, 12 manatdan satarsa uduzacaqdır. Bundan sonra isə o, Xəyala zəng vuraraq bildirmişdir ki, o, meyvəsini iddiaçıya satacaqdır. Təxmini 40 dəqiqədən sonra iddiaçı ilə Anar adlı şəxs gəlmiş, onlar xurmaların saxlandığı soyuducunun yanına yığışmışlar. Həmin vaxt orada 20 nəfərə yaxın insan, o cümlədən soyuducunun sahibi, işçilər və s. var idi. İddiaçı xurmalara baxaraq bəyəndiyini bildirmiş, alan zaman yalnız ona əzilməmiş və təmiz meyvələrin veriləcəyini tələb etmişdir. O, iddiaçıya bildirmişdir ki, sabah Xəyal özünə məxsus meyvələri satdığı alıcı gəlib meyvələri aparacaq və soyuducunun arxa hissəsi kəsiləcəkdir. Odur ki, iddiaçı soyuducu açıq qalacağı üçün meyvələr xarab olmasın deyə gəlib meyvələri götürməlidir. Ona görə iddiaçıya bildirmişdir ki, malları dəqiq alıb-almadığı barədə fikir bildirsin. İddiaçı özü 5.000 manat beh verərək bildirmişdir ki, meyvələri gəlib yeşiyi 13 manatdan alıb aparacaqdır. Həmçinin razılaşmışlar ki, məhsulları yığanda əziklər və xarablar seçilərək kənara qoyulacaq, yaxşı vəziyyətdə olanların isə pulu veriləcək. İddiaçının beh verdiyi gün Xəyal da öz müştərisindən beh almışdı. Səhərisi gün Xəyalın məhsulları soyuducudan yığıb aparılarkən, iddiaçı narazı halda gəldi ki, o, məhsulları almayacaqdır, ona görə də dünən verdiyi beh ona qaytarılsın. Səbəbini soruşduqda isə bildirdi ki, məhsul xoşuna gəlmir. O, buna etiraz edərək bildirmişdir ki, dünən məhsula baxıb bəyəndiyini bildirmiş və buna görə də özü beh vermişdir. Bundan əlavə bildirmişdir ki, dünən real müştəriyə də satmağa qoymamış, qətiyyətlə özünün alacağını söyləmişdir. O, 4.100 ədəd yeşik xurmadan 3.300 yeşik tam seçilmiş xurmanı bir kənara yığmış və başqa soyuducuya yerləşdirmişdir. Həmin vaxt xurmaların şəkillərini çəkib iddiaçıya da göndərmişdir. Həmin danışıqdan bir neçə gün sonra iddiaçı onun yanına gələrək, behin 2.000 manatını ona keçdiyini, 3.000 manatını isə qaytarmasını istəmişdir. O, iddiaçıya bildirmişdir ki, başqa müştəri tapsa hətta yeşiyini 11 manatdan satmağa razıdır və sata bildiyi təqdirdə onun behini qaytaracaqdır. İddiaçıya görə meyvəni sata bilmədiyindən meyvənin başqa soyuducuya yerləşdirilməsinə görə əlavə xərcə düşmüş, eyni zamanda meyvənin də qiyməti aşağı düşmüşdür. İddiaçı bildirmişdir ki, meyvəyə müştəri tapacaqdır, lakin sonradan onunla əlaqə saxlamamışdır. Təxminən 15 gün sonra, 2021-cilin yanvar ayında eyni kənddən olan bir tanışı 2.000 ədəd yeşik xurmanın bir yeşiyini 8 manatdan istəmiş, o da əlacsız qalaraq razılaşıb satmış, 600 yeşik xurmanın isə hər bir yeşiyini 2 manata satmış və qalan meyvələr isə xarab olduğu üçün tullamışdır. Bundan sonra iddiaçı ona zəng edərək bildirmişdir ki, məhsulunu satdığını eşidib və onun pulunu qaytarsın. O, iddiaçıya bildirmişdir ki, onun etdiyi hərəkətə görə 24.000 manat məbləğində ziyana düşmüşdür. Bundan sonra isə iddiaçı ondan hüquq-mühafizə orqanlarına şikayət etmiş, daha sonra isə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiaya baxılaraq rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, cavabdehlə bir kənddəndirlər. O, meyvə alış-satışı ilə məşğuldur. 2020-ci ildə məhsul yığımı zamanı iki maşın cavabdehin, bir maşın isə onun xurması var idi. Onlar rayonda soyuducu icarəyə götürüb məhsulları kameraya yerləşdirmiş, məhsul soyuducunun kamerasına yığıldıqdan sonra bir hissəsi kameranın qapısı tərəfə aşmışdır. Bu zaman cavabdeh ilə razılaşmışlar ki, məhsulu satanda arxa qapıdan çıxararlar, çünki ön qapıdan çıxarılsa məhsul yerə aşar. Bundan sonra onlar gözlədilər ki, Rusiya bazarında qiymətlər qalxsın və onlar meyvəni satsınlar. Lakin qiymətlərdə yüksəliş olmadığından fikirləşdilər ki, qiymətlər lap da aşağı düşməmiş məhsulu satsınlar. Pərviz Elmirə bildirmişdir ki, onlar öz məhsulunu satırlar. Elmir məhsula baxmaq üçün rayona gələcəyini bildirmişdir. Elmir rayona gələndə Pərviz Bakı şəhərində olduğundan bir dəfə məhsula baxmağa onunla birlikdə getmişdir. Elmir meyvələrə baxaraq bəyənmişdir. Bir müddət sonra bir müştəri gəlib həm onun məhsullarını, həm də Pərvizin məhsullarının 1 yeşiyini 12 manatdan olmaqla almaq istədiyini bildirmişdir. O, öz məhsulunu ona satmağa razılıq vermiş, Pərviz isə bildirmişdir ki, artıq Elmir ilə razılaşın, indi başqasına satsa ayıb olar. Ona görə də Elmirlə yenidən dəqiqləşdirib, ona məlumat verəcəkdir. Sonra Pərviz ona zəng edərək bildirmişdir ki, Elmir yoldadır, gəlir, o, da məhsulunu satmasın, çünki Elmir məhsulların 1 yeşiyini 13 manatdan alacaqdır. Lakin o, artıq müştəri ilə razılaşmışdır. Həmin günü Elmir gəib məhsula baxmış, bəyənmiş və Pərvizlə razılaşmışdır. Onun müştərisi ona 2.000 manat beh, Elmir isə Pərvizə onun yanında 5.000 manat beh vermişdir. Səhərigün onun məhsulu çıxarıldıqdan sonra, Elmir də öz fəhlələri ilə gəlib məhsulları çıxaracaqdı. Onun məhsulları çıxarıldıqdan sonra, Elmir gəldi və bildirdi ki, o, məhsulları alası olmadı. Pərviz də Elmirə dediki ki, bəs almayacaqdınsa niyə məhsulların real müştəriyə satılmasına mane oldun. Sonra o, Elmiri görməmişdir. Ona verilmiş suala cavab olaraq bildirdi ki, Elmirin yanında həmişə Anar adlı bir oğlan gəlirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, cavabdehlə eyni kənddəndir. O, meyvə yığımı zamanı cavabdehin işçisi kimi məhsulları yığıb maşına yükləmiş, sonra isə soyuducuya yerləşdirmişdir. O, Pərvizlə görüşüb işə gedəndə, həmin vaxt Xəyal zəng elədi ki, məhsulları almaq istəyən real müştəri var. Pərviz də dedi ki, Elmirlə danışıb ona məlumat verəcəkdir. Pərviz Elmirlə danışdıqdan sonra Xəyala zəng edərək dedi ki, Elmir yoldadır gəlir, bir ədəd yeşik xurmanı 13 manatdan alacaq. O da məhsulunu satmasın, Elmiri gözləsin, baha satsın. Onlar məhsulun saxlandığı yerə getdilər, biraz sonra Elmir ilə Anar adlı şəxs gəldi. Həmin vaxt Xəyal və müştərisi də orda idi. Elmir məhsullara baxdı, Pərvizə hamının yanında 5.000 manat beh verdi ki, məhsulu başqasına satmasın, özü alacaqdır. Həmçinin, Elmir dedi ki, məhsulları öz fəhlələri seçib yükləyəcək, əzik olanlar Pərvizdə qalacaq, yalnız yaxşı olanları alacaqdır. Səhərigün Elmir gəldi və məhsulları almayacağını bildirərək Pərvizdən verdiyi behi geri istədi. Pərviz də məcbur qalıb məhsulun xarab olmamasına görə onları başqa soyuducuya yığdırdı, sonra da bir ədəd yeşik xurmanı aldığından da ucuz qiymətə satdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, cavabdehlə eyni kənddəndir. Onun işi məhsullar yığıldıqdan sonra məhsulu öz yük avtomobili ilə soyuducuya və ya anbara daşımaqdır. O, daha çox Xəyal ilə işləyir və onun məhsularını daşıyır. Xəyalın məhsulunu alan müştəri Pərvizin məhsulunu da almaq istəyirdi. Lakin Pərviz məhsulunu Elmirə satacağını deyərək, məhsulunu Xəyalın müştərisinə satmadı. Xəyal 1 yeşik xurmanı 12 manata satdı. Elmir isə həmin gün 1 yeşik xurmanı 13 manatdan alacağını bildirdi və Pərvizə 5.000 manat beh verdi. O, Xəyala demişdir ki, gərək biraz gözləyərdi, o da məhsulun bir yeşiyini 13 manatdan satardı. Səhərigün onlar Xəyalın məhsulunu soyuducudan çıxardıb müştəriyə təhvil verdilər. Həmin gün Elmir Anar adlı bir şəxslə birlikdə gəldi və Pərvizə dedi ki, məhsulu alamayacaq, behi geri qaytarsın. İş materiallarında olan: Goranboy Rayon Polis İdarəsinin müstəntiqi tərəfindən qəbul edilmiş 19 fevral 2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, Azərbaycan Respublikası ərazisindən meyvə-tərəvəz alıb, satılması üçün Rusiya Federasiyasına göndərir, o, meyvə-tərəvəz alverini tanışı X3 ilə birlikdə edir. O, 22 yanvar 2021-ci il tarixdə əvvəlcədən tanıdığı Goranboy rayonu Xanqərvənd kənd sakini Cavabdeh ilə görüşüb ona xurma almağını bildirdikdə, Cavabdeh özünə məxsus olan Goranboy rayonu Goran qəsəbəsi ərazisində soyuducuda saxladığı xurmanı onlara göstərib satdığını qeyd etmiş, onlar Cavabdeh göstərdiyi soyuducuda olan xurmaya baxdıqdan sonra, o, tanışı eyni zamanda onlara alverdə şərik olan X2 zəng edib alacaqları xurma barədə məlumat vermişdir. Lakin həmin vaxt soyuducunun qapısı açılmadığı üçün onlar Cavabdehlə razılaşıb növbəti gün soyuducunun qapısı açıldıqdan sonra alacağı meyvəyə baxdıqdan sonra fikrini dəqiq bildirəcəyini qeyd etmişdir. O, sonra Gəncə şəhərinə gedib Elman Süleymanovdan 5.000 manat pul alıb yenidən Goranboy rayonuna qayıtmış, Cavabdeh 5.000 manat beh pul verib və sabah xurmaya baxdıqdan sonra xurmanı alacağını, əgər meyvə xoşuna gəlməsə ona verdiyi behi qaytaracağını razılaşmışdılar. O, 23 yanvar 2021-ci il tarixdə Anar Qurbanovla birlikdə Goranboy rayonu Goran qəsəbəsinə gəlmiş, Cavabdehlə görüşüb, onun satdığı soyuducuda olan xurmaya baxdıqdan sonra xurmanın yaxşı olmadığını görüb, ona satdığı xurmanın keyfiyyətli olmadığını bildirmiş və əvvəlcədən razılaşdıqları kimi bir gün əvvəl verdiyi 5.000 manat behi geri qaytarmasını qeyd etmişdir. Həmin vaxt Cavabdeh ona verdiyi pulu işlərinə sərf etdiyini deyib, bir neçə günə xurmasını satdıqdan sonra onlara 5.000 manat pulu qaytaracağını bildirdiyini və satdığı xurma üçün alverçi tapmağını xahiş etmişdir. Lakin sonradan Cavabdeh öz meyvəsini sata bilmədiyinə görə ona olan 5000 manat pul borcunu da ödəmədiyini və ona məxsus meyvənin almadıqlarına görə meyvəsinin məhv olduğunu və ona görə də 5000 manat behi qaytarmadığını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X1 Elmir Eyvaz oğlunun izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, 2020-ci ilin oktyabr və noyabr aylarında yaşadığı Goranboy rayonu Xanqərvənd kəndi ərazisində kənd sakinlərindən sonradan satmaq məqsədi ilə 41.000 manat dəyərində 4.100 ədəd yeşik xurma meyvəsi almış və həmin xurmanı qışda satmaq üçün Goranboy rayonu Goran qəsəbəsi ərazisində soyuducuya yerləşdirmiş və həmin soyuducuda onunla birlikdə tanışı X5 məxsus da 2000 yeşik xurma olduğunu bildirmişdir. O, 2020-ci ilin dekabr ayında Xəyal Abbasovun ona zəng edib onlara məxsus olan xurmanı yığdıqları soyuducunun içərisində olan meyvələrin qapının arxasına uçduğunu və qapının açılmadığını bildirmiş, o, Xəyal Abbasovla birlikdə Goran qəsəbəsinə gəlib soyuducuya baxdıqdan sonra soyuducu sahibi ilə razılaşıb meyvəni satdıqları zaman soyuducunu arxa hissəsindən kəsib meyvələri oradan götürəcəklərini bildirmişdir. O, 2021-ci ilin yanvar ayında əvvəlcədən tanıdığı Şəmkir rayonunda yaşayan meyvə alveri ilə məşğul olan İddiaçı onunla bir neçə dəfə görüşüb, İddiaçı ona məxsus olan soyuducuda saxladığı xurmaya baxıb meyvəni ona satmağını xahiş etdiyini bildirmişdir. 21 yanvar 2021-ci il tarixdə Xəyal Abbasov ona zəng edərək onlara məxsus olan xurmanı satacağını bildirdiyini, lakin o, Xəyal Abbasova əvvəlcədən söz verdiyi İddiaçı zəng edib meyvəni satmaq istədiyini deyəcəyini, sonuncunun meyvəni almadığı təqdirdə meyvələrini onun dediyi adama satacağını bildirmişdir. O, İddiaçı zəng edib, onlara məxsus olan soyuducuda saxladığı meyəvəyə alverçi gəldiyini və Xəyal Abbasovun meyvənin hər bir yeşiyini 12 manata satdığını demiş, onun da özünə məxsus olan meyvəni satmaq istədiyini bildirdikdə, İddiaçı ona meyvəni satmamağı, gəlib həmin meyvəni özü alacağını bildirmişdir. Bir müddət sonra İddiaçı həmin yerə gəlmiş və soyuducunun qapısı açılmadığı üçün qarşı tərəfdən soyuducuda olan meyvəyə baxdıqdan sonra ona 5000 manat beh pul vermiş, lakin Xəyal Abbasov özünə məxsus olan meyvəni Elmirə Hacıyevə yox başqa alverçiyə satdığını bildirmişdir. Onlar 22 yanvar 2021-ci tarixdə yenidən soyuducu olan yerə gəlmiş, Xəyal Abbasov soyuducunu arxadan kəsib özünə məxsus olan meyvəni satarkən İddiaçı ona məxsus olan meyvənin üzərində qaralar olduğunu deyib meyvəni almayacağını bildirmişdir. O, İddiaçı xoşuna gəlmədiyi meyvəni kənara qoymağı, xoşuna gələnləri almağı təklif etdikdə, o, təkrar meyyvəni almayacağını bildirmişdir. İddiaçı ona behi qaytarmağı bildirdikdə, o, İddiaçı sabah meyvəni seçdirəcəyini, gəlib meyvənin seçilmişini almasını bildirmişdir. Lakin bir neçə gündən sonra İddiaçı ona zəng edib, əvvəlcədən verdiyi 5.000 manatın 2.000 manatını özünə götürməsini, qalan 3.000 manatını ona qaytarmasını təklif etdikdə, o, meyvəyə başqa alverçi gətirməyini və meyvəni satmağını və özünün 5.000 manatını götürməyini bildirmişdir. İddiaçı ona məxsus olan xurmanın hər bir yeşiyini 11 manata satacağını ona demiş, lakin sonradan ona məxsus olan meyvəyə alverçi gətirmədiyi üçün o, həmin meyvənin günü-gündən xarab olduğunu görüb 2.000 yeşiyini hər birini 8 manata, 600 yeşik meyvəninin isə hər bir yeşiyini 2 manata satmış və qalan 1.500 yeşik meyvənin isə xarab olduğu üçün tulladığını bildirmişdir. O, İddiaçı ona məxsus olan meyvəyə beh verib sonradan həmin meyvəni almadığı üçün ona 24.000 manat ziyan dəydiyini qeyd etmişdir. Qeyd olunan qərarla İddiaçı müraciəti ilə əlaqədar cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskdən görünür ki, diskdə 4 ədəd şəkil və 1 ədəd video vardır. Şəkillərdə və videoda çoxsaylı yeşiklərə yığılmış xurma meyvəsi əks olunub. 12 mart 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırki iddianın məhkəmədə qaldırılması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı meyvə alıb, satılması üçün Rusiya Federasiyasına göndərməklə, cavabdeh isə meyvə yığımı və satışı ilə məşğul olur. Cavabdeh yığdığı xurma meyvəsini satmaq məqsədi ilə iddiaçıya müraciət etmiş, iddiaçı meyvəyə baxmış və bir yeşiyini 13 manatdan alacağını bildirmiş, bunun üçün cavabdehə 5.000 manat məbləğində beh vermişdir. Sonra isə meyvənin zədəli olduğunu bildirərək, almaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdehə verdiyi 5.000 manat məbləğində behin qaytarılmasını xahiş edir, cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-cı maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır; 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki qanunvericiliyin istinad olunan normalarına əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır, lakin bu tələbə riayət edilməməsi nəticəsində ödənilmiş məbləğin beh olub-olmamadığına şübhə yarandığı təqdirdə, həmin məbləğ avans kimi ödənilmiş sayılır, əgər əksi sübuta yetirilmirsə. Hazırki işlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, avans alqı-satqı müqaviləsi bağlanarkən həmin müqavilə üzrə alıcı tərəfindən satıcıya ödənilməli olan məbləğin bir hissəsidir. Yəni, alqı-satqı müqaviləsi olmadığı təqdirdə, avans mövcud olmur, alqı-satqı müqaviləsi bağlanmalıdır ki, alıcı həmin müqavilə üzrə avans ödəsin. Beh ödənildiyi zaman isə alqı-satqı müqaviləsi mövcud olmur, alıcı behi ödədiyi zaman alqısatqı müqaviləsinin bağlanacağı barədə üzərinə öhdəlik götürür və əgər bu öhdəliyi icra etməsə, ödədiyi beh satıcıda qalır. Hazırki işdən görünür ki, iddiaçı cavabdehə beh ödəsə də, sonradan alqı-satqı müqaviləsinin bağlanılmasından imtina etmişdir. Belə ki, iddiaçı beh verməklə cavabdehdə olan meyvələrin seçilmişlərinin bir yeşiyini 13 manatdan alacağını, cavabdeh isə buna razı olduğunu bildirmişdir. Başqa sözlə, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanacağı barədə razılıq əldə olunmuşdur. İddiaçı tərəfindən ödənilmiş məbləğin beh olduğunu iddiaçı iddia ərizəsində və Polis idarəsində verdiyi izahatında da təsdiqləmişdir. Məhkəmə tərəflər arasında bağlanmış beh haqqında şifahi razılaşma ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə həmin Məcəllədən 333-cü maddə (Əqdin sadə yazılı formasına riayət edilməməsinin nəticələri) çıxarılmışdır. Həmin maddənin əvvəlki redaksiyasına əsasən əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və onun şərtlərini təsdiq etmək üçün tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, lakin yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir. Bu Məcəllədə və ya tərəflərin razılaşmasında birbaşa göstərilmiş hallarda əqdin sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Göründüyü kimi, hazırda beh haqqında şifahi razılaşmanın bağlanmasının təsdiq edilməsi üçün cavabdeh tərəfindən şahid ifadələrinə istinad edilməsini qadağan edən norma da yoxdur. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş məbləğ avans kimi qəbul edilsə belə, onun iddiası təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, alıcı o vaxt əvvəlcədən ödənilmiş məbləğin qaytarılmasını tələb edə bilər ki, satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etməsin. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, cavabdeh müəyyənləşdirilmiş müddətdə məhsulu iddiaçıya vermək vəzifəsini icra etmək istədikdə iddiaçı məhsulu qəbul etməmiş, ödənilmiş pulu satıcıdan geri tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar