Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1370/2022 28.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əldən çıxan faydaya görə 1750 manat, dövlət rüsumuna görə 38 manat olmaqla cəmi 1788 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı əldən çıxan faydaya görə 1750 manat, dövlət rüsumuna görə 38 manat olmaqla cəmi 1788 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Bayıl qəsəbəsi F.Qurbanov küçəsi 16 saylı evin 19 saylı mənzilini kirayə vermək üçün anasına vermiş, bir neçə ildən sonra mənzilin təmirə ehtiyacı olduğundan anası mənzili təmir etdirmək qərarına gəlmişdir. Bu səbəbdən anası qonşuluqda yaşayan usta Cavabdeh ilə mənzilin təmiri barədə şifahi razılaşmışdır. Bundan sonra cavabdeh mənzildə təmir işlərinə başlamış, bir az işlədikdən sonra iddiaçının anasından 200 manat borc alıb, işi yarımçıq qoyaraq getmiş, hər dəfə danışıq zamanı cavabdeh müxtəlif bəhanələr gətirərək işi yekunlaşdırmaqdan imtina etmişdir. Təmirin davam etdirilməsi üçün başqa ustalar dəvət olunsa da, cavabdeh tərəfindən görülmüş işlərin yararsız olması səbəbindən həmin ustalar təmiri qəbul edərək davam etdirməkdən imtina etmişlər. Cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının anasının keçirdiyi sarsıntı və iztirablar nəticəsində xroniki xəstəlikləri güclənmişdir. İddiaçı anasının müalicəsi ilə məşğul olduğundan evin təmirini yekunlaşdıra bilməmiş, halbuki mənzili təmir edildikdən sonra kirayə haqqı hər ay 250 manat olmaqla kirayəyə verə bilərdi. Hal-hazırda da anasının müalicəsi davam edir, mənzili isə təmirsiz vəziyyətdə qalmışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənzilini kirayə verə bilmədiyindən qazana biləcəyi fayda əldən çıxmışdır. Ona görə də yeddi ay ərzində, yəni iyun-dekabr ayları üçün hər ay 250 manat olmaqla, cəmi 1750 manat əldən çıxmış faydanın, dövlət rüsumuna görə 38 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması xahiş olunur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, iddiaçı məhkəmə iclaslarına gəlməmiş, cavabdeh iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə işə İddiaçı iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, o, iddiaçını şəxsən tanımır. Bir neçə ay əvvəl həyat yoldaşı parkda gəzintidə olarkən iddiaçının anası X2 ilə tanış olmuş, söhbət əsnasında S.Q.Şirinova evini təmir etdirmək istədiyini və tanış usta axtardığını demişdir. Bu səbəbdən də həyat yoldaşı onu usta kimi S.Q.Şirinovaya məsləhət görmüşdür. Bundan sonra o, mənzilə gedərək baxış keçirmiş və təmir edəcəyini bildirərək əmək haqqı barədə danışıq aparmadan işə başlamışdır. Üç gün işlədikdən sonra S.Q.Şirinova onu iddiaçının evinə apararaq bəzi təmir işlərinin görülməsini xahiş etmişdir. İki gün işlədikdən sonra ona məlum olmuşdur ki, qardaşı oğlu Covid-19 xəstəliyindən vəfat etmişdir. Bu səbəbdən də o, S.Q.Şirinovaya təcili getməli olduğunu bildirərək rayona getmişdir. Yas mərasimi bitdikdən sonra atasının səhhətində yaranmış problemlərlə bağlı olaraq onu Bakı şəhərinə gətirərək xəstəxanaya yerləşdirmişdir. Bu zaman özü də xəstəxanada atasının yanında qalmışdır. O, S.Q.Şirinovaya bir neçə gün sonra işinə davam edəcəyini bildirsə də, aralarında mübahisə yaranmış və sonuncu onu polisə şikayət edəcəyini demişdir. Bundan sonra o, işi davam etməyəcəyini bildirmişdir. O, iddiaçı və ya onun anası ilə Bakı şəhəri Bayıl qəsəbəsi F.Qurbanov küçəsi 16 saylı evin 19 saylı mənzilinin təmirin hansı müddətdə aparılması, təmir işlərinin dəyəri barədə müqavilə bağlamamış, o bu mənzilin divarlarında olan çatları aradan qaldırmış, gördüyü işlərə görə iddiaçı və ya onun anası ona pul verməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MM-nin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.1.-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2.-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.4.-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli 2(011)-582/2022 saylı qətnaməsindən müəyyən olur ki, iddiaçı X1 Cavabdeh qarşı 100 manat borcun, 6500 manat əldən çıxmış faydanın, 1500 manat mənəvi ziyanın, 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair iddiası qismən təmin edilərək Cavabdeh borca görə 100 manatın, dövlət rüsumuna görə 30 manatın tutulması iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09.07.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia tələblərində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzildə təmir işlərinin aparılmaması nəticəsində əldə edə biləcəyi gəlirdən məhrum olmasını, bu gəlirin 1750 manat olmasını iddia etsə də, bu halı təsdiq edə biləcək hər hansı bir sübutunu, yəni iddiaçı ilə mülkiyyətində olan mənzilin təmir edilməsi barədə müqavilə bağlamasını, həmin müqaviləyə əsasən cavabdehə tarşırdığı işlərin smetasını, cavabdehə təmir işləri ilə bağlı pul verməsini, cavabdehin təqsiri üzündən təmir işlərinin vaxtında aparılmamasını təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı isə tərəflər arasında hər hansı bir müqavilənin bağlanmadığı, iddiaçının cavabdehə təmir işlərinə görə pul vermədiyi öz təsdiqini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilən dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı əldən çıxan faydaya görə 1750 manat, dövlət rüsumuna görə 38 manat olmaqla cəmi 1788 manat tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1370/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1370/2022
28.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver