Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1382/2025 07.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi Bakı filialının mütəxəssisi X5 iştirakları ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı (Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi Bakı filialı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehin balans və istifadəsində olan hava elektrik xəttinin həmin torpaq sahəsindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.0390 ha topaq sahəsində yerləşən, cavabdeh “X22” Şirkətinin balans və istismarında olan 0.4kv-luq hava elektrik xəttinin həmin torpaq sahəsindən çıxarılması vəzifəsinin cavabdeh “X22” Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini rəsmi qaydada alqı-satqı yolu ilə almışdır. Alqı-satqı müqaviləsinin əsasında ona 13 aprel 2021-ci il tarixində ********** qeydiyyat nömrəli ARDƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Hazırda həmin ev onun mülkiyyətindədir və sözügedən evdə yaşayır. Ona məxsus Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyatyanı sahəsindən “X22” şirkətinin balans və istismarında olan 0.4kv-luq kabel xətti keçir və həmin kabel xətti şirkətə aid mancanaq dəzgahını qidalandırır. Bu naqillər fasad işi görməsinə maneçilik törədir. Həmçinin kabel xəttinin həyətdə olması o və ailəsi üçün çox təhlükəlidir. Hər an kabel xəttindən çox narahatçılıq keçirdirir və həyat-sağlamlıqlarını hər gün təhlükəli vəziyyətdə qoyur. Bundan başqa həyətində təmir ediləcək yerlər var. Baxmayaraq ki, ev mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin onun mülkiyyət hüquqları kobud şəkildə pozulur və evinin üzərində sərəncam verə bilmir, nə də ki, evindən rahat şəkildə istifadə edə bilmir. Ona məxsus Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən “X22” şirkətinin balans və istismarında olan 0.4 kv. hava kabel xəttinin onun həyətində mühafizə olunması düzgün deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasma dair Tələblərdə 2.2.1-ci maddədə göstərildiyi kimi Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün -2 metr təyin edilir. Beləliklə də onun həyətyanı ərazisi məhdudiyyətə uğrayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı təsdiq edilmiş Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblərdən açıq aşkar görünür ki, mülkiyyətində olan həyətyanı sahədə mühafizə olunan hava elektrik naqilinin olması qanunsuzluqdur. Elektrik naqili mühafizə olunan obyekt olduğundan onun mülkiyyətindən kənarda mühafizə olunmalıdır. Mwhafizə olunan obyektin onun mülkiyyətində olması birbaşa onun əsas konstitusion hüquqlarından olan mülkiyyət hüququnun birbaşa pozuntusudur. Məhz bu səbəbdən hesab edir ki, “X22” şirkətinin balans və istismarında olan 0.4 kv-luq elektrik naqili onun mülkiyyətində olan sahədən çıxarılmalı, cavabdeh orqan tərəfindən ayrıca olaraq mühafizə olunmalıdır. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının “elektrik xəttlərinin torpaq sahəsindən çıxarılması vəzfəsinin cavabdehin üzrərinə qoyulması” tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum "xxxx" saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə Cavabdeh şirkətinin qanuni istifadəsinə verilmişdir. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X24 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Sazişin 4-cü bəndinə əsasən, Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan, ARDNŞ-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyə minmə tarixənədək ARDNŞ-in kəşf etdiyi Karbohidrogen ehtiyatları həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, qeyd olunan torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan "xxxx" Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Şirkətin hüquq və təminatlarının - mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini rəsmi qaydada alqı-satqı yolu ilə aldıqdan sonra, ona alqısatqı müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13 aprel 2021-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir”. Həmçinin İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən Şirkətə məxsus mancanaq dəzgahını qidalandıran 0.4kv-lıq elektrik kabel xəttlərinin keçidiyini, elektrik xəttlərinin təmir bərpa işlərinin aparılmasına maneçilik yaratdığını və həmin elektrik xəttlərinin köçürülməsi barədə Şirkətə müraciət etdiyini bildirmişdir. Qeyd ediliməlidir ki, “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu”na və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə əsasən “Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı_obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır”. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə normativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və suların yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarını göstərmək olar. Bu qaydalara əsasən neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 300 metr olmalıdır. Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmununa əsasən mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir. Əlavə olaraq, inventar nömrəsi 23876/13 olan 0,4 kv-luq ellektrik xətti hələ məlum "xxxx" saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan öncə, 1987-ci ildə mancanaq dəzgahlarının qidalandırılması üçün alüminium naqillərdən çəkilmişdir. Qeyd olunanlardan aydın olur ki, İddiaçı məxsus tikili (yaşayış evi) 2020-ci ilin sonlarında, yəni sözügedən elektrik xəttinin çəkilməsindən xeyli müddət sonra inşa edilmişdir. Bundan başqa, vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsi 1 saylı mədənin 6-cı sahəsində yerləşən 162701 saylı neft quyusunun, rezervdə olan neft xəttinin və bilavasitə 162571 saylı neft quyusunu qidalandıran 0.4 kv-luq elektrik xəttinin mühafizə zolağı daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələbinə əsasən, sənaye təyinatlı torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi təyinatına dəyişilməklə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilməsi”nə dair qanunun tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinin 4-cü bəndinin tələbinə görə, torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilməməsinə baxmayaraq, özbaşına tikili inşa edilməklə sənaye təyinatlı torpaq sahəsinin məhdudiyyətlərinə məhəl qoyulmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borclu olduqları halda, neft təhlükəsizliyi qaydalarına riayət edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aid olmasına baxmayaraq, bu torpaq sahəsi qeyri-qanuni özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinin tələbinə görə, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilməli olduğu halda, həmin torpaq sahəsi qeyri-qanuni özgəninkiləşdirilərək öz təyinatına və hüquqi statusuna uyğun olaraq istifadə edilmir. Odur ki, iddianın rədd edilməsi xahiş olunur. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi (vəkili) Nümayəndə2 da iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və həmin etirazını belə əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən Cavabdeh Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də 162701 nömrəli neft quyusunun mühafizə zonası daxilində (57 metr) yerləşir. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən elektrik xətti həmin torpaq sahəsində iddiaçının orada məskunlaşmasından öncə də mövcud olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, elektrik xətti 162571 nömrəli neft quyusuna gedir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən, sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2022- ci il tarixli 259 nömrəli Qərarı ilə edilən dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyular arasında 300 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə 150 metr, ləğv olunmuş quyularla minimum 75 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Bu maddədə açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Həmin Məcəllənin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq Məcəlləsinin 82-ci maddəsinə görə isə torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Eyni zamanda, həmin Məcəllənin 110-cu maddəsində göstərilir ki, bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. İşin mübahisəsiz halıdır ki, həmin torpaq sahəsi, “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla, Dövlət Neft Şirkətinin ərazi hüdudları daxilində yerləşir . Belə olan halda, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərinin təmin olunması məqsədi ilə, SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahatında həmçinin bildirmişdir ki, həmin evi almamışdan əvvəl də oranın daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmuşdur. Evi notarial alğı-satqı əsasında əldə etmiş və hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Evi alan zaman xəttin cavabdehə aid olmasını bilməmişdir. Ona bildirmişlər ki, xətt qonşuya məxsusdur və oradan çıxarılacaqdır. Məhkəmədə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, iddia əsassızdır. Çünki sözügedən xətt şirkətə məxsus quyuya getsə də, xəttin şirkətə aid olmasını təsdiq edən sənəd mövcud deyildir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın əsassız olduğunu, torpaq alınan zaman quyuya gedən xəttin orada olduğunu, o cümlədən ərazinin cavabdehin əslində cavabdehin mülkiyyətində olduğunu bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi Bakı filialının mütəxəssisi X10 bildirmişdir ki, iddianın təmin edilməsinə etiraz etmir. Xətt X11 və Satışı İdarəsinə məxsus 81 saylı transformatordan qidalanır ki, Cavabdeh Şirkətinə məxsus mancanağı qidalandırır və istismarına məsuliyyət daşıyır. Qaydalara uyğun çəkilməyib. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə həmin proses iştirakçısının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 185.80 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0390 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixində ********** № ilə qeydiyyatdan keçmişdir. İş materiallarından aydın olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən ölçüsü 0.039 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixində ********** № ilə İddiaçı adına qeydiyyata alınmışdır. “X22” şirkətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, şirkət tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq elektrik xəttinin onun orada məskunlaşmasından öncə mövcud olduğu əsas gətirilək müraciətin təmin edilməsindən imtina edilmiş, əlavə olaraq vurğulanmışdır ki, onun qeyd edilən ərazidə yaşaması şirkətin qanunla qorunan hüquqlarını və Dövlət tərəfindən verilmiş təminatlarını kobud surətdə pozur. Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi Bakı Filialının 21 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən elektrik verilişi xəttinin mülkiyyətçisi ilə bağlı məlumat verilməsi barədə xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, ...“X22” şirkətinin balans və istismarında olan 0,4 kV-luq kabel xəttinin bir hissəsi evinin həyətyanı sahəsinin daxilindən keçir və həmin kabel xətti Şirkətə aid mancanaq dəzgahını qidalandırır. Həmin 0,4 kV-luq kabel xətti X11 və Satışı idarəsinə məxsus 81 saylı komplekt transformator yarımstansiyasının 0,4 kv-luq paylayıcı qurğusundan qidalanır (PQ) və Biləcəri ETSİ ilə Şirkət arasında balans mənsubiyyəti sərhədi PQ-dən çıxan kabelin uclarından təyin edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X16 Xidməti 1-ci ərazi X16 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, idarənin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilmiş və İddiaçı müraciətində qeyd olunan fakt təsdiqini tapmışdır. Müraciətdə qeyd edilən məsələ ilə bağlı müvafiq tədbir görülməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və “X22” Şirkətinə xx.xx.2024-cü il tarixli, 3-18-60/2-4064/2024 və 3-18-60/2-4071/2024 saylı məktublar ünvanlanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyi Bakı filialının mütəxəssisi Fikrət Məmmədovun xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Agentliyə xx.xx.2025-ci il tarixdə daxil olmuş 2(001)-1382/2025 nömrəli işlə əlaqədar ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan vətəndaş İddiaçı, “X22” şirkətinə aid quyuya çəkilmiş kabel xəttinin evinin həyətyanı sahəsindən keçən hissəsinin təhlükəli vəziyyətdə olması barədə rəy verilməsi ilə bağlı müraciətlə əlaqədar mütəxəssis rəyini hazırlamışdır. Araşdırma sənədlərinə əsasən məlum olmuşdur ki, “X22” şirkətinin balans və istismarında olan 0,4 kV-luq kabel xəttinin bir hissəsi evin həyətyanı sahəsinin daxilindən keçir və həmin kabel xətti Şirkətə aid mancanaq dəzgahını qidalandırır. Araşdırma sənədlərinə əsasən məlum olmuşdur ki, vətəndaşın evinin və evinin yerləşdiyi torpaq sahəsinin çıxarışı vardır. Əlavə olaraq qeyd edilir ki, həmin 0,4 kV-luq kabel xətti X11 və Satışı İdarəsinə (Biləcəri ETSİ) məxsus 81 saylı komplekt transformator yarımstansiyasının 0,4 kV-luq paylayıcı qurğusundan qidalanır (PQ) və Biləcəri ETSİ ilə Şirkət arasında balans mənsubiyyəti sərhədi PQ-dən çıxan kabel xətlərinin uclarından təyin olunmuşdur. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şirkətin balans və istismarında olan 0,4 kV-luq kabel xəttinin vətəndaşın evirin həyətyani sahəsindən keçən hissəsi Qaydalara uyğun çəkilməmişdir. Eyni zamanda Şirkət tərəfindən sözügedən 0,4 kV-luq kabel xəttinin texniki pasportu təqdim edilməmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 12 iyun 2024-cü il tarixli 3-15/3-1-2/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının texniki istismar Qaydaları”nın 9.7-ci bəndinin tələbinə əsasən KX-nin mövcud texniki vəziyyətini əks etdirən pasportu olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.6. İstehlakçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü i 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”inə əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, həmçinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, vətədaşın evinə və evin həyətyanı sahəsinə aid müvafiq çıxarışı olduğunu və xəttin qaydalara uyğun istismar edilmədiyini nəzərə alaraq xəttin vətəndaşın həyətyanı sahəsindən keçən hissəsinin kənarlaşdırılması məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin “Məlumatın təqdim edilməsi barədə” 3-21-3-02/2-4299/2025 saylı 25 aprel 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən **********71-10301 reyestr nömrəli Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 10-cu döngə, 21 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş vətəndaş X6 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin ərazisindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 552 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncama, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Xocasən qəsəbəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş cizgi və eskiz layihəsinə əsasən xx.xx.2017-ci il tarixində X4 adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra Bakı şəhəri 26 saylı DNK-nın xx.xx.2017-ci il tarixli, 4Ə-82 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixində X2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 26 saylı DNK-nın xx.xx.2017-ci il tarixli, 4Ə-90 reyestr nömrəli bağışlama müqaviləsi və bölgü sxeminə əsasən sözügedən evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 0,039 ha hissəsi X7 adına qeydiyyata alınmış, lakin Bakı şəhəri 43 saylı DNKnın xx.xx.2020-ci il tarixli, 4Ə/496 reyestr nömrəli alqı-satqı müqaviləsi və eskiz layihəsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Yerdə qalan 0,021 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Beləliklə, işin mübahisəsiz hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 10-cu döngə, 21 A saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,039 ha Bakı şəhəri 43 saylı DNK-nın xx.xx.2020-ci il tarixli, 4Ə/496 reyestr nömrəli alqı-satqı müqaviləsi və eskiz layihəsinə əsasən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda da onun mülkiyyətindədir. “X22” şirkətinin balans və istismarında olan 0,4 kV-luq kabel xəttinin bir hissəsi iddiaçıya məxsus evin həyətyanı sahəsinin daxilindən keçir və həmin kabel xətti cavabdeh şirkətə aid mancanaq dəzgahını qidalandırır. İddiaçı mülkiyyətində olan evin həyətyanı sahəsindən keçən həmin kabel xəttinin fasad işi görməsinə maneçilik törətdiyini, xətdən dolayı narahatçılıq keçirdiyini, həyatsağlamlıqları üçün təhlükəli olduğunu, nəticə etibarilə mülkiyyətindən rahat şəkildə istifadə edə bilmədiyini və mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu iddia etməklə müvafiq iddia tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəf olduğu Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətçisi olduğu evin həyətyanı sahəsindən (mülkiyyətində olan torpaq sahəsindən) cavabdeh şirkətin balans və istismarında olan 0,4 kV-luq kabel xəttinin bir hissəsinin keçməsi iddiaçının öz əmlakına öz istədiyi kimi sahib olmaq və ondan öz istədiyi kimi istifadə etmək imkanına mane olmaqla onun mülkiyyət hüququnu pozan hal kimi qiymətləndirilməlidir. Bu isə iddiaçının bildirdiyi faktiki halların onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu mənasına gəlir. Odur ki, məhkəmə iddianın əsaslı olduğu qənaətinə gəlir və hesab edir ki, iddia təmin edilərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.0390 ha topaq sahəsində yerləşən, cavabdeh “X22” Şirkətinin balans və istismarında olan 0.4kvluq hava elektrik xəttinin həmin torpaq sahəsindən çıxarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0.0390 ha topaq sahəsində yerləşən, cavabdeh “X22” Şirkətinin balans və istismarında olan 0.4kv-luq hava elektrik xəttinin həmin torpaq sahəsindən çıxarılması vəzifəsi cavabdeh “X22” şirkətinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1382/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1382/2025
07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver