Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1397/2023 31.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh2nə (MMC) və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, icra qeydinin ləğvi və tutulmuş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 31 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 MMC-yə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə aralarında bağlanmış 07 fevral 2019-cu il tarixli, BL246676 nömrəli və 30 yanvar 2020-ci il tarixli, BL410732 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən həmin müqavilələr üzrə ondan pulun tutulmasına dair 20 iyun 2022-ci il tarixli, 8i-3799 reyestr nömrəli və 28 noyabr 2022-ci il tarixli, 8i-7829 nömrəli icra qeydlərinin ləğv edilməsi, təqaüdündən tutulmuş 523 manatın və iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manatın cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 07 fevral 2019-cu il tarixli, BL246676 nömrəli “Nisyə satış müqaviləsi” bağlanmış, müqavilənin şərtlərinə əsasən, İddiaçı dəyəri 787 manat olan “Huawei” markalı, “Mate 20 Lite 64GB Black” modelli mobil telefonu ilkin ödəniş etmədən, 18 ay ərzində hər ay 44 manat (sonuncu ay 39 manat) ödəmək şərti ilə kreditlə almışdır. Bir müddət sonra həmin telefonda nasazlıq olmuş, iddiaçı telefonu Cavabdeh2 MMC-nin servisinə təqdim etmiş, telefon təxminən 2-3 ay servisdə qaldığından, iddiaçı məcburən başqa telefon almalı olmuş və Cavabdeh2 MMCnin “Bakıxanov” filialından 30 yanvar 2020-ci il tarixdə “Samsung” markalı, “A515 64GB Black” modelli mobil telefonu almış, bu zaman 200 manat ilkin ödəniş etmiş, qalan ödənişi etməmişdir. Düşünmüşdür ki, aldığı birinci telefonunun krediti üzrə 528 manat ödəniş etdiyindən və telefon hazırda servisdə olduğunda o məbləğ sonrakı telefonun məbləği ilə əvəzləşdirilməlidir. Bundan sonra Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş icra qeydlərinə əsasən, İddiaçı hər iki müqavilə üzrə borcun Cavabdeh2 MMC-nin xeyrinə tutulmalı olduğunu göstərilmişdir. Hazırda iddiaçı Cavabdeh2 MMC ilə aralarında bağlanmış həmin müqavilələrin etibarsız hesab edilməsi, müqavilələr üzrə yaranmış borcun tutulmasına dair notarius tərəfindən verilmiş icra qeydlərinin ləğv edilməsi və ondan tutulmuş pulun geri qaytarılmasını tələb edir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 MMC-nin “Bakıxanov” filialından 07 fevral 2019-cu il tarixdə “Huawei” markalı, “Mate 20 Lite 64GB Black” modelli mobil telefonu 699 manata kreditlə almış, 1 illik zəmanətə görə əlavə 100 manat ödəniş etmiş, beləliklə telefonun ümumi dəyəri 799 manat olmuşdur. Həmin telefona görə 150 manat kredit borcu qaldığı vaxt telefonda nasazlıq baş vermişdir. Belə ki, telefona zəng gəlmir-getmirdi. 2020-ci ilin yanvar ayında iddiaçı mağazaya müraciət edərək, telefondakı qüsur barədə məlumat vermiş, servisə yönləndirilmişdir. Telefon 2-3 ay servisdə qalsa da, düzəlməmişdir. Halbuki, telefon servisə təhvil verilərkən 14 gün müddətində təmir olunaraq iddiaçıya qaytarılacağı bildirilmişdir. Sonradan servisdən bildirmişlər ki, telefondakı qüsur zavod istehsal qüsurudur, qüsurun aradan qaldırılması üçün 500 manat ödənilməlidir, yaxun zəmanətli olduğu üçün baş ofisə müraciət etmək olar. İddiaçı mağazanın baş ofisinə müraciət etmiş, müraciəti rəsmi olaraq qeydə alınmış, 1 ay gözlədikdən sonra, heç bir cavab almadığından yenidən baş ofisə müraicət etdikdə, hələ gözləməli olduğu bildirilmişdir. İddiaçı məcbur qalıb, telefon ehtiyacının qarşılanması üçün 30 yanvar 2020ci il tarixdə Cavabdeh2 MMC-dən “Samsung” markalı telefonu 200 manat ilkin ödəniş etməklə kreditlə almalı olmuşdur. İkinci müqavilə üzrə sonradan heç bir ödəniş etməmişdir. Bir neçə il sonra Sabunçu rayon İcra Şöbəsinə dəvət olunmuş, orada sözügedən icra qeydlərinin mövcudluğundan xəbər tutmuşdur. 15 dekabr 2022-ci il tarixdə iddiaçının təqaüdündən 523 manat pul tutulmuşdur. Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu icra qeydləri versə də, nə iddiaçı, nə də Cavabdeh2 MMC-nin nümayəndəsi notariat ofisində olmamış, müqavilələr orada təsdiq edilməmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, izahatında əlavə olaraq göstərmişdir ki, onun birinci müqavilə üzrə aldığı telefon zəmantəli olmuş, telefonda yaranmış nasazlıq istahsalla bağlı olduğu halda 3 ildən çox müddətdə mağazanın servisində saxlanmış, nə təmir edilərək düzəldilməmiş, nə də yenisi ilə əvəzlənməmişdir. Ona telefonun təmiri üçün 500 manat ödəməli olduğu bildirilmişdir. Buna görə də o, məcbur qalıb yeni telefon almalı olmuş, 200 manat ilkin ödəniş etmiş, Cavabdeh2 MMC ona nasaz telefon satdığı üçün zərər vurduğundan, o da birinci telefon üzrə ödədiyi pulla ikinci telefon üzrə sonrakı ödənişlərin əvəzləşdirilməsi üçün qalan pulu ödəməmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə “X8” MMC-nin texniki rəyi təqdim edilsə də, o, telefonu “X7”nə təhvil vermişdir. Telefonu təxminən 1 ay əvvəl servisdən nasaz vəziyyətdə təhvil almışdır. Məhkəmənin gedişatı zamanı mağazanın nümayəndəsi ona zəng vuraraq 500 manat pulun ona qaytarımasını, işin barışıqla həll edilməsini təklif etsə də, o, işin məhkəmə qaydasında həllini tələb edir. Digər tərəfdən, onun icra qeydlərindən məlumatı olmamış, yalnız İcra Şöbəsinə dəvət olunarkən onlarla tanış olmuşdur. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, müqavilələrin etibarsızlığına dair heç bir əsas yoxdur. İddiaçı telefonundakı qüsurla bağlı “X7”nə müraicət etdikdən sonra telefon servis tərəfindən “X8” MMC-yə göndərilmişdir. Telefonda istehsal qüsurunun olmaması da texniki rəylə sübut olunur. Sonda T.M.Məmmədov məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdeh ünvan 1 ünvanlayaraq, mülki işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazının olmadığını göstərmişdir. Tədqiq edilən sübutlar: - 07 fevral 2019-cu il tarixli, BL246676 nömrəli “Nisyə satış müqaviləsi”nə əsasən, İddiaçı ümumi dəyəri 787 manat təşkil edən avadanlığı ilkin ödəniş etmədən 18 ay müddətinə aylıq 44 manat, sonuncu ay 39 manat ödəmək şərti ilə kreditlə almış, müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, “Alıcı” və “Satıcı” avadanlıqlara verilən zəmanət kitabçasının şərtlərinə uyğun məsuliyyət daşıyırlar. - 30 yanvar 2020-ci il tarixli, BL410732 nömrəli “Nisyə satış müqaviləsi”nə əsasən, İddiaçı ümumi dəyəri 699 manat təşkil edən “Samsung” markalı, “A515 64GB Black” modelli mobil telefonu ilkin ödəniş etmədən 6 ay müddətinə aylıq 117 manat, sonuncu ay 114 manat ödəmək şərti ilə kreditlə almış, müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, “Alıcı” və “Satıcı” avadanlıqlara verilən zəmanət kitabçasının şərtlərinə uyğun məsuliyyət daşıyırlar. - “X7” servisdə xidmət qəbzindən görünür ki, İddiaçı 21 yanvar 2020-ci il tarixdə servis mərkəzinə müraciət edərək 07 fevral 2019-cu il tarixdə aldığı “Huawei” markalı, “Mate 20 Lite 64GB BL” modelli mobil telefonunu servisə təqdim etmiş, telefon yoxlanılan zaman üzərində xırda fiziki qüsurlardan əlavə, telefonun İMEİ kodlarının olmadığı, SİM-kartları göstərmədiyi aşkar edilmişdir. Qəbzdə qeyd edilmişdir ki, “Servis Mərkəzində qarantiyalı cihazların təmir işləri 14 iş günü müddətində aparıla bilər. İstisna hallarda bu müddət çox ola bilər. Müştəri təmir üçün verdiyi cihazı 45 gün ərzində geri götürməlidir. Əks halda, Servis Mərkəzi cihazın həmin müddətdən çox saxlanmasına görə məsuliyyət daşımır. - “X8” MMC-nin 23 yanvar 2020-ci il tarixli texniki rəyində göstərilmişdir ki, 21 yanvar 2020-ci il tarixdə İddiaçı Servis Mərkəzinə telefonun “sim-kartı dəstəkləmir” qüsuruna görə müraciət etmişdir. Müştərinin iştirakı ilə cihaza baxış keçirilmiş və üzərində mesaniki təsir izləri olduğu üçün telefon zəmanətsiz qəbul edilmişdir. Mütəxəssis tərəfindən telefona texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qeyd olunan qüsur istismar şərtlərinə əməl olunmadığı üçün yaranmış və istehsalçı zəmanət şərtlərinə daxil deyildir. - Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli, reyestrdə 8İ-3799 nömrə ilə qeyd edilmiş icra qeydində Cavabdeh2 MMC-nin xeyrinə İddiaçı BL410732 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 699 manatın, bundan əlavə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 724 manatın tutulması göstərilmişdir. - Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli, reyestrdə 8İ-7829 nömrə ilə qeyd edilmiş icra qeydində Cavabdeh2 MMC-nin xeyrinə İddiaçı BL246676 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 259 manatın, bundan əlavə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 284 manatın tutulması göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 17-ci maddəsinin 15-ci bəndinə əsasən, dövlət notariusu icra qeydləri aparır; - 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Təqdim edilmiş iddia ərizəsindən belə müəyyən olunur ki, tələb aşağıdakı hissələrdən: - iddiaçı ilə Cavabdeh2 MMC ilə arasında bağlanmış 07 fevral 2019-cu il tarixli, BL246676 nömrəli və 30 yanvar 2020-ci il tarixli, BL410732 nömrəli müqavilələrin etibarsız hesab edilməsi; - Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8i-7829 nömrəli icra qeydinin ləğv edilməsi və təqaüddən tutulmuş 523 manatın habelə iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manatın cavabdehlərdən onun xeyrinə tutulmasından ibarətdir. İddia tələbinin iddiaçı ilə Cavabdeh2 MMC ilə arasında bağlanmış 07 fevral 2019cu il tarixli, BL246676 nömrəli və 30 yanvar 2020-ci il tarixli, BL410732 nömrəli müqavilələrin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər... Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir... Qeyd olunmalıdır ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Hazırki halda iddiaçı ona satılmış məhsulun keyfiyyətsiz olması əsası ilə “Nisyə satış müqavilələri”nin etibarsız hesab edilməsini tələb etsə də, qanunvericiliyin yuxarıda sadalanan müddəaları ilə müəyyən edilir ki, məhsulun alğı-satqı edildikdən sonra bir müddət istifadə edildikdən sonra keyfiyyətinin pozulması həmin məhsulla bağlı bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas vermir, belə tələbin hüquqi əsası yoxdur. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqaviləlıərin subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir, müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı, habelə, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu da işin halları ilə təkzib edilir. Ümumiyyətlə qeyd olunmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, yazılı və notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. İşin məhkəmə araşdırılması ilə 07 fevral 2019-cu il tarixli, BL246676 nömrəli və 30 yanvar 2020-ci il tarixli, BL410732 nömrəli müqavilələrin etibarsız sayılması üçün heç bir əsasın mövcudluğu müəyyən edilmədiyindən iddia bu hissədə əsassızdır və təmin oluna bilməz. Tələbin 17 saylı notariat ofisi tərəfindən verilmiş icra qeydlərinin ləğv edilməsinə münasibətdə məhkəmə hesab edir ki, həmin qeydlər etibarlı əqdə əsasən və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun verildiyindən məhkəmə qeydin ləğvi üçün əsasın olmadığından onunla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. İddiaçı tələbinin bu hissəsini icra qeydi verilərkən nə onun, nə də Cavabdeh2 MMCnin nümayəndəsinin notariusda iştirak etməməsi, müqavilənin notarius tərəfindən təsdiq edilməməsi ilə əsaslandırsa da, qüvvədə olan qanunvericilik icra qeydinin verilməsi üçün tərəflərin notariat ofisində iştiraklarını tələb etmir. İddianın “523 manat” pulun tutulması hissəsi isə iş üzrə cəlb edilmiş cavabdehlərdən tutulmalı olması ümumiyyətlə əsaslandırılmamış, buna dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməli, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh2 MMC-yə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, icra qeydinin ləğvi və tutulmuş pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1397/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1397/2023
31.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver