Məhkəmə qərarları › İş №2(001)-134/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-134/2025

24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-134/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “X7” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “satılmış malın lazımi keyfiyyətli mala dəyişdirilməsi və ya ödənilmiş pulun geri qaytarılması, dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətindən TEFAL RQ7447 X-Plorer Siriya 60 4inl Mop Funksiyalı tozsoranın lazımi keyfiyyətli mala dəyişdirilməyi və ya onun tərəfindən ödənilmiş 549,99 (beş yüz qırx doqquz manat 49 qəpik) manat pulun geri qaytarılması, ona dəymiş 1000 (bir min) manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixində cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən TEFAL RQ7447 X- Plorer Siriya 60 4inl Mop Funksiyalı tozsoranı 549,99 (beş yüz qırx doqquz manat 49 qəpik) manat qiymətinə almışdır. O, cavabdehə malın dəyəri olan 549,99 (beş yüz qırx doqquz manat 49 qəpik) manat pul ödəmişdir. Tozsoran alınarkən ona həmin malın 2(iki) il müddətində zəmanət talonu da verilmişdir. Lakin həmin tozsoran qüsurlu və nasaz çıxmışdır. O, bu barədə cavabdehə dəfələrlə məlumat verməyinə baxmayaraq cavabdeh həmin nasaz tozsoranı təmir edə bilməyib, hətta qanunsuz olaraq ondan əlavə pul tələb etmişdir. Cavabdeh nə malı geri qaytarıb yenisi ilə əvəz etməmiş, nə də ki, müqavilə üzrə satılmış mala görə onun ödədiyi pulu geri qaytarmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində o, baş ağrısı, həyacan hissləri, mənəvi iztirab və sarsıntı keçirmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində vurulmuş mənəvi ziyanı 1000 (bir min) manat həcmində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixində cavabdeh "xxxx" MMC-dən kreditlə ödəmək şərti ilə 549 manat ödəməklə tozsoran almışdır. O, həmin tozsoranı az müddət işlətdikdən sonra, tozsoranın qüsurlu çıxması müəyyən edilmişdir. Hətta tozsoranın su qabı qüsurlu çıxmış, onu da, əlavə ödəniş etməklə almışdır. Hesab edir ki, ona cavabdeh tərəfindən satılmış tozsoran qüsurludur. Ona görə də cavabdeh ya tozsoranı yenisi ilə əvəz etməli, ya da onun pulunu geri qaytarmalıdır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, hazırki iş üzrə mübahisə predmeti olan tozsoranın hansı vəziyyətdə olması ilə bağlı rəy alınıb və həmin rəydə də, qeyd olunub ki, cihazın daxilində maye izləri aşkar edildi və ana plata təmirə yararsızdır. Ona görə də hesab edir ki, tozsoranda olan nasazlıq məhz istifadə nəticəsində yaranıb. İddiaçıya keyfiyyətli mal satılıb. Beləliklə, göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmənin 03 fevral 2025-ci il tarixli iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X7” MMC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, mütəxəssis rəyi ilə razıdır. Belə ki, həmin rəydə göstərmişdir ki, cihaza baxış keçirilmiş və daxilində maye izləri aşkar olunmuşdur, ana platası təmirə yararsızdır. Hesab edir ki, tozsoranda olan nasazlıq zavod defekti deyil, istifadə nəticəsində yaranmış nasazlıqdır. Mülki iş materiallarında olan: Cavabdeh möhürü ilə təsdiq edilmiş zəmanət talonundan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Nərimanov mağazasından İddiaçı 549,99 manata TEFAL RQ7447 X- Plorer Siriya 60 4inl Mop Funksiyalı tozsoran satılmış və həmin mal üçün 2 il müddətinə zəmanət verilmişdir. “X7” MMC-nin xx.xx.2023-cü il tarixli texniki rəyindən görünür ki, tefal markalı tozsoran teniki vəziyyəti yoxlanılmış və cihazın işləməsində texniki qüsur aşkar edilmişdir. İstifadə qaydaları pozulmuşdur. Platanın üstündə maye ləkələri var. Şəkiollər çəkilib. Cihazın sıradan çıxması zavod qüsuru deyil, istifadəçi tərəfindən yaradılan qüsurdur. Bu hal zəmanətə aid deyil. Plata dəyişməlidir. Platanın dəyişməsi ödənişli olacaq. AMT Servis MMC-nin işlərin görülməsi haqqında xx.xx.2024-cü il tarixli, AMT 6398 aktından görünür ki, TEFAL RQ7447 X-Plorer Siriya 60 4inl Mop Funksiyalı tozsorana baxış keçirilmiş və cihazın daxilində maye izləri aşkar edilmiş və ana palatası təmirə yararsız olması müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 426.1. Öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Maddə 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Maddə 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Maddə 571.2. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Maddə 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. Maddə 617.1. Satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Maddə 617.2. Pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Maddə 617.3. Alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alğısatqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 617.4. Alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. Maddə 615. Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Maddə 621.1. Pərakəndə alğı-satqı müqaviləsi malın alıcıya çatdırılması şərti ilə bağlandıqda satıcı müqavilədə müəyyənləşdirilmiş müddətdə malı alıcının göstərdiyi yerə çatdırmağa, alıcı malın çatdırılma yerini göstərmədikdə isə alıcı olan fiziki şəxsin yaşayış yerinə və ya hüquqi şəxsin olduğu yerə çatdırmağa borcludur. Maddə 621.2. Pərakəndə alğı-satqı müqaviləsi malın alıcıya, alıcı olmadıqda isə müqavilənin bağlandığını və ya malın çatdırılmasının rəsmiləşdirildiyini göstərən qəbzi və ya digər sənədi təqdim etmiş istənilən şəxsə təhvil verildiyi andan icra edilmiş sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlməsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: “İstehlakçı Hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. 5.2-ci maddəsinə əsasən istehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. 5.3-cü maddəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. 7-ci maddəsinə əsasən 1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. 14-cü maddəsinə əsasən 4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət Müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 03 sentyabr 2022-ci il tarixə Cavabdeh MMC-dən 1 ədəd TEFAL RQ7447 X- Plorer Siriya 60 4inl Mop Funksiyalı tozsoranı 549,99 manat ödəmək şərti ilə almış, mal ona təhvil verilmişdir. İddiaçı iddia edir ki, 03 sentyabr 2022-ci il tarixə Cavabdeh MMC-dən aldığı TEFAL RQ7447 X- Plorer Siriya 60 4inl Mop Funksiyalı tozsoran qüsurlu və nasaz çıxmış və bununla bağlı dəfələrlə cavabdeh təşkilata məlumat verməsinə baxmayaraq mübahisə predmeti olan tozsoranı təmir edə bilməmişlər. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, iddiaçının irəli sürdüyü tələbləri əsassızdır. İddiaçı TEFAL RQ7447 X- Plorer Siriya 60 4inl Mop Funksiyalı tozsoranın qüsurlu və nasaz olmasına əsaslansa da, bu faktlara dair heç bir mötəbər sübut təqdim etməmiş, belə halın mövcudluğu işin məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Tərəflər arasında TEFAL RQ7447 X- Plorer Siriya 60 4inl Mop Funksiyalı tozsoranın satılması barədə xx.xx.2022-ci ildə müqavilə bağlanmış, sözügedən əşyanın keyfiyyəti yoxlanılaraq iddiaçıya təqdim edilmiş, müqavilədə satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsi nəzərdə tutulmadığından satıcı tərəfindən əşyanı alıcıya təhvil verdiyi məqamda onun əşyanı alıcıya vermək vəzifəsi icra olunmuşdur. Buna görə də alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanın keyfiyyətsiz olmasına dair sübutetmə yükü iddiaşının üzərinə düşür. “X7” MMC-nin xx.xx.2023-cü il tarixli texniki rəyində qeyd edilmişdir ki, “Tefal” markalı tozsoran teniki vəziyyəti yoxlanılmış və cihazın işləməsində texniki qüsur aşkar edilmişdir. İstifadə qaydaları pozulmuşdur. Platanın üstündə maye ləkələri var. Şəkillər çəkilib. Cihazın sıradan çıxması zavod qüsuru deyil, istifadəçi tərəfindən yaradılan qüsurdur. Bu hal zəmanətə aid deyil. Plata dəyişməlidir. Platanın dəyişməsi ödənişli olacaq. Bundan əlavə mübahisənin obyektiv həlli ilə bağlı məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(001)-999/2024 saylı qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmış və AMT Servis MMC-nin işlərin görülməsi haqqında xx.xx.2024-cü il tarixli, AMT 6398 (mütəxəssis rəyi) aktı ilə müəyyən edilmişdir ki, TEFAL RQ7447 X-Plorer Siriya 60 4inl Mop Funksiyalı tozsorana baxış keçirilmiş və cihazın daxilində maye izləri aşkar edilmiş və ana platası təmirə yararsızdır. Yuxarıda qeyd edilən rəylərlər onu deməyə əsas verir ki, mübahisə predmeti olan TEFAL RQ7447 X-Plorer Siriya 60 4inl Mop Funksiyalı tozsoran iddiaçıya təhvil verilənədək onda hər hansı qüsurun (istehsal qüsuru) olması təsdiq edilməmişdir. Həmçinin iddia ərizəsində dəqiq olaraq tozsoranın hansı tarixdə qüsurlu olmasının aşkar edildiyini iddiaçı qeyd etməsə də, zəmanət talonunun 03 sentyabr 2022-ci il tarixdə verilməsi ilə, hazırki iddia ərizəsinin məhkəməyə daxil olması tarixləri ilə müəyyən edilir ki, mübahisə predmeti olan tozsoranda qüsurun mövcudluğunu iddiaçı təxminən bir il sonra müəyyən etmişdir. Bu isə ona dəlalət edir ki, tozsoranın alıcının özü tərəfindən istifadə qaydalarının pozulması nəticəsində əmələ gəlmədiyi ilə bağlı təkzibolunmaz dəlillər mövcud olmalıdır. Göründüyü kimi iddiaçı tozsoranın ona verildikdən sonra ona cavabdeh tərəfindən qüsurlu və nasaz malın satılmasını sübuta yetirə bilməməklə yanaşı, işin məhkəmə araşdırılması ilə qüsurların əşya alıcıya verilənədək əmələ gəldiyi və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyi də müəyyən edilmir. Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmənin qənaətinə görə mübahisə predmeti olan tozsoranın keyfiyyətinə aid tələblərin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması, yəni istehsal qüsurlu malı iddiaçıya satılması iş üzrə sübuta yetirilmədiyindən iddia əsaslı sayıla bilməz. Odur ki, iddia rədd edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 1000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, cavabdeh tərəfindən satılmış malın lazımi keyfiyyətli mala dəyişdirilməsi və ya ödənilmiş pulun geri qaytarılması, dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar