Məhkəmə qərarları › İş №2(001)-1369/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1369/2021

29.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1369/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı 104000 manatın və bu vəsaitin vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı 104000 manatın və bu vəsaitin vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 29.11.2017-ci il tarixdə Cavabdeh MMC-dən 1300 m3 B-25 betonu almaq üçün X2 vasitəsi ilə Cavabdeh MMC-yə 104000 manat ödəniş etmişdir. Bu barədə ona Cavabdeh MMC tərəfindən 29.11.2017-ci il tarixli AFL seriyalı 615309 nömrəli kassa mədaxil orderi də verilmişdir. O, beton alınması üçün 104000 manat ödəniş etsə də, lakin bu günə kimi cavabdeh tərəfindən ona 1300 m3 B-25 beton verilməmişdir. Cavabdehdən almaq üçün pulunu tam olaraq ödədiyi 1300 m3 B-25 betonunun ona verilməsini, betonun verilməsi mümkün olmadıqda isə ödədiyi 104000 manat pulun ona qaytarılmasını təmin etmə barədə pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, bu günə kimi onun müraciətinə heç bir cavab verilməmişdir. O, cavabdehə 1300 m3 B-25 betonunun alınması üçün 104000 manat ödəniş etsə də, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ona 1300 m3 B-25 betonunun verilməsini təmin etməmişdir. Bu səbəbdən onun 1300 m3 B-25 betonunun alınması üçün ödədiyi 104000 manat pul vəsaiti cavabdehdən alınaraq, ona ödənilməlidir. Həmçinin cavabdeh onun pulunu qanunsuz olaraq özündə saxlamaqla, həmin puldan faydalanmışdır. Ona görə də həmin vəsaitin məbləğindən cavabdeh ona faizlər ödəməlidir. Onun cavabdehə 104000 manat pulu 29.11.2017-ci il tarixdə ödənilməsi nəzərə alınarsa, faizlər 2017-ci ilin noyabr ayından başlayaraq məbləğ ödənildiyi günədək hesablanmalıdır. O, cavabdehin faktiki olaraq harada yerləşməsini, rəhbərinin kim olmasını bilmir. Betonun alınması ilə bağlı bütün danışıqları o, hazırda cəza çəkən R.S.Şükürovla apamış, ödəniş barədə qəbzi də ona Ramil vermişdir. Ödəniş qəbzinin əsli onda olmadığından o, həmin sənədin əslini məhkəməyə təqdim edə bilmir. Ona görə də Cavabdeh MMC-dən beton almaq üçün verdiyi 104000 manatın, 104000 manat pulu vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə 104000 manata hesablanmış faiz məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh MMC-nin 29.11.2017-ci il tarixli AFL seriyalı 615309 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı 1300 m3 B-25 betonun alınması üçün Cavabdeh MMC-yə 104000 manat ödəniş etmişdir. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı 29.11.2017-ci il tarixdə Cavabdeh MMC-dən 1300 m3 B-25 betonu almaq üçün Cavabdeh MMC-yə 104000 manat ödəniş etmiş, bu barədə ona Cavabdeh MMC tərəfindən 29.11.2017-ci il tarixli AFL seriyalı 615309 nömrəli kassa mədaxil orderi verilmiş, lakin ödəniş etsə də, bu günə kimi Cavabdeh MMC tərəfindən ona verilməli olan 1300 m3 B-25 beton verilməmişdir. İddiaçı razılaşmaya əsasən ona verilməli olan 1300 m3 B-25 betonun ona verilməsini, betonun verilməsi mümkün olmadıqda isə ödədiyi 104000 manat pulun ona qaytarılmasını xahiş etmiş, əks təqdirdə yaranan mübahisənin həlli üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi barədə Cavabdeh MMC-yə xəbərdarlıq etmişdir. İddiaçı 21.12.2017-ci il tarxil iltizamından müəyyən olunur ki, o, Cavabdeh MMC-nin AFL seriyalı 615309 nömrəli kassa mədaxil orderi qəbzi ilə 29.11.2017-ci il tarixdə verilmiş B-25 markalı betonun ona aid olan 1300 m3 –dən 650 m3 –ni, yəni 52000 manatlıq betonu X1 verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(001)-4196/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilərək cavabdeh İddiaçı 52000 manat əsas borc, 3900 manat hesablanmış faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 55930 manatın alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.11.2019-cu il tarixli 2(103)- 11436/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayəti təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.09.2020-ci il tarixli 2(102)-2704/2020 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.11.2019-cu il tarixli 2(103)-11436/2019 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.11.2019-cu il tarixli 2(103)-11436/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, 2017-ci ilin əvvəllərindən İddiaçı ilə apardığı mal tədavülü və alış-veriş nəticəsində İddiaçı ona 52000 manat borcu yaranmışdır. Yaranmış borcun əksər hissəsi onun İddiaçı verdiyi, cavabdehin isə bildirdiyi kimi Cavabdeh MMC-yə verdiyi sement və sair tikinti materiallarının haqqının ödənilməməsi olmuşdur. İddiaçı borcunu 21.12.2017-ci il tarixdə iki nəfər şahidin iştirakı ilə təsdiq edilmiş yazılı iltizam verməklə ona etiraf etmişdir. İddiaçı ona da Cavabdeh firmasının kassa mədaxil orderinin surətini vermiş, həmin orderin əsli onda olmamışdır. İddiaçı onun borcunu qaytarmadığı üçün o, məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli 2(001)-4196/2019 saylı qətnaməsi ilə İddiaçı onun xeyrinə 55930 manat tutulmuşdur. İddiaçı sözlərindən ona Cavabdeh MMC tərəfindən ona 1300 m3 betonun verilmədiyi məlumdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İddiaçı Cavabdeh MMC-nin 29.11.2017-ci il tarixli AFL seriyalı 615309 nömrəli kassa mədaxil orderinin surətini məhkəməyə təqdim edərək cavabdehin öz öhdəliklərini icra etmədiyindən 104000 manatın və bu vəsaitin qanunsuz saxlanmasına görə bank uçot faiz dərəcəsinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, cavabdehə 104000 manat ödəməsinə dair sənədin əslini, cavabdehlə beton alqı-satqısına dair müqavilə bağlamasına, sonuncunun öz öhdəliklərini icra etməməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən azılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2.-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3.-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4.-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. İddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehə 1300 m3 B-25 betonun dəyəri olaraq 104000 manatı ödəməsinə, cavabdehin isə öz öhdəliklərini icra etməməsinə dair iddia tələbində istinad etdiyi halları təsdiq edəcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia ərizəsini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı 104000 manatın və bu vəsaitin vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar