Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1343/2022 10.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı Al İedani X6, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Al İedani X6 Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Al İedani X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və həyat yoldaşına gündəlik istifadə üçün lazım olan geyim və digər əşyaların Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı Al İedani X7 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, dəyəri 2.000 manat olan qızıl boyunbağın, dəyəri 60 manat olan gümüş boyunbağın, dəyəri 170 manat olan “Mosiel” markalı təraş maşınının, dəyəri 300 manat olan “X9” markalı qulaqcığın, dəyəri 90 manat olan nərd taxtasının daşlarla, dəyəri 200 manat olan kişi kostyumunun, dəyəri 50 manat olan gün eynəyinin, dəyəri 200 manat olan bir çamadan qadın paltarının, dəyəri 500 manat olan İphone markalı telefonun, dəyəri 1.800 manat olan noutbukun, dəyəri 60 manat olan noutbuk akkumulyatorunun, dəyəri 150 manat olan qida məhsullarının (düyü, qəhvə, noxud, mərci və sair), ümumilikdə 5.580 manat məbləğində əşyaların cavadehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Al İedani X7 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəyə məhkəmə tərəfindən baxılan zaman əldə edilmiş razılığa əsasən iddia üzrə tələb edilən əşyaların əksəriyyətini cavabdehdən götürmüşdür. Lakin hazırda tələb etdiyi əşyalardan 10 ədədi ona bugünədək qaytarılmamış, qaytarılan noutbuk əvvəlki vəziyyətindən fərqli olaraq işlək olmamış, qida məsulları isə yararsız hala düşmüşdür. Qaytarılmasını tələb etdiyi eynək “Rayban” markalı, telefon isə “İphone7” markalı olmuşdur. Qəbul etdiyi digər əşyalar kimi bu əşyalar da cavabdehin qarajında olmuş, lakin ona təhvil verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Al İedani X6 nümayəndəsi və vəkili Vəkil iddianı və iddiaçının mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus əşyalar baxımsız bir şəraitdə saxlanılmış və təhvil verilərkən faktiki olaraq qarajın qarşısına tullanmışdır. Bu hallar təhvil verilmiş noutbukun və qida məsullarının yararsız hala düşməsinə səbəb olmuşdur. İddiaçıya məxsus olan bir sıra əşyalar isə ümumiyyətlə təhvil verilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçı onun mənzilində kirayə əsaslarla yaşamışdır. Lakin sonradan mənzili uzun müddətə tərk edib getmiş, əşyalarını isə götürməmişdir. Bu səbəbdən mənzildən bir müddət öz istəyinə uyğun istifadə edə bilməmiş və nəticədə iddiaçıya, onun həyat yoldaşına məxsus olan, habelə iddiaçıya aid olan xeyli sayda əşyanı, o cümlədən 32 cüt ayaqqabını istifadəsində olan qaraja yerləşdirmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən kirayə haqqının tam ödənilməməsi səbəbindən maddi zərər çəkməsi ilə yanaşı, mənzilin təmizlənməsi, habelə bu əşyaların qaraja daşınması üçün də xeyli əziyyət çəkmişdir. Belə ki, iddiaçı mənzili natəmiz və antisanitar vəziyyətdə saxlamışdır. Həqiqətdə o iddiaçıya deyil, iddiaçı ona maddi və mənəvi zərər vurmuşdur. Bir müddət əvvəl isə iddiaçıya, onun həyat yoldaşına məxsus olan, habelə iddiaçıya aid olan bütün əşyaları ona təhvil vermişdir. Onda hazırda hər hansı əşya saxlanılmamış, habelə onun tərəfindən hər hansı əşya zədələnməmişdir. Hər bir halda, həmin əşyalara zərər vurmaq məqsədi olsa idi, onları qaraja yerləşdirməzdi. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Al İedani X7 Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsi 30, 95A saylı mənzildə yaşamışdır. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, 2021-ci ilin fevral ayında həyat yoldaşı ilə birlikdə həmin mənzili tərk edərək, İraq Respublikasına getdiyini və özünə, habelə həyat yoldaşına məxsus əşyaları mənzildə saxladığını, lakin 29 sentyabr 2021-ci il tarixdə Bakı şəhərinə qayıtdıqdan sonra cavabdehin əşyaları mənzildən çıxartdığını və ona qaytarmaqdan imtina etdiyini iddia etmiş və ilk olaraq özünə, habelə həyat yoldaşına məxsus olan əşyaların cavabdehdən alınmasını tələb etmişdir. Lakin sonradan iddiaçı mübahisəyə məhkəmədə baxılan zaman cavabdeh tərəfindən əşyaların əksəriyyətinin ona qaytarıldığını, lakin 12 ədəd əşyanın yenə də qaytarılmadığını bildirir və hazırda məhz həmin əşyaların qaytarılmasını tələb edir. Bu əşyalardan noutbukun əvvəlki vəziyyətindən fərqli olaraq işlək olmadığını, qida məhsulları isə yararsız hala düşdüyünü qeyd edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının onun mənzilində kirayə əsaslarla yaşadığını, lakin sonradan mənzili uzun müddətə tərk etdiyini, əşyalarını isə götürmədiyini, bu səbəbdən mənzildən bir müddət öz istəyinə uyğun istifadə edə bilmədiyini və nəticədə iddiaçıya, onun həyat yoldaşına məxsus olan, habelə iddiaçıya aid olan xeyli sayda əşyanı, o cümlədən 32 cüt ayaqqabını istifadəsində olan qaraja yerləşdirmək məcburiyyətində qaldığını, iddiaçının mənzili natəmiz və antisanitar vəziyyətdə saxladığını, kirayə haqqının tam ödənilməməsi səbəbindən maddi zərər çəkməsi ilə yanaşı, mənzilin təmizlənməsi, habelə bu əşyaların qaraja daşınması üçün də xeyli əziyyət çəkdiyini, həqiqətdə o iddiaçıya deyil, iddiaçının ona maddi və mənəvi zərər vurduğunu, bir müddət əvvəl isə iddiaçıya, onun həyat yoldaşına məxsus olan, habelə iddiaçıya aid olan bütün əşyaları ona təhvil verdiyini, onda hazırda hər hansı əşyanın saxlanılmadığını, habelə onun tərəfindən hər hansı əşyanın zədələnmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı ardıcıllıqla iddiada göstərilən əşyaların ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu və özü ilə birlikdə cavabdehin mənzilinə gətirdiyini, sonra isə bu əşyaların hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməli idi. Lakin iddiaçı iddia üzrə tələb etdiyi qızıl boyunbağın, gümüş boyunbağın, “Mosiel” markalı təraş maşınının, “X9” markalı qulaqcığın, nərd taxtasının daşlarla, kişi kostyumunun, “Rayban” markalı gün eynəyinin, “İphone 7” markalı telefonun, noutbuk akkumulyatorunun ümumiyyətlə mövcud olmasını təsiq edən hər hansı sübut, o cümlədən sənəd, fotoşəkil və sair təqdim edə bilmir. Noutbukun ona təhvil verildiyini bildirsə də, bu əşyanın işlək vəziyyətdə olmamasını iddia edir. Lakin həmin əşyaya vurulmuş maddi zərərin əvəzini deyil, özünü tələb edir, həmçinin, həmin əşyanın ümumiyyətlə işlək vəziyyətdə olmamasını sübut edə bilmir. Bu səbəbdən ona məhz cavabdehin hər hansı hüquqazidd hərəkətləri nəticəsində zərərin vurulub-vurulmaması araşdırılmamışdır. İddia üzrə tələb edilən qida məsullarının çəkisi və çeşidi ilə bağlı da dəqiq məlumat təqdim edilmir. Digər tərəfdən iddiaçı özü də etiraf edir ki, 2021-ci ilin fevral ayından 2021-ci ilin sentyabr ayının 29 tarixinədək Azərbaycan Respublikasında olmamışdır. Qida məsullarının onun iradəsinə zidd olaraq cavabdehdə saxlanıldığı müəyyən edilmir. Həmin müddət ərzində də bu əşyaların yararsız hala düşməsi istisna deyil. İddia üzrə tələb edilən qadın paltarlarının isə iddiaçıya ümumiyyətlə hər hansı aidiyyəti yoxdur. İddiaçı özü də etiraf edir ki, bu əşyalar onun həyat yoldaşına məxsus olmaqla, məhz həyat yoldaşının istifadə və sahibliyində olmuşdur. Bu baxımdan iddiaçı həmin əşyaları tələb etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı Al İedani X6 Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçı Al İedani X7a aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Al İedani X6 Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı Al İedani X7a aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1343/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1343/2022
10.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver