Məhkəmə qərarları › İş №2(001)-137/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-137/2023

09.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-137/2023 09.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Vestaz Construction MMC-yə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Vestaz Construction MMC-yə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində təmir və tikinti işlərinin aparılması barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh hovuzun inşasının tamamlanmasını, şanbonun və qarajın tikilməsini öz üzərinizə götürmüş, bunun müqabilində iddiaçı cavabdehə 15260 manat ödəmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri dörd ay müddətində icra etməli olduğu halda bu günə qədər hovuzu iddiaçıya təhvil verməmişdir. Həmin hovuz su saxlamaq qabiliyyətinə malik deyildir. Cavabdehin qeyri-peşəkarlığı nəticəsində iddiaçı bağdan səmərəli istifadə edə bilmir, ailəsini istirahət üçün bağa köçürə bilmir. Cavabdehin bu işləri tamamlayacağı barədə verdiyi vədlərin heç biri həyata keçirilməmiş, cavabdehin etdiyi səhvləri aradan qaldırıb hovuzda söküntü işləri aparıb, hovuzu tam şəkildə təhvil vermək üçün şirkətlər böyük vəsait istəyir. Artıq cavabdeh iddiaçının telefon zənglərini açmır, müqavilə üzrə öhdəliklərin icra etməkən yayınır, onunla görüşməkdən imtina edir. Ona görə iddiaçı cavabdehə pretenziya məktubu yazıb cavabdehə ödədiyi vəsaiti geri istəmiş, lakin, bu müraciəti də cavabsız qalmışdır. Hazırda iddiaçı hovuz işi ilə məşğul olan digər şirkətləri dəvət etmiş, həmin şəxslər hovuzun qurulma işlərinin keyfiyyətli görülməsi üçün iddiaçıya 16394 manatdan ibarət smetalar təqdim etmişlər. Eyni zamanda, cavabdeh tərəfindən inşaat işləri 2021-ci ilin iyun ayında tamamlanmalı olduğu halda, həmin işlər bu günədək tamamlanmamış, hovuz bərbad vəziyyətdə olduğu üçün iddiaçı ailəsi ilə bağa köçə bilməmiş, iddiaçı ailəsi ilə birlikdə artıq neçə vaxtdır yay aylarında bağ istirahətindən məhrum olmuş, bu azmış kimi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nəticədə iddiaçı bir ata, ailə başçısı kimi sters, əsəb, böyük sarsıntılar keçirmiş və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanla yanaşı mənəvi ziyan da vurulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, artıq hovuzun təmiri üçün tələb olunan məbləğ 17278,80 manat təşkil edir. İddiaçı iddia tələblərini dəqiqləşdirmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdeh Vestaz Construction MMC-dən İddiaçı xeyrinə maddi ziyana görə 17278,80 manatın, mənəvi ziyana görə 2550 manatın, dövlət rüsumuna görə 150 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Vestaz Construction MMC-nin vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə təqdim iddia ərizəsinə etirazından müəyyən olunur ki, cavabdeh iddia ərizəsini qəbul etmir. xx.xx.2021-ci il tarixdə sifarişçi İddiaçı ilə icraçı Vestaz Construction MMC arasında xidmətlərin göstərilməsi haqqında Aİ 01-02/20 nomrəli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən sifarişçi ünvan 2 BTK-nin 4098 saylı ünvanında tikinti və təmir işlərinin aparılmasını sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada tikinti və təmir işlərini görməyi öhdəliyini götürmüşdür. İcraçı tərəfindən müqavilə üzrə görüləcək işlər vaxtında və dəqiq icra edilmişdir. Lakin sifarişçi tərəfindən icraçının icra etdiyi işlər müvafiq qaydada təhvil alınmamışdır. Belə ki, müqavilənin 3.1.2-ci bəndinə əsasən icraçı tərəfindən görülən işlər işin icrasından sonra təhvil alınmalı idi. Bundan əlavə müqavilənin 9.1-ci bəndinə əsasən mübahisənin məhkəmədən kənar həll edilməsi üçün tərəflər arasında danışıqlar aparılmamışdır. İddiaçı iddia tələbində yalnız hovuzun tikilməsi zamanı tikinti texniki tələblərinin pozulması nəticəsində ona zərə vurulmasını bildirmişdir. Müqaviləyə əsasən hovuzun tikintisi üçün 9000 manat məbləğ müəyyən edilmiş, lakin iddia ərizəsində 16394 manat qeyd edilmişdir. Müqavilənin icrası barədə işlər vaxtında icra edilmiş, lakin sifarişçi tərəfindən işlər müvafiq qaydada təhvil alınmamış, əlavə olaraq sifarişçi tərəfindən tikinti qaydalarına zidd şəkildə hovuz hissə-hissə deyil, tam olaraq doldurulmaqla hovuzun yan divarlarında çatın əmələ gəlməsinə səbəb olmuşdur. Bu səbəbdən iddia tələbi əsassızdır. İddiaçı mənəvi zərərlə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh Vestaz Construction MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Vestaz Construction MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə cavabdeh Vestaz Construction MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Maddə 768.1. Podratçı aşağıdakı hallarda sifarişçini vaxtında xəbərdar etməyə borcludur. 768.1.1. sifarişçidən alınmış material keyfiyyətsiz və yararsız olduqda; 768.1.2. sifarişçinin göstərişinin icra ediləcəyi təqdirdə məmulatın davamsız və ya yararsız olacağı halda; 768.1.3. podratçıdan asılı olmayan, məmulatın möhkəmliyi və yararlığı üçün təhlükə törədən hər hansı başqa hallar olduqda. 768.2. Əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Maddə 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 27 saylı BTK-nın 4098 saylı bağ sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 184 saylı reyestr kitabının 17140 saylı vərəqində qeydiyyata alınmışdır. Sifarişçi İddiaçı ilə icraçı Vestaz Construction MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Aİ 01-02/20 saylı müqavilənin surətindən müəyyən olunur ki, sifarişçi ünvan 3 ünvanında yerləşən torpaq sahəsində tikinti və təmir işlərinin aparılmasını sifariş vermiş icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada tikinti və təmir işlərini görməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndindən müəyyən olunur ki, göstərilən xidmətlərin həcmi tərəfələrin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan əlavə 1-də qeyd edilir. Müqavilənin 5.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. Müqavilənin 5.2.-ci bəndindən müəyyən olunur ki, müqavilədə nəzərdə tutulan tikinti və təmir işləri 4 ay müddətində həyata keçirilməlidir. Müqavilənin 6.1.-ci bəndindən müəyyən olunur ki, icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır. Müqavilənin 6.2-ci bəndindən müəyyən olunur ki, icraçının təqsiri nəticəsində təsadüfən xidmət göstərilməsi nəticəsində sifarişçinin əmlakının məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə təhvil verildiyi vaxtadək icraçının üzərinə düşür. Müqavilənin 6.3-cü bəndindən müəyyən olunur ki, icraçı şifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Aİ 01-02/20 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavə-1-dən müəyyən olunur ki, şifarişçi İddiaçı ilə icraçı Vestaz Construction MMC hovuzun inşasının tamamlanması üçün 9000 manat, şambonun tikilməsi üçün 700 manat, qarajın tikilməsi üçün 5560 manat olmaqla (ƏDV xaric) tikinti işlərinin dəyərinin cəmi 15260 manat olması barədə razılaşmışlar. 1 saylı əlavənin 2-ci bəndindən müəyyən olunur ki, avans ümumi məbləğin 30%-i, yəni, 4578 manat təşkil edir. Geri qalan ödəmə 3 hissədən ibarət olacaqla işin gedişatı zamanı 30%, yəni, 4578 manat olmaqla 2 dəfə və işlər tam təhvil verildikdən sonra 10%, yəni, 1526 manat ödənilir. Sifarişçi İddiaçı icraçı Vestaz Construction MMC-nin direktoru Adil Məlikova ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziyadan müəyyən olunur ki, şifarişçi xx.xx.2021-ci il tarixli müqavilə üzrə ünvan 4 ünvanında yerləşən torpaq sahəsində icraçının hovuzun inşasını tamamlaması, şanbonun və qarajın tikilməsi üçün 15260 manat ödədiyini, icraçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri dörd ay müddətində icra etməli olduğu halda müqavilə imzalandığı tarixdən doqquz ay keçsə də, hovuzu şifarişçiyə təhvil verilmədiyini, hovuzun su saxlamaq qabiliyyətinə malik olmadığını, icraçının qeyripeşəkarlığı nəticəsində bağdan səmərəli istifadə edə bilməməsini, ailəsini istirahət üçün bağa köçürə bilmədiyini, icraçının bu işləri tamamlayacağı barədə verdiyi vədlərinin heç birini həyata keçirmədiyini, hazırda digər bir şirkətin səhvləri aradan qaldırıb hovuzda söküntü işləri aparıb, hovuzu tam şəkildə təhvil vermək üçün böyük vəsait istədiyini, artıq bir ay olar ki, onun telefon zənglərinə cavab verilmədiyini, müqavilə üzrə öhdəliklərini icra etməkdən yayındığını, icraçı tərəfindən müqavilə öhdəliklərinin vaxtında yerinə yetirmədiyi və keyfiyyətsiz işə görə bu günə qədər vurulmuş maddi və mənəvi zərərləri nəzərə alaraq, keyfiyyətsiz gördüyü işlərin aradan qaldırılması üçün ondan yayındığı və həmçinin inşaatçı kimi qeyri-peşəkarlığını nəzərə alaraq, sonradan görəcəkləri bütün işlərin yenə də keyfiyyətsiz olacağını düşünərək, təmir işlərinə ödənilmiş vəsaitləri geri qaytarmağı tələb etməsini bildirib, əks təqdirdə ödənilmiş pul vəsaitinin, təmirə zəruri olan xərclərin qarşılamaq, eyni zamanda mənəvi ziyanla bağlı təzminat və s. tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbədarlıq etmişdir. Penetron Azərbaycan MMC-nin xx.xx.2022-ci il tarixli təklifindən müəyyən olunur ki, Ləhic bağları 14-cü dalan ünvanında 4,6x8,6x1,65 ölçülərində olan hövuzun hidroizolyasiyası üçün ƏDV da daxil olmaqla 4678,44 manat tələb olunur. Penetron Azərbaycan MMC-nin xx.xx.2022-ci il tarixli təklifindən müəyyən olunur ki, Ləhic bağları 14-cü dalan ünvanında 4,6x8,6x1,65 ölçülərində olan hövuzun hidroizolyasiyası üçün ƏDV də daxil olmaqla 5498,02 manat tələb olunur. Nuşirəvan Fərzəliyevin təklifindən müəyyən olunur ki, hövuzun təmiri üçün 11716 manat tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2883 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 27 saylı BTK-nın 4098 saylı bağ sahəsində Vestaz Construction MMC tərəfindən inşa olunmuş hovuz tikilisinin inşasının tam başa çatdırılmadığını, faktiki vəziyyətdə su saxlama qabiliyyətinə malik olmadığını, hovuzun divarlarında çatlar əmələ gəldiyini, divarların üzərində əsasən katinkaların açıq qaldığı yerlərdə və divarla döşəmə tavasının birləşmə yerlərində su sızma ləkələrinin yarandığını nəzərə alaraq, həmin hovuzun tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi və faktiki olaraq təyinatı üzrə istifadəyə yararlı olmadığı müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, tədqiq olunan hovuzda mövcud olan qüsurları, o cümlədən monolit dəmir beton divarların çatladığını, hovuzun faktiki vəziyyətdə su saxlama qabiliyyətinə malik olmadığını, divarların üzərində əsasən katinkaların açıq qaldığı yerlərdə və divarla döşəmə tavasının birləşmə yerlərində su sızma ləkələrinin yarandığını nəzərə alaraq, həmin hovuzda yaranmış qüsurların, istifadə olunan betonun markasının aşağı olması, divarla döşəmə tavasının eyni vaxtda inşa edilməməsi, armaturların bağlanması üçün istifadə olunan katinkaların başlıqlarının açıq şəkildə qalması və s.. səbəblərdən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Lakin hovuz tikintisi xüsusi növ tikinti işlərinə aid olduğundan, həmçinin tikintidə istifadə olunan materialların, hovuz aksesuarlarının seçimindən, filtrasiya sistemlərindən asılı olaraq qiymətlərdə dəyişiklik olduğundan, yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli işlərin dəyəri, müvafiq firma və ya şirkətlər tərəfindən görüləcək işlərə dair smeta tərtib edilməklə müəyyən oluna bilər. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6910 saylı rəyindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 27 saylı BTK-nın 4098 saylı bağ sahəsində Vestaz Construction MMC tərəfindən inşa olunmuş hovuzda mövcud qüsurların aradan qaldırılmasına ilə bağlı Penetron Azərbaycan MMC-nin xx.xx.2022-ci il tarixli təklifində görülməli işlərin real bazar qiymətlərinə uyğun dəyəri 5562,8 manat və Nuşirəvan Fərzəliyevin təklifində qeyd olunan işlərin dəyəri 11716 manat məbləğində müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Aİ 01-02/20 saylı podrat müqaviləsinə əsasən iddiaçı ünvan 3 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsində hövuz inşa etməyi cavabdehə şifariş vermiş, cavabdeh müqavilə üzrə hövuza görə də görəcəyi işlərin dəyərini alsa da, öhdəliyini icra etməmiş, yəni hövuzu inşa edib iddiaçıya təhvil verməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə cavabdehin hövuza dair gördüyü işlərdə olan qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli müxtəlif növ tikinti-təmir işlərinin və hovuzun hidroizolyasiyasının dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq cəmi 17278,8 manat təşkil edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin hovuza dair müqavilə öhdəliklərini qüsurlu icra etməsi və bu qüsurların aradan qaldırılması üçün görülməli işlərin hazırda bazar dəyərinin cəmi 17278,8 manat olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının cavabdehdən maddi ziyana görə 17278,8 manat tələbi əsaslıdır, ona görə də iddia tələbi bu hissdə təmin edilir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, cavabdehin müqavilə öhdəliklərini vaxtında, keyfiyyətli icra etməməsi nəticəsində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edən iddiaçının əsəb, sters, narahatlıq, öz ailə üzvlərinin qarşısında məyusluq hislərini yaşaması istisna edilmədiyindən, vurulmuş mənəvi ziyana görə cavabdeh Vestaz Construction MMC-dən İddiaçı xeyrinə 1000 manat tutulmasını məhkəmə ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Vestaz Construction MMC-dən maddi ziyana görə 17278,8 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 150 manat olmaqla cəmi 18428,8 manat İddiaçı xeyrinə tutulsun. Vestaz Construction MMC-dən iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar