Məhkəmə qərarları › İş №2(001)-1398/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1398/2022

05.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1398/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 2 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat kontorunda onunla "xxxx" MMC arasında bağlanmış 31 mart 2017-ci il tarilxi müqavilə şərtlərinə uyğun olaraq cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən onun mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hüdürmərtəbəli yaşayış binasında sahəsi 70 kv.m olan 2 otaqlı tam təmirli mənzilin ona təhvil verilməsi və "xxxx" MMC-dən dekabr ayı 2020-ci il tarixdən 2021-ci ilin noyabr ayına kimi hər ay üçün ödənilməli olan 400 manat pul və ödənilmiş 88 manat dövlət rüsumunun, cəmi 6.888 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında 31 mart 2017-ci il tarixlində qarşılıqlı razılaşma yolu ilə Bakı şəhəri 2 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat kontorunda müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, ev 29 ünvanında yerləşən onun mülkiyyətində olan mənzili söküb yerində tikilən hündürmərtəbəli binada ona tam təmirli sahəsi 70 kv.m olan iki otaqlı mənzili ona təvil verənədək onun yaşayışını təmin etmək məqsədi ilə ona kompensasiya şəklində aylıq 400 manat kirayə haqqını ödəməlidir. Ödənişlər 2017-ci ilin aprel ayının əvvvəlindən fasilələrlə ödənilsə də, 2020-ci illin iyul ayından cavabdeh müqavilədə qeyd olunan sahəsi 70 kv.m olan iki otaqlı mənzili də vermir, yaşayış üçün razılaşdırılan kirayə haqlarını da 17 aydır ki, ödəmir (hər ay üçün 400 manat) Bu isə bugünkü günə cavabdeh tərəfindən 6.800 manat borcun yaranmasına səbəb olmuşdur. Bundan əlavə, binanın komendatı bildirmişdir ki, cavabdehin rəhbəri Şahin Qasımov sahəsi 70 kv.m-lik bütün mənzilləri 90 kv.m adı ilə müştərilərə satıb və guya hazırda onlara verilməli olan sahəli mənzillərdən boş qalanı yoxdur. Qeyd etmək lazımdır ki, dəfələrlə Azərbaycan Respublikasının Prezidenti öz çıxışlarına mütrəmadi təkrarlamışdır ki, “İş adamları, tikinti rəhbərləri ilk öncə sakinləri düşünüb, onları mənzillərlə təmin etməlidirlər, yalnız bundan sonra kənara mənzillər satıla bilər. Heç bir məmur, iş adamı toxunulmaz deyil. Lakin praktikada "xxxx" MMC-nin rəhbərinin əməllərindən bunların tam əksini görünür. Beləliklə, aydın görünür ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmir. Dəfələrlə şifahi və yazılı şəkildə "xxxx" MMC-nin rəhbəri Orxan Sultanzadəyə müqavilədə qeyd olunan iki otaqlı 70 kv.m mənzilinin ona təhvil verilməsi və eyni zamanda kirayə haqlarının ödənilməsi xahişi ilə müraciət etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, bilə-bilə onların etimadından istifadə edərək onları aldadır, artıq gəlir əldə etməyə çalışır. Yuxarıda qeyd etdiyi hüquq pozuntusu barədə iradını "xxxx" MMC-nin rəhbəri Orxan Sultanzadəyə bildirmiş və mübahisənin könüllü həllinin tərəfdarı olmuşdur. Lakin "xxxx" MMC-nin direktoru onların müraciətlərinə cavab verməmiş və dolayısı ilə mübahisənin könüllü həllinin tərəfdarı olmadığını göstərmişdir. Bu çətin günlərdə müqavilə üzrə sahəsi 70 kv.m olan iki otaqlı mənzillərini verməməklə yanaşı, yaşayışlarını təmin etmək üçün kirayə haqlarını da ödəməyərək Orxan Sultanzadə onları çox acınacaqlı duruma salıb. Artıq dözülməz vəziyyətlərdədirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək həmçinin bildirdi ki, cavabdeh tərəfindən yaşayış binasının inşası yekunlaşmış, lakin çoxsaylı müraciətlərinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyini icra etməkdən yayınır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 2 saylı Bakı Asan xidmət mərkəzində notariat kontorunda bağlanmış 31 mart 2017-ci il tarixli, 31 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan ikimərtəbəli əlli dörd mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisi həyata keçirərək bu binada “Mükiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan bir otaqlı mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş 43.3 kv.m olan ümumi sahəsinə şirkət tərəfindən əlavə güzəşt etməklə ümumi sahəsi 70 kv.m olan iki otaqlı təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, “mülkiyyətçi” isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən mülkiyyətçinin yeni binanın tikintisi başa çatanadək bankda hesab açmağı, hesab kartı sifariş etməyi və hesab nömrəsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etmək şərti ilə müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqını tələb etmək hüququ var. Qeyd olunan müqavilənin 2.2.4-cü maddəsinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 24 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib mülkiyyətçiyə təhvil vermək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliyidir. 17 dekabr 2021-ci il tarixli və 11 yanvar 2022-ci il tarixli nömrəli mədaxil qəbzlərinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən olunduğu kimi, cavabdeh iddiaçı ilə bağladığı 31 mart 2017-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, iddiaçını həmin müqaviləyə əsasən ünvan 1 ünvanında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasında həmin ünvanda iddiaçının mülkiyyətində olmuş mənzilin yerləşdiyi mərtəbədə ümumi yaşayış sahəsi 70 kv.m olan iki otaqlı təmirli mənzillə təmin etməmiş, həmçinin müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün kirayə haqqını ödəməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış öhdəliklərini yerinə yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia mənzilin təhvil verilməsi hissəsində təmin edilməli, ünvan 1 ünvanında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasında həmin ünvanda iddiaçının mülkiyyətində olmuş mənzilin yerləşdiyi mərtəbədə ümumi yaşayış sahəsi 70 kv.m olan iki otaqlı təmirli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. Məhkəmə iddianın 6.800 manat məbləğində ödənilməmiş kirayə haqqlarının cavabdehdən tutulması hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən kirayə haqqına görə 4.400 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı 6.800 manat kirayə haqqı tələb etsə də, o, iddia ərizəsində 2020-ci ilin dekabr ayından 2021-ci ilin noyabr ayına kimi ödənilməli olan kirayə haqqını tələb edir, bu isə 11 ay edir (11 ay x 400 manat = 4.400 manat). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasında həmin ünvanda iddiaçının mülkiyyətində olmuş mənzilin yerləşdiyi mərtəbədə ümumi yaşayış sahəsi 70 kv.m olan iki otaqlı təmirli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən kirayə haqqına görə 4.400 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 57 manatı tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş yaşayış binasında həmin ünvanda iddiaçının mülkiyyətində olmuş mənzilin yerləşdiyi mərtəbədə ümumi yaşayış sahəsi 70 kv.m olan iki otaqlı təmirli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən kirayə haqqına görə 4.400 (dörd min dörd yüz) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 57 (əlli yeddi) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar