Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1345/2022 13.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş AR-302926 saylı, 22 aprel 2021-ci il tarixli etibarnamə əsasında tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsi hüdudları daxilində yerləşən 600 kv.m torpaq sahəsindən 400 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin gələcəkdə vətəndaş Cavabdeh satılacağı barədə 07 sentyabr 2021-ci il tarixli ilkin müqavilənin və 07 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, eyni zamanda həmin torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikilinin boşaldılaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. -39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki iş materiallarından görünür ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Tovuz rayonu, Hunanlar ərazi dairəsi, Hunanlar kəndidir. Lakin iddiaçı mübahisənin obyekti olan torpaq sahəsinin və fərdi yaşayış evinin Binəqədi rayonu ərazisində yerləşdiyinə əsaslanaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Buna baxmayaraq hesab edirəm ki, iddia tələbi müstəsna aidiyyətin təsir dairəsinə düşmür. Belə ki, iddia ərizəsinin əsaslandırılmasından müəyyən edildiyi kimi, iddiaçı torpaq sahəsi və üzərində yerləşən tikiliyə dair cavabdehlə ilkin müqavilə bağlamış və müqaviləyə əsasən tərəflər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsi hüdudları daxilində yerləşən ona məxsus olan 600 kv.m torpaq sahəsindən 400 kv.m torpaq sahəsi və üzərində yerləşən tikilinin sənədləşdirildikdən, özəlləşdirildikdən və sənədləri ARDƏDRX müvafiq Əİ-ndə qeydiyyatdan keçirdikdən, çıxarış alındıqdan sonra alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüşlər, torpaq sahəsi və üzərində yerləşən tikilinin dəyəri 14000 manat məbləğində müəyyən olunmuşdur. 14000 manatın 9000 manatı müqavilə bağlanan zaman notariusun depozit hesabı vasitəsilə iddiaçıya ödənilmiş, qalan 5000 manatın 19 ay müddətinə sənədləşdirmə və.s aparıldıqdan sonra alqı-satqı müqaviləsi bağlanan zaman ödənilməsi barədə razılığa gəlinmişdir. Bundan başqa eyni tarixdə 5000 manat məbləğində borc pul verilməsi barədə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən həm ilkin müqavilənin, həm də kredit müqaviləsinin etibarsızlığını tələb edir. Tələbini isə onunla əsaslandırır ki, onun məlumatsız və pula ehtiyacının olmasından istifadə edilmiş və o, sözügedən torpaq sahəsini orta bazar qiymətinin 5000-6000 manat olmasına və oradan yerləşən tikiliyə 10000 manat xərc çəkməsinə baxmayaraq 14000 manata satmışdır. Eyni zamanda qalıq 5000 manatdan da hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən müqavilələrin etibarsız hesab edilməsini və müqavilə predmetinin ona qaytarılmasını xahiş edir. Göründüyü kimi iddia tələbi əqdlərin etibarsızlığı və onun hüquqi nəticələrinin tətbiq edilməsi ilə bağlıdır. Yəni iddiaçı torpaq sahəsinin qaytarılmasını tələb etməklə, faktiki olaraq əqdin etibarsızlığından irəli gələn hüquqi nəticəyə nail olmaq istəyir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Halbuki Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Göründüyü kimi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Lakin müəyyən edildiyi kimi iddia əqdlərin etibarsızlığı və onun hüquqi nəticələrinin tətbiqi ilə bağlıdır. Bu səbəbdən hazırki iddia tələbinə cavabdehin rəsmi qeyə alındığı yerin məhkəməsində baxılmalıdır. Odur ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilməməli və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır və iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,36, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1345/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1345/2022
13.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver